Məhəbbətoğlu Q.
Sözsüz
əsərləri ilə Azərbaycanı dünyaya
tanıdan rəssam
Bu günlərdə
İtaliyanın Moristika
şəhərində dünyanın bir çox
ölkəsindən yüzlərlə karikaturaçı
rəssamın qatıldığı Beynəlxalq Karikatur
Müsabiqəsində
həmyerlimiz Seyran Cəfərlinin əsəri xüsusi mükafata layiq görülüb.
Bu barədə qəzetimizə S.Cəfərli məlumat
verib. Onun sözlərinə görə, bu onun 2008-ci ildə
beynəlxalq yarışlarda əldə etdiyi üçüncü
yüksək nəticədir. Belə ki, Seyran Cəfərlinin
əsərləri 2008-ci ildə Çində keçiriləcək
XXIX Yay Olimpiya oyunlarına həsr olunmuş VI Beynəlxalq
Karikatur (Şanxay şəhərində)
Müsabiqəsində xüsusi mükafata, I Beynəlxalq
Qrafika və Yumor Festivalında (Argentina) isə 2 və
3-cü (birinci və ikinci bölmələr üzrə)
yerlərə layiq görülüb. (Yeri gəlmişkən,
qeyd edək ki, Çində keçirilən yarışmada Azərbaycan
Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram
Hacızadənin də əsərinə xüsusi mükafat
təqdim olunub).
Qazandığı son
uğurları bu ilin aprel ayında ölkəmizdə ilk
dəfə düzənlənəcək "Molla
Nəsrəddin" Azərbaycan-2008 Beynəlxalq Karikatur
Müsabiqəsinə töhfə kimi
dəyərləndirən Seyran Cəfərlinin
sözlərinə görə, son yeddi ildə o, beynəlxalq
karikatur yarışmalarında 51 mükafat əldə edib.
Azərbaycan karikatur sənətini layiqincə təmsil
etməsindən qürur duyduğunu dilə gətirən
həmsöhbətimiz hər bir uğurunu, hər bir
nailiyyətini Azərbaycan mədəniyyətinin uğuru kimi
dəyərləndirdi. Bildirdi ki, sözsüz, başqa
sözlə desək, heç bir şərhə ehtiyacı
olmayan əsərlər beynəlxalq karikatur
yarışmalarının əsas tələbidir: "Bu
mənada Azərbaycanı dünyaya "sözsüz"
tanıtmaq, görünür, mənim qismətimə
düşüb".
Ölkəmizdə
hələ fərdi sərgi təşkil etməyə
tələsmədiyini qeyd edən Seyran Cəfərli bir
neçə beynəlxalq müsabiqəyə də
əsərlərini təqdim etdiyini vurğulamaqla
yanaşı, hazırda rəsmlərindən ibarət kitab
üzərində işlədiyini söylədi. Dediyinə
görə, bu il nəşri nəzərdə tutulan kitaba
əsasən beynəlxalq yarışlara qatılan 70-dən
çox əsərini daxil etmək niyyətindədir. Kitabda
eyni zamanda tanınmış karikaturçu rəssamlar
Marçen Bondarevski (Polşa), Rəhim Baqqal Əsgər
(İran), Firuz Kutal (Norveç), Hüseyin Çaxmaq (QKTC)
və digərlərinin Seyran Cəfərli barədə
söylədikləri fikirlər də yer alacaq.
Zaman.- 2008.- 14-15 fevral.- S. 13.