Hacızadə A.
Sankt-Peterburqda “Baku” jurnalının təqdimat
mərasimi keçirilmişdir
Yeni, nəfis tərtibatlı
"Baku" jurnalının
Rusiyanın şimal paytaxtında keçirilmiş
təqdimat mərasimi
mühüm hadisə
olmuşdur. Jurnalın
baş redaktoru Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyevadır.
Həm Azərbaycanda, həm də onun hüdudlarından
kənarda geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuş bu jurnalın təqdimatının
şəhərin mərkəzində
yerləşən, Şərq
üslubunda tərtib olunmuş gözəl
"Baku" restoranında
keçirilməsi rəmzi
məna daşıyır.
Mərasimdə Sankt-Peterburqda
akkreditə edilmiş
diplomatik missiyaların
rəhbərləri, tanınmış
mədəniyyət xadimləri
və ictimaiyyətin nümayəndələri, şəhərin
biznes elitasının,
eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak
edirdi. Musiqi kompozisiyalarının müşayiəti
ilə çox səmimi şəraitdə
keçmiş mərasimdə
çıxış edənlər
ölkəmizə, xalqımıza,
jurnalın baş redaktoru Leyla Əliyevaya ünvanlanmış
təbriklərini və
hərarətli sözlərini
söylədilər.
"Baku" jurnalının
naşiri və baş redaktoru Leyla Əliyeva bu nəşrin konsepsiyası və məqsədləri barədə
məlumat verərək
dedi: " "Baku"
jurnalı geniş auditoriya üçün nəzərdə tutulmuşdur.
Biz bu jurnal
vasitəsilə şəhərimizin
bütün gözəlliklərini
və hərarətini
oxuculara çatdırmağa
çalışmışıq. Bakı deyəndə gözlərimiz önündə
mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti
və qədim tarixi canlanır. Güman edirəm ki, bu jurnal Azərbaycanla
Rusiya arasında dostluğun möhkəmlənməsinə,
mədəni dialoqun inkişafına kömək
edəcəkdir. Ümidvaram
ki, xalqların qarşılıqlı sevgisindən,
tarixindən və dostluğundan bəhs edən bu jurnalı
hamı məmnuniyyətlə
oxuyacaqdır". O, xüsusi vurğuladı ki, bu jurnal
siyasi nəşr deyil, burada əsasən
mədəniyyət, tarix,
müxtəlif maraqlı
şəxsiyyətlər haqqında
söhbət açılır
və başlıca vəzifə ondan ibarətdir ki, bu nəşr Azərbaycanı sevən,
ölkəmiz haqqında
daha çox məlumat əldə
etmək istəyən
hər kəs üçün maraqlı
olsun. "Baku" jurnalının təkcə
Azərbaycan üçün
nəzərdə tutulmadığını
bildirən L.Əliyeva
dedi ki, Azərbaycan tolerant dövlətdir, bu ölkədə çoxsaylı
millətlərin nümayəndələri
yaşayır. Bu jurnal həm də onlar üçün,
eləcə də bütün başqa millətlər və xalqlar üçündür.
Jurnalın növbəti
nömrəsi martın
15-də çapdan çıxacaq və güman edirəm ki, arzu edənlərin
hər biri onu əldə edə biləcəkdir. Mən çox istərdim ki, "Baku" jurnalı bütün Rusiyada, gələcəkdə isə
bütün MDB məkanında
populyar olsun.
Sonra Leyla Əliyeva Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlunu
ad günü münasibətilə təbrik
etdi və ona gül dəstəsi
təqdim etdi.
Dünya
şöhrətli böyük
rus müğənnisi,
SSRİ xalq artisti, Lenin mükafatı və SSRİ Dövlət
mükafatı laureatı
Yelena Obraztsova "Baku" jurnalının nəşrini çox mühüm hadisə adlandıraraq onun səhifələrində Sankt-Peterburq
barəsində də
materiallar dərc edilməsi arzusunu bildirdi ki, bakılılar
bu şəhərin
mədəniyyəti barədə
daha çox məlumat əldə etsinlər. Sankt-Peterburq administrasiyasının mədəniyyət
komitəsinin sədri
Nikolay Burov öz çıxışında
dedi ki, jurnal gözəl tərtib olunmaqla bərabər, məzmunca da zəngindir. İctimai-siyasi, ədəbi-bədii nəşr üçün çox düzgün istiqamət seçilmişdir. Orada hər şey var - bir qədər
reklam, çoxlu tarixi məlumat, tanınmış mədəniyyət
xadimlərinin gözəl
fotoşəkilləri... Jurnalın
rus dilində nəşr edilməsi isə çox mühümdür.
