Xəlilzadə F.

 

Kinodan başlanıb səhnədə tamamlanan ömür

 

Sofiya Bəsirzadə - 80

 

Xalqımızın mənəvi təkamülündə, estetik dünyagörüşünün formalaşmasında, dünya mədəniyyəti nümunələrinin mənimsənilməsində teatr ocaqlarının xidmətləri böyükdür. Yarandığı gündən insan mənəviyyatının zənginləşməsinə xidmət edən Azərbaycan teatrı həm milli səhnə mədəniyyətimizin inkişafında, həm də cəmiyyətin bir sıra problemlərinin açılmasında misilsiz xidmət göstərmişdir.
Bugünkü Akademik Milli Dram Teatrı Azərbaycan teatrının yaranma tarixini öz bioqrafiyasında zəngin faktlarla yaşadan mədəniyyət ocağıdır. Təşəkkül tapdığı gündən (1919) müxtəlif isimlərlə çağırılaraq 1991-ci ilin dekabr ayından Akademik Milli Dram Teatrı adlanır. Bu teatra həm də "Aktyor teatrı" deyirlər. Milli aktyor məktəbinin banisi Hüseyn Ərəblinskidən başlamış bugünkü gənc sənətkarlara kimi böyük bir aktyor ordusu məhz onun səhnəsində yetişmişdir. Tarixə nəzər salanda gözlərimiz önündə bu ordunun çox cəfakeş və fədakar üzvləri canlanır. Onlardan biri də xalq artisti Sofiya Bəsirzadə idi.
Sofiya Bəsirzadə 1918-ci il fevralın 28-də Kazan quberniyasının Köhnə Çukan kəndində anadan olub. Kiçik yaşlarında ailələri Bakıya köçdüyündən orta məktəbi də paytaxtda bitirmişdir. Bakı Teatr Texnikumunda oxuya-oxuya Akademik Milli Dram Teatrında işə götürülən Sofiya Bəsirzadə səhnədə obraz yaratmamışdan əvvəl ilk addımını kinoda atmışdır. O, "Yeni horizont" bədii filmində Validə roluna çəkilmişdi. Aktrisanın debütü maraqlı və təbii alındığından həm rejissorların, həm də dramaturqların diqqətini çəkmişdir.
Səhnədə ilk rolu N.B.Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsindəki Səadət xanım obrazı olmuşdur.
Sənətşünaslıq elmləri doktoru İnqilab Kərimov Sofiya Bəsirzadə sənəti haqqında belə söyləyir: "Həddən artıq ciddi aktrisa idi. İşinə, sənətinə vicdani münasibəti və məsuliyyəti var idi. Onu səhnədə çox rollarda görmüşəm. Onların hər biri janr etibarilə müxtəlif olmaqla yanaşı, xaraktercə də bir-birindən seçilirdi. Məsələn, Səməd Vurğunun "Vaqif" pyesindəki Tamara, Sabit Rəhmanın "Xoşbəxtlər"ində İnci obrazları bir-birinin əksi idi. Adama elə gəlirdi ki, Tamaranı təqdim edən İncini yarada bilməz. Amma Sofiya Bəsirzadə ağı da, qaranı da istənilən səviyyədə tamaşaçıya çatdırmağı bacarırdı".
Mütəxəssislər onu da danışırlar ki, Sofiya Bəsirzadə, həqiqətən, səhnədə incəlik, həssaslıq, ciddilik nümayiş etdirirdi. Onun səhnə hərəkətlərində, jestlərində yad, özgə ştrixlər olmazdı. Aktrisa obrazın daxili, psixoloji vəziyyətini inandırıcı, tutarlı göstərməyi bacarırdı. Ömrü boyu səhnə ilə nəfəs alan Sofiya Bəsirzadə ilə işləmək rejissorlar üçün də rahat idi. Təbiətindəki mülayimlik, sənətə duyumlu münasibəti, sözü, göstərişi yerində qavramağı bacardığı üçün onunla tərəf-müqabili olanlar da Sofiya Bəsirzadənin oynadığı rollardan razı qalardılar. Sofiya Bəsirzadə əslində canlı məktəb idi. O, bu dərsi səhnədə öyrədirdi. İstedadlı aktrisa ilə bir tamaşada səhnəyə çıxan gənclər indi Sofiya xanımı ehtiramla xatırlayaraq ruhuna dualar oxuyurlar.
