Xınalıq möcüzələri

 

Respublika Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Quba rayonunun Xınalıq ərazisi "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilmişdir. Sərəncamda qeyd olunur ki, qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şahbuz, Əbu Müslüm məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.
Ölkə başçısının qərarı ilə həmin ərazidə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək, eləcə də burada turizmin inkişaf etdirilməsi məqsədilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir. Maliyyə Nazirliyinə tarix-memarlıq və etnoqrafiya qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etmək barədə tapşırıq verilmişdir. Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Quba Rayon İcra Hakimiyyəti ilə birlikdə qoruğun sərhədlərinin müəyyən edilməsi üçün müvafiq təkliflər hazırlayacaq.

Dağlar səltənətinin şah əsəri

Qafqazda Elbrus zirvəsindən sonra ən uca dağların əhatəsində qərar tutmuş Xınalıq kəndi Şah dağının, Şah düzünün və Şahnabat çayının şah əsəridir. Bir-birindən möhtəşəm və məğrur dağ silsiləsinin qoynunda bir əfsanə kimi doğulub ərsəyə gəlmiş bu əsərin müəllifi təbiətin özü qədər qüdrətli və qeyrətli qədim kətdid xalqıdır. Onlar əsrlərlə yaşadıqları və indi dünyada Xınalıq kimi tanınan obalarına Kətş deyiblər. Kətş (Xınalıq) kəndinin sakinləri bura haradan, nə vaxt və nə üçün gəliblər sualına hələ dürüst cavab verən olmayıb. Amma bir şey aydındır ki, vəhşi təbiətlə təkbətək qalmağı üstün tutmuş bu insanlar əldən-ayaqdan uzaq, əlçatmaz, ünyetməz, gümanagəlməz belə ucqar bir yerə elə-belə, öz xoşlarına gələ bilməzdirlər. Görünür çox güclü bir təcavüz və təpki, vəhşi təbiətin özündən də amansız bir təhlükə qədim kətdidləri bura gətirmiş, onları dağlar səltənətinin ilk sakinlərinə çevirmişdir. Əsaslı elmi arxeoloji qazıntılara ehtiyacı olan Xınalıq qəbiristanlığı kəndin özündən 7 dəfə böyükdür. Kənd dörd tərəfdən qəbiristanlıqlarla əhatə olunmuşdur. Zaman-zaman burada yaşayıb burada dəfn olunmuş kətdidlərin Yarğandərə deyilən yerdə üçmərtəbəli qəbirləri üzə çıxmışdır. Bunlar torpağın köksünə sığınmış tariximizdir. Onların izi 5-6 min il əvvəllərə gedib çıxır.
Dəniz səviyyəsindən 2.360 metr hündürlükdə yerləşən Xınalığı əhatə edən Şahdağ, Bazar düzü, Tufan dağı əbədi buzlaqlar diyarıdır. Bu dağ silsiləsi ümumi fonda əsl dağ sərgisidir. Buradakı bir-birindən möhtəşəm və əzəmətli, azman və nəhəng dağların hər birinin özünəməxsus tərkibi və təbiəti var. Yəni geoloji strukturuna görə də bu dağlar çeşidli və bir-birindən olduqca fərqlidir. Daş dağlar da var, torpaq dağlar da. Bunlar da növbənöv və müxtəlifdir. Al-əlvan, xınalı, qara, boz rəngli dağların hər birinin öz xüsusiyyəti və öz "xasiyyəti" var. Məsələn, Xınalıq kəndinin qərar tutduğu Xınalıq dağı hava dəyən üst qatda daş kömür kimi qəlpələnir. Bu, Qaragünel yamacında daha aydın görünür. Sakinlər kəndin girəcəyində maqnit olduğunu söyləyirlər.

