Əhmədov Q.


Misir Ərəb Respublikasında ulu öndər Heydər Əliyevin abidəsi açılmışdır

 

Azərbaycanın beynəlxalq əlaqələri ilbəil genişlənir. Dünya birliyində ölkəmizin yeri möhkəmlənir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Müstəqil Azərbaycanın 1993-cü ilin ortalarından götürdüyü hüquqi, demokratik, dünyəvi və sivil dövlət quruculuğu kursu beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamışdır. Artıq əcnəbi siyasətçilər və ekspertlər ölkəmizdə həyata keçirilən islahatları, bunun nəticəsində yaranmış müsbət dəyişiklikləri yüksək qiymətləndirirlər.
Azərbaycanın bütün uğurlarının mərkəzində Heydər Əliyev siyasi kursu durur. Bu müdrik insanın səyləri nəticəsində indi Azərbaycan dünyanın əksər ölkələrində layiqincə tanınır. Azərbaycan xalqını yetərincə qiymətləndirən yaxın dostları sırasında Misir Ərəb Respublikası mühüm yer tutur. Bu dostluğun da əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ulu öndərin 1994-cü ildə Misir Ərəb Respublikasına rəsmi səfəri hər iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin təməlini qoymuş, iki qədim ölkənin ünsiyyətinə və dostluq tarixinə yeni səhifələr yazmışdır.
Heydər Əliyevin daxili və xarici siyasi xəttini müasir şəraitdə uğurla davam etdirən respublika Prezidenti cənab İlham Əliyev də Azərbaycan - Misir dostluğuna yeni töhfələr bəxş etmişdir. Cənab İlham Əliyev 2007-ci il may ayının 6-7-də Misir Ərəb Respublikasında rəsmi səfərdə olmuş, MƏR-in Prezidenti cənab Hüsni Mübarəklə görüşmüşdür. Bu səfər Azərbaycan - Misir iqtisadi əlaqələrinin genişlənməsi üçün yaxşı imkanlar yaratmışdır. Respublika Prezidenti MƏR-də olarkən Misir Xalq Məclisinin sədri Əhməd Nazif, Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin səfirləri, Misirin beynəlxalq əməkdaşlıq naziri və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. Mayın 7-də Qahirədə, Misir Nazirlər Şurasının binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Misirin Baş naziri cənab Əhməd Nazifin iştirakı ilə iki ölkənin əməkdaşlığına dair sənədlərin imzalanma mərasimi olmuşdur. Səfər zamanı İlham Əliyev Ənvər Sədatın məzarını ziyarət etmiş, Qahirədə Məhəmməd Əli Qalası və Məscidi ilə tanış olmuş, Qahirənin məşhur Misir muzeyinə baş çəkmişdir.Ölkə başçısı Misir Ərəb Respublikasında rəsmi səfərdə olarkən ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa dair imzalanmış sənədlər paketinə Misir Ərəb Respublikasının Qalyubeya vilayəti və Azərbaycan Respublikasının Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair Anlaşma Memorandumu daxil edilmişdir. Həmin razılaşmaya uyğun olaraq Abşeron rayonunun dövlət idarəetmə strukturunda, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, sənaye və azad sahibkarlıq sahələrində fəaliyyət göstərən 14 nəfərdən ibarət nümayəndə heyəti 2007-ci il iyul ayının 4-dən 8-dək Misir Ərəb Respublikasının Qalyubeya vilayətində səfərdə olmuşdur. Səfər zamanı Qalyubeya vilayətinin qubernatoru cənab Ədli Hüseyn, beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu Əl-Nəqə və vilayətin digər rəsmi şəxsləri nümayəndə heyətini qəbul etmiş və proqramda nəzərdə tutulmuş görüşlər, müəssisələrin fəaliyyəti ilə tanışlıq reallaşmışdır. Abşeronlulardan ibarət Azərbaycan nümayəndə heyəti vilayətin avtobus, "Toşhiba Al-Arabu", "Crystal Asfoni" şüşə məhsulları və inşaat şirkətlərinə baş çəkmiş, təhsil, səhiyyə müəssisələrində misirli dostların iş təcrübəsi ilə tanış olmuşdur.
