Məhərrəmova T.
Xalqımıza aid olan ənənəvi
sənətşünaslıq çox üzə
çıxmayıb
Zaur Orucov:
Özümə çatmayan əlimi başqasına necə
çatdıra bilərəm
O, ölkəmizdə ebru
sənəti ilə məşğul olan yeganə adamdır. Türkiyədə Mimar Sinan Universitetinin türk
əl sənətləri fakültəsinin ənənəvi
sənətşünaslıq bölməsində təhsil
alıb. Əsasən klassik əsərlərin üz
qabığının bərpası, məscidlərin
bəzək işləri, naxışları ilə
məşğuldur. Milli Elmlər Akademiyasının
Əlyazmalar İnstitutunun əməkdaşı olan bu
gənc Şərqin böyük mütəfəkkiri İbn
Sinanın "Qanun", Nizami Gəncəvinin
"Xəmsə" əsərlərinin, həmçinin
Xəqaninin, Füzulinin əsərlərinin cildlərini
öz dövrlərinə xas klassik üslubda, yəni
12-13-cü əsr üslubunda hazırlayıb.
Zaur Orucov "Kaspi"nin qonağı
olarkən söhbətinə ebru sənətinin tarixindən
başladı:
- Tarixi məlumatlara görə, XII
əsrdə Çində, Yaponiyada ebru sənətinə
bənzər işlər görülüb. Daha sonra bu
sənət Çağatay türklərində inkişaf
edib. Onlar bu sənətlə əbrə adı ilə
məşğul olublar. Digər tarixi məlumatlarda
görünür ki, XÜI əsrdə ebru sənəti
İpək Yolu vasitəsi ilə Azərbaycana gəlib.
Düzdür, tarixi mənbələrdə çox vaxt bu
sənətin yarandığı yer İran göstərilir.
Fars dilində əbru həm suyun üzü, həm də onun
naxışları qaşa oxşadığından qaş
mənasını verir. Çağatay türkcəsində
isə bulud topalarına oxşadığı
üçün "bulud topaları" mənasını
verir. Ebru sənəti tamamilə təbii materiallar
əsasında həyata keçirilir. Bu əməliyyat
qatılaşdırılmış su üzərində
aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində
əzilir. Bu
proses hardasa 4-5 saat davam edir. Daha sonra
içinə inək ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun
üzərində qalmasını saxlayır. Həmçinin boyalar göy qurşağı kimi
bir-birinə qarışmır və onun yapışqanlıq
xüsusiyyətini təmin edir. Qatılaşdırılmış
su gəvən ağacı adlanan təbii tikan otunun
köməyi ilə alınır. Bu, daha
çox Naxçıvanda, İsmayıllıda yetişir.
Gəvən otunun gövdəsindən kraxmala
oxşayan maddə çıxır ki, bu da suyu
qatılaşdırır və nəticədə boyalar suyun
üzərində dağılmır. Boyaları
qatılaşdırılmış suyun üzərinə
özü at quyruğundan, gövdəsi isə gül
ağacından hazırlanan fırça vasitəsilə
düzürük. Bu fırçalar
əllə düzəldilir. Əvvəlcə
suyun üzərinə kiçik damcılar tökülür.
Fırçanın bu şəkildə
hazırlanmasının səbəbi odur ki, su
üzərindəki ebrunun naxışlarını idarə
edə bilək. Bunun da növləri var.
Yəni boyanı olduğu kimi suyun üzərinə
töküb heç bir müdaxilə etmək olmur. Bu üsulu ilk dəfə işləyən
sənətkarın adı ilə əlaqədar olaraq ona
Battal adı verilib. Bunun da səbəbi yenə tarixi
keçmişlə əlaqədardır: XVI əsrdə
Şah İsmayılla Yavuz Sultan Səlim arasındakı
müharibə nəticəsində Azərbaycan
sənətkarlarının çoxunun İstanbula
köçü yaranıb. Nəticədə
ebru sənəti Azərbaycandan türklərin əlinə
keçib. Hərb müdaxiləsindən
sonra ebru sənətində də müəyyən üslub
dəyişiklikləri baş verib. O vaxt bu
sənətdən daha çox qədim
əsərlərdə istifadə olunurdu. Daha
doğrusu, o dövrdə qədim yox, müasir hesab olunurdu.
