Babayeva T.

 

 Şahin Hüseynzadə: Kimin kasıblığını istəyirsənsə, ona fotoaparat bağışla"


Fotoqrafiya fövqəladə bir aləmdir. Bəzən gözə çarpmayan hansısa bir fotoşəkil insanda unudulmaz təəssürat buraxa bilər. Çünki incəsənət nümunələri ağılla deyil, ürəklə yaradılır. Onlar sənətçinin əhval-ruhiyyə, ideya və fikirlərindən yoğrulur, daha sonra isə sərbəst şəkildə öz həyatlarını yaşamağa başlayırlar.
Fotoqrafiya həm də ona görə cəlbedicidir ki, seyrçi - tamam yad insan qəflətən fotorəssamın - belə də demək mümkündür - şəxsi aləminə buraxılır.
Fotoqrafiya ilə məşğul olmaq isə yeni düşüncə tərzi tələb edir. Bəlkə də, elə bu üzdəndir ki, hər həvəskar yaradıcı fotoqrafa çevrilə bilmir. Azərbaycanda özünü bu sənətə bağlayanlar Fotoqraflar Birliyində toplaşırlar. 1998-ci ildən fəaliyyətə başlayan qurum bu yaxınlarda yeni sədrini seçib. Bugünkü həmsöhbətimiz də Birliyin yeni rəhbəri, fotoqraf Şahin Hüseynzadədir.
- Fotoqraflar Birliyinin yaradıcısı olan və uzun illər ona rəhbərlik edən Rafiq Qəmbərovun bu vəzifədən uzaqlaşmasının səbəbi nədir?
- Rafiq müəllim öz təşəbbüsü ilə bu işdən uzaqlaşdı. Bilirsiniz ki, o, Milli Məclisin mətbuat katibliyində işləyir, ciddi iş rejimi var. Çoxdan bizə deyirdi ki, vaxt qıtlığı üzündən Birliyin işlərini çatdıra bilmir. Fotoqraflar Birliyi isə elə bir səviyyəyə çatıb ki, bundan sonra daha çox əmək tələb edir. Ona görə də Birliyin növbəti konfransında Rafiq müəllim özü yeni sədrin seçilməsi təklifi ilə çıxış etdi. Səsvermə yolu ilə bu vəzifəyə mən seçildim. Amma Birliyin fəaliyyətində Rafiq müəllimin səylərini xüsusi qeyd etmək lazımdır. Çünki ciddi iş rejiminə baxmayaraq, o, doqquz il ərzində bizi bir yerə yığır, sərgilər, festivallar təşkil edirdi.
- Eşitdiyimizə görə, Birliyin artıq öz binası da var...
- Elədir. Bu vaxta qədər biz Rafiq Qəmbərovun şəxsi emalatxanasında yığışırdıq. Amma bu ildən qərara aldıq ki, rahat işləmək üçün daha böyük və geniş məkan tapaq. Həm də Rafiq Qəmbərovun şəxsi emalatxanasını zəbt etmək düzgün deyil. Çünki o da yaradıcı insandır, şəxsi emalatxanasında tam sərbəst şəraitdə işləməlidir. Hər bir təşkilatın isə öz məkanı olmalıdır. Ona görə də imkanlı dostlarımdan birinə üz tutdum. Xahiş etdim ki, Birlik üzvlərinin yığışa biləcəyi bir yer tapmaqda mənə kömək etsin. Gördüyünüz bu binanı seçdik, tədricən onu lazımi səviyyə çatdıracağıq.
- Bundan sonra fəaliyyətinizi hansı yöndə quracaqsınız? Birliyin qarşısında duran başlıca işlər hansılardır?
- Görüləsi işlər həddən artıq çoxdur. Əsas planlarımızdan biri Fotoqraflar Birliyinin internet səhifəsini hazırlamaqdır. Müasir dövrdə hər şey internetlə bağlıdır. Biz istəyirik ki, internet vasitəsilə dünyanın istənilən nöqtəsində bizim fotoqrafların işləri ilə tanış olsunlar. Ona görə də internet saytımız yüksək səviyyədə hazırlanmalı, baxımlı olmalıdır. Məqsədimiz Azərbaycan fotoqrafiyasını dünyada tanıtmaq, təbliğ etməkdir. Bundan başqa, beynəlxalq foto təşkilatı - FİAP-a üzv olmalıyıq. Fotoqraflarımızın təkmilləşməsi, onların dünya fotoqrafiyası ilə tanış olması üçün kitabxana yaratmaq istəyirik. Bu da öz növbəsində bizim fotoqrafların işlərini gücləndirəcək və dünyada tanınmasına zəmin yaradacaq. Biz həm də Azərbaycan fotoqraflarının ensiklopediyasını yaratmağı planlaşdırırıq. Bu il isə Fotoqraflar Birliyinin yaranmasından on il keçir. Bu münasibətlə böyük sərgi keçirmək istəyirik. Qeyd edim ki, sərgi yalnız ağ-qara fotoşəkillərdən ibarət olacaq.
