Təbiətin Səttar möcüzəsi

 

"YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, 2008-2009-cu illərdə "Leyli və Məcnun" operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileyləri respublikamızda dövlət səviyyəsində keçiriləcəkdir.
Filologiya elmləri namizədi Almaz Ülvinin AzərTAc-ın xahişi ilə yazdığı növbəti, Azərbaycan boyakarlıq sənətinin ən görkəmli nümayəndələrindən biri, xalq rəssamı Səttar Bəhlulzadə haqqında məqaləni oxuculara təqdim edirik.
Azərbaycanın əməkdar incəsənət xadimi (1960), xalq rəssamı (1963), Dövlət mükafatı laureatı (1973), boyakarlıq sənətimizdə mənzərə janrının yaradıcılarından biri Səttar Bəhlulzadə təbiət aşiqi idi. Təbiətin dilini, canlı nəfəsini olduğu kimi duya bilib və onun gözəl mənzərələrini ustalıqla kətana köçürüb. Bu, Səttarın təbiət möcüzəsidir. Səttar da təbiətin, doğulduğu, boya-başa çatdığı və son mənzilini tapdığı Abşeron torpağının Əmircan guşəsinin möcüzəsidir. Bu iki möcüzənin qovuşmasından yaranan milli mədəniyyət xəzinəmizin bəşəri, nadir incilərindəndir. Səttarın təbiət mənzərələrinin hər birində orijinal, bəlkə də, fantastik lövhələrlə rastlaşmaq mümkündür. Çünki o, naturada gördüklərini, təəssüratlarını öz romantik sevgi və baxışları ilə sintezləşdirib qeyri-adi tablolar yaradıb. Səttar təbiətə belə baxışıyla öz məktəbini yarada bilmişdir. Onun məşhur "Kəpəzin göz yaşları" tablosunu xatırlayaq: Tamaşaçıların da, böyük rəssamların da qənaəti belədir ki, buradakı rəng çalarları, kompozisiya, süjet, üslub inandırıcı və gözəldir. Bəli, Səttar Bəhlulzadənin fırçasında təbiətimizin gözəllikləri bir daha gözəlləşib, əbədiləşib - dağları, bağları, çeşmələri, çayları, gülləri-çiçəkləri... yağlı boyalarla kətan üzərinə köçüb. Səttarın təbiətə sonsuz sevgisinin ifadəsi olan əsərləri düzü-dünyanı gəzib, özünün ömrü boyu ayaq basmadığı şəhərlərin - Parisin, Neapolun, Vyananın, Havananın, Berlinin, Dəməşqin, Beyrutun, Bağdadın... sərgi salonlarında nümayiş olunub. Milyonlarla insanın qəlbini fırçasının nağılıyla fəth edib.
Zaman etüdləri: 1930-cu illər. Səttarın gənclik illəri çox çətin, ağrılı, dolaşıq, şübhəli, qorxulu bir zamana təsadüf edib. O, gənc olsa da, zamanın problemləri, dərdləri məngənəsində sıxılan, əzilən insanları, eləcə də qəddar, əzazil kəsləri görürdü, eşidirdi. Bəxtinə zamanın şahidliyi düşmüşdüE Səttar yaradıcı xarakterlə doğulmuşdu. Qeyri-insani münasibətlər onun həssas qəlbinə yad idi. Elə buna görə də qəlbi kimi saf, bakirə təbiəti özünə yaxın, məhrəm bilmişdi. Çünki özü işıq idi və işığı sevirdi. Eşqini təbiətlə bölüşdü və qara qovğaları duyunca təbiətin qucağına atılırdı. Zamanın qaranlıqlarından sıyrılaraq, bəşəri düşüncələrini özü-özlüyündə saf-çürük edər, Əmircan kəndindəki ata evi ilə şəhərdəki emalatxanası arasındakı məsafədə rənglər dünyası ilə dərdləşər, ovqatının xoş məqamında "yükü"nü kətana boşaldar, bir sübh çağı yenidən Muğana tərəf yol alardı. Sonra Kəlbəcərə, Kəlbəcərdən Qarabağa - Şuşaya, Daşaltıya, Cıdır düzünə, oradan AstarayaE gedər, Azərbaycanın hər qarış torpağını sevə-sevə, öpə-öpə gəzərdi.
Səttar Bəhlulzadənin 100 illiyi təkcə Azərbaycanda deyil, YUNESKO-nun xətti ilə dünyada da qeyd ediləcək. Bu bayrama lirik ovqatla öz hədiyyəmi etmək istədim - ustad haqqında yazılmış onlarca məqaləni gözdən keçirdim, xatirə muzeyinə baş çəkdim. Qəbirüstü abidəsi ilə üz-üzə dayandım (bu məqam əzəmətli vüqarı ilə söykəndiyi boş çərçivədə mənim də portretim "çəkildi". Bu çərçivədə daim yeni və canlı portretlər "çəkilir"). Rəssamın könül dostlarından dünya şöhrətli bəstəkarımız (o, həm də gözəl rəssamdır) Arif Məlikovla, heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarovla (qəbirüstü abidənin müəllifi), əməkdar rəssam Rəfael Muradovla (Abşeron məktəbinin nümayəndəsi) görüşdüm, Səttar ünvanlı xatirələri, olub-keçən yaşantıları dinlədim. Bütün bu oxuduqlarım, eşitdiklərim məni elə bir ovqata köklədi ki, qələmlə baş-başa qalanda sanki Səttar Bəhlulzadənin ruhi varlığını yanımda duydum. Mənə elə gəldi ki, dahi sənətkar etüd çantasını çiyninə atıb üzü dağlara yollanır, "darıxıram buralarda" deyir. Təbiət aşiqi Səttar dünyası ilə baş-başa qalanda qeyri-ixtiyari dahi Füzulinin misraları dilimə gəlir:

