Abdullayeva Z.

 

“Nərimanfilm” təqdim edir

 

Artıq iki ildir ki, Azərbaycanın kino məkanında, böyük və kiçik ekranlarda yeni bir imza görünməkdədir: "Nərimanfilm". 1993-cü ildə "Nəriman İnterservis" kimi fəaliyyətə başlayan bu özəl müəssisə 2005-ci ildən "Nərimanfilm" kino şirkəti adı altında kino və video məhsullarının istehsalı ilə məşğuldur.

"Nərimanfilm" kinematoqrafiya müəssisəsinin bədii rəhbəri gənc rejissor, Rusiya Rejissorlar Gildiyasının üzvü İlqar Safat, Bədii-Ekspert Şurasının sədri Vaqif İbrahimoğludur. Bugünədək ondan artıq qısametrajlı bədii və sənədli filmə ekran həyatı verən "Nərimanfilm"in ən böyük missiyası kinematoqrafiya sahəsində professional kadrların hazırlanması, milli bədii və sənədli filmlərin istehsalı, onların beynəlxalq bazarda layiqli yerini təmin etmək, bir sözlə, Azərbaycan kinematoqrafiyasının inkişafına kömək etmək, onun keçmiş şöhrətini özünə qaytarmağa xidmət etməkdən ibarətdir. Şirkətin filmoqrafiyasına nəzər salırıq: "Dağın nəvəsi" (2002, Bakı), "Mən quşları xatırlayıram" (2002, Moskva), "Səma kökləri" (2003, Xabarovsk), "Daşda yaşayan ruh" (2003, Moskva), "Sonet 129" (2005, Moskva), "Sofinskaya Boqorodisa" (2006, Bakı), "Məhsuldar otlaqlarda" (2006, Bakı), "Qobustana qayıdış" (2007, Bakı), "Pəri Qala" (2007, Bakı).

"Nərimanfilm"in bədii rəhbəri, kinorejissor, ssenarist, şair, rok-bard İlqar Məmmədov 1972-ci ildə Bakıda doğulub, 6 saylı orta məktəbi, 1995-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 2002-ci ildə Moskva Ssenaristlər və Rejissorlar Ali Kursunu fərqlənmə diplomu ilə bitirib. Hələ SRAK-ın I kurs tələbəsi olarkən Uzaq Şərq Kinoxronika Studiyası tərəfindən rejissor kimi işə başlamaq barədə təklif alıb və bir müddət

Xabarovskda işləyib. Elə həmin vaxtlarda yaradıcılıq sahəsində özünü sınağa çəkib. Bir-birinin ardınca çəkdiyi filmləri dünyanın müxtəlif şəhərlərində nümayiş etdirib, mükafata layiq görülüb. "Səma kökləri" filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına daxil edilib. Sonra o, Moskvaya qayıdaraq burada müxtəİif kinokompaniyalarda işləyib, daha da təkmilləşib, uğurlarının sayı artıb və nəhayət, Azərbaycana dönüb milli kino sənətimizin inkişafı istiqamətində işə başlayıb.

Şirkətin 2007-ci ildə istehsal etdiyi "Qobustana qayıdış" sənədli filmi və "Pəri Qala" qısametrajlı bədii filmi VIII Beynəlxalq Tiflis Kinofestivalında nümayiş etdirilib və maraqla qarşılanıb. Bununla bağlı İlqar Safat deyir. "Hər iki film maraq doğurdu, tamaşaçılar Azərbaycan haqqında müəyyən məlumat ala bildilər. Sevdiyim Vətənim haqqında dünya tamaşaçısına həqiqəti çatdıra bildiyim üçün özümü xoşbəxt sayıram. Həmin filmlərə dünyanın tanınmış, "Bir dəfə Amerikada" filminin ssenari müəlliflərindən biri Kler Dovs, Amerikanın sənədli filmlər tənqidçisi Devid D'Arsi kimi kino mütəxəssisləri yüksək qiymət verdilər. Bu, çox xoşdur işləmək üçün stimuldur. Bu, m bugünkü Azərbaycan kinosuna verilən dəyərdir". „. Onu da qeyd edək ki, işçi adı "İkinci doğuluş" olan "Pəri Qala" qısametrajlı bədii filminin istehsalı "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində Mədəniyyət Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş istehsal zamanı filmin səs rejissoru Teymur Kərimov Azərbaycan kinosu tarixində ilk dəfə olaraq birbaşa səsyazma avadanlığından istifadə etmişdir.

Kinofestivalda uğur qazanan digər "Qobustana qayıdış" (ssenari müəllifi, operator rejissor İlqar Safat) sənədli filmində dünya tamaşaçısı bəşəriyyətin qədim mədəniyyət abidələrindən biri Qobustanla tanış olur. Qobustan petroqliflərinin yaşı 20 min ilə yaxındır. Bu daşlar üzərində tarixəqədərki qəbilələrin sakral işarələrindən, Roma legionerlərindən tutmuş sovet dövrü adamlanın yazılarınadək bütün dövrlər öz izini qoymuşdur. Filmin qəhrəmanı Tərlan bu daşlar arasında böyüyüb o, daşları çox yaxşı tanıyır. Film boyu o, tamaşaçıya Qobustan möcüzələrindən söhbət açır.

"Nərimanfilm"in yaradıcılıq planları genişdir. Bu yaradıcı kollektivə uğurlar arzulayırıq. Kim bilir, bəlkə lap yaxın zamanda dünyanın ən möhtəşəm "kino ekranı" Hollivudda belə bir imza görünəcək: "Nərimanfilm" təqdim edir...

 

Respublika.- 2008.- 3 fevral.- S. 5.