Bünyadov T.

Həqiqətmi, möcüzəmi, nağılmı...

 

Musiqi can verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən.
Xəyalı oxşayan hər təranəsi,
Bir şair qəlbidir, bir canan səsi.
Hər incə pərdənin öz aləmi var,
Bəzən nəşəsi var, bəzən qəmi var.
Musiqi daşları gətirir dilə,
Ram olur səsinə vəhşilər belə.

Səməd Vurğun

Ah nə gözəl qəlbi oxşayan, ruhu titrədən, heyrətləndirən Vurğun misraları.
Ecazi musiqi bizləri sirrinə-sehrinə salan, qanadlandıran, pərvazlandıran, pərvazxəyal edən möcüzəli aləm...
Sazlı, sözlü, min bir avazlı xalqımızın musiqi dünyasının bir sıra xalqlara örnək olması zaman-zaman etiraf edilmiş və yüksək qiymətləndirilmişdir. Hələ XIX əsrin ortalarında rus alimi, qafqazşünas İ.Şopen yazırdı: "Azərbaycanlılar oxumaq və instrumental ifada qonşularının müəllimi sayılırlar". XX əsrin dünya şöhrətli bəstəkarı Dmitri Şostakoviç bildirirdi: "Fövqəladə dərəcədə zəngin və orijinal olan Azərbaycan xalqının musiqi yaradıcılığı və ifaçılıq sənəti öz kökləri etibarilə uzaq əsrlərdən başlayır". Dahilik, dühalıq zirvəsinə ucalan Üzeyir bəyin təbirincə: "Qafqaz millətləri içərisində musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələr, yalnız özlərinin içində deyil, bəlkə ümumi Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqiçilərdir"...
Artıq keçən əsrin sonlarından etibarən muğam sənətində hardasa bir durğunluq, geriləmə, biganəlik halları açıq-aşkar özünü göstərməyə başladı. Xalqımıza, xalq musiqisinə yad olan zövqsüz, bayağı, şit, mənasız, məzmunsuz mahnılar meydan aldı. Yarıaçıq, yarıörtülü "müğənnilər" səhnələrə, el şənliklərinə və toy məclislərinə hakim kəsildilər. Süzdülər, sındırdılar, səkdilər, əzələlərini oynatdılar. Gəl məni gör, dərdimdən öl, - hünərini yaşadılar, qarşısı alınmaz oldular.
Bu axına, gözlənilməz hala qarşı həyəcan təbili çalınmağa başlandı. Sənətkarlar, ziyalılar, muğamsevərlər mətbuatda ara-sıra öz sözlərini dedilər, ürək yanğısı ilə muğamlarımızdan, xalq mahnılarımızdan, bənzərsiz bəstəkar mahnılarından söhbət açdılar. Mən dözümə, inama səslədim, "Şeyda bülbül, fəğan etmə, qəm yemə. Bu gün-sabah gül açılar, yaz olar"ı xatırlatdım, "Yaman günün ömrü az olar"ı yada saldım, onlara inamla ümid verdim: qardaşlar, dünya belə getməz, hökmü yenilməz, sarsılmaz bir qüvvə yeriyər, yetər dadımıza, fəryadımıza çatar, əlac açar...
Çox keçmədi, vaxt gəldi, yetişdi. Muğam göylərində günəş doğdu, ay aylandı, ulduzlar sayrışdı, bir ayrı tamaşa qurdu. Muğamın taleyinə, heyrət dünyasına şam-çıraq tutan, işıq saçan, nur ələyən bir xanım böyük nigaranlıqla, həm də inam, iradə və əzmlə arzusunu, istəyini aləmə car elədi. Kök üstə köklənən, qəlbi muğam hikməti ilə döyünən xanım. Mənəvi dünyamızı qələbələrə, təntənələrə uğurlayan xanım. Büllurtək şəffaf, göz yaşıtək dupduru, tərtəmiz muğamlarımızı özümüzə qaytaran, axarına salan, qoruyan və inkişaf etdirən xanım. Bu ölməz sənəti dünyayla bir edən, dünyalandıran Mehriban xanım Əliyeva...
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yazır: "Gənc, müstəqil Azərbaycan qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə dayanır". Bu mənəvi mədəniyyətimizin tərkib hissəsi və aparıcı qollarından biri də, heç şübhəsiz, muğamlardı...
