Məlikzadə S.
Əşrəf
Heybətov Qürbətdə vətənlə bağlı
hər bir duyğu şirindir
Əşrəf
Heybətov müasir təsviri sənətimizin ən
istedadlı nümayəndələrindən biridir.
O,
uzun illər Rusiyada və Almaniyada yaşasa da
əsərlərinin başlıca mövzusu
Azərbaycanımızın gözəl guşələri,
Abşeronun sağlamlıq mənbəyi olan qumlu sahilləri,
bu torpağın əməksevər insanlarının
mənəvi dünyası, tariximiz və türk mifologiyası ilə bağlıdır. Buna
görə də müxtəlif ölkələrdə, BMT
və NATO iqamətgahlarında sərgilənən
əsərləri ona böyük uğur qazandırıb. Bu
günlərdə həmyerlimiz Bakıya gəlmişdi.
Zəng edib, onu redaksiyamıza dəvət etdik.
Əşrəf bəy dəvətimizi məmnunluqla
qarşıladı. İlk görüşümüzdə
ona yaradıcılıq yolu ilə bağlı bir
neçə sualla müraciət etdik.
- Əşrəf bəy, siz
təxminən 15 il Moskvada yaşamısınız, hazırda
isə Almaniyada yaşayırsınız. Bu
səbəbdən indi respublikamızda sizi əsasən
sənət adamları tanıyırlar. Buna görə də
istərdik ki, əvvəlcə, oxucularımıza
özünüz haqqında məlumat verəsiniz.
- Bakıda doğulmuşam. İlk evimiz
İçərişəhərdə olub. Bizim evin yerində
hazırda Milli Ensiklopediyanın binası yerləşir. Orta
məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsinə daxil olmuşam. Amma rəssamlığa
olan həvəsim universitet təhsilimi yarımçıq
qoyub. İkinci kursdan çıxıb Tbilisi Rəssamlıq
Akademiyasına qəbul olunmuşam.
1980-ci ildə Moskvada beynəlxalq olimpiada
keçiriləcəkdi. Olimpiadaya hazırlıqla
əlaqədar mən Moskvada Gənclərin Beynəlxalq Moda
Mərkəzində bir əsər işlədim.
Tapşırılan əsəri yüksək
qiymətləndirdilər. Elə o vaxtdan Moskvada qalıb
yaşadım və Rəssamlar İttifaqının
üzvü oldum, emalatxana aldım. Moskvada
yaşadığım dövrdə vaxtaşırı
sərgilərdə uğurlu çıxışlarıma
görə 1991-ci ildə mənə Azərbaycanın
Əməkdar rəssamı adını verdilər. İlk
fərdi sərgim Moskvada 1981-ci ildə Beynəlxalq
Münasibətlər İnstitutunda keçirilib. O zaman indiki
Prezidentimiz İlham Əliyev həmin institutda dərs deyirdi. Mənim fərdi sərgim də onun köməkliyi
ilə baş tutdu.
1995-ci ildə ailəmlə Almaniyaya
köçmüşəm. Həyat
yoldaşım iqtisadçı-alimdir. Biz
Koble şəhərində yaşayırıq. Ora kurort şəhəridir. Bonna
yaxındır. Təbii ki, həmin
şəhərə gələndə bir rəssam kimi
məni tanımırdılar. Sonra
şəhər üçün divar üzərində 450
kvadratmetr olan tablo işlədim. Bu iş altı ay
çəkdi. Yəqin bilirsiniz ki, Almaniya 16
torpağa bölünüb. Biz Rayland-Pfalz
torpağında yaşayırıq. Divar
üzərində işlədiyim əsərə də
“Rayland-Pfalzın simfoniyası” adını vermişəm.
O işimdən sonra həmin şəhərdə məni bir
rəssam kimi tanımağa, necə deyərlər,
monumentalist kimi qəbul etməyə başladılar. Almaniyada ilk fərdi sərgim 1993-cü ildə
Kölndə - Türk Kültür Mərkəzində
təşkil olunub.
Emalatxanam geniş və gözəldir. Oranı Azərbaycanın mədəniyyət
mərkəzi də saymaq olar. Çünki
emalatxananın divarlarında Azərbaycanla bağlı
əsərlərlə yanaşı, ölkəmizə aid
zəngin kolleksiya da yerləşdirilib. Azərbaycanın
rəngli xəritəsi də emalatxanamı bəzəyir.
Qonaqlarım olanda Azərbaycan haqqında
söhbətlər edir, onlara ölkəmizə dair
kolleksiyamdan hədiyyələr, kitablar
bağışlayıram.
- Orada
azərbaycanlı sənət adamlarından kimlərlə
görüşürsünüz?
