Aydınoğlu T.
Azərbaycan Turizm
İnstitutunun iki yaşı tamam olur
Turizm sahəsində
ixtisaslı kadrlara olan tələbatı ödəməklə Azərbaycanda
daxili turizmin inkişafını dəstəkləmək
məqsədi ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında
iki il əvvəl
yaradılmış Azərbaycan
Turizm İnstitutu iki yaşını qeyd edir. Bu münasibətlə
ali təhsil ocağında keçirilmiş
tədbirdə ötən
ildə qazanılan uğurlardan danışılmış,
iki ildən sonra Azərbaycan turizm sənayesinin yerli ixtisaslı kadrlarla təmin olunacağı vurğulanmışdır.
Bildirilmişdir ki, tələbələrin beynəlxalq
standartlara uyğun təhsil almaları üçün institutda hər cür şərait yaradılmışdır.
Azərbaycanda ilk dəfə burada ikili diplom – həm ATİ, həm də Avstriyanın İMC
Tətbiqi Elmlər Universitetinin diplomları veriləcəkdir. Avropa İttifaqının Erasmus-Mundus
Mübadilə Proqramı
çərçivəsində Fransa, Yunanıstan, Portuqaliya, Latviya, Niderland, Bolqarıstan, İtaliya kimi ölkələrin ali təhsil müəssisələri
ilə tələbə
və müəllim mübadiləsi həyata keçirilir. Arxada qalmış iki
il ATİ üçün
bir sıra respublika və beynəlxalq səviyyəli
konfransların keçirilməsi
ilə də əlamətdar olmuşdur.
Ölkənin bu yeni ali məktəbi
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının müəyyən
etdiyi ali məktəblərinin reytinqi
sıralamasında üçüncü
yerdədir.
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri namizədi, dosent Cəfər Cəfərov
qəzetimiz üçün
müsahibəsində bildirdi:
– ATİ dövlət təhsil sistemi standartına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. İnstitutun
peşəkar məqsədi
Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik,
turizm, səyahət və istirahət sahəsində ixtisaslı
kadrlara olan ehtiyacı ödəmək üçün
mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir. ATİ ilk tədris
fəaliyyətinə 2006-cı
il sentyabr ayında turizm işinin təşkili və idarə edilməsi fakültəsinin
üç ixtisası
– menecment, marketinq, servis, turizm fənləri, ümumi fənlər kafedraları
və 200 tələbə
ilə başlandı.
İkinci tədris ili üçünsə ATİ-nin tələbə
qəbulu planına Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş beş yeni ixtisas
– sanatoriya və kurort müəssisələrində
tibbi xidmətin təşkili, sağlamlıq
və kurort, mədəniyyət və
incəsənət turizmi,
linqvistika (bələdçi-tərcüməçi), idman
turizmi əlavə edilmişdir. Tələbə
qəbulu sayı isə 310 nəfərə
qədər artırıldı.
Hazırda ATİ-də
8 ixtisas üzrə
509 tələbə təhsil
alır. Tələbələrin
ictimai fəallığını
dəstəkləmək üçün
tələbə gənclər,
həmkarlar təşkilatları,
tələbə elmi cəmiyyəti və turist klubu kimi
birliklər fəaliyyət
göstərir. Hər ayın
son çərşənbə
günü müxtəlif
mövzular ətrafında
millət vəkilləri,
səfirliklər, təşkilatlar
və digər mötəbər qurumlardan
olan qonaqların iştirakı ilə müzakirə klubu keçirilir.
İlk gündən
ATİ öz işlərini
Boloniya prosesi tələbləri əsasında
qurmuşdur. Hər bir tələbəyə ayrıca fərdi-tədris planı hazırlanmışdır. Bu
formada cari tədris ili ərzində keçiləcək
fənlərlə yanaşı,
tədrisin həftəlik
saatlarının miqdarı
və müəllim haqqında müəyyən
məlumat öz əksini tapır. Birinci kurs istisna
olmaqla, bu formanın doldurulması müstəqil surətdə
tələbənin özünə
həvalə edilir. Birinci kursa qəbul olan tələbələr
üçün yaddaş
və bələdçi
mətnləri hazırlanmışdır.
Ümumiyyətlə, Boloniya
prosesi çərçivəsində
kredit sisteminin tətbiqi, dəyərləndirmələrin
kuizlərə, aralıq
imtahanlarına və final imtahanlarına əsaslanması, tədris
prosesinin təqdimat və müzakirələr əsasında keçirilməsi,
mühazirə mətnlərinin
əvvəlcədən tələbələrə
paylanması, tələbələrə
sərbəst müəllim
və fənn seçmələri üçün
müvafiq şəraitin
yaradılması, onların
“aşağıdan” və
“yuxarıdan” fənn seçə bilmələri
üçün hazırlanması
uğurla həyata keçirilir. Hər bir tələbə
üçün fərdi
tədris planının
hazırlanması, tələbələrin
elmi araşdırmalara
fəal cəlb edilməsi, elmi-praktik konfransların keçirilməsi
və materialların nəşr edilməsi, turizm sahəsində digər ali məktəblərlə sıx
əməkdaşlıq əlaqələrinin qurulması
da ATİ-də tədrisin inkişaf etmiş ölkələr
səviyyəsində və
keyfiyyətində aparılmasına
zəmin yaradır.
