Məhərrəmova T.
Azərbaycan kinosunun
ayrıca səhifəsi
Tofiq Tağızadə
istirahətini də, həyatının mənasını da
çəkdiyi əsərlərdə tapırdı
Onun adı Azərbaycan kinosu
tarixində mühüm yer tutur. Çəkdiyi filmlərə
böyükdən kiçiyə qədər hamı
sevə-sevə baxır və zaman keçdikcə bu
məhəbbət əskilmir. Onun
filmlərində diqqəti ən çox cəlb edən insan
amilidir. O, öz qəhrəmanlarını
həyatın çətin, sərt sınaqlarından
keçirərək bütün zamanlar üçün
örnək edib. Sonra da bu qəhrəmanlarla
haqlı olaraq qürrələnərək, "Mənim istirahətim
də, həyatımın mənası da çəkdiyim
əsərlərdir. Öz əlinlə,
öz alın tərinlə yaratdığın filmə
ekranda baxmağı heç bir şeylə müqayisə
etmək mümkün deyil..." - deyib.
Həyat dərsi
Ailələrində
teatra olan böyük həvəs uşaqlıqda ona da
sirayət edib. Ata-anası bütün
tamaşalara balaca Tofiqi də özləri ilə aparardı.
Tanınmış kinoşünas Aydın Kazımzadə
"Azərbaycan kinematoqrafçıları" kitabında
yazır ki, gələcək reyissorun anası Əli Bayramov adına qadınlar klubundakı dram
dərnəyinin fəal üzvü olub. Klubda
qoyulan tamaşalarda yalnız qadınlar iştirak edirdi.
Anası da əsasən kişi
rollarını ifa edirdi. Beləcə,
sənətə gəlməyin ilk yolunu balaca Tofiqə
valideynləri göstərdilər. Ancaq
Tofiq Tağızadə həmişə deyirmiş ki, onun
müəllimi həyatın özü olub. Həyat ona yaşamağı da,
əzab-əziyyətə qatlaşmağı da,
zəhməti sevməyi də öyrədib. İstər müharibə, istərsə də
sonrakı illərdə aldığı həyat
dərsləri sənətdə həmişə
köməyinə çatıb, ona doğru-düzgün yol
göstərib.
Kinoya həvəsi
də çox erkən yaranmışdı. Saatlarla
Çarli Çaplinin filmlərinə baxar, gözünü
ekrandan çəkməzdi. Təbii ki, o
vaxtlar onun nə reyissorluq sənəti, nə də
Kinematoqrafiya İnstitutu haqqında təsəvvürü
vardı. Nə vaxtsa Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunun reyissorluq
fakültəsinə daxil olacağını və
görkəmli kino ustalarının sinfində
oxuyacağını ağlına belə gətirmirdi.
Tofiq orta
məktəbi bitirəndən sonra sənət seçimini
valideynlərinin məsləhəti ilə edərək
Energetika Texnikumuna daxil oldu. Musiqi
məktəbində də oxudu. 1938-ci
ildə isə təhsilini Azərbaycan Neft və Kimya
İnstitutunun energetika fakültəsində davam etdirdi. Taleyini kino ilə bağlamasına isə daha
çox müharibə səbəb oldu.
Müharibə
başlayanda Tofiq də hamı kimi cəbhəyə
yollandı. 1942-ci ilin axırlarında
Müharibə
qurtarandan sonra Tofiq ən böyük arzusuna çataraq -
ÜİDKİ-nin tələbəsi oldu. Tələbəlik
illərində təhsillə yanaşı, həm də
institutun caz-bandında trubada çalırdı. İfa etdiyi melodiyalar müəllimləri
Eyzenşteyn, Romm və Kuleşevin xoşuna gəlirdi.
İnstituta daxil
olanda Tofiq əsgər şinelini, kitelini hələ də
əynindən çıxarmamışdı. Müharibənin
odlu-alovlu yollarında başına gələn
müsibətlər, gördüyü dəhşətli
səhnələr gözləri önündən
çəkilməmişdi. Cəbhədə
partlayan mərmilərin tükürpədici uğultusu
hələ də qulaqlarında səslənirdi.
Hər gün
instituta gəlib paltolarını asılqana verənlər
burada çoxlu əsgər şinelləri görərdilər. Dünən
məktəb partası arxasından qalxan uşaqlarla
paltarlarından hələ də barıt qoxusu gələn
cəbhəçilər yanaşı oturar, çox vaxt bu
uşaqlar Tofiqə və onun kimi
cəbhəçilərə "starik" - deyə
müraciət edərdilər.
