Məhərrəmova T.

 

Aktyor belə olmalıdır!

 

Rasim Balayev kimi

 

"Rasim Balayev deyəndə, bu ad və soyadda "Şöhrət" ordeni də, Xalq artisti fəxri adı da, Dövlət mükafatı da var. Ən əsası isə onun bütün xalqların sevimli sənətkarı olmasıdır". Srağagün İ.Əbilov adına mədəniyyət evində Xalq artisti Rasim Balayevlə gənclərin görüşündə səslənən bu fikir görkəmli aktyorun sənət yaradıcılığına bələdçilik üçün başlanğıc oldu.

Mədəniyyət evinin bədii rəhbəri Mirəhməd müəllim Rasim Balayevin gənclərlə görüşünü təsadüfən keçirmədiklərini söylədi: "Siz bu aktyoru həyatda görməmisiniz. Amma nə vaxtsa fəxr edəcəksiniz ki, Rasim Balayevlə görüşmüsünüz".

Tanınmış kinoşünas Aydın Kazımzadə isə Rasim Balayevi Azərbaycan kinosunun ən görkəmli aktyoru kimi dəyərləndirdi: "Elə aktyorlar var ki, hansısa bir filmlə şöhrət qazanır və ömrünün axırına qədər də bu şöhrətlə yaşayır. Rasim Balayevin yaradıcılığında isə hər şey əksinə olub. Elə ilk filmindən şöhrət onun adına yazıldı. Rasim Balayevin xalqların sevimlisi olmasının şahidi olmuşam. "Nəsimi" filmi təzəcə çəkilib qurtarandan sonra yaradıcı qrupla birlikdə Özbəkistanda, Qırğızıstanda filmin nümayişinə mən də getmişdim. Hələ heç kəs tərəfindən tanınmayan Rasim Balayevi əsl şöhrət orada gəlib tapdı. Filmin nümayişi zamanı zalda adam əlindən tərpənmək olmurdu. Sonrakı illərdə də onunla hansı ölkəyə gedirdiksə, insanlar Rasimin ətrafına toplaşırdı. Ona qədər Azərbaycan kino məktəbi anlayışı yox idi. Rasim Balayev, Həsən Məmmədov, Şahmar Ələkbərov, Əbdül Mahmudov kimi aktyorlar nəsli gələndən sonra Azərbaycan kinosunda tamamilə başqa bir canlanma yarandı. Onlar kinomuza yeni nəfəs gətirdilər".

A.Kazımzadə Rasim Balayevin amplua aktyoru olmadığını diqqətə çatdıraraq, çəkildiyi "Nəsimi", "Ömrün ilk saatı", "Dədə Qorqud", "Babək", "Göz qabağında şeytan", "Otel otağı" və s. filmlərdə məharətlə yaratdığı obrazlardan danışdı: "Aktyor belə olmalıdır. Obrazı elə yaratmalıdır ki, özünə nifrət də, məhəbbət də qazandırsın".

A.Kazımzadə həmçinin Rasim Balayevin çəkildiyi və çoxlarına naməlum olan filmlərin adlarını da açıqlayaraq bildirdi ki, aktyor Türkmənistan, Türkiyə, Tacikistan, Almaniya, Özbəkistan, İran və b. ölkələrdə filmlərə çəkilib.

Vaxtilə kinostudiyanın kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan Dilarə Nağıyeva Rasim Balayevin kinostudiyada işə düzəlməsində və filmə çəkilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı: "Bu işdə görkəmli sənətkarımız Ədil İsgəndərovun zəhmətini xüsusi qeyd etmək lazımdır. Rasim Balayev kinostudiyaya gələndən sonra "Nəsimi"də çəkildi. O, bu filmlə aktyor kimi möhrünü vurdu. Bundan əlavə, çəkildiyi bir sıra filmlərdə mənfi obraz yaradıb söyüş qazanıbsa, deməli, Rasim yaşayır və o, gözəl aktyordur".

"Hamımız 60 yaşa gəlib çatmışıq" - deyən kinoreyissor Əbdül Mahmudov isə "müəyyən bir yaş dövrü var ki, insan irəli baxdığı kimi, geri də çevrilib baxır. Uzaqlarda elə xatirələr qalıb ki, insan bəzən kövrəlir, fərəh hissi duyur" - deyə ürək sözlərini dilə gətirdi: "Taleyimizlə bağlı olan insanların bir çoxu dünyasını dəyişib. Artıq 45 ildir kino ömrümüz qatarlarda, təkərlər üstdə keçib. Qürur hissi duyuram ki, kino xatirəm əvvəlinci gündən Rasim Balayevlə bağlıdır. Gənc yaşlarımdan tale elə gətirdi ki, biz bir yerdə işlədik, bir neçə filmdə çəkildik. Sonra bir reyissor kimi çəkdiyim bütün filmlərdə Rasim Balayev çəkildi. Gərgin işinə, SSRİ-nin bir çox kinostudiyasında çəkilməsinə baxmayaraq, bizim təkliflərimizi qəbul edirdi. "Qaçaq Nəbi" filmini çəkəndə Səlim bəy roluna Rasim Balayevi dəvət etdim. Moskvada filmi təhvil verəndə dedilər ki, Qaçaq Nəbidən çox sizin bəyə vurulduq".