Əsasən Quranın üz qabığına
yapışıqlı forzas səhifələrində,
xətt yazılarının fonunda, divarda asılan
uluların, peyğəmbərlərin sözlərinin
yazılışında istifadə olunurdu. Həmçinin bu sənətdən Quran
səhifələrinin yan tərəfinin fonunda da istifadə
olunurdu. Ebru sənətindən bu gün
də həmin məqsədlə istifadə edilir.
- Bu gün yenə də
ebru sənəti yalnız klassik əsərlərin
hazırlanmasında istifadə olunur?
- Hal-hazırda bu
sənətin növünü artırıblar. Ebru sənətini taxta, keramika, parça
üstündə çəkmək olur. Əlbəttə
ki, müasir dövrə uyğun olaraq boyalar dəyişir.
Parça üzərində ebrunun boyaları
tekstil boyaları olmalıdır. Çünki
yuyanda digər boyaların rəngini dəyişmək
ehtimalı yüksəkdir. Ancaq görülən iş
eynidir. Təkcə fərqli olan boyanın
tərkibidir. Ebrunun özünəxas
xüsusiyyəti birinin digərinə
bənzəməməsidir. Hər
dəfə ayrı ebru rəsmi üzə çıxır.
Necə ki, Allah insanları yaradır və
heç kəs bir-birinə oxşamır, bu sənət
də Tanrının belə bir möcüzəsidir. Allahın qüdrəti burda özünü su
üzərində büruzə verir. İkinci
xüsusiyyəti isə odur ki, ebrunu hazırlayan insanın
əhval-ruhiyyəsini, ruhunu kağız üzərində
görmək olur. Çünki sudakı
elementlər insanın ruhundan təsirlənir.
- Bu sənətin
rəssamlığa nə qədər yaxınlığı
var?
- Rəssam nə
istəyirsə, onu fırça ilə çəkir. Burda rəssamın təxəyyülü rol
oynayır. O, beynindəki düşüncəsini
əks etdirir. Ebru sənətində isə
təxəyyül rol oynamır. Ona
görə də bu sənət rəssamlıqdan bir
qədər fərqlidir. Biz ana strukturu
pozmadan orda xırda şəkillər verə bilirik. Məsələn, təkcə gül şəklini
çəkməklə əllə bu qədər
müdaxilə edə bilərik. Xaricinə
isə müdaxilə edə bilmirik. Həssas
olduğuna görə ya boya çökər, ya da
qarışa bilər. Xəzərin
üzərində neftin əmələ gətirdiyi
naxışa və ya təbiətdəki ağaca nə
qədər müdaxilə edə bilərik? Bu da elədir.
- Ebru sənəti
Türkiyəyə köçənə qədər
bizdə hansı izləri qalıb?
- O dövrlə
bağlı sənəti əlyazmalardan görə bilirik.
Yazılı ədəbiyyat yoxdur ki, deyək, filan
mədrəsədə bu iş görülüb.
Azərbaycan cild sənətinə aid Məhəmməd
Təbrizinin əsərləri var. Onun əsərləri
Parisdə sərgilənib. Ebru
sənətində bizə ən yaxın mənbə XVI
əsrdir. Bunun da əsas səbəbi
Osmanlı imperiyasında sabit şəraitin mövcudluğu,
ölkə daxilində savaşların olmamasından
sənətin inkişaf etməyə başlamasıdır.
Çünki sənətkara rahat məkan, sabit
bir ölkə lazımdır. Məsələn,
Rəşidəttinin dövründə o, Qazan xanın
ölümündə təqsirkar sayıldığından
onun mədrəsəsi dağıdıldı. Mədrəsənin dağılması ilə
bərabər, ordan Azərbaycana gətirilən alimlər,
sənətkarlar hamısı ölkədən xaricə
çıxdı və nəticədə sənət itdi.
O dövrün ən qüdrətli dövləti Osmanlı
imperiyası olduğundan sənətkarlar da ora üz tuturdu. Məsələn, Azərbaycanın XVI əsr
sənətkarı Şahqulu Naqqaşi məcburən
İstanbula gedərək orada Təbriz məktəbini qurur.