T.Tağızadənin
təhsil aldığı qrupda sonralar istedadlı kinoreyissor
kimi tanınacaq həmyerlimiz Əydər İbrahimov,
eləcə də Vladimir Basov, Qriqori Çuxray və
başqaları oxuyurdu. İnstitutdakı
yaradıcılıq ab-havası tələbələri daha
yaxşı oxumağa və çalışmağa
ruhlandırırdı. Onlar çoxlu
mütaliə edir, müəllimlərinin
tapşırıqlarını həvəslə yerinə
yetirirdilər. Bu gənclərin əsas
məqsədi evə qayıdanda tam hazırlıqlı olmaq,
çəkəcəkləri filmlər üçün xalq
qarşısında xəcalətli qalmamaq idi.
İnstitutu
bitirdikdən sonra Tofiqi işləmək üçün
"Mosfilm" kinostudiyasına göndərdilər. Lakin
gənc reyissor Vətəninə qayıtmağı
üstün tutdu. Az müddət
Moskvada çalışdıqdan sonra tezliklə
Bakı
kinostudiyasına qayıtdı və ömrünün sonuna
kimi Vətənində çalışdı. "Uzaq sahillərdə"nin uğuru
Gənc
reyissor özünün ilk böyük filmini 1955-ci ildə
ekranlara çıxardı. Azərbaycan
və Özbəkistan pambıqçılarının
ənənəvi dostluğundan bəhs edən
"Görüş" filmi reyissorun ilk işi olsa da, bu
debüt çox uğurlu alındı. İlk
dəfə kinokomediya yanrına müraciət etməsi,
gənc reyissorun bu sahədə işləmək bacarığını
üzə çıxardı.
Üç il
sonra isə T.Tağızadəni bütün
ölkədə məşhurlaşdıran "Uzaq
sahillərdə" filmi nümayiş olundu. Ekranlara
çıxar-çıxmaz həm reyissora, həm də
aktyorlara böyük şöhrət gətirdi.
60-cı illərin
gəncliyindən ötrü "Uzaq sahillərdə"
filmi gerçəkdən çox böyük
hadisələrdən birinə çevrildi. Cavanları
qəhrəmanlığa, Vətəni qorumağa və
sevməyə çağıran bu sənət əsəri
1958-ci ildə ekranlara çıxandan sonra bütün
ölkəyə səs saldı. 1959-cu
ildə Kiyevdə Ümumittifaq kinofestivalında filmə diplom
verildi. Filmin bəstəkarı Q.Qarayev
isə ikinci mükafata layiq görüldü.
"Mən "Uzaq
sahillərdə" filmində çox böyük
zəhmət çəkmişdim" - deyə filmdə
əfsanəvi Mixaylo rolunu oynayan Nodar Şaşıqoğlu
xatırlayır:
- 56-57-ci illərdə
Azərbaycandan gəlib "Uzaq sahillərdə" filmi
üçün aktyorlar axtarırdılar. Mən
onda Taqanka Teatrında çalışırdım. Filmin ikinci reyissoru Rəşid müəllim məni
baş rola dəvət etdi. Tofiq
Tağızadə bəyəndi və təsdiqlədilər.
Beləliklə, ilk dəfə olaraq
Azərbaycana gəldim. Film olmasaydı,
yəqin ki, heç vaxt Azərbaycanla əlaqəm
olmayacaqdı. Bu film bir neçə
nəsli tərbiyə edib. Elə indi
də. Filmə bu yaxınlarda baxdım
və gördüm ki, doğrudan da gözəl kinodur. Özümü tərifləmirəm, cavan bir
oğlanın ağır rolu peşəkarcasına necə
oynadığına təəccübləndim. Heç şübhəsiz, bu uğurda Tofiq
Tağızadənin rolu böyük idi. Mehdinin
obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli
insanlarıq. Amma mən Mehdi ola
bilməzdim. Düzdür, hardasa mövcud
şəraitdə özümü oynayırdım.
Reyissorla məsləhətləşib Mehdinin obrazını
şərti olaraq üç hissəyə
bölmüşdük: Mixaylo
kəşfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında
keçirildi. "Vətən"də
göstəriləndə bilet almaq istəyənlərin
növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar
üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını
qaldırıb apardı. İnanırsınız,
sonralar da Daşkəndə nə vaxt gedirdimsə,
tamaşalarda adam əlindən yer olmurdu. Çox çətin idi.
Tofiq
müəllimlə ilk işimizin uğuru sonrakı
əməkdaşlığımıza da körpü
saldı. Hələ tələbəlik
illərində T.Tağızadə fransız
yazıçısı Prosper Merimenin "Mateo Falkone"
əsərini ekrana çıxarmaq istəyirdi.
