Məhərrəmova T.
Bir çərçivəyə
yerləşməyən adam
İsmayıl Məmmədov:
"Özüm üçün elə şərait
quracağam ki,
emalatxanada qapalı qalacağam"
Rəssamın lazım
gələndə hətta yaxınlarının və
doğmalarının üzün bağlı bir
dünyası var. Öz ürəyi istəyən vaxt orada
təkdir, rənglərlə, fırçayla, kətanla
üz-üzə, göz-gözədir. Rəssam
İsmayıl Məmmədov yalnız bircə gün - 60 illik
yubileyi münasibətilə martın 24-də Səttar
Bəhlulzadə adına sərgi salonunda
keçiriləcək fərdi sərgisində həmin
dünyanın qapısını açıb içəri
daxil olmağa hər kəsə izn verəcək.
Hamını bu sirli dünyanın sehr və
möcüzələri, ağrı-acısı, sevinc və
əzabları ilə tanışlığa dəvət
edəcək.
Sərgi -
özünüifadə vasitəsi
- Heç
kəsə sirr deyil ki, sərgilər hər bir
rəssamın tanınmasında müstəsna rol oynayır.
Bu baxımdan gələn ay təşkil edəcəyiniz
fərdi sərginin həyatınızda hansı rolu var?
- Bir az
inciyirəm ki, məni çox vaxt çoxlu rəsm
çəkdiyimə görə qrafik sayırlar. Ya
mənə teatr rəssamı, ya kitab rəssamı
deyirlər. Mən bir çərçivəyə
yerləşməyən adamam. Ona görə bu sərgini
təşkil etmək istəyirəm ki, o genişliyi
görsünlər.
1985-ci ildə
Vəcihə Səmədova adına sərgi salonunda ilk
fərdi sərgim keçirilib. Həmin sərgidə
nümayiş etdirilən kompozisiyalar, portretlər
yağlı boyalarla işlənmişdi. 1993-cü ildə ad
günümə təsadüf edən ikinci fərdi sərgim
keçirildi. Həmin sərgidə isə qrafik
əsərlərim sərgiləndi. 1966-cı ildən
"Gənclik" nəşriyyatında kitab qrafikası ilə
məşğul olmuşam. 40-dan çox uşaq kitabı
hazırlamışam. Ancaq bu işi öz sənətim kimi
qəbul etmirdim. Buna görə də onlar
qapalı qalmışdı. 1993-cü ildə həmin
əsərlərə əl gəzdirib onlardan ibarət
sərgi keçirdim. "Əfsanələr,
rəvayətlər, səyahətlər" adlanan
sərgidə Dədə Qorqud, əfsanələr və
rəvayətlər silsiləsindən, uşaq kitabları
üçün hazırladığım
əsərlər və yağlı boya ilə çəkdiyim
20 əsər var idi. Mədəniyyət Nazirliyi məni bu
sərgi ilə Türkiyədə keçirilən
"Sarımsaq" festivalına göndərdi. 10 gün
ərzində işlərim orada sərgiləndi və bu
müddətdə cizgi rəsmiylə 170-ə yaxın
adamın şəklini çəkdim. Sərginin sonuncu
günü də bu əsərlərdən ibarət ikinci
sərgini təşkil etdim. 2000-ci ildə Londonda
növbəti fərdi sərgim keçirildi. Daha
sonra Bakı İncəsənət Mərkəzində monotip
üsulunda işlədiyim Dədə Qorqud silsiləsindən
əsərlər, markalar və rəngli yuxular
silsiləsindən müəllif əsərlərim sərgiləndi.
1999-2002-ci illərdə silsilə markalar, zərflər,
şəkilli xəritələr, monotip üsulunda
əsərlər də hazırlamışdım.
Peyğəmbərin həyatından qrafik silsilə də var
idi. Yenidənqurma illərinin əvvəllərində Moskvada
İslam Sivilizasiyalar İnstitutu sənətimlə tanış
olduğu üçün belə bir kitabı
çıxarmaq, silsilə illüstrasiyalar hazırlamaq
üçün məni dəvət etdi. Bu, Adəmdən
başlayıb Musa peyğəmbərdə qurtarırdı.
Ancaq sonradan müəyyən səbəblərdən
həmin kitabın çıxması dayandı. 90-cı
ildə mən "Dədə Qorqud" kitabını hazırlamışdım.
Ancaq o kitab da plyonkaya köçürülüb, montay
stolunda yığılsa da, iş dayandı. Sonra
"AMOKO" şirkəti ilə Dədə Qorqud
silsiləsindən 12 boydan ibarət təqvim buraxdıq.
