"NTV-Kino" şirkəti Pirəküşküldə film
çəkib
Aleksandr Çernyayev:
"Azərbaycanlı aktyorlarla işləməkdən
zövq aldım"
"Rejissor
debütüm sayılan "Russkiy perevod" filminin bəzi
səhnələrinin çəkilişi üçün
Azərbaycanı seçməyimin bir neçə
səbəbi var".
"NTV-Kino" şirkətinin
baş direktoru Aleksandr Çernyayev filmdə əsas hadisələrin
Yəməndə, qismən də Livanda baş verdiyini
bildirib: "Çəkilişlər Pirəküşkül
poliqonunda aparılıb və buranın landşaftı
hadisələrin baş verdiyi yerə ideal
dərəcədə uyğun gəlirdi. İkincisi, film
Yəmən Respublikasında vətəndaş
müharibəsi dövründə baş verən
hadisələrdən bəhs edir və
çəkilişlər üçün çoxlu sayda
hərbi texnika və xüsusi obyektlər tələb olunurdu.
Azərbaycanda bütün bunları bizim üçün
təşkil edə bilərdilər. Ən əsası
isə seçimimizdə əməkdaşlıq etdiyimiz
insanlar böyük rol oynadı, buna görə onlara
çoxlu təşəkkür edirəm. Onların
köməyi olmadan bu cür miqyaslı film çəkmək
mümkün olmazdı". Aleksandr Çernyayev filmdə rol
alan azərbaycanlı aktyorlar Fuad Poladov, Fuad Osmanov, Firdovsi
Atakişiyev və başqalarının peşəkarlığını
yüksək qiymətləndirib: "Onların işini
çox yüksək qiymətləndirirəm. Bunlar
hələ köhnə məktəbin
nümayəndələridir. Onlarla birgə
işləməkdən zövq aldım". Aleksandr
Çernyayev Azərbaycanla bağlı ən xoş
təəssüratlarının olduğunu deyib: "Dediyim
kimi, bizi çox yaxşı qarşıladılar,
çəkiliş prosesinin
təşkilatçılığı çox yüksək
səviyyədə həyata keçirildi. Bakı və burada
yaşayan insanların qonaqpərvərliyi çox xoşuma
gəldi. Təbii ki, Azərbaycanın gözəl
mətbəxini də yaddan çıxarmaq olmaz". O, yeni
layihələr olacağı təqdirdə yenidən
Azərbaycana gələ biləcəyini söyləyib.
Aleksandr Çernyayev martın 6-da "Vse moqut koroli"
tammetrajlı filminin ekranlarda nümayiş
olunacağını deyib: "Bu lirik komediya
məhəbbət və insan dəyərləri haqqındadır.
Biz bu janrı "yüngül
kino" adlandırırıq.
Yeri gəlmişkən, filmdə əsas rollardan birini Jerar Depardye canlandırır. Yəni, biz artıq Avropanın kino ulduzları ilə işləməyə
başlamışıq. Təbii ki,
Hollivudla bağlı bəzi planlarımız var,
amma hələlik bu layihə tam hazır olmadığına görə,
əvvəlcədən bir
şey söyləyə
bilmərəm".
Səs.- 2008.- 21 fevral.- S. 16.