Kəndin məişəti, məşğuliyyəti və memarlığı

Xınalıq kəndi bütün parametrlərinə görə canlı bir əfsanədir. Burada hər şey daş dilində danışır. Evlər, divarlar, küçələr - hər şey hamar çay daşı ilə hörülüb. Dağlar və daşlar Xınalıqda vəhdət təşkil edir və onlar birlikdə Xınalığın obrazıdır. Xınalıq memarlığının təməlində də həmin dağlar və daşlar dayanır. Sanki kənd bütövlükdə daşla hörülmüş bir beşikdir. Bu beşikdə həyət, həyətyanı sahə anlayışı yoxdur. Qapı evdən birbaşa daş döşənmiş küçəyə açılır. Küçə xınalıqlıların həm həyətidir, həm də yolu. Başdan-başa daşa bələnmiş bu "beşik"də yaşıllıq, çəmən, otlaq, ağac, kölgəlik və s. bu kimi bitki növü yoxdur. Bir-birinə oxşayan daş evləri sanki bir usta tikib. Xınalıq evlərinin orijinallığı, yığcamlığı və çoxtəyinatlığı ondan ibarətdir ki, o, həm həyəti, həm anbarı, həm əl daşını, həm təndirxananı, həm də ilin bütün fəsillərində ailənin rahat yaşamasına imkan verən mənzili əvəz edir.
Xınalığın memarlığı kimi, məişəti də etnoqraflar üçün hələ tam öyrənilməmiş bir xəzinədir. Xınalıq bələdiyyəsinin sədri Qəşəm Abayevin verdiyi məlumata görə, hazırda kənddə 221 evdə 2147 nəfər xınalıqlı yaşayır. Təxminən 15-20 ev kimsəsiz və boş qalmışdır. Sakinləri Quba, Xaçmaz, Qəbələ rayonlarına və Rusiyaya köçmüşlər. Sovet dönəmində Xınalıq da daxil olmaqla 7 kənd (Dəhnə, Qrız, Cek, Əlik, Hanut və Qalaxudat) K.Dmitrov adına sovxozda birləşmişdir. Əsrlərlə qoyunçuluq əhalinin başlıca məşğuliyyəti olmuşdur. O dövrdə K.Dmitrov adına sovxozun təxminən 50 min baş, sakinlərin isə birlikdə 25 min baş qoyunu olmuşdur. 1991-ci ildə sovxoz iki yerə - Xanlar Səfərəliyev adına və Xınalıq kənd kolxozlarına bölünmüşdür. Ölkə müstəqillik əldə etdikdən sonra Xınalıq kolxozuna məxsus 51 min baş qoyun əmlak bölgüsü əsasında Xınalıq camaatına paylanmışdır. Müstəqillik dövründə Xınalıq camaatının iqtisadi durumu xeyli yaxşılaşmış, qoyunçuluq əhalinin maddi vəziyyətinin yüksəlməsinə ciddi təsir göstərmişdir. Hazırda təkcə Xınalıq kənd sakinlərinin şəxsi təsərrüfatlarında 54 min baş qoyun-quzu, 2.700 baş iribuynuzlu mal-qara var. Mütəxəssislərin fikrincə, Xınalığın otlaq və yaylaq potensialı burada daha çox heyvan saxlamağa imkan verir. Sadəcə istək lazımdır.

Yaylaq və qışlaqları

Dədə-babadan qoyunçuluq və heyvandarlıqla məşğul olan Xınalıq camaatı ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirən, may ayının 1-15-i arası yaylağa çıxaran Xınalıq çobanları sovet dövründə 40 qışlağa və 17 yaylağa hakim kəsilirdilər. Qışlaqlar Hacıqabul, Əli Bayramlı, Qobustan və Muşovdağın ətəklərində yerləşirdi.
Yaylaq dövrü çobanlar üçün xanlıq dövrüdür. Xüsusiyyətçilik gələndən sonra yaylaqlar da bölünüb və ayrı-ayrı adamların istifadəsinə verilib. İndi həm dövlət, həm də bələdiyyə ərazilərində Xınalıq çobanlarının istifadəsində 30-dan çox yaylaq var. Suyu, havası, otu və digər nemətlərinə görə onların hər biri möcüzədir. Məsələn, Qocallıq yaylağında quzu bir aya kökəlir. Qocal xüsusi bitkidir, ot adıdır, onu insan da yeyir. Qarxımbiy yaylağı burada yetişən bitkinin adından götürülüb və o, mədə-bağırsağın dərmanıdır. Qarısum yaylağı donmayan, qara su çıxan yer mənasını verir. Kahduman yaylağı otu bol olan yer deməkdir. Mahaldırım yaylağı kükürdlü, qara palçıqlı vulkanları ilə diqqəti cəlb edir. Xınalıq yaylaqlarının hər biri azı bir bulaq deməkdir. Hər bulağın da öz sehri, öz hikməti var. Ona görə 6-7 ay qışlaqda və koç səfərində olan çobanlar yaylaq dövründə bu sirli-sehrli bulaqların suyundan içib gümrahlaşır, azar-bezarı olanlar sağalır və yenidən özlərinə güc-qüvvət toplayırlar.

