AzərTAc xəbər verir ki, fevralın
7-də Misirin Qəlyubiyyə vilayətinin
Qanatır şəhərində
Azərbaycan-Misir dostluq parkının və Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin bu parkda ucaldılmış abidəsinin açılışı
olmuşdur.
Açılış mərasimlərində Misirin beynəlxalq əməkdaşlıq naziri
xanım Faizə Əbu əl-Nəqə, Qəlyubiyyə
vilayətinin valisi Ədli Hüseyn, Qanatır şəhərinin
rəhbərləri, ictimaiyyətin
nümayəndələri, bu münasibətlə səfərə gələn
Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti,
Azərbaycanın Misirdəki
səfiri Faiq Bağırov, diplomatik korpusun əməkdaşları,
Misirin Ayn Şəms Universitetində
Azərbaycan və türk dillərində təhsil alan əcnəbi tələbələr,
Azərbaycan icmasının
üzvləri iştirak
etmişlər.
Parkın açılışını
bildirən rəmzi lent kəsildikdən sonra Misirin incəsənət
ustaları konsert proqramı ilə çıxış etmiş,
səmaya sülh göyərçinləri buraxılmışdır.
Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı
olmuşdur. Əvvəlcə
Azərbaycanın və
Misirin dövlət himnləri səsləndirilmiş,
sonra abidə üzərindən ağ örtük götürülmüş,
önünə gül-çiçək dəstələri
düzülmüşdür. Hündürlüyü 3 metr
olan tunc abidənin müəllifləri
Səlhab Məmmədov,
Akif Əsgərov və Natiq Əliyevdir.
Nazir Faizə Əbu əl-Nəqə, vali Ədli Hüseyn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Z.Fərəcov
və səfir F.Bağırov mərasimdə
çıxış etmişlər.
Azərbaycan-Misir dostluq parkında yerləşən və Misirin birinci xanımı Suzan Mübarəkin adını
daşıyan kitabxanaya
ölkəmiz adından
Suzan Mübarəkin bürüncdən düzəldilmiş
büstü hədiyyə
olunmuşdur.
Səfirlik tərəfindən
kitabxanada Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən fotosərgi açılmışdır.
Parkın yerləşdiyi
Azərbaycan küçəsinin
də təntənəli
açılışı olmuşdur. Fevralın 6-da
Misir rəhbərliyinin
bu tədbirlərə
xüsusi marağının
təzahürü kimi
Misirin birinci xanımı Suzan Mübarək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov ilə görüşmüşdür.
Görüşdə qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2008.- 8 fevral.- S. 1.