Rejissorun
Vətənə oğulluq missiyası
Kino
tarixini araşdırdıqca ötən əsrin 50-70-ci
illərinin canlı və şərəf duyulası
mənzərəsi gözlərim önünə gəlir. Bu
dövrlər milli kinomuzun intibah dövrüdür desək,
yanılmarıq. Müharibədən sonrakı
dövrdə kino sənayesi öz işini yenidən qurmaq,
müharibə və sovet ideologiyası prizmasından
çıxış edən yeni sənət
nümunələri ortaya qoymaq meyli ilə yaşayırdı
və əsas qüvvə müharibə illərində sovet
xalqının qələbəsini təmin edən
amilləri ideoloji cəhətdən xalqa çatdırmaq
istiqamətinə yönəlmişdi. Həmin dövr
sənədli və xronikal filmlərin geniş vüsət
tapdığı dövr kimi tarixə düşüb.
Heç təsadüfi deyil ki, qələbədən
dərhal sonra "Arşın mal alan" filmi
çəkildi və bədii kinoda bir də iki illik aradan
sonra "Fətəli xan" (1947) tarixi filmi ortaya qoyuldu.
Yenə üç illik fasilədən sonra bədii kino
"Bakının işıqları"nı (1950)
çəkdi. 1954-cü ildən sonra milli kinomuzun tarixində
bir növ dirçəliş dövrü başladı. Bu
həm də tarixi şəraitlə - stalinizmin süqutu
ilə də bağlı idi. Qorxu və səksəkələr
içində yaşayan, sənətindən uzaq
düşən kino xadimləri ürəklərində qalan
istəyi ortaya qoymaq üçün geniş imkanlar əldə
etdilər. "Bəxtiyar" və
"Görüş" (hər ikisi 1955) , "O olmasın,
bu olsun" və "Qara daşlar" (1956) filmlərini
xatırlamaq kifayətdir ki, kino tarixinin mənzərəsi
haqqında təsəvvür oyansın.
Həmin ərəfə bir çox kino
korifeylərimizin yaradıcılıqlarının da
işıqlı dövrü idi. A.Gəraybəyli, M.Kələntərli, Ə.Ağayev,
B.Şəkinskaya, M.Sənani, L.Abdullayev, İ.Osmanlı,
M.Mərdanov və onlarla başqa sənətkarlarla
yanaşı M.A.Əliyev, Ə.Ələkbərov və
A.İsgəndərov da kino sənətinin inkişafına
xidmət edir, özlərinə məxsus sənət məktəbi
yaradırdılar. Adil İsgəndərov
həm bir pedaqoq, həm də nüfuzlu şəxsiyyət
kimi kinoya milli kadrların cəlb edilməsinə səy göstərir
və bir çox hallarda erməni-daşnak
mühafizəkarlarla qarşılaşsa da, bəzən
"sapı özümüzdən olan baltalar"ın
təzyiqlərinə məruz qalsa da, kinoda milliliyi
bərpa etməyin yolunu yalnız milli kadrların
yetişməsində görürdü.
A.İsgəndərovun Azərbaycan kinosunda bütöv bir
nəslin yetişməsində xidmətləri var və bu
xidmətlər danılmazdır. Neçə-neçə
rejissorun, operatorun, kinoaktyorun təhsil almasına şərait
yaradan böyük sənətkar bu gün kino tarixində
yaxşı tanıdığımız onlarla simanın
mənəvi atası olub desək, səhv etmərik.
Əbdül Mahmudov da onlardan biridir. Sadə
kəndçi balası Ə.Mahmudovun 1962-1966-cı
illərdə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun (o vaxtlar Teatr İnstitutu
adlanırdı) aktyorluq fakültəsində təhsil
alması hələ onun gələcəkdə
tanınmış kino xadimi olması barədə heç
nə demirdi. Amma A.İsgəndərovun kursunda
oxumaq artıq çox şeyə zəmanət idi.