2004-cü
ildə də Rusiya səfirliyi Moskva Rəssamlar Evində
sərgi keçirməyimə kömək etdi. Bu
sərgidə sənətin müxtəlif sahələrini
əhatə edən mövzular var idi.
-
Ümumiyyətlə, hər bir sərgi sizin üçün
hansı mahiyyəti kəsb edir: satış, yoxsa
özünüzü tanıtmaq məqsədi?
- Söhbət satışdan getmir. Bakıda onsuz da bizə qiymət verən yoxdur. Mən əsərlərimi yığıb saxlamışam. Bəlkə nə vaxtsa övladlarıma köməyi olar. Rəssam emalatxanada
və ya teatrda işləyəndə işlərini özü görür. İşləri tamamlayanda əsərin üzünü divara çevirir. Elə bil ki, insanın içərisi o əsərlərlə doludur. Emalatxanada
bu işlər yerdə qalır və baxılmır. Yuxarı qalxanda isə başqa adamın gözü ilə baxırsan. Bəzən bu işlərin hamısını birdən görmək istəyirsən. Çox vaxt fərdi sərgilər yalnız bunun üçündür. Yəni insan özü kənardan özünə baxsın və həyatını davam etdirsin. Yaponlarda belə bir ənənə var: hər bir rəssam sərgi açanda adının qarşısına bir ad da qoyurlar. Ona görə ki, sən yenidən həyata gəlir və yeni adam olursan.
Bu,
çox vacib amildir.
Sərgilər rəssamın özünüifadə vasitəsidir. Əsərlər rəssamın övladı kimidir. Mən hər sərgimdə salonda mümkün qədər çox olmağa çalışıram. Ya sərgiyə gələn tamaşaçılarla, ya da əsərlərlə söhbət etməyə çalışıram. Çox vaxt əsərlər sərgidə necə asılmışdısa, eləcə
də emalatxanaya
qayıdır. Bəlkə də 1-2-si Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən alınır, qalanları isə
geri qayıdır. Emalatxanaya
qayıdandan sonra onların üzünü divara çevirirdim ki, mənə mane olmasınlar. Hazırda emalatxanada
başa çatmayan işlər gözümün qabağındadır.
- Deyirlər
yaxşı musiqi şimşək çaxması kimi ani
yaranır. Bəs yaxşı rəssamlıq işi?
- Məndə
nə vaxtsa başladığım bir avtoportret vardı. Düz 7 il ona əl vura
bilmədim. Ancaq bir dəfə əsər
gözümə sataşandan sonra 15 dəqiqə
ərzində onu başa çatdırdım.
İşi başlayandan sonra davamını hiss
edirsənsə, onu başa çatdıra bilirsən. Yoxsa həmin əsəri daha da korlaya
bilərsən. Nisbətən cavan
yaşlarımda bəzən böyük bir əsəri bir
həftəyə başa çatdıra bilirdim. Amma bəzən yorğunluq, işin gərginliyi
nəticəsində əsəri xarab edirdim. Sonra yenidən o əsərə
qayıdırdım. Bir müddət
keçəndən sonra işləyən məqamda o iş
mənim üçün dayanırdı. Onun
davamını necə edəcəyimi bilmirdim. Bu halda o işi kənara qoyub başqa işə
keçirdim. "Rəngli yuxular"ı
işləyəndə əhvalıma uyğun ya
qırmızı, ya da qara rəngdən
başlayırdım. İşlədikcə
sanki yavaş-yavaş vərəqlər təmizlənir,
rəng açılırdı. Rənglər
açıldıqca mən də yüngülləşirdim.
- "Rəngli
yuxular"ınız rəssam
təxəyyülünüzdür? Bu tip əsərlərinizdə
həmin yuxuların sirrini açmağa
çalışırsınız, yoxsa yuxunu həkk
eləməyə?
- Çox vaxt elə olur ki, yuxuda
nəsə görürsən. Səhər
tezdən onu gözünün qabağına
gətirəndə işləyə bilirsən. Mən yuxunu həkk eləmirəm. Ona görə adını rəngli yuxu qoymuşam
ki, orda eneryimin bir qırığı var. Gərək mən
Yer üzündə olmayam ki, ondan sonra onu hiss eləsinlər.
Onlar hərəsi bir
çərçivədə asılanda o eneryi mütləq
tamaşaçıya qayıdır. Çox
vaxt emalatxanaya gələn dostlarım bu
əsərlərə baxır, öz yuxusunu seçirdi.
