Ayxan

 

Azərbaycanda yeni turizm portalı

 

Turistlərin işini asanlaşdıracaq portalın təqdimatı keçirildi

 

Dünən Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (UNDP) birgə "Daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə institutsional yardım Layihəsi" çərçivəsində yaradılan turizm portalının (www.tourism.az) təqdimatı keçirilib. "APA-Economics"in məlumatına görə, təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, portalın əsas məqsədi Azərbaycanı turizm nöqteyi-nəzərdən cəlbedici ölkə kimi tanıtdırmaq, turistlərə ölkə və onun turizm imkanları, həmçinin müxtəlif turizm xidmətləri haqqında lazımi məlumat vermək, onların gəlişini və qalmasını asanlaşdıran dolğun axtarış sistemini yaratmaqdır. Azərbaycan, rus və ingilis dillərində tərtib olunan portalda Azərbaycanın qədim tarixi, rəngarəng təbiəti, turizm infrastrukturu haqqında geniş məlumat verilib. Bu portalda respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən mehmanxana, kempinq, motel və istirahət guşələri haqqında informasiya əldə etmək mümkün olacaq. Yerli və xarici turistlər hava, valyuta məzənnəsi, avtomobil icarəsi haqqında məlumat və avtobus, təyyarə, qatar və gəmilərin hərəkəti qrafiki ilə də tanış ola bilərlər.

Nazir bildirib ki, turizmin inkişafı məqsədilə artıq Bakı, Şamaxı, Xaçmaz, Şəki, Lənkəran və Gəncədə Turizm İnformasiya Mərkəzləri yaradılıb. Belə mərkəzin Quba, Naxçıvan, Heydər Əliyev Hava Limanı və Bakının Qala kəndində də açılması nəzərdə tutulur.

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Bruno Pueza da bu portalın Azərbaycanın turizminin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib. B.Puezanın sözlərinə görə, Azərbaycanın on-line təmsilçisi olacaq bu portal onun turizminin geniş təbliğ olunmasına imkan yaradacaq.

"Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə reklam rolikləri hazırlanıb. Bu reklam rolikləri 2008-ci il ərzində CNN telekanalı ilə nümayiş etdiriləcək", - bunu da jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, videoroliklər gündə beş dəfə 45 saniyə ərzində nümayiş etdiriləcək. Həmçinin, anoloji reklamın mart ayından "Euronews" telekanalında da göstərilməsi haqda müqavilə imzalanıb. Bundan başqa, Azərbacanın reklamı "Travel" və "National Geografic" kanallarında gedəcək. Həmçinin, bu kanalların çəkiliş qrupları Azərbaycan haqqında xüsusi proqramlar hazırlayacaqlar. Bu məqsədlə dövlət büdcəsindən xüsusi vəsait ayrılması nəzərdə tutulub.

Azərbaycanda Gürcüstan və Ukraynada olduğu kimi Avropa İttifaqı vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə suala cavabda Əbülfəs Qarayev deyib ki: "Azərbaycan müharibə vəziyyətindədir və sərhədlərin açılması haqqında danışmağa bizim mənəvi haqqımız yoxdur". Bununla belə, Qarayev bildirib ki, aeroportda viza verilməsinin, hazırkı qaydaları "tam normal haldır".

Yeni iri turizm zonaları haqqında danışan Qarayev Xızı-Dəvəçi rayonunda layihələrin və Qusar rayonunun Laza kəndində yay-qış kompleksinin layihəsinin hazırlandığını bildirib ("Turan").

Xaricdə Azərbaycan musiqisinə müəllif hüquqlarının qorunması məsələsinə toxunan Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi mövcud məlumatları bilavasitə bununla məşğul olan Müəllif Hüquqları üzrə Agentliyə verir. Bununla yanaşı, Qarayev bildirib ki, Azərbaycan tarixinin ölkə daxilində dərc edilən xəritələrdə təhrif olunması faktları müəyyən edilib. "Bununla əlaqədar olaraq ciddi tədbirlər görüləcək", - deyə Qarayev bildirib.

 

Ekspress.- 2008.- 16-18 fevral.- S. 14.