Çünki böyük sənətkar içində
işıq, istedad olan hər bir tələbəsinin gələcəyi
haqqında düşünmək və qərar qəbul
etmək qüdrətində idi. O qərarlardan biri
də Əbdül haqqında verildi (bu siyahı daha
böyükdür və yəqin ki, A.İsgəndərov
məktəbinin davamçıları sayılan
sənətkarlar haqqında yaxın zamanlarda yenə yazılar
olacaq). Amma Əbdülün kino
fəaliyyəti hələ onun 12 yaşı olanda - 1957-ci
ildə "Bir məhəlləli iki nəfər" və
L.Səfərovun "Leyli və Məcnun" (1961)
filmində epizodik rollara çəkilməsi ilə
başlamışdı. Bəlkə də elə o
təsadüflər Ə.Mahmudovu böyük kinoya gətirmişdi. İnstitutu bitirən Ə.Mahmudov təyinatla
kinostudiyaya gəldi və sənədli filmlərdə ikinci
rejissor kimi işə başladı. O dövrlərdə bir
neçə sənədli filmdə təcrübə toplayan
Əbdül sonradan bədii kinoya keçdi və "Mən
ki, gözəl deyildim", "Dəli Kür", "Bizim
Cəbiş müəllim" kimi filmlərdə ikinci
rejissorluq etdi. Bu ərəfədə Əbdül aktyor kimi
də fəaliyyətini davam etdirir, "Dağlarda
döyüş", "Şərikli
çörək" kimi filmlərdə kiçik rollara
çəkilir.
Onun kinoda ilk müstəqil
işləri "Qızlar söz istəyir" və
"Ömür-gün sevdası ("Kəlbəcər
toyu)" sənədli filmləri oldu. Əbdülün kinoda
ən yaddaqalan aktyor işi "Yeddi oğul istərəm"də
(1970) Qasım, "Nəsimi" (1974) filmindəki
dərviş obrazlarıdır. "Yeddi oğul
istərəm" milli kino tariximizdə vestern janrında
çəkilən ən dəyərli və hər zaman
xalqın sevərək baxdığı filmlərdən
biridir. Elə ona görə də Azərbaycan
tamaşaçısı Əbdülü ən çox həmin
filmlə, o filmdəki yumorlu, gələcəyə
ümidlə baxan bir gəncin faciəsini yaradan aktyor kimi
xatırlayır. Amma unutmaq olmaz ki, onun bədii kinodakı
rejissor işləri də maraqlı və baxılandır.
1973-1976-cı illərdə Ə.Mahmudov
A.İsgəndərovun şəxsi xeyir-duası ilə
Moskvaya Ali Kinorejissorluq kursunda təhsilini davam etdirməyə
gedir. Onunla bərabər bu gün kinoda tanınmış bir
sıra insanlar - Anar, R.İbrahimbəyov, T.Bəkirzadə,
F.Əliyev və Y.Qusman da oxuyurlar. Həmin
insanların sonradan kinomuzda olan işləri az-çox
bizə məlumdur.
Əbdül Moskvada L.G.Trauberqin və
G.Daneliyanın emalatxanasında təcrübə qazanır,
praktika dövründə tanınmış və
əfsanəvi kinorejissor N.Tarkovskinin yanında olur, kinonun
sirlərini öyrənir. Diplom işini (ikihissəli
"Qeyri-adi ov". 1976) əla qiymətlə təhvil
verən rejissor doğma kinostudiyada filmlər
çəkmək həvəsi ilə işə
başlayır. Bir ara kinostudiyanın nəzdində
A.İsgəndərovun təşəbbüsü ilə
yaradılan kino-aktyor teatrının bədii rəhbəri
olur. Onun bədii kinoda ilk ən böyük işi "Atları
yəhərləyin ("Qaçaq Nəbi")" (1985)
filmidir. Bu filmi Əbdül dostu və
sənət yoldaşı Həsənağa Turabovla
birlikdə işlədi və film ekranlara çıxandan
sonra böyük populyarlıq qazandı. Bu filmə görə
o, Dövlət Mükafatına layiq görüldü. Film
tarixi şəxsiyyət Qaçaq Nəbinin həyatından
və mübarizəsindən bəhs
edirdi, amma rejissorun daxili pafosu və gələcək
işlərinin işartıları bu filmin əsas ideya
xətti idi. Əsərin bir yerində İran
şahının "qul-beçələri" Araz boyu
ərazilərdə xalqı incidir və bu xəbəri
alıbxalqına köməyə gələn Nəbi
ərbabın birinin "Arazın bu tayının
dərdi səninçün azdır?" sualına
qəzəblənərək, təsirli bir bəyanat
səsləndirir: "Arazın o tayı da, bu tayı da
mənim doğma vətənimdir".