Məndə Məcnundan füzun
aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var.

Şahdağ etüdləri: Təbiətin ecazkar gözəlliyi qəlbinə dolanda özünü göylərin mavi qucağında hiss edir, qəribə, həm də aşiqanə duyğulara qərq olursan. Həmsöhbətlərim danışır: Şahdağın gözəliklərindən çiçək dərməyə gedərdik (gözəlik - dağ döşündə qaynayan dumduru suların göyərtdiyi çəmənliklərə deyilir, oradakı çiçəklərin ətri bambaşqa olur, insanı bihuş edir). Bu zaman çox vaxt çobanaldadan quşunun "toruna düşərdik". Əl atıb çiçək dərincə, çiçəkdən də gözəl bambalaca quş yanımıza qonardı. Çiçək əvəzinə ona əl atardıq. O isə göz qırpımında bizdən aralanardı. Yenidən ona əl uzadardıq, əlimiz yetcək, quşcığaz bir addım da qaçardı. Beləcə, düşərdik onun arxasınca. Bizi çiçəklikdən xeyli aralayan kimi uçub gözdən itərdi. Çəmən çiçəkləri ilə aşiq-məşuq idi deyə, quş bizi onlara qısqanırdı. Geri qayıdanda isə görərdik ki, dərələrdən qalxan çən-duman sakitcə üstümüzə gəlir. Bir anda çəmənlik ağ duvağa bələnərdi. O məqam təbiətin gözəlliyi qarşısında, doğrudan da, əsir olardıq. Niyə gəldiyimizi unudardıq.
Təbiət eşqi, duyum, üstəgəl istedad. Füzuli poeziyasına aşiq Səttarda bunların hamısı var idi, ilahidən gəlirdi. Rəssamın rənglər dünyasına daldıqca, mənə elə gəlirdi ki, yaratmaq eşqi gələn kimi Səttarın təbiət qoynuna çəkilməsinin şahidi olmuşam. Onun vurğun könlü təbiətin belə gözəllikləri önündə havalanmasın, neyləsin?! Dağların, çəmənliklərin hüsnündə yalnız özünün görə bildiyi qeyri-adi gözəlliklərdən xəyalən çələng bağlar, onu bütün rayihəsi ilə qəlbinə, ruhuna köçürərdi. Yamyaşıl otların üstündə (baxmazdı ki, yer nəmlidir, şehlidir, ya qurudur) oturan kimi, bir-birinin ardınca, Allah bilir, nə qədər etüdlər, eskizlər cızardı. Qaş qaralanda geri dönər, sübh tezdən, gün çıxar-çıxmaz, yenə o gözəlliklərin ağuşunda olardı. Hər dəfə təbiətin sehrinə bənd olanda öz-özünə pıçıldardı:

Əhli təmkinəm, məni
bənzətmə, ey gül, bülbülə,
Dərdə yox səbri onun,
hər ləhzə min fəryadı var.
Yaxud da

Aşiq oldum yenə bir tazə
güli-rənayə,
Ki salır al ilə hər dəm
məni yüz qovğayəE

Füzuli poeziyasına, Bax musiqisinə könlü köklənmiş Səttar Bəhlulzadə 1909-cu ilin dekabrında Bakının Əmircan kəndində doğulmuşdur. 1927-1931-ci illərdə Azərbaycan
Rəssamlıq Məktəbində təhsil almış, Əzim Əzimzadənin təqdimatı ilə "Kommunist" qəzetində işləmişdir. 1933-1940-cı illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda oxumuş, V.Favorski və L.Brunidən, Q.Şeqaldan dərs almışdır. Bakıya qayıtdıqdan sonra yaradıcılıqla yanaşı, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs də demişdir (1941-1945).
Moskvadan qayıtdıqdan sonra Səttar Bəhlulzadə, əsasən, tarixi mövzulara, tarixi hadisələrə müraciət etmişdir: "Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və sair. Sonrakı illərdə Abşeron mövzularına müraciət etmişdir. Lakin mənzərə janrı onu daim cəlb etmişdir. Rəssam Rəfael Muradov deyir ki, Bəhlulzadə naturadan çəkəndə mövzu Azərbaycan təbiəti olsa da, necə deyərlər, nəzəri əsasları V.Favorski məktəbinə söykənirdi. Rəngli boya ilə çəkilmiş "Dənizkənarı bulvar", "Xaçmaz yolunda", "Qudyalçay vadisi", "Qudyalçay sahili", "Qız bənövşəyə gedən yol", "Payız", "Yaşıl xalı", "Bağlararası", "Əmsar bağında", "Yuxarı Daşaltı", "Çiçəklər" və s. əsərləri 1950-ci illərin axırına qədər olan işlərinə daxildir. Yaşa dolduqca kamilləşir, rəng duyumunda, koloritlərdə dəyişikliklər kəskin hiss olunurdu. Kompozisiyalar dəyişirdi. Sözsüz ki, bu dəyişiklik onun sənət, təfəkkür müdrikliyi ilə bağlı idi.
1960-cı illərin əvvəllərində Abşeron kəndlərində, xüsusən Buzovna bağlarında rəssamlar sanki yaradıcılıq ezamiyyətində olurdular. Hərə bağ evində sərbəst işləsə də, demək olar, hər gün bir dəfə yığışar, söhbətləşərdilər. Bunlar Əhməd Kamal, Rasim Babayev, Mircavad Cavadov, Əlövsət Əliyev, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Rəfael Muradov və başqaları idilər. 1962-1963-cü illərdən Səttar da Buzovna bağlarına yol açdı. Amma o vaxt Səttar artıq tamam dəyişmişdi. "Bağlar ezamiyyəti" dövründə heç kəs hiss etmədən, bir məktəb də yaranmışdı - "Abşeron rəssamlıq məktəbi". Rəssam dostları sonralar yazırlar ki, Səttar kompozisiyanı elə qururdu ki, o təsvir bizim ağlımıza gəlmirdi. Mənzərələri işlədikcə, özündən sadə və qeyri-adi, fantastik, ancaq çox inandırıcı təsvirlər əlavə edərdi. Onun kompozisiyaları həmişə işıqlı alınırdı. Bu isə həmkarlarını və tamaşaçıları həmişə heyrətləndirirdi. "Lalələr"ə