Məhərrəmova T.
Söz verirlər,
ancaq əl tutan yoxdur
Cəmiyyətin laqeydliyindən
gileyli olan şair Qərib Aşkari
ilk kitabını
torpağını satmaq
bahasına nəşr
etdirib
Yaşadığı mənzilə şəxsi təşəbbüsü
ilə "Milli Yaradıcılıq Muzeyi"
statusu verilib. Burada yaratdığı "Xocalı qalası"
monumental əsəri Xocalı
şəhidlərinin ruhuna
ehtiramının ifadəsidir.
O, həm də respublikamızın rayonlarında
75 mozaik panonun müəllifidir. Bu panolardan 14-ü "Heydər
qala"larıdır.
Muzeyin yaradıcısı Qərib
Aşkari redaksiyamızda
qonaq olarkən bu xeyriyyəçilik işini daha da genişləndirmək fikrində olduğunu bildirdi.
- Valideynlərim
1946-cı ildə Cənubi
Azərbaycandan deportasiya
edilib. Atam Baloğlan Salman
oğlu Seyid Cəfər Pişəvərinin
rəhbəri olduğu
İran Xalq Partiyasının fəallarından
idi. O, bütün
həyatını xalq
işinə həsr etmişdi. Atam daşyonan sənəti
ilə məşğul
olurdu. O, 1948-ci ildən
1988-ci ilə qədər respublikanın
şimal regionunda yüzlərlə yaşayış
evi, dövlət idarəsi inşa edib. Atam sözlü-söhbətli, sinədəftər, zəhmətkeş,
vətən həsrəti
lə çırpınan
bir fədai idi.
Atamgil Azərbaycana
gələndən sonra
mən doğulmuşam. Quba rayonunun
12 saylı meyvəçilik
sovxozunda, indiki Zərdabi kəndində anadan olmuşam. Rayonumuzda yerləşən internat məktəbini bitirdikdən
sonra 1967-ci ildə Pedaqoyi İnstitutun filologiya fakültəsinə
qəbul olundum. İnstitutu bitirdikdən sonra təyinatla Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinə dil-ədəbiyyat
müəllimi təyin
olundum. Hal-hazırda da orada işləyirəm.
- Necə oldu ki, yaşadığınız
mənzili muzeyə çevirmək qərarına
gəldiniz?
- 1988-ci ildə
xalqımızın başına
gələn faciələr
bir vətəndaş
kimi mənə çox təsir etdi. Qarabağ torpağında yüzlərlə
kitabxanalarımız, tarixi
əbidələrimiz, muzeylərimiz
tar-mar olduğu bir zamanda mənə elə gəldi ki, hər bir
azərbaycanlı öz
məmləkətində belə
muzeylərə dəstək
olan muzeyşünaslığı
inkişaf etdirməlidir.
Ona görə də Xocalı faciəsinin xatırlanması
üçün bir muzeyin yaranmasının məsuliyyətini hiss etdim.
Burada yaratdığım "Xocalı
qalası" monumental əsərim
Xocalı şəhidlərinin
pak ruhuna ehtiramımın ifadəsidir.
İllərlə qapılar döyərək
nəhayət, Nazirlər
Kabinetini və Mədəniyyət Nazirliyini
inandırdım ki, bu, artıq muzeydir. 1992-ci ildə şəxsi təşəbbüsümlə həmin mənzilə Nazirlər Kabinetinin fərmanı ilə "Milli Yaradıcılıq Muzeyi" statusu verilib. O vaxtdan da fəaliyyətimizi davam etdiririk. Muzeyin yaranmasında əsas məqsəd Şimal regionunda xalqımıza bir növ təskinlik
ocağı yaratmaq və hamını ora cəlb etmək
idi. Muzeyə ətraf rayonların,
kəndlərin məktəbliləri
gəlir, müxtəlif
mərasimlərdə iştirak
edirlər. Şəhidlərin xatirəsinin muzeydə əbədiləşdirildiyini eşidən
valideyinləri, qohum-əqrabaları
da buranı ziyarətə gəlirlər.
Muzeydə keçirilən mərasimlər qan yaddaşımızı bərpa
etməyə xidmət
edir. Biz öz işimizlə buna çalışırıq.
- "Milli Yaradıcılıq
Muzeyi"inin əsas eksponatları nədən
ibarətdir?
- Əski
eksponatlar tarixi şəxsiyyətlərimizin mozaik
panolarıdır. Babək,
Cavanşir, Koroğlu
kimi xalq qəhrəmanlarından tutmuş,
Qarabağ torpağında
şəhid olan cavanlarımızın portretlərini
divarboyu əks etdirmişik. Bu panoların
müəllifi də özüməm. Ən böyük
işim Xocalı qalasını tamamlamaq və bu qala
ətrafında bütün
Xocalı şəhidlərinin
mozaik panolarını
yerləşdirməkdir. Muzeyi genişləndirib filiallarını
ətraf rayonlarda da yaratmışıq.
90-cı il hadisələri zamanı mən beşillik müddətə müəllimlikdən
imtina edib Azərbaycanın 12 rayonunda
75 mozaik pano hazırladım. O, abidələr
indi də həmin rayonlarda qorunur. Bu abidələrdən
14-ü ümummilli liderimiz
Heydər Əliyevin şərəfinə inşa
edilən "Heydər
qala" kompleksidir.
Bu, mənim içimdən
gələn arzu idi. Əvvəl Azərbaycanın hər bir rayonunda
bu abidəni qoymaq istəyirdim. Ancaq ömür imkan vermir, yaş keçir.
- Bəs məqsədinizi həyata keçirmək üçün bu qədər vəsaiti haradan tapırsınız?