Səfər yekunlaşarkən Misir Ərəb Respublikası tərəfindən Qalyubeyanın qubernatoru Ədli Hüseyn, beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu Əl-Nəqə, regional idarəetmə naziri Əbdüssəlam Mahqub, keçmiş səhiyyə naziri Məhəmməd Avad Tacəddin, kənd təsərrüfatı nazirinin müşaviri Saad Naqqap, XİN nəzdində MDB ölkələri əməkdaşlıq fondunun baş katibi Vəhidəddin Calal, "Ghabbour" şirkətinin prezidenti Rauf Ghabbour, "Toşhiba EL-Arabu" şirkətinin prezidenti Mahmud El Arabi, XİN nəzdində MDB ölkələri üzrə mütəxəssis Həsən Əbdülmunim və Azərbaycandan gələn Abşeron nümayəndə heyətinin üzvləri arasında geniş fikir mübadiləsi aparılmış, hər iki tərəfi maraqlandıran məsələlər barədə qarşılıqlı razılıq əldə edilmişdir.
Görüşlərin nəticəsi olaraq Abşeron nümayəndə heyəti Misirdə istehsal olunan malların Azərbaycanda satış-sərgisi üçün Abşeron ərazisində münasib yer ayrılması məqsədəuyğun hesab edilmişdir. Xırdalan şəhərində küçələrin birinə "Qalyubeya" adının verilməsi, "Misir-Azərbaycan dostluq parkı"nın yaradılması nəzərdə tutulmuşdur. Həmin parkda Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarəkin və Misir katibinin büstlərinin qoyulması planlaşdırılmışdır. Xırdalan şəhərində yeni inşa edilən 7 saylı məktəbdə ərəb dilinin tədrisinin təşkil edilməsi məqsədəuyğun sayılmışdır. Həmçinin abşeronlular dərman preparatları istehsalı ilə məşğul olan ərəb şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasını öz öhdələrinə götürmüşlər.
Qalyubeya vilayətinin təmsilçiləri də bunun müqabilində bir sıra mühüm mədəni əhəmiyyət kəsb edən öhdəliklərə imza atmışdır. Bunlardan biri də Abşeron Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə Qalyubeyada "Abşeron" parkının salınması və həmin parkın mərkəzində ümummilli liderimiz Heydər Əliyevin Xatirə kompleksinin qurulması olmuşdur. Qalyubeya küçələrindən birinə "Azərbaycan" adının verilməsi də həmin tədbirlər planında yer almışdır. Misirli dostlar Abşeron rayonunda "Diaqnostika Mərkəzi"nin tikilməsini öz öhdələrinə götürmüşlər.
Beləliklə, Heydər Əliyevin 1994-cü ildə xeyir-dua verdiyi Azərbaycan - Misir dostluğu aradan keçən 14 ildə varisləri tərəfindən uğurla davam etdirilmişdir. Respublika Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri bu dostluğa güclü təkan vermişdir. Ötən ilin sonlarında Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu Əl-Nəqənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında 3 günlük (27-30 dekabr 2007-ci il) səfərdə olmuşdur. Səfərin ilk günü qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Həmin gün nümayəndə heyətinin rəhbərliyini Prezident İlham Əliyev qəbul etmişdir. Bundan sonra nümayəndə heyəti İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, Xarici İşlər nazirliklərində olmuşlar. Misirlilərin 57 nəfərdən ibarət nümayəndə heyəti Abşeronda da olmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlarla görüşmüşdür. Misir nümayəndə heyəti Heydər Əliyev muzeyinə getmiş, Xırdalan şəhərində Qalyubeya küçəsinin və parkının, həmçinin parkda ucaldılan Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin heykəlinin və Misir katibinin büstünün açılışında iştirak etmiş, Abşeron rayonu ərazisində fəaliyyət göstərən "Caspian Fiş Ko" və "TAM" Qida Sənaye şirkətində olmuşdur. Rayon ərazisində yerləşən təhsil, səhiyyə və mədəniyyət ocaqlarına baş çəkmiş qonaqlar Xırdalan şəhər 7 saylı ərəb təmayüllü məktəblə tanışlıqdan sonra "Qafqaz" Universitetinin müəllim və tələbə heyəti ilə görüşmüşlər. Beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu Əl-Nəqəyə "Qafqaz" Universitetinin fəxri doktoru adı verilmişdir. Daha sonra misirli qonaqlar Saray qəsəbə xəstəxanasının açılışında iştirak etmişlər.