- 2006-cı ildə mən Mədəniyyət Xadimlərinin
Avropa Assosiasiyası adlı qurum təşkil etmişəm
və indi həmin təşkilatın rəhbəriyəm. Həmin quruma 47 nəfər azərbaycanlı
sənət adamı da daxildir. Opera müğənnisi
İlham Ağaquliyev, bəstəkar Arif Mirzəyev,
sənədli kino ustası Ramiz Əliyev,
yazıçı-ssenarist Gülşən Kazımova və
başqaları həmin tərkibdədirlər.
- Əşrəf bəy, bilmək maraqlıdır,
Almaniyada Azərbaycanı necə tanıyırlar?
- Daha çox rəsmi səviyyədə tanıyırlar. Ancaq alman cəmiyyəti bizi Fransa, İtaliya kimi
tanımır.
-
Bəs Azərbaycanın Almaniyadakı diasporunun üzvü
kimi siz nə iş görürsünüz?
- Bizim
əsas işimiz orada Azərbaycanı təbliğ
etməkdir. Ölkəmizin tarixi,
mədəniyyəti, iqtisadiyyatı barədə alman
cəmiyyətinə bilgilər veririk. Bu
məqsədlə müxtəlif səpkili
görüşlər, sərgilər keçiririk. Son illər belə tədbirlərin sayı xeyli
çoxalıb.
Qeyd edim ki, Bakıda keçirilən dünya
azərbaycanlılarının hər iki konqresində
iştirak etmişəm. İkinci
konqresdə dünyanın ayrı-ayrı
ölkələrində olan Azərbaycan və Türkiyə
diasporlarının birgə işləməsi barədə
qərar qəbul edildi. Düşünürəm
ki, bunun ümumi işə çox böyük faydası
olacaq. Məsələn, tutaq ki, Almaniyada
cəmi 300 min nəfərədək azərbaycanlı
yaşayır. Onların da təxminən
50-60 min nəfərinin Vətən üçün
ürəyiyanandır. Qalanları isə
öz dolanışığı,
gün-güzəranları üçün
çalışırlar. Ancaq Almaniyada 3
milyondan çox türk yaşayır. Onlar
müxtəlif dairələrdə təmsil olunurlar. Buna görə də ümumi mənafe naminə
birgə fəaliyyət çox vacibdir.
- Bu
günlərdə siz Azərbaycanın İstiqlal Muzeyinə
20 Yanvar faciəsi ilə bağlı böyükhəcmli
əsərinizi bağışladınız. Həmin
əsər sənətçilərlə yanaşı,
ictimaiyyət tərəfindən də yüksək
dəyərləndirildi. Bu mövzuda
başqa əsərləriniz də varmı?
-
Bilirsiniz bu əsər necə yaranıb? 2001-ci
ilin 11 sentyabrında Nyu-Yorkda böyük terror aktı
həyata keçiriləndə minlərlə insan həlak
oldu. Bu faciə dünyada böyük
əks-səda doğurdu. Axı həlak
olan günahsız insanlar idilər. Bu
mənada həmin faciə bir insan kimi mənə də
çox təsir etmişdi. Buna
görə də həmin mövzuda 10 gün ərzində
böyük panno işlədim. Beş il
həmin əsər emalatxanamda qaldı. Üç il əvvəl ABŞ-ın Almaniyadakı
baş konsulu həmin əsəri öz ölkəsinə
göndərdi. Bir müddət sonra Nyu-York
şəhərinin merindən mənə
təşəkkür məktubu gəldi. Hazırda
həmin panno Nyu-Yorkdakı faciə qurbanlarının
şərəfinə açılmış muzeydə
asılıb.
Bu işdən xəbərdar olan politoloq Vəfa Quluzadə
bir dəfə söhbət zamanı mənə dedi ki,
Əşrəf, sən azərbaycanlısan, niyə öz
xalqının başına gətirilən
faciələrlə bağlı əsərlər
işləmirsən? Doğrusu, onun bu
sözü mənə çox təsir etdi. Bu söhbətdən sonra İstiqlal Muzeyinə
təqdim etdiyim əsəri işlədim. Əsər
Almaniyadakı səfirimiz Pərviz Şahbazovun
köməkliyi ilə Bakıya göndərildi...
- Əşrəf bəy, bayaq qeyd etdiniz ki, Almaniyada
türklər çoxdur. Onlarla şəxsi
əlaqələriniz varmı?
- Mənim yaradıcılığımda türk
dünyası xüsusi yer tutur. Elə ictimai
fəaliyyətimdə də türklərlə
əlaqələrim az deyil. Mən
türklərin mifoloji obrazları ilə bağlı xeyli
əsər işləmişəm. Axırıncı
sərgim də Berlindəki Böyük Türk Evində
keçirilib. Sözün düzü,
Almaniyada türklər mənə çox kömək
ediblər. Sərgilərim olandan sonra
“Avropa-Zaman” qəzetində “Türkiyəyə sevgilər”
adlı yazı da dərc olunub. “Türkiyə”
və “Millət” qəzetlərində də
yaradıcılığım haqqında yazılar verilib.