Xınalıq dili

Xınalıq dilini bəzi mütəxəssislər Ural dil qrupuna aid edirlər. Bu dildə ismin 18 halı var. Xınalıq dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Çox təəssüf ki, hələ Xınalıq-Aərbaycan dili lüğəti tərtib edilməyib. Əgər dilçilərimiz belə bir nəcib işə təşəbbüs göstərsələr, bu, yəqin ki, qədim türk tayfasının sirli keçmişinə elmi işıq salar. Xınalıq dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Mərhum şair Rəhim Alxaslı bu barədə xeyli tədqiqat işi aparıb və müəyyən edib ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.
Hazırda Xınalıq dili kənd məktəbinin 1-4-cü siniflərində tədris olunur. Lakin bu tələbatı ödəyən ədəbiyyat və dərslik hələ yoxdur.

Ziyarətgahlar diyarı

Kənd icra nümayəndəsi Füzuli Şərifovun verdiyi məlumata görə, hazırda Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.
Ötən ilin oktyabr ayında ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xınalıqlıların qonağı olmuşlar. Bu səfər Xınalığın sosial-mədəni və iqtisadi həyatında çox böyük intibah və tərəqqiyə təkan verdi. Kəndə abad yol, qaz, su xətti çəkilmiş, telefon-rabitə xidməti əsaslı şəkildə yaxşılaşdırılmış, təmirə ehtiyacı olan qədim mədəniyyət-memarlıq abidələrinə - Pirə Comərd (X əsr), Xıdır Nəbi (XV əsr), Möhüc baba (XVI əsr), Şeyx Şalbuz (XVI əsr), Şeyx İsrafil baba (XVII əsr), Əli Müslüm (XVIII əsr) məscidlərinə diqqət artmış, onlar turizm marşrutuna layiq obyektlər siyahısına salınmışdır. Xınalıqda ibadətgahlar çoxdur. Dağlılar son dərəcə çətin və qarlı şəraitdə, dar gündə, dar ayaqda həmin ziyarətgaha dərdlərini söyləmiş, imdad diləmişlər. Ümidlərini, arzularını bildirməklə təsəlli tapmışlar. Lakin minilliklər boyu od yandıran, od paylayan Atəşgah onların ən mötəbəri, ən "müqəddəsi" sayılmışdır. Əsl həqiqətdə isə Atəşgah təbiət möcüzəsi, yanar odlar məkanıdır. Çox yaxın vaxtlarda həm ölkəmizin, həm də dünyanın hər yerindən bu gözəl diyara rahat gəlmək, gəzmək, görmək və bu bənzərsiz gözəlliklərdən yetərincə feyz almaq mümkün olacaqdır.
Xınalığı Dövlət tarix-memarlıq və etnoqrafiya qorugu elan etmək o deməkdir ki, artıq bu əsrarlı ərazidə mövcud olan, lakin hələlik kənar aləmə naməlum qalan bütün qəribəliklər, hər cür heyrətamiz və orijinal mənəvi-tarixi abidələr, ziyarət və ibadətgahlar, məbəd və mağaralar, əhalinin qədim məişət və məşğuliyyət ənənələri, ən başlıcası, dili, məktəb, məscid və mədrəsələri daha dərindən öyrəniləcək, qorunacaq və dünyaya təqdim olunacaqdır.

Azərbaycan
.- 2008.- 10 fevral.- S. 3.