Babayeva T.

 

 Mədəniyyətimizin üç qitədə təbliği

Tariyel Məmmədov: Məqsədimiz dünyanı Azərbaycan musiqi sənətinin ən yüksək nailiyyətləri ilə tanış etməkdir"


Azərbaycanda ilk və yeganə professional musiqi jurnalı olan "Musiqi dünyası" artıq fəaliyyətinin səkkizinci ildönümünü qeyd edir. Sözügedən jurnal elə ilk gündən ölkəmizin görkəmli mədəniyyət və elm xadimlərini öz ətrafında cəmləşdirib, bir növ, musiqimizin tribunasına çevrilib.
Nəşr olunduğu dövrdə "Netty" milli internet müsabiqəsinin qalibi olub, "İntellekt-2005", "AWARD-Azərbaycan-2005", "Veb-master-2004" mükafatlarına layiq görülüb. Jurnalın müəllifi olduğu "Üzeyir Hacıbəyov" saytı isə Rusiyanın "Qızıl saytlar" müsabiqəsində Azərbaycanı təmsil etmiş yeganə elektron nəşr olub. "Musiqi dünyası"nın baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovla söhbətimizə milli musiqimizin təbliğində əhəmiyyətli yer tutan jurnalın yaranma tarixçəsilə başladıq.
- Vaxtilə Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Bakı Musiqi Akademiyası ilə birgə bu jurnalın yaradılması ilə bağlı qızğın müzakirələr olmuşdu. Məhz bu müzakirələr, irəli sürülən təkliflər, jurnalın bu günü və sabahına dair səslənən fikirlər onun təşkili, formalaşması və ideoloji istiqamət seçimində bizə çox köməklik göstərdi. Onu da deyim ki, ABİ sədri Tofiq Quliyev jurnalın açılmasını ürəkdən dəstəkləyirdi. Yeri gəlmişkən, deməliyəm ki, jurnalın adını da ABİ-nın 1-ci katibi Vasif Adıgözəlov təklif etmişdi. Təəssüflər olsun ki, bunlar bu gün tarixə çevrilib. Lakin biz onların xatirəsini həmişə anırıq.
- Jurnal qarşısına qoyduğu məqsədlərə nail ola bildimi?
- Birincisi, qeyd etmək lazımdır ki, bu jurnal "Azərbaycan musiqisi - III minilliyə" adlanan böyük bir layihənin tərkib hissəsi olub, onun həyata keçirilməsi yolunda atılan əhəmiyyətli addımdır. Jurnalımızın məramnaməsinə daxil olan başlıca məsələlərdən biri - Azərbaycan musiqi mədəniyyətini, yəni xalq musiqisindən tutmuş, ifaçılıq və bəstəkarlıq yaradıcılığına qədər bütün dəyərli irsimizi qorumaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Eyni zamanda, musiqişünaslığın aktual problemlərinin önə çəkilməsi, müasir musiqi təhsili ilə bağlı məsələlərə diqqət yetirilməsi, humanitar sahədə çalışan alimlərin bir məqsəd uğrunda səylərinin birləşdirilməsi, təkcə Azərbaycanın musiqi həyatının yox, dünyada ən əsas musiqi hadisələrinin işıqlandırılması "Musiqi dünyası"nın məqsədidir. Bütün bunları həyata keçirmək üçün biz var- qüvvəmizi əsirgəmirik. Qeyd etməliyəm ki, Azərbaycan musiqi sənətinin və elminin görkəmli nümayəndələri - alimlər, bəstəkarlar, ifaçılar, mədəniyyət və incəsənət xadimləri bu gün jurnalımızla əməkdaşlıq edir. Eyni zamanda, jurnalımızın səhifələrində gənc müəlliflərin yazıları da öz əksini tapır.
- Bəs, jurnalınızın xarici ölkələrlə əməkdaşlıq istiqamətində apardığı işlər barəsində nə deyə bilərsiniz?
- "Musiqi dünyası" yaradılarkən qarşımıza qoyduğumuz məqsədlərdən biri də o idi ki, jurnalın beynəlxalq statusu olmalıdır. Jurnal hökmən beynəlxalq aləmdə nüfuz qazanmış məşhur musiqi jurnallarıyla birgə Azərbaycanda öncül musiqi fikirlərinin aparıcısı və yayımlayıcısı olmalı və bütün dünyanı Azərbaycan musiqi sənətinin ən yüksək nailiyyətlərilə tanış etməlidir. Əgər sovet dövründə bütün SSRİ üzrə musiqi jurnalları "Sovetskaya muzıka", "Muzıkalnaya jizn" yalnız Moskvada çap olunurdusa, hazırda keçmiş Sovet respublikaları arasında yalnız Rusiyada "Muzıkalnaya akademiya" jurnalı və Azərbaycanda "Musiqi dünyası" jurnalı mövcuddur. Biz bütün dünyanın ən məşhur musiqişünaslarının yazılarını çap etmək məqsədini qarşımıza qoymuşuq ki, bu da öz uğurlu həllini tapır. Jurnalın "Bizə yazırlar", "Musiqişünaslığın aktual