Mən həmin əsərləri onlara
hədiyyə edirdim. Bir dəfə Azərpaşa
Nemətov emalatxanada olarkən əsərlərə baxıb
içərisindən birini seçərək "bu mənim
yuxumdur" - dedi. Həmin əsəri ona
bağışladım.
- Sizcə "Azərbaycan
rəssamlıq məktəbi" adlı anlayış
mövcuddurmu?
- Məncə, mövcuddur... Azərbaycanda çox böyük rəssamlar ordusu
var. Biz hamımız üslubda, xətdə,
görünüşdə, rəngdə
cürbəcürük. Ancaq Moskvada və
ya başqa xarici ölkələrdə başqa
rəssamların içərisində Azərbaycan
rəssamlarının işi dərhal seçilir. Azərbaycan rəssamlarının
əsərləri ruh etibarı ilə bir-birinə
oxşayır. Bizim incəsənət
düz yoldadır.
- Əvvəllər
dövlət sifarişi ilə əsərlər
çəkilirdi. Bu gün necə, belə sifarişlər
olurmu?
- Çox nadir halda olur. Qabaqlar Mədəniyyət Nazirliyinin sifarişi
ilə böyük sərgilər təşkil olunurdu. Bu silsilə sərgilər sosrealizm adı altında
keçirilirdi. Müqavilə
əsasında çəkiləcək əsərin 25 faiz
pulunu əvvəlcədən verirdilər. İşi
sərgiyə təhvil verəndən sonra əsər fonda daxil olurdu. Onda yenə
rəssama pul verilirdi. Həmin pulla
ailəni də dolandıra bilirdin, rəng də
alırdın. Bundan əlavə, bizə
rayonlardan peyzaylar, portretlər, kompozisiyalar sifariş
edirdilər. Həmin pulla da bir ay
müddətində necə yaşayacağın haqqında
fikirləşmirdin. İndi isə bu
gündən sabahı görmürsən.
- Söz düşmüşkən,
rəssamların bugünkü güzəranını
necə xarakterizə edərdiniz? Əgər bir
rəssam əsərlərini sata bilmirsə, necə
yaşamalıdır?
- Sata bilmirsə, emalatxanada oturub
işləyir və hansı yolla çörəkpulu
qazanacağını fikirləşir. Ya kitab
hazırlayır, ya kompyuter sifarişləri ilə
məşğul olur. Məni xilas edən
xəritələr oldu. Sağ olsun "Statoyl"
şirkətini! Onlar xəritələrin
qonorarını verirdilər. İnanmıram
ki, məndən başqa bu xəritələrlə
məşğul olan ikinci bir rəssam olsun. Əvvəla, gərək gördüyün işi
sevəsən və bu işə səbrin olmalıdır.
İki-üç ay müddətində
binaların fotosunu çəkir, 7 ay kompyuter işi gedirdi.
Bəzən bütün günü işləyirdik, sonra
işıq qəfildən sönəndə,
gördüyün iş hədər gedirdi. Bu,
işin ən çətin məqamları idi.
Bu gün Bakıda işlərini satan rəssamlar var. Onlar hansı yollasa bunun
çarəsini tapıblar. Mən yağlı
boya ilə çəkdiyim əsərlərimi satmıram.
Emalatxanamda yığılıb qalıb. Yəqin ki, nə vaxtsa bəxtlərinə gün
doğacaq.
Teatr
- Siz həmçinin teatr
rəssamı kimi çalışmaqla bir neçə
tamaşanın quruluşçu rəssamı olmusunuz. Yenə də teatrda
çalışırsınızmı?
- 1996-cı ildə reyissor Mərahim
Fərzəlibəyov məni "Azdrama"ya dəvət
etdi. Onda teatr təmirdən sonra təzə
fəaliyyətə başlayırdı. Teatrda
İlyas Əfəndiyevin "Hökmdar və
qızı" əsəri səhnələşdirilirdi.
Tarixi mövzu məni həmişə
maraqlandırırdı. Rəssam kimi
teatrda ilk quruluş verdiyim tamaşa bu oldu. Ondan sonra
Bəxtiyar Vahabzadənin "Özümüzü
kəsən qılınc", "Dar ağacı", Nazim
Hikmətin "Kəllə" və s. tamaşaların
quruluşçu rəssamı oldum. Bəhram
Osmanovla 7-8 tamaşa hazırladım. Onunla
işləmək mənə çox xoş gəlirdi. 1998-ci ildə rəhmətlik Hacıbaba
Bağırov Musiqili Komediya Teatrının
açılışı ilə əlaqədər məni
"Məşədi İbad" operettasına
quruluşçu rəssam kimi dəvət etdi. Bu işə çox ürəklə razılıq
verdim. O, həmçinin məni teatra baş rəssam
vəzifəsinə dəvət etdi. O vaxta qədər
mən qapalı emalatxanada işləyirdim və sanki
kollektivlə çalışmağa qorxurdum. Bir-iki
gün fikirləşəndən sonra razılıq verdim.