əlavə etdiyi rəng və koloritlər, "Yaz axşamında"kı söyüdlərin rəqsi insanı valeh edir. Öz işində inamlı idi. Əsərləri barədə deyilən qeydləri diqqətlə dinlərdi, amma fikrində sabit idi. Çünki o, çəkdiyi bütün tablolarını təfəkkür işığında tam düşünər, eskizlərini edər, gələcək əsərini xəyalən bütöv görəndən sonra kətana köçürərdi. Ona görə də nəyisə dəyişsə, kompozisiyanı bütünlüklə pozulmuş sanardı. Müxtəlif rənglər qarışığını çox dəqiq yadda saxlar, başladığı işi hökmən sona yetirərdi. Sanki xalça toxuyurdu. Böyük səbir sahibi olan rəssamın səliqəsinə söz ola bilməzdi. Fırçalarını səliqə ilə yuyar, ayrı-ayrılıqda kağızlara büküb nəmini alardı ki, növbəti dəfə işləyəndə rəngləri kətana təmiz köçürə bilsin.
Səttar dostluğa həmişə sadiq olub. Bu böyük sənətkarın şəxsiyyət dahiliyi onun uşaq səmimiyyətindən başlayırdı. Yaradıcı dostlarına münasibəti bir başqa idi. Arif Məlikovun dediklərindən: Bir dəfə xaricdən Səttar üçün boyalar və fırçalar gətirdim. Hollandiya fırçaları ən yaxşısı hesab olunur. 1-dən 50-yə qədər nömrələnmiş bu fırçalarla işləmək asan və keyfiyyətlidir. Səttarın emalatxanası da insana möcüzəli təsir bağışlayırdı. Yerdə, künc-bucaqda qurumuş nar, müxtəlif rənglərdə sarı, qırmızı, bənövşəyi çiçəklər, heyva, bardaq, bir sözlə, cürbəcür şeylər olardı. Gətirdiyim həmən fırçaları gildən düzəldilmiş bardağın içinə qoydu.
- Səttar, bunları işləmək üçün almışam, buket kimi gətirməmişəm.
- Yox, Arif, mən barmaqlarımla da şəkil çəkə bilərəm. Bu, sənin hədiyyəndir. Burada çiçək kimi durmalıdır.
Səttarın fırçasında Azərbaycanın müxtəlif guşələrinə aid atributlar xüsusi həssaslıqla işlənib. Məsələn, "Astara portağalları" (1969), "Corat qovunları" (1964), "Abşeronun üzümü, narı, heyvası, tutu" (1967), "Novxanı bağları" (1965), "Dənizdə neft buruqları" (1966), "Göyçayın nar bağları" (1974), "Şahdağ" (1973), "Muğan gözəlləri - ceyran sürüsü" (1973), "Yanar torpaq" (1973) və sair. "Heyva çiçəkləri" (1964) sanki eşq macərasıdır, boynubükük "Nərgizlər" (1963) vüsala həsrət pərişanlıqdadır və s. Səttar bənzərsiz tablolarından olan "Mənim anam" (1974) əsərini anasına ithaf etmişdi. Amma o, doğma anasının cizgilərini Kəlbəcərdə eskizlərə köçürmüşdü. Orada ona ana məhəbbətiylə qulluq edən, dərisi qırış-qırış olmuş, bət-bənizi solmuş, barmaqları işləməkdən incəlmiş, damarları çıxmış, ancaq mülayim çöhrəli, nurlu baxışlı, od nəfəsli, başı çarğatlı bir ananı rəssam gözü ilə seyr edir, gələcək obrazın cizgilərini xəyalında canlandırırdı. İllərlə ürəyində gəzdirdiyi bir arzunun gerçək başlanğıcını burada tapmışdı. Kəlbəcərli ananın vücudunda öz anasının ruhunu gördü və bu məqamı yaddaşına yazdı, əzizlədi və nəhayət, illər sonra istədiyi tablonu yaratdı. Səttar bu əsərində qarışıq rəngləri o qədər ustalıqla verib ki, sanki əbru incələmələridir, elə bil rənglərə sığal çəkilib.