Kömək edən olurmu?
- Kimdir adama vəsait verən? Hamısını öz hesabıma
həyata keçirirəm.
Biri adama "dəli", biri "qanmaz" deyir. Düzdür, bu o qədər
də bahalı vəsait deyil. Dağ daşlarını, çay
daşlarını, sınıq
çaşı qablarını
axtarıb tapıram, butulka şüşələrini
doğrayıram. Smaltanı, mozaika
işlərində işlədilən
rəng, süni daşlar və şüşələri isə
Bədii Fonddan alıram. Sovet dövründə bizə "İnsan üzərində gəzdiyi
torpağa layiq olmalıdır" sözlərini
öyrədirdilər. Mən də öz yaradıcılığımda müəllimlərimin, valideynlərimin
öyüd-nəsihətlərinə layiq olmağa çalışmışam. Ancaq buna nə
qədər nail olduğumu
deyə bilmərəm.
Mənə elə gəlir
ki, hələ heç nə etməmişəm. Böyük işlər
hələ irəlidədir.
Mədəniyyət və Turizm
Nazirliyi 2008-2010-cu illərin
inkişaf perspektivlərini
nəzərə alıb
muzeyin turizm marşrutlarına daxil edilməsini planlaşdırıb.
Muzeyin nəzdində zərgərlik
sexi yaratmağı, xalçaçılığı inkişaf etdirməyi, mozaika ustaları yetişdirməyi nəzərdə
tutmuşam. Vaxtilə muzeydə
xalq yaradıcılığı
məktəbi yaratmışdım.
100-ə yaxın şagirdin
təhsil aldığı
bu məktəb cəmi bir il fəaliyyət göstərdi. Orda şagirdlərə dulusçuluq, mozaika, xalçaçılıq, dəmirdöymə
sənətin sirləri
öyrədilirdi. Ancaq maliyyə
problemi yarandığından
məktəbi bağladım.
Ondan sonra muzeyşünaslığı
inkişaf etdirməyə
başladım. Mən bu
yolun yolçusuyam.
Ancaq bu sahəni genişləndirmək üçün
mənə söz versələr də, hələlik heç nə yoxdur. Kömək olmasa, böyük işlər görmək mümkün deyil. Hələ də yalvarıb-yaxarıram,
söz verirlər, ancaq əl tutan
yoxdur.
- Deyəsən, bir müddət muzeyşünaslıq
işindən ayrılmışdınız.
Bu, yorğunluğunuzla bağlı idi, yoxsa vəsait çatışmazlığı ilə?
- Ruhdan düşmüşdüm. Elə indi
də ruhdan düşmüşəm. Amma içimdəki ikinci
"mən" deyir ki, sən ruhdan
düşməməlisən, hərəkət etməlisən.
- Siz həm də
ədəbi yaradıcılıqla
məşğul olursunuz.
Poeziya sizin üçün nə deməkdir - hisslərinizin ifadə vasitəsi, yoxsa məşğuliyyət?
- Atamın Şimali
Azərbaycanda keçirdiyi
vətən həsrəti
mənə güclü
təsir etdi və ötən əsrin 60-cı illərindən ədəbi
yaradıcılığa başladım.
İlk mətbu əsərim olan "Ərani" şeiri
1967-ci ildə "Azərbaycan"
dərgisində çap
olunub. Dövri mətbuatda yüzlərlə şeirim,
poemalarım, publisist yazılarım həyata vəsiqə alıb. Sonralar filologiya elmləri doktoru Teymur Əhmədovun səyi ilə adım "XX əsrin Azərbaycan yazıçıları"
kitabına daxil edildi. "Heydərbabaya cavab" poemam isə universitet tələbələri üçün
nəzərdə tutulan
"Cənubi Azərbaycan
ədəbiyyatı müntəxəbatı"
dərsliyinə daxil edilib. Bu kitaba
daxil olan əsərlər 1970-ci ildən
2006-cı ilə qədər olan dövrü əhatə edir. Hərdən mənə elə gəlir ki, poeziya nəhəng bir dəryadır. Şairlər dalğıc
olub bu dəryanın
dərinliklərinə baş
vurur. Bu dərinliklərdən kimi
daş çıxarır,
kimi ləl... Poeziya kahkəşandır.
Ucu-bucağı görünməyən mavi
kəhkəşan. Bu
mavi kahkəşanda yumruq boyda ulduzlar
da var, iynə
ucu boyda olanlar da... Poeziya
dənizdir, dəryadır.
Bu mavi nəhrlərin
dərinliklərində yumruq
boyda olan mirvarilər də var, iynə ucu boyda olanlar
da...
Poeziya ucu-bucağı
görünməyən dağ
silsiləsidir. Uzaq olan, lap uzaqdan
durna qatarını xatırladan bu silsilə dağların yumruq boyda görünəni
də var, iynə ucu boyda
olanı da.
Poeziya nağıla, rəvayətə, əfsanəyə
bələnmiş həqiqətdir.
Bu həqiqətin düzü də var, yalanı da...
Dünya hamıya bir
pəncərədir. Hamımız
o pəncərədən
baxır və vaxtımız çatanda
o pəncərənin
qapayır və susuruq.
- "Gözlə
məni körpüdə"
sizin ilk kitabınızdır?
- Mənim həmyaşıdlarım
olan Nüsrət Kəsəmənli, Səyyad
Aran, Zəlimxan Yaqub, Nizami Xudiyevin
ən azı 30 kitabı çıxıb.
Mən isə indi kitab nəşr
etdirirəm. Bu kitabı da öz vəsaitim hesabına - torpağımı
sataraq çıxarmışam.
Kaspi.- 2008.-13 fevral.- S. 16.