- Son illər ağ-qara şəkillər çox dəbdədir. Sizcə, ağ-qara fotoqrafiyanın yenidən belə geniş yayılmasının səbəbi nədir?
- Ağ-qara fotoqrafiya heç vaxt dəbdən düşməyib. Sadəcə, müəyyən bir dövrdə rəngli fotoqrafiyanın inkişafı ilə əlaqədar, rəngli fotolara üstünlük verilirdi. Ümumiyyətlə, ağ-qara fotolar həmişə dəbdə olacaq. Çünki ağ-qara fotoşəkillərin təsir gücü daha çoxdur. Kimsə yalan danışanda, ya nəyisə şişirdəndə el arasında deyirlər ki, bunlar hamısı rəngdir, fikir vermə. Yəni, rəng insanın fikrini yayındırır. Amma ağ-qara əsərdə sən hansısa bir mövzunun məğzini görürsən. Rəngdə isə bu alınmır. Kinoda da belədir. Fellininin filmləri həmişə baxımlı olur. Rəngli filmlərə isə bir-iki dəfə baxırsan, tez də yaddan çıxır. Burada psixoloji məqam var. Ona görə də biz sərgini ağ-qara fotoşəkillərdən təşkil edəcəyik. Konkret mövzu isə olmayacaq. Kim hansı mövzuda istəsə, əsər təqdim edəcək.
- Azərbaycanda fotoqrafiya ilə məşğul olmaq istəyənlər üçün hansısa tədris müəssisəsi yoxdur; ayrı-ayrı fotoqraflar fərdi dərslər keçirlər. Bunu mərkəzləşdirilmiş formada həyata keçirmək olmazmı?
- Belə bir planımız var. Azərbaycan fotoqrafiyasının professional formada tədrisini təşkil etməliyik. Ola bilsin ki, bunun üçün Rəssamlıq Akademiyasına, Bakı Dövlət Universitetinə müraciət etdik, ya da Birliyin öz nəzdində belə bir tədris ocağı yaratdıq. Sadəcə, bizim yerləşdiyimiz bina o qədər də böyük deyil. Burada biz müxtəlif mövzulu seminarlar və mərasimlər keçirə bilərik. Dərs keçmək üçünsə həm geniş yer tapmaq, həm də tədris metodikası hazırlamaq lazımdır. Tədris proqramını qurmaq azı bir il vaxt tələb edir. Bu işi mütəxəssislər görməlidir. Biz bu işin nə dərəcədə ciddi olduğunu anlayır və məsələyə diqqətlə yanaşırıq. Dərs keçən fotoqrafların hamısını peşəkar adlandırmaq olmaz. Onlardan bəziləri uşaqlara düzgün istiqamət vermirlər. Amma biz onlara deyə bilmərik ki, dərs keçməsin. Ona görə də çalışacağıq ki, fotoqrafiyanı peşəkarcasına öyrədəcək məktəb yaradılsın.
- Müasir dövrdə Azərbaycanda fotoqrafiyanın mövqeyi barədə nə demək olar?
- Rəssamlar məndən inciməsinlər, amma hal-hazırda Avropada interyerdən foto asmaq dəbə düşüb. Çünki fotoqrafiya artıq o dərəcədə inkişaf edib ki, insanlar hansısa bir fotoşəkli otağından asıb, ondan zövq alırlar. Buna onların həm pulu, həm də zövqləri imkan verir. Moskvada iki-üç mərtəbəli "Moskva Fotoqrafiya Evi" var. Bütün zallarında yalnız fotolar asılıb. Ümumiyyətlə, bütün dünyada fotoqrafiya inkişaf edib. Amma təəssüflər olsun ki, Azərbaycanda fotoqrafiya zəif inkişaf edib. Bizdə çox az yerdə foto görmək olar. Planlarımızdan biri də odur ki, şəhərdə fotoqalereya açmaq üçün müvafiq qurumlardan yer istəyək. İnsanlar bilsinlər ki, həmin qalereyada həmişə fotolar asılacaq. Biz festival keçirmək, sərgi təşkil etmək üçün rəsm qalereyalarından xahiş edirik ki, salonlarını iki-üç günlüyə bizə versinlər. Sonra fotolar yığışdırılır, əvəzinə yenə də rəsm əsərləri asılır. Fotoqrafların isə öz qalereyası yoxdur. Biz bu məsələni də tezliklə həll etməyi planlaşdırırıq.