Azərbaycanın Sankt-Peterburqdakı
baş konsulu Qüdsi Osmanov qonaqlara "Baku" jurnalının layihəsinə
göstərdikləri diqqətə
və mərasimdə
iştirak etmələrinə
görə təşəkkürünü
bildirərək vurğuladı
ki, bu nəşr
xalqlarımız arasında
bir növ körpü olacaq, ölkəmiz, onun mədəniyyəti
və bənzərsiz
özəllikləri ilə
daha yaxından tanış olmağa imkan verəcəkdir.
Azərbaycanın RF-dəki
səfiri Polad Bülbüloğlu səmimi
qəbula və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar
layihələrini dəstəklədiyinə
görə Sankt-Peterburq
qubernatoru Valentina Matviyenkonun şəxsində
şəhər rəhbərliyinə
təşəkkür etdi.
Səfir Leyla Əliyevaya da minnətdarlığını bildirərək dedi ki, o, iki
ölkənin mədəniyyətlərinin
yaxınlaşması üçün
qısa müddətdə
çox iş görmüşdür. Bu gün
biz müxtəlif suveren dövlətlərdə
yaşayırıq, lakin
xalqlarımız arasında
böyük dostluq, qarşılıqlı hörmət
münasibətləri, Rusiya
mədəniyyətinə, Azərbaycanda əvvəlki
səviyyədə qorunub
saxlanan rus dilinə hörmət hissləri qalmışdır.
"Baku" jurnalının
rus dilində nəşr edilməsi də bu münasibətin
göstəricisidir. Bu
jurnal xalqlarımızın,
mədəniyyətlərimizin yaxınlaşması üçün
hələ çox iş görəcəkdir.
Bu, bizim həmişə yanaşı,
həmişə bir yerdə olmağımızın
rəhnidir.
Sankt-Peterburqdakı Azərbaycan
milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov vurğuladı ki, Azərbaycan nümayəndə
heyətinin Neva sahilindəki şəhərə
səfəri və burada "Baku" jurnalının təqdimat
mərasiminin keçirilməsi
xalqlarımız arasında
etimadın daha da möhkəmlənməsinə
xidmət edəcək çox böyük hadisədir.
Tarixi abidələrin qorunması
üzrə komitənin
sədr müavini Olqa Taratınova, Ukraynanın baş konsulu Nikolay Rudko, tatar diasporunun
nümayəndəsi Əlfiyyə
Raxmatulina, "Yevropa"
hotelinin baş direktoru Tomas Noll və başqaları
öz çıxışlarında
dedilər ki, "Baku" jurnalının təqdimatı Sankt-Peterburqun
mədəni həyatında
mühüm hadisə kimi mədəni dialoqun inkişafı üçün
çox böyük əhəmiyyət kəsb
edr. "Baku" jurnalı iki şəhər arasında
əlaqələndirici körpü
rolu oynayacaq, onun sayəsində iki dost xalq
bir-birinə daha da yaxınlaşacaqdır.
Arzu edirik ki, bu
jurnal vasitəsilə
rusiyalılar Azərbaycanı
tanısın, azərbaycanlılar
isə öz ölkələri ilə Sankt-Peterburq arasında sıx dostluq əlaqələri barədə,
bu şəhərin həyatı və mədəniyyəti barədə
daha çox informasiya əldə etsinlər.
Mərasimdə qonaqlara
"Baku" jurnalının
nüsxələri təqdim
edildi, eləcə də jurnala abunə yazılmaq üçün vizit vərəqələri arasında
"uduş tirajı"
keçirildi. "Mebel İspanii" şirkətinin baş direktoru Yevgeni Simonov jurnala pulsuz abunə yazılmaq hüququ qazandı. Təqdimat gecəsində ölkəmizin
mədəniyyəti və
ənənələri barədə
bilik müsabiqəsi də keçirildi, onda fərqlənənlərə
hədiyyələr təqdim
edildi.
Qonaqlar foyedə rəssamlardan Sənan Ələsgərovun və
Vladislav Loktevin Azərbaycana həsr edilmiş işləri ilə tanış oldular.
Azərbaycan.- 2008.- 6
fevral.- S. 5.