Ötən ilə qədər Musiqili Komediya
Teatrının baş rəssamı vəzifəsində
çalışmışam. Teatrda işləmək
mənə xoş olsa da, bu iş məndə bir qədər
durğunluq yaratdı, yağlı boya sənətindən
uzaqlaşdırdı. Buna görə istədiyim şeyə
nail ola bilmirdim, teatr çox vaxt
aparırdı. İndi də vaxt az
olduğundan həftədə iki dəfə emalatxanada
xırda həcmli işlər çəkirəm. Vaxt olacaq, demirəm ki, hamısından
küsəcəyəm, ancaq özüm üçün
elə şərait quracağam ki, emalatxanada qapalı
qalacağam. Mən o vaxtı
gözləyirəm.
- Teatr rəssamlığının
adi rəssamlıqdan fərqi nədir?
- Emalatxanada təkbətək,
özün-özünlə işləyəndə hansı
nöqsan və yaxşı cəhət varsa, ancaq sənə
aiddir. Ancaq teatr kollektiv sənətdir. Mən eskiz hazırlamazdan əvvəl reyissorla
söhbət edirəm. Reyissorun təqdim
etdiyi ssenari, onun fikirləri əsasında işə
yanaşırsan. Bəzən olur ki,
həmin fikirlərdən təsirlənib öz fikirlərini
də ona calayıb məsləhətləşirsən.
Bəzən də reyissor sənə inanır,
ssenarini verib deyir ki, fikirləş, gəl bir yerdə
işləyək. Reyissorla
işləyirsənsə, hesab elə ki, onun qulusan. Ancaq
hiss edəndə ki, o, düz fikirləşmir, mütləq
ona təkan verməlisən. Əgər o,
doğrudan da ağıllı reyissordursa, fikrini qəbul
edəcək. Ona görə tandem
olmalıdır. Biz bir həyat
yaşayırıqsa, aktyorlar ömrü boyu
yüzlərlə həyat yaşayırlar. Çox vaxt teatrda olan intriqalar onların qanına
keçir. Ona görə həyatda da
bəzən qəlbə dəyən söhbətlər olur.
Mən bunlardan kənarda qalmağa
çalışırdım. Çünki
pis aura gələndə təkcə insan qocalmır, həm
də onda içəridən boşluq yaranır. Bu baxımdan rəssam üçün kənarda
qalmağı bacarmaq çox yaxşıdır.
- Bəs kino üçün
eskizlər hazırlamaq sizə maraqlı deyil?
- Reyissor Mehriban
Ələkbərzadə Azərbaycan xanlıqları
haqqında silsilə film çəkirdi. O məni həmin filmə
geyim üzrə rəssam dəvət elədi. Daha
sonra onun Mircəfər Bağırov haqqında
çəkdiyi "Qanlı terror" filminə
quruluşçu rəssam kimi dəvət aldım. İlyas Əfəndiyevin "Hökmdar və
qızı" əsəri əsasında
"Hökmdarın taleyi" filmində də geyim
üzrə rəssam kimi çalışmışam. Həmin film hələ ekranlara çıxmayıb.
O filmdə ay yarım ərzində yüzə qədər
geyim eskizi hazırladım. Maraqlı film
alınıb.
İçərişəhər...
- Yəqin ki,
İçərişəhər qoruğuna sizi
təsadüfən dəvət etməyiblər.
- Hazırladığım
şəkillərə, xəritələrə
İçərişəhər Qoruq İdarəsində
şəhadətnamə alırdım. Sonra
idarənin direktoru Kamran İmanov saytda rəsmlərimi
işlətmək üçün icazə istədi. Sonra o məni idarədə işləməyə
dəvət elədi. Can-başla razı
oldum. Mən bir az teatrdan
yorulmuşdum. Amma tamam ayrılmaq da
istəmirdim. Nə qədər olsa, teatr
xəstəlikdir, mütləq ora qayıtmaq istəyirsən.
Bura isə ona görə maraqlı idi ki,
mənim mövzum idi. İçərişəhərin
xəritəsini böyütdük və "Buxara"
karvansarasının divarına vurduq. Fikir
verib görürəm ki, Türkiyədən gələn
qonaqlar birinci həmin xəritəyə yaxınlaşıb
hansı binanın harda yerləşdiyinə baxırlar.
