Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilmişdir

 

Xalqımızın mütəfəkkir oğulları Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin Tbilisi şəhərində yerləşən ev-muzeyləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilmişdir.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, daha da dərinləşdirilməsinə, qonşu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həllinə və Gürcüstan ərazisində yerləşən maddi-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına daim diqqət və qayğı göstərirdi. Bu baxımdan ulu öndər Heydər Əliyev N.Nərimanovun və Mirzə Cəlilin Tbilisidəki ev-muzeylərinin himayəyə götürülməsı barədə vaxtilə Şəmkır Rayon İcra Hakimiyyətinin rəhbərliyinə xüsusi tapşırıq vermişdi. Nəticədə ev-muzeyləri özəlləşdirilərək, yüksək səviyyədə təmir olunmuş, eksponatlar, texniki avadanlıq müasirləşdirilmiş, maliyyə məsələləri həll edilmişdi.

Ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev məktubunda həmin ev-muzeylərinin artıq rəsmən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirildiyini təsdiqləmiş və onları nazirliyə bağışladığına görə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanova təşəkkürünü bildirmişdir.

 

Respublika.- 2008.- 17 fevral.- S. 2.