Babayeva T.
Yerli
teleseriallar istehsalı
Tanınmış rejissor Ramiz Həsənoğlu bu vacib
məsələnin həyata keçirilməsi yolları
barədə danışır
Son illərdə həyatımızın ayrılmaz
hissəsinə çevrilən teleseriallara əhalinin
münasibəti birmənalı deyil. Kimisi teleseriallara baxa-baxa
gərgin iş günündən sonra dincəlir, kimisi
darıxdırıcı həyatına rəngarənglik
qatır, kimisi də ümumiyyətlə, "sabun
köpükləri"nə baxmır.
Bəzi yaradıcı adamlar isə hesab edirlər ki, belə
serialları Azərbaycanda da çəkmək olar və buna
dəyər. Film çəkmək, filmə
çəkilmək arzusu ilə yaşayan bu insanlar, heç
olmaya teleseriallar vasitəsilə "qurdlarını
öldürmək" istəyirlər. Amma onlar bu
istəklərini də həyata keçirməkdə
acizdirlər.
Çünki yerli televiziyalar efirdə nümayiş
etdirdikləri serialları istehsal etmir, xarici
ölkələrdən idxal edirlər. Axır vaxtlar isə
yerli teleserialların istehsalı məsələsi
aktuallaşıb. Bunun üçün dövlət büdcəsindən
vəsaitin ayrılması, tender yolu ilə həmin
vəsaitin telekanallarda serial çəkilişlərinə
yönəldilməsi kimi fikirlər səslənir. Televiziya
filmlərinin inkişaf perspektivləri və
incəsənətin bu sahəsindəki problemlərə
nəzər salmaq üçün tanınmış rejissor
Ramiz Həsənoğlu ilə söhbətləşdik.
- Bu, çox ağrılı bir mövzudur. Bununla
bağlı həm mətbuatda, həm televiziya proqramlarında
müxtəlif fikirlər də səslənib. Mən
onu deyə bilərəm ki, Azərbaycanın teleməkanı
bu sahədə böyük işlər görmək
iqtidarında deyil. Çünki bütün dünyada
teleseriallar çəkən böyük ölkələr
öz işlərini bazar üzərində qurublar.
Yəni, teleseriala sərf olunan xərc əsas etibarilə
reklamdan əldə olunur. Azərbaycan teleməkanının
auditoriyası isə kiçik olduğuna görə reklam o
qədər də gəlir gətirmir. Amma teleserial
çəkilişi kifayət qədər məsrəf
tələb edir. Ona görə də bir neçə
üsuldan istifadə etmək olar. Məsələn,
imkanlı şəxsləri bu işə cəlb etmək,
onların maddi vəsaiti hesabına seriallar çəkmək
və qonşu ölkələrin - Türkiyənin,
Rusiyanın, Orta Asiyanın bazarına girmək
mümkündür. Amma bu seriallar elə səviyyədə
çəkilməlidir ki, xarici bazarda yer tuta bilsin. Bunun da
sayəsində reklam gəlsin, əldə olunan gəlir
hesabına seriallar çəkilsin. Bilirsiniz, bu elə
məsələdir ki, baş tuta da bilər, tutmaya da… Amma mən güman edirəm ki, bizdə bu yolla
teleserialların istehsalı alınmayacaq.
- Bəs, vəziyyətdən çıxış yolunu
nədə görürsünüz?
- Mənim aləmimdə, Azərbaycan kimi spesifik bir
ölkədə teleserialların istehsalı ilə
bağlı məsələnin bir həlli var.
Ölkəmizin zəngin təbii sərvətləri var
və bundan da qazanc götürülür. Azərbaycanın
öz gəlirindən mədəniyyətinə,
maarifçiliyinə yetərincə pul xərclənilir, bunu
söhbətləşdiyimiz sahəyə də
yönəltmək olar.
- Siz bunun mexanizmini necə görürsünüz? Teleserialların çəkilişlərinə
dövlət büdcəsindən vəsaitin ayrılması
nə dərəcədə məqsədəuyğundur
və nə vaxta qədər davam edə bilər?
