Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illik yubileyi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2008-ci il may
ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan
Respublikası 1991-ci ildə
öz müstəqilliyini
bərpa edərək,
Xalq Cümhuriyyətinin
siyasi varisi kimi onun bayrağını,
gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin
elan edildiyi 1918-ci ilin 28 may günü
hazırda Respublika Günü kimi qeyd olunur.
Müsəlman Şərqində
ilk parlament respublikası –Azərbaycan
Xalq Cümhuriyyəti
xalqımızın qədim
dövlətçilik ənənələrini
yaşadaraq, müasir
dövrə xas dövlət təsisatlarının
yaradılmasına nail
olmuşdu. Milli parlamentarizmin təşəkkül
tarixi isə Azərbaycan parlamentinin
1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
mürəkkəb siyasi
dövrdə cərəyan
edən hadisələrin
və Azərbaycan xalqının milli oyanışının məntiqi
yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə
və digər görkəmli şəxsiyyətlər
tərəfindən təməli
qoyulmuş proseslər
Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması
ilə nəticələnmiş, milli özünüdərkin
gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının
neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin
formalaşması ilə
yanaşı, dünyanın
aparıcı universitetlərində
təhsil almış
ziyalılar nəslinin
yetişməsinə şərait
yaratmışdır. Əlimərdan
bəy Topçubaşov
və başqa ziyalıların siyasi proseslərə qatılması,
Dumaya seçilməsi
və Rusiya müsəlmanlarının təşkilatlanmasında
oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci
Dünya müharibəsinin
fəsadları və
bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma
meydanına çevirmişdi.
Dünyanın aparıcı dövlətlərinin
Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti
və cinsindən asılı olmayaraq, ölkəmizin bütün
vətəndaşlarına bərabər hüquqlar verən cümhuriyyətin
yaranması çox mürəkkəb şəraitdə
elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan
Xalq Cümhuriyyəti
tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar
üçün olduqca
əzizdir. Bununla belə, bu tarixdə
ürəyimizi qürur
hissi ilə dolduran hadisələrlə
yanaşı, ümummilli
faciələrə yol
açan səhifələr
də vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin
öz dövlətçilik
atributlarını qəbul
etməsi, dövlət
və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət,
təhsil və səhiyyə sahələrində
atdığı addımlar
xalqımız üçün
taleyüklü əhəmiyyət
kəsb etmişdir.
Cümhuriyyətin böyük
uğurlarından biri
Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil
dövlət kimi tanınması olmuşdur.
Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid
edilməsi nəticəsində
yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində
hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni
silahlı dəstələri
ilə qarşıdurmalar
gündən-günə
dərinləşirdi. Əhalinin
əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün
münbit zəmin yaradırdı. İrəvanın
ermənilərə
paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş
150 mindən artıq soydaşımızın vəziyyəti
olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.
Aprel işğalı Azərbaycan
Xalq Cümhuriyyətinin
liderlərinin bir qismini Məmmədəmin
Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və
Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız
repressiyalarına məruz qoydu.
1920-ci il
aprelin 28-də ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə
SSRİ-nin tərkibinə
daxil olduqdan sonra öz müstəqilliyinin
ancaq formal atributlarını
saxlaya bilmişdi. Yalnız onu
əvəz edən dördüncü respublika
müstəqillik ideyasını
yaşatmış və
Azərbaycan bütün
sərvətlərinin, o cümlədən
neftinin tam sahibi kimi çıxış edə bilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
tarixinə dair sanballı əsərlər,
hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə
bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı
arxivlərində saxlanılır
və öz tədqiqatçılarını gözləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə
milli dövlətçilik
tarixində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
90 illiyi respublikada geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90
illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan
Xalq Cümhuriyyəti
parlamentinin yaranmasının
90 illiyi münasibətilə
xüsusi iclasın keçirilməsi tövsiyə
olunsun.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 fevral 2008-ci il
Xalq qəzeti.- 2008.- 16 fevral.- S. 1.