Vaxtilə biz əsl dost haqqında film çəkəndə
Tofiq Tağızadə Merimenin bu əsərinə
vurulmuşdu. Qərara gəldik ki, "Əsl dost"
filmində qənaət edib onun hesabına bu filmi çəkək.
Biz bu filmə pulsuz, qonorarsız
çəkildik. Filmdə Ceyhun
Mirzəyevlə birgə çəkilmişəm. Heyif ki, T.Tağızadə çox əziyyət
çəkdiyi bu filmini nə görə bildi, nə də
qiymətini aldı.
Təsadüfi olmayan
yolçu
T.Tağızadə
kino çəkməyə təzə başladığı
vaxtlarda həmişə bu sənətdə təsadüfi
olmasından qorxurmuş. "Təsadüfi
adamların film çəkməsi təhlükəlidir.
Çünki onların "əsərləri"
sənətdən uzaq olduğu üçün
tamaşaçıların illərdən bəri
formalaşmış yüksək zövqlərini korlaya
bilər. Bu, çox qorxulu haldır və
bunun qarşısı alınmalıdır" - deyirdi.
Ancaq onun filmoqrafiyasında yer alan və Azərbaycan kinosuna
uğur gətirən "Əmək və qızılgül",
"Arşın mal alan", "Mən ki gözəl
deyildim", "Yeddi oğul istərəm", "Evin
kişisi" bədii filmləri reyissorun bu sənətdə
təsadüfi adam olmadığını sübut etdi.
Reyissorun
"Mən ki gözəl deyildim" filmi müharibə
mövzusunda çəkilən ən yaxşı ekran
əsərləri sırasına daxil oldu. Filmin
mərkəzində atası cəbhədə həlak
olmuş Səidə adlı gənc qızın taleyi dururdu.
Film 1969-cu ildə Kiyevdə Zaqafqaziya və
Ukrayna Respublikalarının III zona kinofestivalında mükafat
qazandı. Aktrisa Xuraman Qasımova "Qadın rolunun
ən yaxşı ifası"na
görə diploma layiq görüldü.
Filmləri haqqında
söz düşəndə T.Tağızadə belə
deyirmiş: "İndiyədək 15 film
çəkmişəm. Hamısı da
müxtəlif mövzuda, müxtəlif planda, müxtəlif
xarakterdə. Bəzən mənə
elə gəlir ki, hələ də öz mövzumu tapa
bilməmişəm. Ancaq onu deyə bilərəm ki,
sənətkar hansı mövzuya əl atırsa
atsın, o mövzu onu
cəlb edib düşündürməli, mühüm problem
qaldırmalı, xalqın nəbzini tutmalı, müasir
tələblərə cavab verməlidir... Kinoda
reyissorun vəzifəsi bundan ibarətdir. Axı,
reyissor filmin əsas ağırlığını öz
üzərinə götürür".
Reyissora uğur gətirən, adını kino
tariximizdə əbədiləşdirən filmləri
sırasında heç şübhəsiz, "Yeddi oğul
istərəm" mühüm yer tutur. Bu gün də
sevə-sevə baxılan film təkcə reyissoruna deyil,
bütün qəhrəmanlarına olmazın
şöhrət gətirdi. Reyissorun bir neçə
filmində çəkilən Həsən Məmmədov
həmişə deyərmiş: "Tofiq Tağızadə
kamil sənətkar idi. Onun gözü sərraf gözü
idi, güclü intuisiyası vardı. Yəni film
üçün aktyor seçəndə çox nadir hallarda
yanılırdı. Kinoda belə bir fikir var: rollara
düzgün seçilmiş aktyor ansamblı filmin
müvəffəqiyyətinin yarısı deməkdir. Bu,
həqiqətən də belədir. İnanırsan ki,
çəkdiyin əmək hədər getməyəcək.
Tofiq Tağızadə rollara elə aktyorlar axtarıb
tapırdı ki, sanki bu rol elə əvvəlcədən
həmin aktyorun boynuna biçilibmiş. "Yeddi oğul
istərəm" filmindəki yeddi oğulun hamısı
aktyor seçimi baxımından çox uğurlu
alınmışdı".
T.Tağızadə təkcə filmlər
çəkmirdi. Uzun illər Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi
işləyən reyissorun respublikamızda kino işinin
təşkilində və milli kino kadrlarının
hazırlanmasında böyük xidmətləri olub. O,
Azərbaycan SSR Ali Sovetinin deputatı kimi üzərinə
düşən vəzifəni layiqincə yerinə
yetirməklə bərabər, ölkənin ictimai-siyasi
həyatında da fəal iştirak edib.
Kaspi.-
2008.- 8 fevral.- S. 16.