Abbasov P.

Turistlər üçün ən cazibədar yer Avropadır


Azərbaycanda isə turizm mərkəzləri açılır, ancaq əhalinin tələbatı nəzərə alınmır

Son 25 ildə beynəlxalq turizmdə ən yüksək nəticə 2007-ci ildə qeydə alınıb. BMT-nin Ümumdünya Turist Təşkilatının hesabatında bildirilir ki, keçən il 900 milyon insan turust qismində səyahətə çıxıb. 2006- ilə nisbətən artım 6 faiz, yaxud 52 milyon nəfər olub. Müqayisə üçün bildirək ki, 1950-ci ildə öz ölkəsinin sərhəddindən kənara turist qismində 20 milyon nəfər çıxıb. Turistlər üçün ən cazibədar yer ötən il Avropa olub. Turistlərin yarıdan çoxu - 480 milyon nəfəri Avropa ölkələrində istirahət edib. Dünya üzrə ən çox turist axımı olan ölkələrə Türkiyə, Yunanıstan, Portuqaliya, İtaliya İsveçrə başçılıq edir. Ekspertlər hesab edir ki, bu il turistlərin sayının artma dinamikası davam edəcək. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə turst axımının çox olması üçün hansı addımlar atılır, yaxud atılmalıdır?
Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyir ki, turizmin təbliği üçün kompleks tədbirlər həyata keçirilir, turizmin inkişafı ilə bağlı dövlət proqramı hazırlanıb, təsdiq olunub: "Bu gündən (dünəndən) başlayaraq CNN telekanalında Azərbaycanın turizm potensialını təbliğ edən reklam çarxının nümayişi başlayıb. Gələn ayın ortalarından isə növbəti reklam çarxı "Euronews" kanalı vasitəsilə yayımlanacaq".
Bundan başqa, daxili turizmin inkişafı üçün işlər görülür: "Turistlərə göstərilən xidmət növləri, otellərin vəziyyəti məsələlərinə diqqət yetirilir. Təbii ki, bütün bunlar da say artımına təsir göstərir. Turistlərin sayı ilə bağlı sonuncu rəqəmi deyə bilmərəm. Ancaq turistlərin sayı 1 milyonu keçdi, 2006-cı illə müqayisədə artım 11 faiz oldu. Bu, dünya üzrə yaxşı bir göstəricidir. Dünya ölkələrində orta artım 5-6 faiz olur".
Maraq üçün bildirək ki, 2006-cı illə müqayisədə ötən il dünyada turistlərin sayının artımına görə Malaziya (20 faiz), Kamboca (19 faiz) Türkiyə (18 faiz) başçılıq edib.
Azərbaycanda Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov isə deyir ki, gərək əvvəlcə daxili tələbat məsələsi həll olunsun, sonra xaricdən turist cəlb edək. Onun sözlərinə görə, müvafiq dövlət proqramının həyata keçirilməsi üçün ilk növbədə yerlərdə həm daxili, həm xarici turizmin tələbatını öyrənmək lazımdır: "Çox təəssüf ki, indiyə qədər belə işlər aparılmayıb".
Çingiz İsmayılovun qənaətincə, Azərbaycanda turizm sahəsinin kifayət qədər çatışmazlıqları var: "Bu da ondan ibarətdir ki, turizm mərkəzləri açılır, ancaq əhalinin tələbatı nəzərə alınmır. Məlumdur ki, heç servis sahəsi kifayət qədər formalaşmayıb. Digər tərəfdən, təklif olunan qiymətlər dünya səviyyəsindəki qiymətlərlə eynidir. Nəzərə alaq ki, əhalinin yaşayış səviyyəsi o qədər yüksək deyil. Beləliklə , gözəl təbiətimiz, resurslarımız, imkanlarımızın olmasına baxmayaraq yerli əhali bundan bəhrələnə bilmir. Bunun iki səbəbi var. Birinci səbəb qiymətlərin yüksək, ikinci səbəb isə xidmətlərin aşağı olmasıdır. Əgər biz daxili tələbatı ödəyə bilmiriksə, xarici turist bura gələrmi? Əlbəttə ki, yox".
Ekspertin fikrincə, Azərbaycanda ekoturizm inkişaf etdirilməlidir bunun üçün imkanlar da var: "İnkişaf etmiş ölkələrin vətəndaşları beşulduzlu otellərdə yüksək servislərdən doyublar. Onlara təbiət gəzintisi lazımdır. Nisbətən zəif inkişaf etmiş ölkələr - Rumıniya, Bolqarıstan, Portuqaliya, İspaniyada ekoturizm çox yüksək inkişaf edib. Bizim ekoturizmdən istifadə etmək imkanlarımız olsa da, potensialdan lazımınca istifadə olunduğunu söyləmək olmur".
Həmsöhbətimiz deyir ki, qiymətlərin aşağı düşməsinə ehtiyac var bunun üçün ciddi rəqabət lazımdır. Lakin turizm sahəsində monopoliya mövcuddur: "Turizm özəl sektor olduğundan hökumət qiymətlərin aşağı salınması üçün onlara təsir edə bilməz. Ancaq lisenziyaların verilməsi məsələsində rəqabət yarada bilər. Bu rəqabət nəticəsində isə qiymətlərin dəyişilməsi baş verə bilər. Hesab edirəm ki, bu məsələni hökumət tənzimləməlidir. Ən vacibi isə odur ki, turizmin inkişafı üçün əhalinin tələbatını bilməliyik. Ancaq tələbatı bilmədən turizm obyektləri yaradırıq, sonda lazımınca gəlir vermir".
Ç.İsmayılov onu da dedi ki, Beynəlxalq Turist Təşkilatının (BTT) normativlərinə görə turist yalnız istirahət edənlər deyil. Düzdür, ölkəyə gələn hər bir şəxs potensial turist sayıdır, ən azı ona görə ki, həmin şəxs burada pul xərcləyir. Lakin məqsədyönlü istirahətə gələn turistdən dövlət büdcəsinə daha çox gəlir daxil olur. BTT-nin rəsmi rəqəmlərinə görə, ölkəyə gələn hər üçüncü şəxs bu cür turist sayılır. Bu hesabla ötən il Azərbaycana məqsədyönlü istirahətə gələn turistlərin sayı 350 mindən çox olmayıb...

 

Xalq cəbhəsi.- 2008.- 1 fevral.- S. 13.