- Sadaladığınız işlərin hər biri maliyyə vəsaiti tələb edir...
- Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbulunda olacağam. Ondan bu problemlərin həll olunmasında bizə yardımçı olmağı xahiş edəcəyəm. Layihələrimizin həyata keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə də müraciət edəcəyik. Bundan başqa, sponsorlar axtaracaq, müxtəlif təşkilatlardan maliyyə vəsaiti tapmağa çalışacağıq.
- Bizim fotoqrafların səviyyəsi barədə nə deyə bilərsiniz? Onların dünya arenasına çıxmaq imkanları varmı?
- Birmənalı şəkildə deyirəm ki, bizim fotoqrafların dünyaya çıxmaq üçün potensialı var. Bakıya dünya şöhrətli fotoqraflar Yozef Kudelka, Rza Diqqəti gəlmişdi. Onlar ən nüfuzlu jurnallarda və fotoagentliklərdə çalışırlar. Yozef Kundera isə dünyada beş güclü fotoqrafdan biridir. Bizim fotoqrafların işini çox bəyəndilər. Onlar bizdəki fotoqrafiyanın səviyyəsini gördükdən sonra dedilər ki, sizdə potensial var, amma əfsuslar olsun ki, siz hərəkətə gətirə bilmirsiz.
- Bəs, bu gün yerli fotoqraflar daha çox hansı problemlərlə üzləşirlər?
- Ən böyük problem iş problemidir. İş tapmaq çətindir. Bizdə qəzet və jurnallarda fotoqraflara çox az məbləğdə pul təklif edirlər. Çoxillik təcrübəsi olan, peşəkar fotoqraflar öz markalarını saxlaya bilirlər, işləyirlər. Çünki onları çoxdan tanıyırlar. Gənclərin işi isə çətindir. Maddi imkan olmadıqda studiya təşkil etmək də çətinləşir. Çünki studiyanın icarə pulunu ödəmək lazımdır. Düzdür, fotoqraflar işləri ilə qazanc əldə edə bilirlər. Çalışırlar ki, nəsə qazansınlar. Amma bu, istədiyimiz səviyyədə deyil. Mənim bir dostum var, məndən 20 yaş böyükdür. O deyir ki, kimisə kasıb görmək istəyirsənsə, ona fotoaparat bağışla. Fotoqrafiya bahalı sənətdir. Peşəkar fotokameraların qiyməti yüksəkdir. Çox adam ucuz aparatlar alır, şəkil çəkir. Amma bu fotoşəkilləri fotoqrafiyaya aid etmək olmaz. Belə şəkillər fotoqrafiyanı qiymətdən salır. Burada bizim də günahımız var. Bu, zəncirvari prosesdir. Əgər biz Fotoqraflar Birliyi olaraq fotoqrafiyanı güclü təbliğ edə bilsək, insanlar onun böyük sənət olduğunu anlayar, bu zaman fotoqrafların işlərinə verilən qiymət də yüksələr. Fotoqraflar öz fotolarını uyğun qiymətə sata bilərlər. Hər adamdan fotoqraf çıxmaz. Bu sahədə işləmək çox çətindir. Bəziləri fotoqrafiyaya həvəs göstərir, amma bir müddət sonra bu sənətdən uzaqlaşırlar. Çünki fotoqrafiya pul və istedad tələb edir. Elə adam var ki, avadanlığı hamınınkından çox yüksək səviyyədədir, amma savadı, müşahidə qabiliyyəti olmadığına görə irəli gedə bilmir, yerində addımlayır. Yalnız ona sifariş veriləni yerinə yetirir, öz üzərində işləmir. Ona görə də belə adamlardan yaradıcı fotoqraf alınmaz.
- Sonda, bu gün hətta peşəkar fotoqrafların üz tutduğu rəqəmsal fotoaparatlara münasibətinizi öyrənmək istərdim...
- Münasibətim normaldır. Müasir texnologiyadır, bu sahədə də inkişaf gedir, səviyyə qalxır. İlk vaxtlar onların keyfiyyəti plyonkalı fotoaparatlardan çox geridə qalırdı. İndi demək olar ki, eyni səviyyəyə çatıb. Fotoqraflar rəqəmsal fotoaparatı da inkişaf etdirirlər. Burada qarşılıqlı ünsiyyət gedir. İstehsalçı diqqət edir ki, fotoqrafa nə lazımdır. Fotoqraf onun istehsal etdiyini çəkir, göstərir. O da öz növbəsində daha mükəmməl funksiyalar yaradır.

Xəzər.- 2008.- 16 fevral.- S. 18.