- Hazırda dövlət kinematoqrafa diqqəti artırıb.
Məsələn, artıq gələn il
kino çəkilişləri üçün altı milyon
manat vəsait nəzərdə tutulub. Bu, az
pul deyil. Telekanallara isə dövlətin köməyi tender
vasitəsilə ola bilər. Maraqlı layihələr müzakirə edilər
və tenderin qalibinə maliyyə vəsaiti ayrılar. Mənə elə gəlir ki, indi dövlətin bir
nömrəli vəzifəsi vətəndaşlarının
mənəvi tələbatını ödəmək,
onların bədii zövqünü korlamaqdan qorumaqdır.
Dövlət gələcəyi naminə
hökmən mənəviyyatla bağlı proqramlar həyata
keçirməlidir. Dövləti qabağa aparan
mənəviyyatca inkişaf etmiş insanlar ola
bilər. Bunun üçün də
gərək pul xərclənsin. Dövlət
televiziyasında çalışdığım
üçün dövlət telekanalının siyasəti
mənə daha çox aydındır. Burada
mənəviyyatla bağlı problemlər gündəmə
gətirilir. Bu mənada başqa
telekanallarda göstərilən serialların
mənəvi-əxlaqi problematikası ilə Azərbaycan
Televiziyasında göstərilən serialların
mənəvi-əxlaqi problematikası fərqlidir. Buna görə də dövlət televiziyasında
serialların çəkilişində maarifləndirici mövzulara
xüsusi yer ayırmaq lazımdır. Serial
deyəndə, yalnız ailə-məişət
mövzuları nəzərdə tutulmamalıdır. Eyni zamanda, tarixlə, keçmişlə
bağlı, hətta gələcəklə bağlı
çoxseriyalı filmərin çəkilməsindən
danışılmalıdır.
- Ramiz müəllim, siz özünüz onlarla televiziya
tamaşasının rejissorusunuz. Qabaqlar
lentə alınan tamaşalar keyfiyyətinə görə,
indi nümayiş olunan əcnəbi seriallardan geri qalmır,
çəkilən tək-tük yerli seriallardan isə qat-qat
səviyyəli olurdu. Bəlkə, biz
seriallardan yox, televiziya tamaşalarından başlayaq?
- Bilirsiniz, televiziya tamaşaları da böyük
məsrəf tələb edir və bu baxımdan onlar heç
fərqlənmirlər. Biz vaxtilə "Fatehlərin
divanı"nı serial
şəklində fikirləşmişdik. Bu
günə qədər biz onun artıq 50 seriyasını
çəkib qurtarmalıydıq. "Fatehlərin
divanı" türk tarixinin ən önəmli
səhifələrini, ən önəmli
şəxslərinin gördükləri işləri əks
etdirməliydi. Çox təəssüf
ki, biz onu tamamlaya bilmədik. Son
illərdə Azərbaycan Televiziyasının
rəhbərliyinin dəyişməsi, cavan adamların
işə cəlb olunması efirimizi xeyli dəyişib.
Bununla bağlı mənim
çalışdığım və
başçılıq etdiyim "
- Yaradıcı potensial barədə nə deyə
bilərsiniz?
- Mənə elə gəlir ki, yaradıcı potensial
hansısa mərhələdə bir qədər axsaya
bilər. Azərbaycan elə bir məkandır
ki, burada müəyyən ənənələr var və o
ənənələr hələ də yaşayır. Azərbaycanın yetərincə güclü
kinematoqrafı olub. Həmin kinematoqrafda
çalışan adamların bir çoxu hələ
həyatdadır. Bundan başqa,
gənclər gəlir. Yaradıcı
gənclərin üzə çıxması
üçün istər Mədəniyyət və Turizm
Nazirliyi, Kinematoqrafçılar İttifaqı, istərsə
də Kinorejissorlar Gildiyası festivallar, müsabiqələr
keçirir. Bu işlər
görüldükcə, potensial yavaş-yavaş üzə
çıxır. O potensialdan istifadə etmək
mümkündür və lazımdır. Ola
bilsin ki, ilk dövrlər bizim serialları ortaya
çıxarmaq üçün kənardan mütəxəssislər
- ssenaristlər, rejissorlar cəlb etmək lazım gəlsin.
