Ermənistan
mədəniyyətlərarası dialoqdan qaçıb
Parisdə
keçirilən müzakirələrdə Bakıda qəbul
olunmuş bəyannamə yüksək qiymətləndirilib
Parisdə
Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Mədəniyyət, Elm və Təhsil Komitəsinin
qış sessiyası ərəfəsində son
toplantısı keçirilib. İclasda "Avropada müəlliflik hüquqları", "Ən
yaxşı Avropa muzeyi mükafatı",
"Avropada sərhədsiz
elektron mətbuat"
mövzularında müzakirələr
zamanı AŞPA-dakı
Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rəfael Hüseynov həmin məsələlərə
öz münasibətini
bildirib. Milli Məclisin deputatı R.Hüseynov həmin mötəbər mərasimdə
Avropa Şurasının
təmsilçisi olaraq
iştirak edib.
Dekabrın
2-3-də Bakıda keçirilmiş
"Mədəniyyətlərarası dialoq Avropa və ona
qonşu regionlarda davamlı inkişafın və sülhün
əsasıdır" mövzusunda Avropa Şurasına
üzv olan ölkələrin mədəniyyət
nazirlərinin beynəlxalq konfransı ilə bağlı
hesabat məruzəsi dinlənilərkən azərbaycanlı
deputat komitə iclasında çıxış edib. O bildirib ki, quruma üzv dövlətlərin mədəniyyət
nazirlərinin Bakı
konfransı mədəniyyətlərarası
dialoq problemi üzrə indiyədək
keçirilmiş bütün
bu qəbil toplantılardan həm miqyasına, həm də mövzularının
əhatə dairəsinə
görə seçilir.
Bakı konfransında
Avropa Şurasına üzv olan ölkələrdən
başqa, bir sıra Şərq dövlətlərindən də mədəniyyətə
məsul olan yüksək vəzifəli
nümayəndələr iştirak
edib. 48 ölkədən
gəlmiş nazirlər,
nazir müavinləri,
sənət xadimləri,
mütəxəssislərdən başqa, 10 beynəlxalq təşkilat, o cümlədən
YUNESKO, İSESKO, Ərəb Dövlətləri Liqası,
ALESKO da bu konfransda ən yüksək səviyyədə
təmsil olunub. Avropa Şurasının üzvü olan ölkələr arasında
yalnız Ermənistan
bu toplantıya gəlməyib. Azərbaycanlı
deputat bəyan edib ki, AŞ-nin
baş katibi Terri Devis bundan
təəssüflənib, Ermənistanın
özünü bu layihədən kənarda qoymasını anlaşma və yaxınlaşmaya mane olan hərəkət
kimi dəyərləndirib.
R.Hüseynovun
bu məlumatı komitə üzvlərində də
təəssüf hissi doğurub. Bu hal Ermənistanın mədəniyyətlərarası dialoqdan qaçması kimi qəbul edilib.
Avropa
Şurasına üzv dövlətlərin
mədəniyyət nazirləri toplantısının
Bakıda ən yüksək səviyyədə təşkil
edildiyini xüsusi vurğulayan Rəfael Hüseynov, bu
tədbirin Avropa Şurası ilə Azərbaycan arasında
əlaqələrin inkişafının, Azərbaycanın bu
qurumda getdikcə daha artıq nüfuz
qazandığının göstəricisi olduğunu qeyd edib.
Bakı
konfransında qəbul edilmiş bəyannaməyə toxunan
R.Hüseynov deyib ki, mədəniyyətlər və
dinlərarası dialoq problemi Avropa Şurasında son bir
neçə ildə daimi müzakirə mövzusu olsa da, ilk
dəfədir bu mövzuda beynəlxalq əhəmiyyətli
bir sənəd qəbul edilib.
Həmin
sənədin ikinci mühüm cəhəti ondan ibarətdir
ki, indiyədək mədəniyyətlərarası dialoq
məsələsi ilə bağlı yalnız nəzəri
aspektdə söhbətlər gedirdisə, Bakı
bəyannaməsi ilk dəfə bu istiqamətdə praktiki
işlərlə bağlı konkret vəzifələr
müəyyən edir: "Gələcəkdə
mədəniyyətlərarası dialoq mövzusu ilə
əlaqədar qəbul ediləcək istənilən
sənəd üçün Bakı bəyannaməsi
başlıca istinad mənbəyinə
çevriləcək".
AŞPA-nın
Mədəniyyət, Elm və Təhsil Komitəsi deputat
Rəfael Hüseynovun məruzəsini yüksək
qiymətləndirib, mədəniyyət nazirlərinin Bakı
konfransının Azərbaycanın mədəniyyətlərarası
dialoqun tərəqqisinə layiqli töhfəsi olduğunu
təsdiq edib.
Üç nöqtə.- 2008.-
12 dekabr.- S. 9.