Mükərrəmoğlu M.

 

Muzey işi sahəsində əməkdaşlıq genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Norveçin mədəniyyət və kilsə işləri naziri Trond Qiske və Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Ə.Qarayevin görüşündə ölkələr arasında yaradılan muzey əlaqələrinin çox dəyərli nəticələri vurğulanmışdır. 24 sentyabr 2007-ci il tarixində Azərbaycan və Norveç muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanmışdır.
Sazişə əsasən, 3 mərhələdən ibarət seminar-treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci mərhələ 2008-ci il 21–29 fevralda Bakıda; 2-ci mərhələ 2008-ci il 19–30 mayda Norveçdə; 3-cü mərhələ 2008-ci il 6–11 oktyabrda Bakıda keçiriləçək.
Bu günlərdə “Park İnn” otelində “Azərbaycan – Norveç muzeyləri arasında əlaqələr” adlı layihənin 1-ci mərhələsinin açılış mərasimi keçirilmişdir.
Azərbaycan tərəfindən 15, Norveç tərəfindən isə 8 nəfər muzey mütəxəssisinin və bərpaçının iştirak etdiyi layihədə iki ölkənin muzey işçilərinin və bərpaçı rəssamların təcrübə mübadiləsi, onların ixtisaslarının, bilik səviyyələrinin artırılması, qarşılıqlı məlumatlandırılması nəzərdə tutulmuşdur.
Layihə Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektoru tərəfindən həyata keçirilir.
Tədbirdə mədəniyyət və murizm naziri Ə.Qarayevin və Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen iştirak etmişlər.

Xadq qəzeti.- 2008.- 26 fevral.- S. 7.