Soyuq suda və istedadlı fotorəssamın işlərində bir qədər günəş

 

Yadınızdadırsa, Fransuaza Saqanın belə bir əsəri var - "Soyuq suda bir qədər günəş". Anna İbrahimbəyovanın çəkdiyi əla fotoşəkillərə tamaşa edərkən bu assosiativ hisslər insanı bir an belə tərk etmir. Onun Muzey Mərkəzinin İncəsənət qalereyasındakı sərgisinin açılış mərasimi çox qələbəli keçmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgini açaraq demişdir ki, Anna İbrahimbəyovanın işləri foto sənətində əsl kəşfdir, bu fotolar Bakının, Abşeronun, bütün Azərbaycanın həqiqi ruhunu tamaşaçıya çatdırır.
Nazir bu işlərin müəllifini ürəkdən təbrik edərək, xatırlatmışdır ki, sərgi xeyriyyə xarakteri daşıyır və bu aksiyadan əldə edilən vəsait Şamaxıdakı 1 nömrəli ahıllar və əlillər evinin hesabına köçürüləcəkdir.
Maqsud İbrahimbəyovun həyat yoldaşı olan Anna əslən moskvalıdır, lakin artıq 25 ildir ki, Bakıda yaşayır. Fotorəssamın bütün işlərində onun yeni vətəninə sevgi hissləri duyulur.
Anna xanım deyir ki, mən foto sənətinin incəliklərini müstəqil öyrənmişəm. İnsanı naməlum məkana aparan, onun qəlbinin ən incə tellərinə toxunan məqamlar məni həmişə cəlb edirdi. Bütün bunları lentə almaq, gördüklərimi başqaları ilə bölüşmək istəyirdim. Beləcə, mən kiçik bir kamera aldım. Şəkil çəkmək məni çox maraqlandırdı, sanki o vaxta qədər görmədiyim işıq dünyasının qapıları mənim üzümə açıldı.
İTAR-TASS agentliyi baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusman sərgidən aldığı təəssüratını AzərTAc-ın müxbiri ilə bölüşərək demişdir:
- Mən Annanı dostum Maqsud İbrahimbəyovla ailə qurduğu vaxtdan, Nardaran torpağına gəldiyi ilk günlərdən tanıyıram. Anna sanki bu diyarın rənglərini və ab-havasını canına çəkmişdir. Onun işlərinə baxanda hətta dənizin qoxusu hiss olunur.
Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskinin fikri də bu sözlərlə səsləşir:
- Sərgidə gördüklərim məni heyran etdi. Anna xanımla çoxdan dostluq edirik və mən onun istedadının pərəstişkarıyam, bunu başqa cür ifadə etmək olmaz. Onun istedadı işıqlı hisslər oyadır. Biz Anna İbrahimbəyova ilə yaradıcılıq əməkdaşlığı da edirik: o, Maqsud İbrahimbəyovun "Final restoranı" əsərinin tamaşasında geyim rəssamıdır.
Xalq rəssamı Fərhad Xəlilov da sərgi barədə fikirlərini bölüşmüşdür:
- Mən burada doğma yerləri görürəm və bu, insanı cəlb etməyə bilməz. Anna xanım fotorəssam kimi çox irəli getmişdir.
Məşhur foto ustası Fərid Xayrulin isə Anna İbrahimbəyovanın yaradıcılığına öz münasibətini belə ifadə etmişdir:
- Bu işlərin formatı və rakursları çox gözəldir. Foto işi ilə cəmi dörd il məşğul olan həvəskar üçün bu, çox böyük irəliləyişdir.
Milli Məclisin deputatı Arif Rəhimzadə də öz təəssüratını bölüşmüşdür:
- Bu işlər fırça ilə çəkilmiş şəkillər kimi təsir bağışlayır. İlk baxışda müəllif burada adi həyatı təsvir etmişdir, lakin bəzən biz bu həyatın gözəlliklərini hiss etmirik. Bu işlər onların müəllifinin qeyri-adi istedadından xəbər verir.
Anna İbrahimbəyovanın işləri - şüşə qablar, vazalar, bokallarla saysız-hesabsız eksperimentlərin nəticəsidir. Fotorəssamın işlərində sübh çağında təlatümə gəlmiş narahat dəniz və günəş, suların arasında ecazkar formalar kəsb edən qəribə daşlar əks etdirilmişdir...
Müəllifin hər bir işi onun Vətəninə çevrilmiş Odlar diyarına sonsuz məhəbbətin təzahürü, soyuq suda bir qədər günəş deməkdir...

 

Azərbaycan.- 2007.- 2 fevral.- S. 3.