Bu filmdən sonra 1989-cu ildə "Doğma
sahillər" filminin çəkilişləri başlayır.
Bu, bütövlükdə ayrı düşmüş bir
xalqın, bir millətin doğma duyğularından,
hisslərindən bəhs edir. Film boyu bir neçə
dəfə azərbaycanlı zabit - polkovnik Nəsibov xalq
məsəli çəkərək fikirlərini
tamamladıqda otaylı azərbaycanlı zabit - polkovnik
Həbibi deyir ki, bizdə də bu məsəl var. Yəni
bununla da filmi yaradanlar, o cümlədən Ə.Mahmudov
bütövlük və böyüklük ideyalarını
ortalığa qoyurlar.
Mənin aləmimdə, Əbdül Mahmudovun bir
rejissor kimi məqsədi var və o bu məqsədə
çatmaqdan ötrü illərdir ki, yorulmadan
çalışır. Gələcək
planlarını həyata keçirmək üçün
hər bir işini mərhələlərlə görür
və bu çox gözəl keyfiyyətdir.
1990-cı ildə N.Rəsulzadənin ssenarisi
ilə çəkilən "Gecə qatarında
qətl" filmi insan taleyinə, aldanmış insanın
faciəsinə həsr edilib. Mən bu filmi sənət
baxımından uğurlu hesab etsəm də, film maraqlı
alınsa da, "Əbdül Mahmudov silsiləsi"ndən
deyil. Rejissor məndən inciməsin, amma mənim qənaətim
belədir.
Mən kinostudiyada işlədiyim
dövrlərdən eşitmişəm ki, Əbdülün
"Şah İsmayıl Xətai" haqqında böyük
bir layihəsi var və çəkilişlərə
hazırlaşır. Hətta 1993-94-cü
illərdə bu sıradan bir qədər işlər də
görüldü, amma nə yazıq ki, belə
möhtəşəm və gərəkli bir layihənin
çəkilişləri təxirə salındı. İndi
rejissor İctimai kanalla birlikdə "Ağa Məhəmməd
şah Qacar" bədii-televiziya tamaşa-filminin
çəkilişlərinə hazırlaşır
və mən elə düşünürəm ki, bu iş
onun yarımçıq qalmış Xətai layihəsinin bir
hissəsi olacaq. Nəticədə yaxın
gələcəkdə biz Əbdül Mahmudovun quruluş
verəcəyi Xətai layihəsindən olan filmləri də
görəcəyik. Mən filmləri deyirəm, ona
görə ki, bu belə də olacaq. Bir də
son olaraq bunu əlavə etmək istəyirəm ki, onun son
aktyor işi "Qətl günü"ndəki tatar Temir
roludur və bu obrazı da özünəməxsus
şəkildə ifa edən aktyor heç zaman işdən
yorulmayıb, sənətə olan sevgisini itirməyib.
"Mozalan" satirik kinojurnalının bədii
süjetlərini çəkəndə də, arzusunda
olduğu layihənin üzərində
işləyəndə də içindəki vətəndaşlıq
duyğusundan, Vətənə oğulluq missiyasından uzaq
düşməyib.
525-ci qəzet.- 2008.- 19 fevral.- S. 7.