-
Bəs türk sənətçilərindən
kimlərlə əlaqələriniz var?
- İstanbulda yaşayan rəssam İsmayıl
Balabanla. O, çox milli rəssamdır, böyük
şair Nazim Hikmətin dostu olub. Onunla
birlikdə Bursada həbsxanada yatıb. İndi
Səttar Bəhlulzadə kimi böyük fırça
ustasıdır. O, mənim haqqımda məqalə
də yazıb. İstanbula yolum
düşəndə mütləq onunla
görüşürük. Almaniyadan da
tez-tez onunla telefon əlaqəsi saxlayıram. Arzum var ki, qarşıdakı illərdə
Türkiyədə fərdi sərgimi açım. Ümid edirəm, bu işdə mənə
kömək göstərənlər olacaq.
-
Söhbətlərinizdən bildik ki, hər il
Vətənə dönəndə Azərbaycanın bir
çox rayonlarında və şəhərlərində
olur, görməli yerlərinə gedirsiniz. Bu gəlişinizdə də respublikamızı
xeyli gəzmisiniz. Artıq geri
dönməyə hazırlaşırsınız. Yəqin ki, qayıtdıqdan sonra doğma torpaqda
gördükləriniz barədə yeni əsərlər
üzərində işləyəcəksiniz.
-
Elədir. Qayıtdıqdan sonra əvvəlcə
Almaniyadakı səfirliyimizin yeni binası üçün
Azərbaycan mənzərələri, tarixi abidələri
və s. bağlı əsərlər üzərində
işləyəcəyəm. Məlumat
üçün deyim ki, Berlində ölkəmizin
səfirliyi üçün gözəl və
yaraşıqlı bir bina alınıb.
- Almaniyadan başqa, hansı
ölkələrdə sərgiləriniz olub?
- 2006-cı ildə Nyu-Yorkda Birləşmiş
Millətlər Təşkilatının, sonra isə NATO-nun
Brüsseldəki iqamətgahında fərdi
sərgilərim olub. Onu da qeyd edim ki, mən həmin qurumlarda
əsərləri nümayiş etdirilən ilk
azərbaycanlı rəssamam .
- Əşrəf bəy, Bakıdan haraya
qayıdacaqsınız, Almaniyaya, yoxsa İordaniyaya?
- Almaniyaya qayıdacağam. Fevralın ortalarında
İordaniyaya gedəcəyəm, orada mənim fərdi
sərgim açılacaq.
- Sizi ora kim dəvət edib?
- Ölkəmizin İordaniyadakı səfiri Elman
Araslının təşəbbüsü ilə həmin
ölkənin Mədəniyyət Nazirliyindən dəvət
almışam.
- Əşrəf bəy, siz
rəssamsınız, müəllimlik də etmirsiniz. Almaniyada
yalnız əsərlərinizi satmaqla dolanırsınız,
yoxsa əlavə gəlir qaynağınız var?
- Hər şeydən əvvəl,
Allahın köməkliyi ilə dolanıram. Bəzən
əsərlərimi satıram, bəzən də
hədiyyə edirəm. Orada da əsər satmaq asan deyil,
çünki bazar doludur. Şükür Allaha ki, hələ
ac qalmamışam. İndi də pis dolanmıram. Məni
tanıyanlar bilir ki, pul hərisi deyiləm.
- Almaniyada yuxularınıza doğma
şəhərdən kimlər və haralar girir?
- Əvvəlcə deyim ki, mən çox pis yatıram.
Gün ərzində təxminən 3-4 saat. Gecələr
bəzən sübhədək işləyirəm.
İşləyəndə də xalq mahnılarımıza,
müasir bəstəkar mahnılarına
dönə-dönə qulaq asıram. Belə demək olarsa,
zəngin musiqimiz mənim yaxın həmdəmimdir.
Yuxularıma hərdən İçərişəhərdəki
evimiz girir, bəzən də rəhmətə getmiş
əzizlərim. Bayaq dediyim kimi, o evimizin yerində indi Milli
Ensiklopediyanın binası var. Doğma ocaq qürbətdə
olarkən həmişə adamı çəkir,
xüsusilə də yaşa dolduqca...
- Əşrəf bəy,
bağışlayın ki, sizi kövrəltdik.
- Nə olar, insan necədirsə, elə də
görünməlidir... Sizə deyim ki, qürbətdə
vətənlə bağlı hər bir xatirə, hər bir
duyğu insana şirindir...
- Təşəkkür edirik, yenidən
görüşmək ümidi ilə.
Zaman.- 2008.- 21-22
fevral.- S. 9.