Həmin məktəbdən də
türklərin saray baş naqqaşı yetişib. Ölkədə şəraitin olmaması
üzündən bu sənət Azərbaycandan köç
edib. Ancaq əlimizdə tutarlı bir
mənbə olmadığından o dövrdə
Rəşidəttinin mədrəsəsində hər
hansı əsərin Azərbaycan sənətkarının
əli ilə yaradıldığı barədə məlumat
verə bilmirik. Əlimizdə olan
kitabların forzasına baxaraq əsərin cildi nə vaxt
hazırlanıbsa, o dövrlə tarixini təxmin edirik. Sənətkarlar cild sənəti, naxışlarda
və ya xəttatlıqda imzalarını qoyublar. Ebru sənətində isə bu bir qədər
çətinləşir. Məsələn,
Battal ebrusunun hazırlanması üsuluna görə sahibi
dərhal müəyyənləşir. Mənim
müəllimim Hikmət Batiçcigil "barut"
deyilən yeni bir ebru kəşf edib və bu onun adı
ilə tarixə düşüb. Amma
ümumiyyətlə, bu sənətin harda, hansı emalatxanada
görüldüyü bilinmir. Bunun da bir səbəbi islam dininə görə insanlarda
təvazökarlığın olmasıdır. O dövrdə
sənətkarlar yazdıqları əsərlərdə
"Mən filankəsəm" - deyə imza qoymayıblar. Çünki islamda "mən" söhbəti
yoxdur. Onlar əsər meydana gətirib,
amma təvazökarlıqdan adlarını yazmayıblar.
Bu da həmin əsərlərin bu gün
tanınmasında problem yaradıb. Qaynaqlardan
bilirik ki, Osmanlı imperiyasında böyük
mədrəsələr fəaliyyət göstərib. Əsərlərin cildini, kağızını,
naxışını, yazısını ayrı-ayrı
adamlar düzəldib. Bunlar toplandıqdan
sonra kitab hazırlanıb. Ancaq həmin
kitab mədrəsənin adından çıxıb.
Burda usta, ustanın adı rol oynamayıb.
- Necə oldu ki, siz
hazırda ölkəmizdə o qədər də tanınmayan
bu sənət növü ilə məşğul olmağa
başladınız?
- Oxumaq üçün
Türkiyəyə getməmişdən əvvəl bu cür
işlərə marağım vardı. Türkiyədə
isə yaxından
- Türkiyədə təhsil alıb
qayıtdıqdan sonra bu sənəti necə və nə
qədər tanıtdıra bildiniz?
- Deyilənə görə,
ölkəmizdə bu sənətlə məşğul olan
yeganə adamam. Hətta postsovet məkanında belə ebru
ustası olmayıb. Cildçilər var, ancaq bir əsərin
cildini klassik üslubda hazırlayan, yəni bu işi
əllə görən ustası olmayıb. Çünki
təhsil görməyiblər. Mərhum Adil Qazıyevin
əsərlərində bu sənət haqqında məlumat
verilib. Bəlkə bunun tarixi məlumatını Qazıyev
məndən də gözəl bilib. Ancaq o, nəzəri
cəhətdən məlumatlandırıb. Praktiki cəhətdən
Azərbaycanda təhsil ocağı olmadığından bu
sənət üzrə sənətkar yetişməyib. Ola
bilər ki, kimsə ata-babasından öyrənərək
cildçiliklə məşğul olur. Ancaq o, elmi
səviyyədə bu işi öyrənə bilməyib.
Mən magistraturanı Əlyazmalar İnstitutundakı
cildlər üzrə tamamlamışam. Tarixin
səhifələrində qalan əsərlərimizi
üzə çıxarmağı özümə borc bildim.
Bu mənada hərəkət etməyə çalışıram.
- Bakıya qayıdandan sonra
özünüzə asanmı iş tapdınız?
- Əslində, döymədiyim qapı
qalmadı. İncəsənət İnstitutuna gedəndə
bildirdilər ki, bunun üçün proqram olmalı,
təsdiqlənməlidir. Hər yerdən boynubükük
qayıtdım. Bir vaxt İçərişəhərin
turist yerlərinə gedib əsərlərimi təqdim
elədim. Burda ya işin mahiyyətini qavramırlar, ya da buna
pul verən yoxdur. Müasir texnologiya əl əməyinin
əvəzini verə bilmir. Əl əməyinin qiyməti
ayrıdır. Bunun qiymətini verə biləcək elə
bir auditoriya Azərbaycanda yoxdur. Bir rəssamın əl
işinə qiymət verilir.
Xalçaçılığı, miniatürü qabağa
veriblər. Ancaq xalqımıza aid olan ənənəvi
sənətşünaslıq çox üzə
çıxmayıb.
Əlyazmalar
İnstitutunda İbn Sinanın cildini tamamladım. Bununla
da məni işə qəbul etdilər.
Dediklərinə görə, onlar 15 il idi
ki, "klassik əsərlərin cildini düzəldən
mütəxəssisimiz yoxdur" - deyə əlaqədar
orqanlara müraciət edirmişlər. Daha sonra
Nizaminin "Xəmsə"sini, Füzulinin, Xaqaninin
əsərlərini tam klassik üslubda hazırladım.