ATİ ötən iki
ildə bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı
və iştirakçısı
olmuşdur. Bunlara misal olaraq, “Turizm təhsilində problemlər və perspektivlər”, “Azərbaycan
turizmi: bu gün və sabah”, və “Turizm və rekreasiya: problemlər və perspektivlər” respublika konfranslarını
göstərmək olar.
Tarixdə “Qloballaşma prosesində
Qafqaz və Mərkəzi Asiya” II Beynəlxalq Konqresi çərçivəsində ATİ əməkdaşları aktiv
iştirak etmiş, ümumən turizm sessiyasının təşkilatçılığını
həyata keçirmiş
və Bakıda keçirilmiş “İKT-yə
üzv ölkələrin
iqtisadiyyatında turizmin
rolu” adlı beynəlxalq elmi konfransın həm iştirakçısı,
həm də həmsədri olmuşdur.
Cari ildə də bu ənənə
davam etdiriləcəkdir.
Bu ilin mayında turizm sahəsində bakalavr dərəcəsində
təhsil alan tələbələrin “Azərbaycan
turizmi: bu gün və sabah” mövzusunda ikinci respublika elmi-praktik konfransı və beynəlxalq əməkdaş olan
“İMC TEU Krems” ilə
birgə “Hər mövsümdə Azərbaycan”
adlı beynəlxalq konfrans təşkil etməyi planlaşdırmışıq.
Konfransda Yaponiya, Tayland, Gürcüstan, Rusiya, Avstriya, Almaniya, Amerika və BMT ÜTT-dən turizmin müxtəlif növləri üzrə beynəlxalq mütəxəssislərin
iştirak nəzərdə
tutulur.
ATİ-də eyni zamanda, turizm sahəsində müxtəlif
kitabların toplandığı
ATİ Kitabxana İnformasiya
Mərkəzi fəaliyyət
göstərir. Respublikamızda turizm sahəsində bu cür zəngin
yeganə mərkəzdən
ATİ-nin kollektivi kimi, digər ali məktəblərin tələbələri, elmi
işçilər də
istifadə edirlər.
Əsasən xarici ölkələrin nəşri
olan bu kitablar
Heydər Əliyev Fondu, AMEA, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Türkiyə
Respublikası Boğaziçi
Universiteti, ABŞ-ın
Azərbaycandakı səfirliyi,
BMT-nin Azərbaycan təmsilçiliyi, BMT, ÜTT, Bakı Səyahət və Ekskursiya Şurası, Avstriyanın
İMC Tətbiqi Elmlər
Universiteti kimi müxtəlif qurum və təşkilatlar tərəfindən bağışlanmışdır.
İnstitutda elektron kitabxananın da yaradılması yönündə intensiv hazırlıq işləri
gedir.
ATİ turizm sahəsinin
yalnız təhsili ilə kifayətlənmir,
eyni zamanda bu sahədə təlim və tədqiqat proseslərinin həyata keçirilməsində
də yaxından iştirak edir. Bununla bağlı institutda ATİ Təlim Mərkəzi və
ATİ Tədqiqat və
İnkişaf şöbəsi
fəaliyyət göstərir.
Məhz bu struktur bölmələrinin
dəstəyi ilə
ATİ 2007-ci ilin son rübündə Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyəti (GTZ) ilə
“Lənkəran iqtisadi
rayonun turizm potensialının tədqiqi”
layihəsini uğurla
həyata keçirmişdir.
Layihə çərçivəsində
Lənkəran rayonunun
otel-restoran biznesi işçilərinə qısa
müddətli təkmilləşdirmə
təlim kursları verilmiş və rayonun potensial turizm imkanları araşdırılmış və
bu yöndə müfəssəl hesabat hazırlanaraq GTZ-yə təqdim edilmişdir.
Sonda Cəfər müəllim dedi:
– ATİ cəmi iki illik fəaliyyəti
dövründə gərəkliyini
sübuta yetirmiş, dünyanın turizm sahəsindəki təcrübəli
ali məktəbləri
ilə ayaqlaşacaq səviyyədə inkişaf
etmək üçün
zəruri baza formalaşdırmışdır. Gələcək planlar isə
çoxdur. İlk növbədə, ATİ-nin
hər cür təchiz olunmuş korpusunun tikilməsi, 2008 –
2009-cu tədris ilindən
etibarən magistratura mərhələsinin və
kollecin yaradılması,
mütəxəssislər üçün
ixtisasartırma və
ixtisasdəyişmə kurslarının
təşkili, sertifikat
proqramları kurslarının yaradılması,
turizm sahəsində elmi-tədqiqatların və araşdırmaların
daha da genişləndirilməsi
və s.
Bütün səylərimiz
ölkəmizdə turizmin
elmi əsaslarla inkişafını sürətləndirəcək,
onu gəlirli sahəyə, canlı təbliğat şəbəkəsinə
çevirəcək kadrlar
yetişdirməyə yönəldilib.
Xalq qəzeti.- 2008.- 13 fevral.- S. 4.