Mehdiyev M.

 

İstedadlı fırça ustası

 

Məhz həmin mənzərəyə görə 1946- ildə Elbəyi Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə imtahansız qəbul etmişdilər. Məşhur rəssam Salam Salamzadə demişdir: "Ay oğul, sənin qiymətini ağlın, zəkan verib. Buyur keç, sən buranın tələbəsi oldun".
Səttar Bəhlulzadə adına salonun direktoru Elçin Orucovun dedikləri: "Abşeronda əlvan gözəllik, təbiət mənzərələri axtarmaq əslində, çox çətindir. Çünki burada yaşıl meşələr, uca dağlar, bulaqlar var. Bura neft buruqlarının ucaldığı, bəzən susuzluqdan cadar-cadar olmuş şoran torpaqlardır. Gərək rəssam Elbəy Rzaquliyev kimi fırça ustası olasan, bu torpağın gözəlliyini, füsunkarlığını duyasan ki, onu istedadının, sevginin, qədirbilənliyinin süzgəcindən keçirib seyrçi zövqünə uyğun "Abşeron" kimi monumental tablo yarada biləsən. Ömrü boyu xoş arzularla yaşamış, Azərbaycanın işıqlı sabahları barədə düşünmüş görkəmli fırça ustası Elbəy müəllim əsərlərində əzəli əbədi yurd yerlərimizi özü sevdiyindən bəlkə artıq tamaşaçılara sevdirmişdir".
E.Rzaquliyev respublikamızın bütün bölgələrində olmuşdu. Onu ilk dəfə görənlər əsərlərinə görə səmimi qarşılayırdılarsa, sonra insani keyfiyyətlərinə görə sevər, adını hörmətlə çəkərdilər. O, sözün həqiqi mənasında, şəxsiyyət, yaradıcı ziyalı idi. Respublika Rəssamlar İttifaqında böyük nüfuz, hörmət sahibi idi. Neçə-neçə gəncin İttifaqa daxil olmasına zəmanət vermiş, emalatxana almasına qayğı göstərmişdi. Onun yaradıcılığında əsas mövzu Bakı, Abşeron idi. "Şirvanşahlar sarayı", "İçərişəhər", "Bakı kəndində", "Mirzə Ələkbər Sabir" əsərlərinə indi maraqla baxılır. Ustad sənətkar öz fırçası ilə Azərbaycan təbiətinin gözəlliyini incə ştrixlərlə vermiş, təsvir, tərənnüm etmişdir.
1986- ildə Moskvada respublikamızın təsviri sənət ustalarının yaradıcılıq günləri keçirilirdi.
Geniş, işıqlı salonda 600-dən artıq sənət nümunəsi nümayiş etdirilirdi. Sərgiyə tənqidçi-ədəbiyyatşünas Aydın Məmmədovla birgə məşhur şair-publisist Oljas Süleymenov da gəlmişdi. O, çox əsərlərə maraqla, diqqətlə baxdı. Ancaq Elbəy Rzaquliyevin "Üzeyir Hacıbəyov dünyası" portreti önündə dəqiqələrlə dayanaraq "Yaşa səni, sənətkar, dahiyə ikinci ömür vermisən" demişdi.
Elbəy Rzaquliyev istedadlı kino rəssamı kimi tanınmışdı. O, 1953-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino rəssamlığı fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdı. "Görüş", "Arxadan vurulan zərbə", "İstintaq davam edir". "Torpaq. Dəniz.Od. Səma" bir çox tammetrajlı bədii filmlərə tərtibat vermişdi. "Ögey ana" filmində İsmayıl rolunun ifaçısı mərhum Ceyhun Mirzəyev çəkiliş zamanını kövrək hisslərlə xatırlayaraq deyərdi: "Uşaq yaşımda mənə böyük etimad göstərmişdilər. Doğrudur, çoxlarından qayğı görərdim. Ancaq Elbəy müəllim mənə yerişi, duruşu, gülüşü, ögey ana ilə münasibəti öyrətmişdi". "Görüş" filminin rejissoru Tofiq Tağızadə isə vaxtilə yazıb: "Elbəy gözəl sənətkar, həm milli mənliyini, şəxsiyyətini qoruyub saxlayan insandır".
Ömrünün son vaxtlarında onun S.Bəhlulzadə adına sərgi salonunda fərdi sərgisi təşkil olunmuşdu. O, var gücü ilə çalışırdı ki, təsviri sənətimiz dünyada tanınsın. Əsərləri bir çox sərgi salonlarının daimi eksponatıdır. 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. Əlbəttə, əməyi hədər getməyib. Xalq rəssamı fəxri adına, Dövlət mükafatına layiq görülüb. 1998-ci ildə ulu öndər Heydər Əliyev onu "Şöhrət" ordeni ilə təltif edib. Elbəy müəllimin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Təəssüf ki, onun bu arzusu hələ çin olmayıb. İnanırıq ki, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaq, mərhum rəssamın ruhu dinclik tapacaq. Özü isə heç vaxt unudulmayacaq, hörmətlə, məhəbbətlə xatırlanacaq.

Azərbaycan
.- 2007.- 8 fevral.- S. 8.