Xalq artisti Amalya Pənahova Sofiya Bəsirzadəni heç zaman unutmadığını söyləyir: "Sofiya xanımın dilindən "yox" kəlməsini eşitməzdin. Kim nə soruşsaydı, əlindəki ən vacib işi belə kənara qoyub müsahibinin sorğularını cavablandırırdı. Sofiya xanımın aktrisa və aktyorların yetişməsində böyük xidmətləri var. Səhnədə məşq zamanı tərəf-müqabilinin hansısa bir səhvini rejissordan öncə Sofiya xanım hiss edərdi. O, iradını da həmkarına o qədər ahəstə və gizli bildirərdi ki, heç kim bundan xəbər tutmazdı".
Sofiya Bəsirzadə həmişə reklamdan uzaq olub. Bəlkə də aktrisalar sırasında haqqında ən az yazılan sənətkarlardan biridir. Halbuki səhnədə yaratdığı zəngin xarakterli obrazlar silsiləsinə baxanda heyrətlənməyə bilmirsən. Sofiya Bəsirzadənin təqdimatındakı surətlərin təkcə adlarını qeyd etsək, böyük bir siyahı əmələ gələr. Həm yerli, həm də xarici ölkə dramaturqlarının, eləcə də klassiklərin pyeslərində bir-birindən fərqli, müxtəlif səpkili personajlara səhnə ömrü vermiş Sofiya Bəsirzadə televiziya tamaşalarında da maraqlı rollar yaratmışdır: Ana ("Günahsız Abdulla"), Həkim ("Sakit sevinc"), Nənə ("Əyləşdik, danışdıq), Nəsi xanım ("Oğulla görüş") və başqaları.
İlk addımını kinoda atmış Sofiya Bəsirzadə bu sahədə də özünəməxsus xidmət göstərmişdi. Filmlərdəki müxtəlif səpkili obrazları öz təbiiliyi ilə seçilib. Yəqin ki, tamaşaçılar Laləni ("Qara daşlar"), Sonanı ("Şərikli çörək") unutmayıblar. Eləcə də "Göz həkimi", "Yol əhvalatı", "Dədə Qorqud", "Gümüş gölün əfsanəsi, "Nar bağı" filmlərində də Sofiya Bəsirzadənin həm kəskin, sərt, çoxbilmiş, həm mülayim, mehriban, həyalı obrazlarını tez-tez xatırlayırlar. Hər dəfə bu filmlərə baxdıqca Azərbaycan aktyor və aktrisalarının yeni-yeni, sənət möcüzələri ilə üzləşirlər. Bu məqamda tamaşaçı diqqətindən kənarda qalmayan, yaratdığı obrazları ilə yaddaşımızda lövbər salan sənətkarlardan biri də məhz Sofiya Bəsirzadədir.
Səhnə fədakarlığı həm dövlət, həm də tamaşaçılar tərəfindən bəyənilən və qiymətləndirilən Sofiya Bəsirzadə müxtəlif orden və medallarla, fəxri fərmanlarla təltif olunub. 37 yaşında əməkdar, 56 yaşında xalq artisti fəxri adlarına layiq görülən Sofiya Bəsirzadə ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən ziddiyyətli hadisələrdən küskün düşmüşdü. Müəyyən qalmaqallar, sənətə olan ögey münasibət onu sındırmasa da, incitmişdi. Yaxşı ki, davamçıları, sənətinə vurğun olan həmkarları bir sənətkar kimi Sofiya Bəsirzadəni sınmağa qoymadılar. Xalq artisti Amalya Pənahovanın dəvəti ilə ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrında bütün varlığı ilə bağlandığı, sevdiyi sənətini davam etdirdi. Sənət rəfiqəsi, xalq artisti Məhluqə Sadıqova ilə birlikdə "Tənha qadınlar" tamaşasında yaratdığı son obrazlar o qədər təsirli, düşündürücü idi ki, tamaşaçı yaşlı aktrisaların böyük məharət və ustalıqla çatdırdıqları mənəvi təbəddülatları heyrətlə qarşıladılar. Həqiqətən də, istedad qocalmır. O, insanın daxilində elə bir mövqedə dayanır ki, məharət və qabiliyyət duyan kimi özünü göstərir. Bu mənada xalq artisti Sofiya Bəsirzadə həmişə xatırlanacaq, yaddaşlarda yaşayacaq unudulmaz sənət ulduzlarından biri idi.

 

Azərbaycan.- 2008.- 28 fevral.- S. 7.