Allahverdiyev E.
Naxçıvan olduğu kimi
Azərbaycan Televiziyası
Muxtar Respublikanın yarandığı günə
"Naxçıvan - inkişafın yeni
mərhələsi" sənədli filmini hədiyyə etdi
Naxçıvan
Azərbaycan xalqının ilkin tarix və
mədəniyyət beşiklərindən biridir.
Naxçıvanın hər guşəsi tarix muzeyidir,
desək, yanılmarıq. 1990-cı ildən Naxçıvan
Muxtar Respublikası adlanan bu diyar şimaldan və
şərqdən Ermənistan Respublikası, qərbdən
və cənubdan Türkiyə və İran İslam
Respublikası ilə həmsərhəddir. Muxtar Respublika
ərazisinin sahəsi 5,5 min kv.km., əhalisi isə 365 min
nəfərdir. Babək, Kəngərli, Culfa, Ordubad,
Sədərək, Şahbuz, Şərur inzibati
rayonlarıdır. 5 şəhər, 7 qəsəbə, 208
kəndi olan Naxçıvan Muxtar Respublikasının bu
gün hər guşəsində bir canlanma müşahidə
olunur.
Naxçıvan
qədimdən Azərbaycanın mühüm elm
mərkəzlərindən olmuşdur. Bu ölkənin elmi
idarə və ali təhsil müəssisələrində,
habelə onun hüdudlarından kənarda Naxçıvan
torpağının yetirməsi olan yüzlərlə alim
çalışmış və çalışır. Onların
çoxu ən yüksək elmi dərəcə və adlara,
dövlət mükafatlarına layiq
görülmüşdür. Bütün bunların
nəticəsidir ki, bu gün Naxçıvanın təhsil
sahəsində çox ciddi uğurlara imza atılıb.
Muxtar Respublikanın, demək olar ki, hər yerində yeni
məktəblər, təhsil ocaqları inşa edilir.
Ölkə prezidenti İlham Əliyevin 2007-ci il 31 mart tarixli
sərəncamına əsasən tikilən konservatoriyada bu
gün 9 ixtisas üzrə 221 tələbə təhsil
alır. Konservatoriyanın 240 yerlik tamaşa salonunda dahi
Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının
yeni quruluşda məşqləri artıq başa çatmaq
üzrədir.
2007-ci ildə Muxtar
Respublikada yerləşən hərbi hissələrə
də diqqət və qayğı artırılıb.
Çoxlu sayda hərbi korpuslar, tibb məntəqələri və
hospitallar, yeməkxana və yataqxanalar, hərbçi
ailələri üçün yaşayış evləri,
yeni sərhəd zastavaları istifadəyə verilib.
Ötən il
Naxçıvanın iqtisadi həyatında da əlamətdar
hadisələr bol olub. Yeni sexlər, zavod və fabriklər,
müxtəlif istiqamətli istehsal sahələri
istifadəyə verilmişdir.
Ötən əsrin
90-cı illərində elektrik enerjisi sarıdan ciddi korluq
çəkən Naxçıvan Muxtar Respublikasında
həyata keçirilən tədbirlər öz
bəhrəsini verdi. İndi Naxçıvan özünü
elektrik enerjisi ilə təmin etməklə yanaşı,
hətta xarici dövlətlərə də bu enerjini satmaq
iqtidarındadır.
Bütün bu qeyd etdiklərimiz Azərbaycan Televiziyasının bu yaxınlarda tamaşaçılara təqdim etdiyi "Naxçıvan - inkişafın yeni mərhələsi" adlı sənədli televiziya filmində öz əksini təfərrüatı ilə tapıb. Filmdə Naxçıvanın son illərdə sosial-iqtisadi, mədəniyyət və s. sahələrdə qazandığı uğurlardan bəhs edilir. 67 dəqiqəlik filmin ideya müəllifi Arif Alışanov, rejissoru Sahib Əhmədov, operatoru Müşfiq Qasımov, səs rejissoru Rəşad Mustafayev, ssenari müəllifi Sadıq Elcanlıdır. Qeyd edək ki, filmi ərsəyə gətirmək üçün çəkiliş qrupu Naxçıvanın bütün bölgələrində olub, kəndbəkənd çəkilişlər aparıb. Filmin ssenari müəllifi Sadıqi Elcanlı çəkiliş qrupunun çətin təbii şəraitdə işləməsinə baxmayaraq, işlərinin öhdəsindən uğurla gəldiyini söyləyir: "20-30 dərəcə şaxtada işləməyimizə baxmayaraq, filmi 9 fevralda, Naxçıvan Muxtar Respublikasının yarandığı gündə efirə verə bildik. Tikilən yeni məktəblər, zavod və fabriklər, ucaldılan memarlıq kompleksləri, mədəniyyət və iqtisadiyyatın demək olar ki, bütün sahələri filmdə öz əksini tapıb. Çalışmışıq ki, Naxçıvanın qədim keçmişi və bu günü filmdə nümayiş etdirilsin".
Danılmaz faktdır ki, tarix boyu
ermənilər Naxçıvanın
onların qədim ata yurdları olduğunu iddia ediblər. Lakin Naxçıvanın qədim
türk torpağı
olduğunu sübuta yetirən abidələr bu gün də
mövcuddur. Müəllif
bildirir ki, filmdə həmin faktlar da öz
əksini tapıb:
"Filmdə Naxçıvanın
ən qədim abidələrindən olan
Əshabi-Kəhf ziyarətgahı haqqında
geniş süjet verilib. Bundan əlavə, ötən il yüksək səviyyədə restovrasiya olunan dahi şairimiz
Nəiminin dəfn olunduğu Xanəgah memarlıq kompleksi
də filmdə nümayiş olunub". Bütün bunlar
sübut edir ki, Naxçıvan Azərbaycanın ayrılmaz
hissəsidir.
Müəllif filmdə ən çox yerin ölkə prezidentinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından sonra Naxçıvanda aparılan yenidənqurma işlərinə ayrıldığını bildirir: "Mən 70-ci ildən etibarən Naxçıvanla bağlı 10-dan artıq film hazırlamışam. Naxçıvanı yaxından tanıyan bir insan kimi tam əminliklə deyə bilərəm ki, bura son illərdəki kimi genişmiqyaslı inkişaf meydanı olmayıb. Bu gün ölkəmizin bütün bölgələrində inkişaf gedir. Naxçıvanda görülən işlər bunların hamısından fərqlidir. Sadəcə, bir faktı qeyd edim ki, Naxçıvanda tikilən konservatoriyanın paytaxtın özündə belə analoqu yoxdur. Ulu öndər Heydər Əliyevin yadigarı olan Arpaçay dəryaçası, demək olar ki, yenidən qurulur. Bu dəryaça Naxçıvana həyat verən bir tikilidir. Ən qədim bölgələrimizdən olan Naxçıvanda tarixə, tarixi abidələrə də xüsusi həssaslıqla yanaşılır. Xanəgahda, Əshabi-Kəhfdə, Əlincə qalasında, Gəmiqayada abidələr elmi bərpa və restovrasiya olunub, həmin yerləri ziyarətə gələn qonaqlara ideal şərait yaradılıb. Bütün bunlar çəkdiyimiz filmdə öz əksini tapıb".
Ekran-efir.- 2008.- 15 fevral.- S. 5.