problemləri" rubrikalarında dünya musiqi elminə böyük töhfələr vermiş alimlərin - Aranovski, Xolopov, Xolopova, Meduşevski, Nazaykinski və başqalarının məqalələrini çap edirik ki, gənc musiqişünaslar müasir musiqi elminin nailiyyətlərindən bəhrələnə, sağlam tənqidi ruhda fikir söyləyə bilsinlər. Bu gün "Musiqi dünyası" jurnalı təkcə Azərbaycanda deyil, həmçinin onun hüdudlarından kənarda da böyük populyarlıq qazanıb. Rusiya, Amerika, İngiltərə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Almaniya və başqa yaxın-uzaq xarici ölkələrdə jurnalımızla maraqlanır və onu oxuyurlar. Eyni zamanda, bu ölkələrdən olan müəlliflər jurnalımızla əməkdaşlıq edir, onların bizim üçün çox maraqlı olan elmi məqalələri "Musiqi dünyası"nın səhifələrində çap olunur ki, bu da bizi çox sevindirir. Eyni zamanda, biz özümüz də beynəlxalq konfransların təşkilində və keçirilməsində iştirak edirik.
- "Musiqi dünyası"nın həm də İnternet versiyası işıq üzü görür. Bundan başqa, sizin maraqdoğuran çoxsaylı elektron nəşrləriniz var...
- Elədir. "Musiqi dünyası" elektron nəşrlər mərkəzi kimi də fəaliyyət göstərərək, 21-ə yaxın müxtəlif janrlı İnternet saytının, 6 adda multimedia elektron məhsulun və bir sıra layihələrin müəllifidir. "Musiqi dünyası"nın yaradıcı qrupu 2000-ci ildə ölkədə ilk dəfə olaraq, Azərbaycan bəstəkarlarının və musiqişünaslarının on-line kataloqunu hazırlayıb. Bu o deməkdir ki, dünyanın istənilən yerində insanlar İnternet vasitəsilə Azərbaycan Bəstəkarlar İttifaqının hər bir üzvü haqqında məlumat əldə edə bilər. Bundan başqa, "Musiqi dünyası" milli musiqi irsinin qorunması sahəsində bir sıra layihələrin həyata keçirilməsində iştirak edir. Ən böyük layihələrdən biri - Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müəllifi və rəhbəri olduğu "Qarabağ xanəndələri" layihəsini qeyd etməliyəm. "Musiqi dünyası"nın koordinatorluğu ilə hazırlanan bu böyük layihə Qarabağ muğam məktəbinin müxtəlif nəsillərə aid 24 görkəmli nümayəndəsinin CD disklərini, nəfis tərtib olunmuş fotoalbomu və dörd dildə məlumat kitabçasını özündə birləşdirir. Daha bir böyük layihəmiz Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilib. Arxiv fondlarından XX əsrin əvvəllərində istehsal olunmuş, görkəmli Azərbaycan xanəndələrinin səsi yazılmış 450 qrammofon valı bərpa edilərək, CD disklərə köçürülüb, Dövlət Səsyazıları Arxivinə, Dövlət Musiqi Mədəniyyəti Muzeyinə, Üzeyir Hacıbəyovun Ev Muzeyinə paylanıb. Həmin səsyazıları "Azərbaycan diskoqrafiyası" saytına da daxil edilib. İndi həm musiqi ictimaiyyəti, həm şəhərimizə gələn xarici qonaqlar, həm də dünyanın istənilən nöqtəsində internet istifadəçiləri Azərbaycan xanəndələrinin səsini dinləmək imkanına malikdir. Daha bir necə layihəmizi də qeyd etmək istərdim. Onlardan biri "Azərbaycan ənənəvi musiqisi atlası"dır. Bu layihənin məqsədi multimedia məhsulu formasında Azərbaycanın ənənəvi musiqisinin sistemləşdirilmiş şəkildə məlumat bazasının yaradılmasından ibarətdir. Burada Azərbaycanda yaşayan bütün xalqların musiqi folklorunun forma və janrları, ifaçılıq mədəniyyəti, xalq musiqi alətləri və s. əhatə olunub. Bu cür kompleks tədqiqat müasir etnomusiqişünaslığın və audio vizual antropologiyanın yeni bir istiqamətdir. Təsadüfi deyil ki, bu sayt Mədəniyyət və Turizm Nazirliyi, UNESKO, Azərbaycan Açıq Cəmiyyət İnstitutu tərəfindən dəstəklənib. Onu da qeyd edim ki, "Azərbaycanın ənənəvi musiqisi atlası" "Kommunikasiyalı Elm və Təhsil üzrə ən yaxşı kitab" beynəlxalq müsabiqəsində Azərbaycandan yeganə təmsilçi kimi iştirak edir. Digər əhəmiyyətli layihə "Azərbaycan tarixinin canlı səsləri" internet saytının yaradılmasıdır. Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə XX əsrdə yaşamış Azərbaycanın 100-ə yaxın görkəmli şəxsiyyətinin - dövlət xadimlərinin, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin, əmək və müharibə qəhrəmanlarının səslərini əhatə edir. Burada 600 saatlıq lent yazısı toplanıb. Diqqətəlayiq faktdır ki, "Musiqi dünyası" Azərbaycan musiqi mədəniyyətində müasir internet kompüter texnologiyalarının işlənilməsi sahəsində liderə çevrilib. Mövcud olduğu bu illər ərzində jurnalımız milli musiqi elminə "Üzeyir Hacıbəyov" elektron ensiklopediyası, "Azərbaycan xalq musiqisinin əsasları" elektron kitabı, "Musiqiçinin elektron kitabxanası" saytı kimi töhfələr verib. Xüsusilə, "Üzeyir Hacıbəyov" elektron dərs vəsaitini qeyd etmək istərdim. Belə ki, musiqi təhsili sistemində ilk dəfə olaraq yaradılan bu dərs vəsaitində materialın audio-vizual təqdim olunması ilə yanaşı, test sistemi ilə biliklərin yoxlanılması da öz yerini tapıb.
- "Musiqi dünyası"nın yaradıcıları həm də bir neçə görkəmli bəstəkarlarımızın saytlarını hazırlayıb. Bu yöndə işlərinizi davam etdirəcəksinizmi?
- Hazırladığımız internet layihələrin sırasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin həyat və yaradıcılığı ilə bağlı saytlar var. Hazırda Əfrasiyab Bədəlbəyliyə, Tofiq Quliyevə həsr olunmuş saytlar üzərində iş gedir. Əlbəttə ki, hörmətli Prezidentimizin sərəncamına əsaslanaraq, biz bütün bəstəkarlarımızın ayrıca belə saytlarının olmasını istərdik. Amma işimizi daha da genişləndirmək üçün əsaslı maddi vəsaitin olması vacibdir və ona görə də Bəstəkarlar İttifaqı da bu işdə maraqlı olmalıdır. Hazırda isə biz elektron musiqili lüğətin yaradılması üzərində işləyirik. Burada da hər bir termin multimedia formatında izah olunur. Yeri gəlmişkən, "Musiqi lüğətini" sentyabrın 17-də Üzeyir Musiqi Günündə təqdim edəcəyik və mən sizin hamınızı bura dəvət edirəm.
- Tariyel müəllim, jurnalınız açıq satışa buraxılmır. Belə olan halda, jurnalın nəşrində problemlər yaranmır ki?
- "Musiqi dünyası" heç bir kommersiya məqsədi daşımayan, reklam yerləşdirməyən elmi nəşrdir. Təbii ki, bu da maddi cəhətdən özünü büruzə verir. Jurnalın çapı əsasən müəlliflərin ödənişləri və demək olar ki, redaksiyanın əməkdaşlarının entuziazmı sayəsində başa gəlir. Vəsaitimiz az olduğuna görə jurnalın çap tirajı 200 nüsxədən ibarətdir. Halbuki, internetdə onun oxucularının sayı dünya üzrə 42 min nəfərə çatıb. Amma bizim bəstəkar və musiqişünaslarımızın əksəriyyəti heç bu jurnalın abunəçisi deyil. Aydındır ki, çoxunun maddi imkanı yoxdur. Amma hər bir bəstəkar və musiqişünas istəyir ki, onun yaradıcılığı jurnalın səhifələrində işıqlandırılsın. İllik abunə haqqı 40 manat, məncə, o qədər də böyük məbləğ deyil. Hətta Bəstəkarlar İttifaqının bölgə təşkilatları da jurnala abunə yazılmayıblar. Hərçənd, biz hər zaman çalışırıq ki, jurnalımızın səhifələrində rayonların da mədəni həyatında baş verən hadisələr öz əksini tapsın. Bu mənada, əlbəttə ki, Bəstəkarlar İttifaqının, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə jurnalın yayımını fəallaşdırmaq vacibdır. Qeyd etmək lazımdır ki, "Musiqi dünyası" müstəqil fəaliyyət göstərir. Bununla belə, biz ilk növbədə jurnalın təsisçiləri kimi Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edirik. Onu da deyim ki, məhz BMA "Musiqi Dünyası" jurnalının redaksiyası üçün 3 otaq ayırıb. Buna görə biz Fərhad Bədəlbəyliyə öz minnətdarlığımızı bildiririk. ABİ tərəfindən isə jurnalın redaktorunun məvacibi ödənilir. Buna görə də "çox sağ ol" deyirik. Biz istərdik ki, Bəstəkarlar İttifaqı ilə də işgüzar münasibətlərimiz daha fəal olsun. Qeyd etmək istəyirəm ki, biz hamımız ümumi bir məqsəd naminə çalışırıq və bütün işlərimiz Azərbaycan musiqi mədəniyyətinin yüksəlişinə yönəldilib

 

Xəzər.- 2008.- 9 fevral.- S. 18.