1970-ci illərin əvvəllərində özün
ü başqa aurada kəşf edən rəssam naturadan tam kənara çıxaraq rəngləri, işlədiyi predmeti möcüzəvi duyğularına təslim edir. Füzulinin eşq qəzəllərinin zümzüməsində, Bax musiqisinin sədasında Səttar fırçası öz sənət zirvəsini beləcə fəth etmişdi. Bu zirvə öz işığı, parlaqlığı, üslubu ilə seçilir, sevilir. "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Şahnabat", "Əfsanəvi torpaq", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Abşeron tacı" və digər əsərləri o illərin yadigarıdır.
Bakıda (boyakarlıq, 1954), Bakı, Tbilisi və İrəvanda (boyakarlıq, 1955), Praqada (qrafika, 1969), Moskvada (boyakarlıq, 1973, 1977) və s. yerlərdə açılan sərgiləri seyrçiləri heyrətləndirib, ona şöhrət gətirib. Amma o, bu şöhrətin havasına uyub həyatında, xasiyyətində heç nəyi dəyişməyib. Yenə məkanı beşmərtəbəli Rəssamlar evinin axırıncı mərtəbəsindəki emalatxanası, Azərbaycan təbiəti olmuşdur: dəniz, dağlar, düzəngahlar, bağ-bağçalar... Təbiət - gül-çiçək ətri, çən-duman, yarpaq xışıltısı, quşların nəğməsi, yaşıl mamırlı qayalar, şehli çəmənlər "eşq sərgəştəsiyəm" deyən rəssamın sevən qəlbinə məlhəm, dəva idi. Füzuli öz eşq nağılını Leyli, Məcnun diliylə əfsanələşdirdiyi kimi, Səttar da öz eşqini al-əlvan boyalarla, koloritlərlə, təbiət mənzərələrinə əlavələri ilə tablolarında əbədiləşdirirdi.
Sənətkarın qrafika əsərləri ("Məcnun", "Dağ gölü", "Sahildə söyüdlər", "Dağ ətəklərində bağ", bir neçə variantda "Füzuli") də yaradıcılığında xüsusi yer tutur. Moskva Rəssamlıq İnstitutunda əvvəl qrafika şöbəsində oxuduğuna görə bu janrın incəliklərini öyrənmişdi. Bardaş quraraq oturub işləmək ona rahatlıq gətirirdi. Xüsusən qrafika işlərini, etüdlərini, eskizlərini yerdə oturub çəkirdi. Səttar Bəhlulzadəni Azərbaycanın bütün guşələrində tanıyırdılar, sevirdilər və əziz saydıqları qonağın qulluğunda durmaqdan usanmırdılar. Səttar isə getdiyi məkanlarda təbiətlə baş-başa qalmağı sevərdi. Təmtəraqlı qonaqlıqları, bəzək-düzəkli tərifləri, sözləri sevməzdi. Sadə və alicənab, səmimi və uşaq kimi saf qəlbli, ürəyiyuxa insan idi.
Rəssam Rəfael Muradov danışır ki, Buzovna bağlarındaydıq. Bir axşam yenə yığışıb dəniz kənarında yerdən süfrə açmışdıq. Şamları da yandırıb süfrə boyu düzmüşdük. Füzuliyə köklənmişdik:

Şəbi-hicran yanar canım,
tökər qan-çeşmi giryanım,
Oyadar xəlqi əfqanım, qara
bəxtim oyanmazmı?!

İlahi, bir də nə görsək yaxşıdır? Səttar qeyri-ixtiyari ayağa qalxıb o uzun, gözəl barmaqları ilə sanki orkestrə dirijorluq edirdi. Bütün varlığıyla səslənən avazlara hakim kəsilmiş, ifaları bir nöqtəyə cəmləmiş və o məqamda qeyri-ixtiyari hamı ona tabe olmuşdu. Yadıma düşdükcə, hələ də riqqətlənirəm.
Səttar Bəhlulzadə bütün əsərlərinin kompozisiyasını iç dünyasında fırçasız, boyasız çəkər, sonra kətana köçürərdi. "Lalələr" də beləcə yaranmışdı. Təbiətin laləli mənzərələrini dəfələrlə müşahidə edən rəssam, nəhayət, eskizləri kompozisiya ilə əvəz etmək məqamının yetişdiyini duyur. Elə ki, fırçalar lalələrin qırmızı rənginə dolaşdı, Səttarın əllərini görmək mümkün olmurdu. Hərdən barmaqlarını da işə salır, qırmızı lalələrin bağrındakı xalları yerinə qoyurdu. O, rəsmlərini işləyəndə hər şeyi unudardı. Elə bil nə acırdı, nə susayırdı. 10-12 saat, bəzən də bütün sutkanı işlədiyi vaxtlar olub. Səttarın əsərləri saysız-hesabsızdır. Bir çox ziyalıların evində onun işləri var. Hamısını da özü bağışlayıb.
Kəpəz etüdləri: Qoca və yaralı Kəpəzi, gözəl Göygölü, əsrarəngiz Maralgölü, üzbəüz meşəli, güllü-çiçəkli dağları görəndə adama elə gəlir ki, Allah bütün gözəllikləri məhz bura bəxş etmişdir. Kəpəzin zirvəsindən aşağıya doğru sal-sal ağ daşlar, iri qayalar göz oxşayır. Elə bil dağ döşünə iri mirvari dənələri səpələmisən. Təbiətin yaratdığı bu səhnədə bütün "dekorasiyalar" yerli-yerindədir. Sanki dünyanın gözəlliklərini görüb-götürmüş, zəngin təxəyyüllü bir rəssamın əli ilə çəkilmişdir. "Kəpəzin göz yaşları"na dərin düşüncələrlə hakim kəsiləndə belə duyğulardan yan ötmək olmur. Bir dəfə yenə Səttar Bakıda darıxır, özü demişkən, havası çatmır. Dostu Arif Məlikova zəng edir ki, məni Bakıdan çıxar. Bu dəfə Gəncəyə, oradan da Kəpəzə, Göygölə tərəf yollanırlar. Çox rəssamlar Göygölü, Kəpəzi çəkib. Amma hamı aşağıdan - Kəpəzin ətəyindən, Göygölün kənarından baxıb çəkib. Səttar da bir xeyli o yana, bu yana baxıb, eskizlər çəkir, amma istədiyi ürəyincə alınmırdı. Üzünü Arif Məlikova tutur ki, gəl, Kəpəzin başına çıxaq. Görkəmli bəstəkarımız o günləri xatırlayaraq deyir: "Ani olaraq duruxdum. Axşamdan yağış yağmışdı, hər yan palçıq, otlar, çiçəklər nəmli idi. Amma Səttarın istəyi mənim üçün əziz idi. Tez yaxın kənddən traktor xahiş etdim. Səttarla Kəpəzə qalxdıq". Səttar burada bir ayrı gözəlliklə üz-üzə qaldı, hər şeyi unutdu. Nəmli-palçıqlı çəmənlikdəcə yerə oturdu, rəngli flomasterlərlə eskizlər çəkdi. Nə qədər işlədisə də, yenə nə isə ürəyinə yatmırdı.
- Arif, Kəpəz kompozisiyaya girmir - darıxmış halda üzünü dostuna tutdu.
- Səttar, sən ki, Kəpəzin əlində deyilsən, Kəpəz sənin əlindədir, götür yerini dəyiş.
Uşaq kimi sevinir, istədiyi nəticəni almışdı. Sən demə, Göygöl Kəpəzin yaralı qəlbindən axan dumduru göz yaşları imiş.
Gur, şəlalə saçları onun
rəssam təbiətinə çox yaraşırdı. Səttar haqqında söz demək çətindir. Elə şeylər var ki, onu sözə çevirmək olmur, gərək onu hiss edəsən. Onu deyə bilərik ki, Azərbaycanın gözəl mənzərəsini bir-iki yox, yüzlərlə əsərinə köçürüb. Azərbaycanı Səttar gözəllikdə görən yoxdur, çünki o, Azərbaycanın təbiət mənzərələrinə öz mənliyini də daxil edib. Bu əsərlər insan təfəkkürü işığından süzülsə də, orada təbiətin özü də var, Səttar da. Səttarın sənətkar dahiliyi məhz bundan başlayır.
Səttar fırçasından yaranan lirik mənzərələrdə poetik əhval-ruhiyyə və kompozisiya quruluşu, boyalarda kolorit gözəlliyi çox güclüdür. O, əsərlərində təbiətin real mənzərəsindən götürdüyü motivləri özünün sonsuz təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə üzvi şəkildə əlaqələndirirdi. Mənzərələrini işləyəndə açıq rənglərin - ağ, mavi, çəhrayı, yaşıl və sair rənglərin vəhdətinə üstünlük verərdi. Bu rənglər daxilən işıqlı bir insan olan ustadın özünün xarakterinə uyğun idi. Ümumiyyətlə isə, onun sənət dühasını sözlə təhlil etmək çətindir. Sadəcə, rəsmlərə baxmaq lazımdır.
Dahi sənətkar Səttar Bəhlulzadə 65 yaşında Moskva xəstəxanalarının birində həyata vida dedi. 1974-cü ilin bir payız günü, oktyabrın 14-ü idi. Fəxri xiyabanda yox, doğulduğu Əmircanda, anasının məzarı yanında dəfn olunmasını vəsiyyət etmişdi. Axı o, təmtərağı yox, təbiiliyi, azadlığı sevirdi.

 

Azərbaycan.- 2008.- 17 fevral.- S. 5.