Abşeronluların 2008-ci ilin ilk günlərində MƏR-ə sayca ikinci səfəri Azərbaycan-Misir dostluğuna yeni töhfə vermişdir. Fevralın 4-dən başlayaraq bir həftə davam etmiş bu səfər yaddaqalan tədbir və görüşlərlə çox zəngin olmuşdur. Onun ən əlamətdar hadisəsi unikal Nil çayı sahilində ötən yüzilliyin ən görkəmli siyasətçisi, ümummilli liderimiz Heydər Əliyevin əzəmətli heykəlinin açılışı idi. XX əsrin siyasi arenasında böyük şəxsiyyət kimi qiymətləndirilən, Heydər Əliyevin şərəfinə bu gün planetin müxtəlif ölkələrində əzəmətli heykəl və büstlərin qoyulması, adına abad bağ və parkların salınması olduqca təbii haldır. Hər bir azərbaycanlıda qürur və iftixar hissi doğuran bu haqqı ulu öndər Heydər Əliyev müdrik siyasəti ilə qazanmışdır.
Ulu öndər Heydər Əliyev əməli işi, diplomatik bacarığı ilə dünya səviyyəli siyasətçi olduğunu təsdiq etmişdi. Heydər Əliyev sağlığında qloballaşan dünyanın əsas siyasi simalarından biri kimi yaddaşlara daxil oldu. Politoloqların "çətin kompromislərin xeyirxahı" adlandırdıqları Heydər Əliyev soyuq müharibə zamanlarında dünyada siyasi situasiyanı düzgün qiymətləndirməyə qadir simalardan biri olduğunu sübut edib. 7 fevral 2008-ci il tarixdə qədim və möcüzəli Misir torpağının Qanatr Xeyriyyə parkında dünya miqyaslı siyasi xadim Heydər Əliyevin heykəlinin açılışına gələn Misir vətəndaşları da bunu qiymətləndirirdilər. Açılışda Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu Əl-Nəqə, Qalyubeya qubernatoru Ədli Hüseyn, yerli xalq məclisinin üzvləri, quberniyanın icra hakimiyyətinin başçıları, Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif Əl-Şarkavi, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Misir Ərəb Respublikasının rəsmi nümayəndələri, azərbaycanlı tələbələr və yüzlərlə Misir vətəndaşları iştirak etmişlər. Heydər Əliyevin heykəlinin açılışından sonra parkda Suzan Mübarəkin adına olan kitabxanada ulu öndərin həyat və yaradıcılığına aid sərgi nümayiş etdirilmişdir.
XX əsrin tarixinə böyük siyasətçi kimi daxil olmuş Heydər Əliyevin çoxtərəfli fəaliyyətinin yalnız beynəlxalq əhəmiyyət kəsb edən tərəflərini əks etdirən eksponatlar tədbir iştirakçılarını heyran etmiş, onlar Avropanın iqtisadi və siyasi həyatına güclü təsir göstərmiş "Əsrin müqaviləsi"nin və möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin müəllifinin olduqca dolğun və məzmunlu həyatına diqqət kəsilmişlər. Heydər Əliyevin heykəlinin açılışında yerli sakinlərlə yanaşı Abşerondan getmiş nümayəndə heyəti və azərbaycanlı tələbələr də iştirak etmişdir. Parkın yaxınlığında böyük küçələrdən birinə "Azərbaycan" adı verilmişdir. Bu iki ad hər yerdə birgə çəkilir. Heydər Əliyev deyəndə Azərbaycan yada düşür, Azərbaycan deyəndə Heydər Əliyev. Təsadüfi deyil ki, misirli dostlarımız da bu iki müqəddəs adı bir-birindən ayırmamış və onların hər ikisinə doğma vətənlərində adlarına layiq gözəl yer vermişlər.
Bu, xalqımıza, öndərimizə, dövlətimizə və vətənimizə dünyanın diqqət və sayğısının bariz nümunəsidir. Bunu başa düşmək və qiymətləndirmək hər birimizin vətəndaşlıq ləyaqətidir.

Azərbaycan.- 2008.- 19 fevral.- S. 3.