Rafiqqızı N.

 

“Ögey ana”nın İsmayılı...

 

Onu hər kəs tanıyırdı

 

Ceyhun Mirzəyevi deyirəm. Çoxları onu "İsmayıl" deyə çağırırdı. Biri "Ögey ana"da, o birisi "Fəryad"da.

Ceyhun Mirzəyevin daxilində yanan günəş əbədi sənət günəşi idi. Ölüm adlı qara zülmət gözlərinə əbədi pərdə çəkəndə də o, işığa, səadətə, insana inamını itirməmiş, yer üzündə nə vaxtsa haqqın, ədalətin qələbə çalacağına inanaraq gözlərini yummuşdu.

O, Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmışdı. Ayağı yer tutandan ata nəfəsinə, həsrət qalmışdı. Əmisi Seymur uzun müddət Rusiyada tanınmış teatrlardan birinə rəhbərlik etmişdi. Ən yaxın dostlarına ürəyini açar, dərdini onlarla paylaşardı. "Heç bir maddi imkanı olmayan anamla Bakıya üz tutduq. Qohumlarım imdadımıza yetdilər. Ev şəraitimiz acınacaqlı olsa da, birtəhər dözürdük. Qurban əmi (tarzən Qurban Pirimov) köməyini əsirgəmirdi. O, bizə gələrdi, anama həmişə təskinlik verərdi. Mənim saçıma tumar çəkər, sən nəslinin adına layiq yaşamalısan - deyərdi. O zamanın tanınmış sənətkarı Sara Qədimovadan ikinci ana nəvazişi gördüm".

...İllər ötüb keçir, Ceyhun böyüyürdü. Orta məktəbin V sinif şagirdi idi. Bir gün dərsdən çıxanda nurani bir kişi onu yanına çağırdı. Ceyhun əvvəlcə tərəddüd etdi. Həmin insan xoş nəvazişlə, qayğılı baxışlarla ona yaxınlaşdı: "Oğlum, neçə müddətdir sənin hərəkətlərini izləyir, saatlarla səni kənardan seyr edirəm. İstəyirəm səni "Ögey ana" filmində İsmayıl roluna çəkim" - dedi.

Mərhum rejissor Həbib İsmayılov yanılmamışdı. 9 yaşlı İsmayılın şıltaq, diribaş, qaynar obrazını yaradan Ceyhun Mirzəyev Azərbaycan kinosunda şedevr yaratdı. O, özünü oynayırdı. "Ögey ana" ekranlara çıxanda, hətta, yaşlı aktyorlar belə bu balaca İsmayılın yaradıcısına qibtə edirdi. Ceyhun İsmayılı sevərək yaratmışdı. Düşünürəm ki, "Ögey ana"nın Ceyhunu. Azərbaycan kinosunda ən uğurlu, düzgün aktyor seçimlərindəndir.

Ceyhunun daha bir uğuru. Görkəmli rejissor Tofiq Tağızadə 1961-ci ildə Ceyhuna "Mateo Falkone" qısametrajlı filmində baş rolu həvalə etdi. Bu film fransız yazıçısı Prosper Merimenin eyni adlı hekayəsi əsasında ekranlaşdırılmışdı. Vətənpərvərlik motivləri ilə zəngin olan əsərin əsas obrazı Ceyhuna həvalə edilmişdir. 1970-ci ildə H.Seyidzadə onu “Yenilməz batalyon”da Teymur, "Dəli Kür" də Osman rollarına çəkdi. Ceyhunun ürəyində rejissorluq arzusu da boy atırdı. İncəsənət institutunda rejissorluq təhsili aldı. O, addım-addım böyük kinoya yaxınlaşırdı. Artıq onu tanıyırdılar.

Moskvada ikinci dəfə ali təhsil aldı. Ona təklif olundu ki, orada qalsın. Lakin Ceyhun, bütün gələcək sənət karyerasından imtina edib, vətəninə qayıtdı. Təəssüf ki, zəhməti layiqincə qiymətləndirilmədi. Fəaliyyəti ondan qat-qat zəif olanlar, ondan sonra sənətə gələnlər müxtəlif fəxri adlara layiq görüldülər. Lakin Ceyhun, nədənsə, yada düşmədi. Ömrünün sonlarına qədər heç kəsdən heç nə ummadı.

C.Mirzəyev "Azərbaycanfilm" kinostudiyasında müxtəlif işlərdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, rejissor kimi də filmlər çəkib.

Mərhum rejissor Teymur Bəkirzadənin "İşgüzar səfər" filmi çıxarılanda ekranlarımıza Geyhun artıq "Mozalan" satirik kinojurnalının bədii rəhbəri idi. Neçə-neçə "Mozalan" kinojurnalına quruluş vermişdi.

Kinorejissor Vaqif Mustafayev Ceyhunu - "Yaramaz"da çəkmişdi. Burada qəhrəman tədbirli, sakit və mülayim insandır. "Bəyin oğurlanması" filmi nə elə Vaqif Mustafayevlə birgə quruluş vermişdi.

O, yarımçıq işi xoşlamazdı. Lakin  "Fəryad"ı  yarımçıq qaldı. "Fəryad" Qarabağ müharibəsi ilə bağlı ən qiymətli filmlərdəndir.

 Filmin çəkiliş müddətində özünü pis hiss edən Ceyhun çox ağrılar yaşamışdı.  Əsir düşmüş azərbaycanlıların ümumiləşmiş obrazını yaradan Ceyhun Mirzəyev özü bu filmi görə bilmədi. Amansız ölüm buna imkan vermədi.

İnsanları sevən, onların sevincinə ürəkdən qoşulub, ağır kədər yükünə çiyin verən , kövrək qəlbli, insanların yaxşılığını, qələbəsini, uğurunu görəndə gözlərində şəfəqlər sayrışan Ceyhun Mirzəyev daim onu sevənlərin qəlbində yaşayacaq.

 

Mədəniyyət.- 2008.- 15 fevral.- S. 4.