Bu əsərlərin üz
qabığını keçi dərisindən, qızıl
naxışlar basma üsulu ilə hazırlamışam.
- Siz ancaq sifarişlə
iş görürsünüz? Tutaq ki, qazanc
mənbəyi üçün özünüz
əsərlər hazırlamaq istərkən vəsait, material
tapmağa çətinlik çəkirsiniz?
- Kimin dədə-babadan
qalan bir kitabı varsa, tapıb gətirir, mən də
düzəldirəm. Əksər
məscidlərin naxışları, yazılarını
sifariş əsasında yerinə yetirirəm.
Dövlətdən aldığımız maaş
isə bildiyiniz kimi, o qədər yüksək deyil. Bakıda kirayədə yaşamağın
çətinliyini hamı bilir. Bu
mənada Bakıda da yaşaya bilmirəm. Aldığımız
əməkhaqqı ehtiyaclarımızı ödəmir.
Ona görə də ailəmi saxlamaq
üçün əlavə işlərə qaçır,
sifariş olan kimi gedirəm.
- Azərbaycanda öz
məktəbinizi yaratmaq fikriniz varmı?
- Dövlətimiz bu
sahəyə qayğı, diqqət göstərsə, mən
əlimdən gələni etməyə hazıram ki, bu
sənət üzə çıxsın. Bu
gün Qarabağ, Şamaxı, Quba xalçaları Ukrayna
muzeyində asılıb. Arzu edərdim ki,
əsərlərimiz orada İran, fars
adı ilə deyil, Azərbaycanın adı ilə
tanınsın. Biz gərək şifahi olaraq
yox, elmi cəhətdən sübuta yetirək. Araşdırmalardan gördüm ki, XVI əsrdə
Azərbaycan Təbriz məktəbinin yaradıcısı
Məhəmməd Təbrizidir. Ancaq tarixi
araşdırmalarda məkan kimi İran dövləti
göstərilir. Məhəmməd
Təbrizi azərbaycanlıdır. Bu,
üzə çıxarılmalıdır. Ancaq mən bunu tək bacarmaram. Buna
maliyyə vəsaiti, dövlətin dəstəyi və vaxt
lazımdır. Mənim
bacardığım o idi ki, dissertasiyamda yazdım. Ancaq indi görürsünüz ki, ailəmi
dolandırmaq üçün xaricə qaçıram. Özümə çatmayan əlimi başqasına
necə çatdıra bilərəm. Mən
araşdırıb gördüm ki, cildçilik,
xalçaçılıq mənim ölkəmdən
Türkiyəyə keçib. Axı
mən niyə deməməliyəm ki, bu bizim
istehsalımızdır.
- Türklər
özləri necə, bu sənətin onların əlinə
Azərbaycandan keçdiyini etiraf edirlərmi?
- Çağatay
türkcəsində ebru adı ilə ortaya çıxan bu
sənətin tarixi inkişafı haqqında dəqiq,
yazılı məlumat yoxdur. Düzdür,
türklərin içərisində bu sənətin başqa
ölkədən gəldiyini etiraf edənlər də var.
Amma deyirlər ki, İrandan gəlib. Axı
o dövrün Təbriz məktəbi Azərbaycanın
adı ilə bağlı olub. Mənbələrdə
isə bu, İran kimi göstərilir.
- Siz Təbriz məktəbi
ilə yerində
- Ən
böyük qüsurum odur ki, mən oralarda olmamışam. Bu da
maddi problemlərlə bağlıdır. Mən
ailəmi qoyub təhsilimi davam etdirmək üçün
magistraturada oxumağa getdim. Ancaq bundan
artıq heç nə edə bilmirəm, gücüm
çatmır. O dövrün yazılı
ədəbiyyatı ilə yaxından
- Bəs
Türkiyədə bu sənətin inkişaf səviyyəsi
necədir?
- Ən
yüksək səviyyədə inkişaf gedir. Ebru sənəti
universitetlərdə ali
səviyyədə tədris olunur. Tələbələrə
klassik üslubda hər şey öyrədilir. Bu sənət təxminən 5 universitetdə
tədris olunur. Bundan əlavə, hər
şəhər bələdiyyəsinin nəzdində
qadınlar üçün kurslar fəaliyyət göstərir.
