Məhəbbətoğlu Q.

 

Fərdi sərgilərə imkan olmayanda...

 

Bu günlərdə "Abşeron" rəsm qalereyasında "Azərbaycan qrafikası və heykəltəraşlığı" adlı sərgi təşkil olunacaq. Sərgidə bu sahələr üzrə çalışan 40-a yaxın sənət adamının 50-dən çox əsəri sənətsevərlərə təqdim olunacaq. Bu barədə qəzetimizə qalereyanın direktoru Eldəniz İbrahimov məlumat verib. Eldəniz müəllimin sözlərinə görə, onun rəhbərlik etdiyi özəl qalereya belə müxtəlif səpkili kollektiv sərgilər təşkil etrnəklə sənətsevərlərlə rəssam və heykəltəraşlar arasında mütəmadi əlaqə yaratmağa səy göstərir. O, ilin sonunadək  onadək belə  sərgi təşkil edəcəklərini vurğuladı.

Qeyd edək ki, sərgidə Nadir Əbdürəhmanov, Arif Hüseynov, Əlisəttar Səlimov, Xanlar Əhmədov kimi tanınmış sənətkarların əsərləri ilə yanaşı, gənclərin də (Xaqan Əliyev, Toğrul Dadaşov və başqaları) yaradıcılıq nümunələrinə yer ayrılacaq.

Ümumiyyətlə, hər sərgidə yeni əsərlərlə çıxış etməyi xoşlayan heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov bizimlə söhbətində bu dəfə də ənənəsinə sadiq qalacağını vurğuladı: "Bu sərgiyə "Tomris ana" əsərimlə qatılacağam". Onun sözlərinə görə, belə sərgilərin mütəmadi təşkili yaradıcı insanı yeni-yeni əsərlər üzərində düşünməyə sövq edir: "Daha doğrusu, sənət adamını həmişə yaradıcılıq axtarışlarına həvəsləndirir. Bir də sənət adamı tamaşaçı kimi özünə kənardan baxır, əsərlərini digər əsərlərlə müqayisə edir". Daha sonra o dedi: "Hazırda fərdi sərgi təşkil etmək olduqca çətindir. Yəni bu məqsədlə müəyyən vəsait də tələb olunur. Bu isə əksər sənət adamlarının imkanları xaricindədir. Üstəlik, unutmayın ki, son illər qiymət artımı bizim istifadə etdiyimiz məhsullardan da yan ötməyib. Bu mənada, "Abşeron"un gördüyü işlər təqdirəlayiqdir". Hazırda əsasən şəxsi sifarişlər əsasında işlədiyini vurğulayan Xanlar müəllim dövlət sifarişli əsərlər üçün darıxdığını da etiraf etdi. Dediyinə görə, şair Qabilin qəbirüstü abidəsinin hazırlanması ona həvalə olunacaq. Bundan başqa o, İstanbul bələdiyyəsinin də dəvətini gözləyir.

Əməkdar rəssam Adil Rüstəmov hazırda hökumət səviyyəsində fərdi sərgilərin keçirilməməsini vurğuladı. Bu mənada, o da "Abşeron"un bu təşəbbüsünü yüksək dəyərləndirdi. Yeri gəlmişkən, qeyd edək ki, gələn ay Adil müəllimin 65 yaşı tamam olacaq. Lakin onun yubileyi ilə bağlı hər hansı bir tədbirin, eləcə də fərdi sərgisinin keçirilməsi gözlənilmir. Adil müəllim bizimlə söhbətində bu il öz vəsaiti hesabına fərdi sərgi keçirmək barədə düşünmədiyini də dilə gətirdi. Onun sözlərinə görə, elə "Abşeron"un, eləcə də digər qalereyaların bu səpkili sərgilərinə qatılmaqla kifayətlənəcək.

Xalq rəssamı Arif Hüseynov kollektiv sərgilərin təşkilini bəyənməklə yanaşı, bu sözləri də dilə gətirdi: "Yaxşı olardı ki, hər bir sənət adamı kollektiv sərgilərə öz yeni əsərləri iiə qatılsın. Bir də arzu edirəm ki, belə sərgilər mütəmadi təskil olunsun".

 

Zaman.- 2008.- 7-8 fevral.- S. 9.