Amma gec-tez bizim öz kadrlarımız
yetişəcək və işimizi özümüz
görəcəyik.
- Bəziləri hesab edirlər ki, biz təkcə yerli seriallar
çəkməklə kifayətlənməməli, həm
də xarici seriallardan qurtulmalı, onları yerli ekranlardan
sıxışdırmalıyıq. Sizcə, buna necə nail
olmaq olar və ümumiyyətlə, bunu etmək
lazımdırmı?
- Onların arasında maraqlı filmlər var. Ucuz olduğuna
görə ikinci dərəcəli ölkələrdən
filmlər almaq lazım deyil. İspaniya,
İtaliya, Fransada da seriallar çəkilir. Həmin serialların mövzusu çox zaman
təkcə məişət mövzusunu deyil, eyni zamanda
tarixi, mədəniyyəti əhatə edir. Onları alıb, professional şəkildə
tərcümə edib, tamaşaçıya təqdim etmək
lazımdır. Təxminən 10-15 il
bundan əvvəl Leonardo da Vinçi haqqında çox
gözəl bir serial nümayiş olundu. Bütün
dünya o seriala baxdı və ona valeh oldu. İndinin özünə qədər bir çox
mədəniyyət proqramlarında həmin serialın
təsirindən danışılır. Demək
istəyirəm ki, belə filmlər, mənzərə,
heyvanat aləmi, flora, mədəniyyət xadimləri ilə
bağlı seriallar, silsilə verilişlər
tamaşaçıların xeyrinədir və onların
ehtiyaclarını ödəyir. Ona
görə də filmlər, seriallar alınanda
saf-çürük edilməli və yüksək
səviyyədə dublyaj olunmalıdır. Efirdə hər nə gəldi nümayiş etmək
olmaz. Bizim bəzi telekanallarımız
hətta lisenziyasız filmlər göstərirlər. Bu, biabırçılıqdır.
- Dublyajdan söz düşmüşkən, hər telekanal
filmləri fərdi şəkildə səsləndirir? Bu sahədə əsas çatışmazlıq
nədir?
- Əsas problem az məsrəflə
çox seriya dublyaj etməkdir. Bu sahədə
Azərbaycan Televiziyasının təcrübəsi daha
önəmlidir. Burada dublyajın
keyfiyyəti bəzi başqa telekanallarla müqayisədə
daha professionaldır və yüksək səviyyəli
tamaşaçının tələbəni ödəyə
bilir.
- Ramiz müəllim, serialların çəkilməsi ilə
bağlı tender elan edilsə, "Sabah"
Yaradıcılıq Birliyi orada iştirak edəcək?
- "Sabah" Azərbaycan Televiziyasının
bir qurumudur. Ona görə də çox
çalışacağam ki, televiziyanın rəhbərliyi
başqa layihələrlə bərabər, tender
çərçivəsində vaxtilə uğurlu layihə
olmuş "Fatehlərin divanı"nın
davamının çəkilməsini də təmin
etsinlər. Mən buna böyük ümid
bəsləyirəm.
- Sonda, bu gün səviyyəli teleserial çəkə
biləcək hansı rejissorların adlarını
çəkə bilərsiniz?
- Şübhəsiz ki, belə rejissorlar var.
Mən ad çəkmək istəməzdim. Amma
istər vaxtilə "Sabah"ın sıralarında
çalışmış, istər başqa telekanallarda
işləyən ciddi rejissorlar var ki, kifayət qədər
qayğı və vəsait olsa, ortaya peşəkar iş qoya
bilərlər.
Xəzər.- 2008.- 23 fevral.- S. 18.