İçərişəhərin
girişlərində böyük panolar
hazırlamışıq. İçərişəhərdə
böyük tikinti işləri saxlanılıb, ancaq bir
sıra bərpa işləri görülür. Öz işlərimizdə qədimliyi saxlamağa
çalışırıq. "Hacıbanu"
hamamını İçərişəhərin tarix muzeyi
etmək istəyirik. Orda da bərpa
işləri gedir.
- Bir rəssam gözü ilə
İçərişəhər əvvəlki illərdən
fərqli olaraq bu gün sizə necə görünür?
-
İçərişəhər çox şeyi itirib. İlk
növbədə burada ofislər, səfirliklər olmamalı
idi. Bunlara görə
İçərişəhərdə çoxlu maşın
hərəkət edir. Bu isə çox
mənfi haldır. Bir vaxt bura Moskvadan
memarlar qrupu gəlmişdi. Onlar çox maraqlı
layihələr hazırlamışdılar: əsas
binaları saxlamaqla köhnə binalarda azca bərpa işi
ilə İçərişəhər çox
qəşəng görkəmə düşə bilərdi.
Onların təklifi ilə bura rəssamların, musiqiçilərin,
sənətkarların şəhəri olmalı və daxil
olan adam zövq almalı idi. Ancaq bu olmadı. İçərişəhər
təkcə muzey deyil, həm də yaşayış yeridir.
Burda insanlar üçün də yaxşı
şərait yaradılmalıdır.
Qəlb ki, cavandır...
- Bəzən aktyorlar "oynaya
bilmədiyim rolları oynasaydım, böyük aktyor
olardım" deyirlər. Bəs rəssam
necə deyir?
- Bu, boş sözdür. İlahidən nə verilibsə, onu edirsən.
Sənətdə pilləkən var və bura
qədəm qoyan hər bir adamın bu pilləkəndə
yeri var. Sən bu pilləkəndə bir pillə yuxarı
qalxmağa çalışırsan. Eləsi
var ki, aşağıda dayanıb. Ancaq
"mümkün olsaydı, yuxarıda olardım" - deyir.
Bunu fikirləşmək lazım deyil. Bacarırsansa, özün yuxarı qalxmalısan.
Ancaq bu, sənət adamını saxlaya
bilər.
- Necə
bilirsiniz, dahi rəssam olmaq üçün mütləq Mona
Lizanın təbəssümünü yaratmaq lazımdır?
-
Çətin sualdır... Cekson Polok rəngləri
kətanın üzərinə tökürdü, ya da model
rənglə rəngləyib kətanın üzərinə
buraxırdı. Bununla böyük bir əsər
yaradırdı. Hər epoxanın sənətə bir
baxışı var. Sənət inkişaf edir, ona görə
də hansının daha yaxşı olmasını
söyləmək çətindir. Hər əsrdə
minlərlə rəssam olub. Onların heç biri
bir-birinə oxşamırdı. Ən vacibi odur ki, sən bu
sənəti sevəsən və içəridə təmiz
olasan.
- Bəzən
deyirlər ki, rəssamlar avtoportret çəkəndə
mənən ölür.
- Bu fikir
düz deyil. Tarixdə ən böyük avtoportret
çəkən Rembrant olub. Van Qoqun da çox yaxşı
avtoportretləri olub. Mən 7-8 avtoportret
çəkmişəm. Həmin əsərlər çox
vaxt həyatımın çətin anlarında
çəkilib. Çətin anlarda öz daxilinə
qayıdırsan. Portreti işləyəndə
özünə baxırsan, ancaq oxşarlıq axtarmırsan.
-
Növbəti sərginiz 60 yaşınıza
töhfənizdir?
- Mən
axır vaxtlar güzgüyə baxmıram. Digər
tərəfdən, insan öz içərisində
yaşı hiss eləmir. Qəlb ki, cavandır, o yaşı
hiss eləmirəm. Son vaxtlar ki, cavanlarla işləyirəm,
özümü onlardan yaşlı saymıram. Baxmayaraq ki,
onlardan 33 yaş böyüyəm. Amma bəzi cavanlara
baxıb görürəm ki, onlar yaşca cavan olsalar da,
içləri qoca
dır. Gərək ilk
növbədə insanda yorğunluq olmasın. Bir də
həyata baxışda həvəs olmalıdır.
Kaspi.- 2008.- 23-25 fevral.- S. 22-23.