Bu gün Azərbaycan, sözün əsl
mənasında, dostluq, qardaşlıq məkanıdır
Dekabrın
2-də Bakıda, “Gülüstan” Sarayında Avropa
Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda ikigünlük
konfransı başlanmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev konfransın açılışında
iştirak etmişdir.
Konfransda Avropa
Şurasının üzvü olan, habelə
müşahidəçi ölkələrin, Avropa
Mədəniyyət Konvensiyasını imzalamış
dövlətlərin, Avropanın qonşu regionlarını
təmsil edən 10 ölkənin, habelə Avropa
Komissiyasının və YUNESKO-nun, İslam
Ölkələri Elm, Təhsil və Mədəniyyət
Təşkilatının (İSESKO), Ərəb
Dövlətləri Liqası ölkələrinin Elm,
Mədəniyyət və Təhsil Təşkilatının
(ALEKSO) yüksək rütbəli rəsmiləri,
müxtəlif fondların və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri,
ümumilikdə, 250-dən çox nümayəndə, o
cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq
təşkilatın başçısı iştirak edir.
Son illərdə
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə
mədəniyyət və turizm sahələrinin
inkişafı, dünya miqyasında təbliği
üçün 100-dən çox fərman və
sərəncam imzalamışdır. 2004-2008-ci
illərdə bu istiqamətdə 71 beynəlxalq saziş
və konvensiya imzalanmışdır. Heydər Əliyev
Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva mədəni
irsimizin qorunması və dünya təbliği
sahəsində məqsədyönlü fəaliyyət
göstərir. Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin,
habelə onun tərkib hissəsi olan İslam
mədəniyyətinin böyük
daşıyıcılarından biri olduğuna görə,
Bakı şəhəri 2009-cu il üçün “İslam
mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu
baxımdan Avropa Şurasının üzvü olan
dövlətlərin mədəniyyət nazirlərinin
Bakı konfransı, nəinki Azərbaycanın və
Qərbin, eyni zamanda, Şərqin mədəni
həyatında mühüm hadisədir. Bunu yüksək
qiymətləndirən Azərbaycan Prezidenti İlham
Əliyevin bu il noyabrın 4-də imzaladığı
sərəncama əsasən, konfransın hazırlanması
və keçirilməsini təmin etmək məqsədi
ilə Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Təşkilat
Komitəsi yaradılmışdı.
Konfrans
münasibətilə “Gülüstan” Sarayının
foyesində təşkil olunmuş sərgidə
ölkəmizin qədim, zəngin mədəniyyəti
barədə kifayət qədər dolğun
təsəvvür yaradan eksponatlar - xalçalar, silah
nümunələri, musiqi alətləri, xalq sənəti nümunələri
nümayiş etdirilir. Respublikamızın turizm
imkanlarını, ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin mədəniyyət və
incəsənətə göstərdiyi diqqət və
qayğını göstərən fotoşəkillər
qonaqlarda böyük maraq doğurmuşdur.
Sonra konfransın
rəsmi açılışı oldu. Salona
toplaşanlar Prezident İlham Əliyevi və Avropa
Şurasının Baş katibi Terri Devisi alqışlarla qarşıladılar.
Mədəniyyət
naziri Əbülfəs Qarayev Avropa Şurası ilə
Azərbaycanın birgə təşkil etdiyi konfransı
açaraq dedi ki, müasir dövrdə sivilizasiyaların arasında
dialoq qlobal səviyyədə bəşəriyyətin ən
vacib ehtiyaclarından birinə çevrilmişdir. Bu
konfrans müxtəlif xalqlar və dövlətlər
arasında dialoqu möhkəmləndirməyə və daha da
inkişaf etdirməyə yönələn fəaliyyətin
bariz nümunəsidir.
Ölkəmizdə son
illər çoxlu beynəlxalq forumların və
mədəniyyətlərarası dialoqa həsr edilmiş
tədbirlərin keçirilməsinin artıq
ənənəyə çevrildiyini bildirən nazir dedi ki, bu
beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin
bilavasitə dəstəyi və müvafiq göstərişi
ilə təşkil olunmuşdur. Buna görə,
Prezidentə təşəkkürünü bildirən
Ə.Qarayev vurğuladı ki, Azərbaycan öz siyasətində
mədəniyyətlərarası dialoqa böyük
önəm verir və şəxsən dövlətimizin
başçısının rəhbərliyi altında
həyata keçirilən tədbirlər həm
ölkəmizin daxilində, həm də beynəlxalq
aləmdə dialoqun səmərəli inkişafına
böyük töhfələr vermişdir.
Dövlətimizin
başçısı konfransda nitq söylədi.
Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 1-2.