Əliyev Ə.

 

Parisdə “Azərbaycana qarşı: mədəni irsin hədəfə alınması” kitabı təqdim edilmişdir

 

Fevralın 13-də Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə ölkəmizin Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının təqdimat mərasimi keçirlimişdir. Mərasimdə YUNESKO-nun İcra Şurasının sədri, katibliyin nümayəndələrinin, Argentina, Türkiyə, Rumınya, Filippin, Əlcəzair, Seneqal, Liviya və Qazaxıstanın qurum yanındakı daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Fransadakı səfirliyimizin əməkdaşları, bu ölkədəki diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak etmişlər.

Daimi nümayəndəliyin rəhbəri Eleonora Hüseynova iştirakçıları salamlamış, Azərbaycanın düçar olduğu problemdən dünya ictimaiyyətinin xəbərdar olduğunu, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının silah gücünə öz doğma yurd-yuvalarından zorla çıxarıldığını, öz vətənlərində qaçqın və məcbiri köçkünə çevrildiyini, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışdığını, amma bu günə qədər münaqişənin öz həllini tapmadığını diqqətə çatdırmışdır.

Kitabın tərtibçisi və tədqiqatçısı Xarici İşlər Nazirliyi xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin birinci katibi Kəmalə İmranlı diskə köçürülmüş slaydlarla kitabın əsas məziyyətləri - İslamdan əvvəl Azərbaycan ərazilərində alban abidələrinin meydana gəlməsi, saxtakarlığa və iftiraya adət etmiş ermənilərin həmin abidələri özününküləşdirməyə səy etmələri, ölkəmizin tarixi və mədəni abidələrlə zənginliyi paleolit dövrünə məxsus abidələrin mövcudluğu, Türkmənçay müqaviləsindən sonra Türkiyə və İrandan 100 minlərlə erməninin köçürülərək Dağlıq Qarabağda və digər rayonlarda yerləşdirildiyi, işğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzun ərazilərindəki xalqımızın əsrlər boyu yaratdığı və keçmiş tariximizdən xəbər verən abidələrin erməni qəsbkarları tərəfindən vəhşicəsinə darmadağın edildiyi, Şuşada Xurşudbanu Natəvanın, Molla Pənah Vaqifin, Üzeyir Hacıbəyovun, Bülbülün abidə və ev muzeylərinin, yüzlərlə mədəni abidələrin, mədəniyyət evlərinin, məktəb və uşaq bağçalarının yerlə-yeksan olunduğu barədə tarixi faktlara istinadla iştirakçılara ətraflı məlumat vermişdir.

Kəmalə İmranlının ssenarisi əsasında lentə alınmış sənədli film nümayiş etdirilmişdir. Filmdəki Azərbaycan təbiəti, aparılmış arxeoloji qazıntılar, işğal olunmuş ərazilərimizdəki mədəni və tarixi abidələrimizin münaqişəyə qədər və ondan sonrakı vəziyyəti, ölkəmizlə bağlı bir çox tarixi faktlar, Ermənistan ərazisindəki Azərbaycan abidələrinin məhv edilməsi və digər məsələlər "Dənizdən-dənizə Ermənistan imperiyası" yaratmaq siyasəti yeridən ermənilərin əsas niyyətləri barədə iştirakçılarda geniş təsəvvür yaratmışdır.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilmiş, onlara "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı və Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunmuş "Qarabağ həqiqətləri" broşürü paylanmışdır.

Kitabın müəllifi AzərTAc-ın müxbirinə verdiyi müsahibəsində bildirmişdir ki, ermənilərin işğal etdiyi ərazilərdə Azərbaycan abidələrini məhv etməsinə həsr olunmuş bu kitabın nəşri və onun Avropa ölkələrində, o cümlədən erməni lobbisinin daha fəal olduğu Fransada təqdimat mərasiminin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz belə tədbirin burada təşkili Azərbaycanın işğal altındakı ərazilərdə və Ermənistandakı mədəni sərvətlərimizin bugünkü vəziyyəti barədə Fransa ictimaiyyətini məlumatlandırmaq baxımından zəruridir və uğurlu addım kimi qiymətləndirilməlidir.

 

Azərbaycan.- 2008.- 15 fevral.- S. 7.