Rasim Balayev isə söhbətinə sənətə gəldiyi ilkin vaxtlardan başladı: "Bəzən adamdan soruşurlar ki, necə oldu ki, sən aktyor oldun? Kənardan baxanlara hər şey asan görünür. Amma biz bu sənətdə çətinliklə yer tutmuşuq. Bəzən bir filmə baxanda "görəsən, mən də aktyor olsam, necə olar" - deyə özzünə sual verirsən. O vaxtdan başlamış rast gəldiyim insanlar, müəllimlər - bunlar hamısı insanın aktyor olmasında rol oynayır. Mən institutu qurtaranda kinostudiyada yer olmadığı üçün bir müddət Tədris Teatrında çalışdım. İnstitutun rektoru Rahib Hüseynov: "Mən istəmirəm ki, təyinatla rayona gedəsən. Sən burada lazım olacaqsan, ancaq bir az gözlə, Tədris Teatrında işlə. Bir aktyor kimi mənə saathesabı dərs verdilər. Tədris Teatrında bir neçə tamaşa hazırladıq. Sonra "Azdrama"ya işləmək üçün müraciət edəndə "yer yoxdur" - deyə cavab verdilər. Sözün düzü, kinoda çəkilmək ağlıma gəlmirdi, həm də teatrda işləmək istəyirdim. Mənə kütləvi səhnələrdə iş təklif etdilər.

Bir gün İlham Namiq Kamalla kinostudiyaya getdik. Kinostudiyanın kadrlar şöbəsində çalışan Dilarə xanım bizim haqqımızda Adil İsgəndərova danışandan sonra o bizi qəbul etdi. Adil müəllim dedi ki, boy-buxunun yaxşıdır, amma bilmirəm ki, qəlbin, için nətəhərdir. Səni birilliyə götürürəm. Əgər bu müddətdə kinoreyissorlara lazım olsan, qalacaqsan. Yox, əgər lazım olmasan, bir il ilin tamamında ərizəni yazıb özün gedərsən. Mən sənə "get" deməyəcəyəm. Həmin ərəfədə "Üç qərənfil" filmi çəkilməliydi. Baş rollara Müslüm Maqomayev, mən və bir xanım çəkiləcəkdik. Ancaq reyissorla Müslüm Maqomayevin mübahisəsi yarandı. Həmin filmi çəkəsi olmadılar. Bu mənə çox pis təsir etdi. Çünki çəkiləcəyim ilk filmin taleyi belə oldu. Mən hətta xəstəxanaya düşdüm. "Nəsimi" filminin ssenarisini mənə xəstəxanada olanda gətirib verdilər. Məndə həddən artıq ruh düşkünlüyü yarandığından, "gedin başqa adam tapın" dedim. Doğrusu, heç ağlıma da gəlməzdi ki, məni Nəsimiyə çəkərlər. Ancaq mən bu filmin sınaq çəkilişlərində iştirak etdim və təsdiq olundum. Sonra da Ədil müəllimin yanına gəlib: "Ərizəni yazımmı?" - deyə soruşanda "qada, sən qaldın" - deyə cavab verdi. 90-cı ilə qədər mən kinostudiyada qaldım. Sonra isə Kino İttifaqının qurultayı keçirildi və mən birinci katib vəzifəsinə təyin olundum".

Rasim Balayev yaradıcılığı boyu çəkildiyi bütün filmlərə eyni məsuliyyətlə yanaşdığını vurğuladı: "Rolun böyük-kiçikliyindən, mənfi və ya müsbət olmasından asılı olmayaraq, obrazı yaşamağa çalışmışam. "Babək"də Babəkə də eyni münasibət göstərmişəm, "Yaramaz" filmində "Sugəzdirən" epizodik roluna da. Ancaq çoxları mənə irad tuturdu ki, Babəkdən sonra niyə belə bir rola çəkilmisən? Cavab verirdim ki, o, kiçik bir epizod olsa da, mən bu rola məsuliyyətlə yanaşmışam. Bəzən rolum uğurlu, bəzən uğursuz olub. Bunun da müxtəlif səbəbləri olub".

Rasim Balayev sənətdə rastlaşdığı çətinliklərdən də danışdı, xoş xatirələrindən də söz açdı. Bugünkü gənclərin sənətə laqeyd münasibətinə də toxunaraq onlara tövsiyəsini verdi: "Hansı peşəni seçirsinizsə, onu sevmək lazımdır. Seçdiyin sənət qəbr evinədəkdir. Ciddi sənətə fikir verin. Sabun köpüyü kimi verilişlərin ardınca qaçmayın".

Sonda isə "xoşbəxt o adamdır ki, işə də həvəslə gedir, evə də həvəslə tələsir" - deyə bu il 60 yaşını qeyd edəcək sənətkar dilləndi. Rasim Balayev dillərdə əzbər olan bu məsəli elə-belə söyləmədi.

 

Kaspi.- 2008.- 22 fevral.- S. 16.