Onlara xəttatlıq, tikiş, naxışlarla
bağlı kurslarda dərslər keçirilir. Hər il İstanbul bələdiyyəsində
keçirilən mərasimdə 2500 tələbə
iştirak edir. Sənətin
ölməməsindən ötrü buna milyardlarla pul
xərclənir. Ümid edirəm ki,
gələcəkdə bu işə bizdə də
qayğı olacaq. Gəncliyə
Yardım Fondu keçən il kurs təşkil etməkdən
ötrü şərait yaratdı. Onların köməyi
ilə mən bildiyimi göstərə bildim. Yoxsa təkcə
mənim gücüm çatmırdı. Bu kurslar
əsasən qadınlar üçün təşkil olundu.
Həmin kurslar özünütəkmilləşdirmək baxımından
həm mənə köməkdir, həm də bildiklərimi
öyrədirəm. İstəyirəm ki, məndən sonra
bu sənət itməsin. Bu sənət bizə qədər
gəlib. Mən də öyrətməli və fəxr
etməliyəm ki, yüzlərlə, minlərlə
tələbəm var. Bu da mənim ölkəmə
xidmətimdir.
- Sənətinizi daha yaxşı
göstərmək üçün xaricdə,
məsələn, elə Türkiyədə
işləmək üçün dəvət
almısınızmı?
- Almışam... Mən Bakıya
gəlməklə Türkiyə ilə əlaqəni
kəsdim. Məzun olanda məni Çanakqala Universitetində
cildçilik üzrə açılan şöbəyə
müəllim işləməyə dəvət etdilər.
Yaxşı da əməkhaqqı verirdilər. Ancaq mən
vətənimə qayıdıb bu sənəti
xalqımıza tanıtmaq istədim.
- Bəlkə ebru sənətini üzə
çıxarmaq üçün sponsor və ya
xeyriyyəçi axtarasınız?
- Kiməsə "Gəlin mənə
kömək edin" deməyi özümə
sığışdırmıram. Gəncliyə Yardım
Fondu ebru sənətinin dəyərini bildiyi üçün
mənə maddi olaraq dəstək verdi. Amma qapı-qapı
düşüb yardım istəmək mənə xoş
deyil.
- Bəs
çalışdığınız Əlyazmalar
İnstitutunda sənətinizi olduğu kimi
göstərmək üçün şərait varmı?
- İnstitutun direktoru Məmməd Adilov bununla
bağlı çox iş gördü. Türkiyəyə
gedib iş prosesi ilə tanış olduq. İnşallah,
yaxşı bir laboratoriya yaratmaq fikrimiz var. Bəzən olur
kimsə kömək göstərir, boyalar, xüsusi
yapışqan gətirilir. Kağızla da gücümüz
çatdığı qədər təmin edirik.
Pis-yaxşı bu iş davam edir. Amma təbii ki, arzuolunan
səviyyədə deyil. Arzu edərdim ki, böyük,
müasir texnologiya ilə təchiz olunan bir laboratoriyamız
olsun! Biz belə bir laboratoriyanı Türkiyədə
gördük. Mən laboratoriyanın hazırlanması ilə
bağlı layihəni hazırladım. Səhv
eləmirəmsə, Türkiyə hökuməti də bu
işdə bizə köməklik göstərəcək.
İnşallah, nəticəsini gözləyirik.
- Ola bilməzmi, siz də
əsərlərinizi hazırlayıb rəssamlar kimi sərgi
təşkil edəsiniz. Bu həm işin tanınmasına
kömək edər, həm də müəyyən qazanc
əldə edə bilərsiniz.
- Bu da maddi vəsaitlə bağlıdır.
Sərgi təşkil etmək üçün
əsərlər hazırlamaq lazımdır. Bunun
üçünsə sakit psixologiya, şərait lazımdır.
Sənət sənətkarın ruhunun kağız və ya
tablo üzərindəki əksidir. O, bu əksi ani olaraq yarada
bilməz. Bir şair də ani olaraq şeir yaza bilməz.
Gərək ilham verəcək şeylər olsun. Psixologiya
sakit olmalıdır ki, əl daha rahat işləsin. Mən
çox böyük ümidlərlə vətənimə
gəldim. Ölkəmə xidmət etmək, faydalı olmaq
üçün gəldim. Az-çox faydalı olmuşam.
İbn Sinanın əsərini düzəltdim. Bu əsər
YUNİSEF-in siyahısına düşdü. Nizaminin,
Füzulinin əsərlərini hazırlamaq mənim
üçün böyük bir fəxrdir.
Kaspi.- 2008.- 9-11 fevral.- S. 22-23.