Gəlin etiraf edək ki, bu dəfəki muğam müsabiqəsinin təşkilində və uğurunda bir yenilik açıq-aşkardır, xalqımızın ürəyincədir. Muğam dünyamızın havadarı, hamisi Mehriban xanım Əliyevanın xüsusi göstərişi və tapşırığı ilə haqq-ədalət, düzlük, dürüstlük, duruluq naminə müsabiqənin seçimi, məsuliyyəti və taleyi böyük sənətkarlara, muğam məktəbinin daşıyıcılarına həvalə edilmiş və bildirilmişdi ki, düzgün seçim edin, oxudun, öyrədin. Yaxşılardan yaxşısını, istedadlılardan istedadlısını, nadirlərdən nadirini xalqa təqdim edin, milləti sevindirin, yaşadın muğam dünyamızı...
Muğam müsabiqəsinin şərtlərinə uyğun olaraq muğam biliciləri, tanınmış sənətkarlar Azərbaycanın bir sıra bölgələrinə, dilbər guşələrinə səfər etdilər. Məsuliyyət hissi, böyük həvəs, təmkin və iradə nümayiş etdirərək aradılar, axtardılar, iştirakçılara hərtərəfli diqqət yetirdilər, onları səbrlə dinlədilər, saydılar, seçdilər, nə az, nə çox - beş yüz gənc iştirakçıdan cəmi iyirmi nəfərini bir araya gətirərək üstünlük verdilər. İstedadlılarını, üz ağardanlarını müsabiqəyə təqdim etdilər.
Budur, gül balalar, bülbül balalar milli geyim dəstində, zər-ziba görkəmində sıralanır, sıraya düzülür, qatara düzülən durnalar kimi. Hər biri fikirli, düşüncəli, xəyallı, "necə olacaq" həyəcanında, intizarında. Zala müdhiş bir sakitlik çökür. Hamının gözləri səhnədə, qulaqları səsdə. AzTV-nin Musiqi Verilişləri Departamentinin rəisi, müsabiqənin baş icraçı təşkilatçısı Nadir Axundovdan, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, professor Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyevdən ibarət münsiflər heyəti qarşısında varlığı titrədən, könüllər oxşayan sazəndələr incə mətləblə, böyük zövqlə, bir ayrı ilhamla, inamla, həvəslə alətlərini sazlayır, kökləyirlər. Tarzən Sahib Paşayev könül həmdəmi tarını sinəsində dilləndirir, kamançaçı Toğrul Əsədullayev kamanını zilə çəkir, nağaraçı Soltan Əliyevin nağarası dil-dil ötür, ecazi musiqi sədaları müsabiqə iştirakçılarını "gəlin başlayağ"a səsləyir.
Bu və digər müsabiqə iştirakçısı səhnəyə dəvət alır. Bənzərsiz, təkrarsız muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız şaqraq, şahanə, qaltanlı, ipək, qaymaq səslərdə sel-sel olur sellənir, dil-dil olur dillənir. Sehrə düşür, tilsimlənir, qeyriləşirsən. Gah qanadlanır, pərvazlanırsan, gah da qanadı sınmış olur, yazıqlaşırsan. Oxuyan qızlarımızın ismət qızartısı pul-pul olur, yanır, oğlanlarımızın inam çöhrələri muğam səsinə qovuşur. Həqiqətli, əfsanəli, nağıllı bir aləmdə sehrlənirsən, haldan-hala düşürsən, ruhi qida alır, saflaşır, durulaşır, təzələnirsən..
Muğamlar, muğamlar! Allah vergisi, Tanrı payımız, ilahidən gələn qismətimizdi muğamlar. Varlığımız, saflığımız, saf duyğularımızdı muğamlar. Əzəli, əbədi, bitməz-tükənməz musiqi xəzinəmizdi muğamlar. Xalqımızın başucalığı, könül xoşluğudu, tariximizdi, taleyimizdi muğamlar. Qaynar bulaqdı, gur çeşmədi, yanar dağdı, dəryadı, ümmandı muğamlar. Səmavilik, ülvilik, ucalıq timsalıdı, zülmətə işıq saçan, nur paylayan günəşdi, aydı, ulduzlardı muğamlar. Mənəvi kamillik şöləmiz, təlim-tərbiyəmiz, gör-götür dünyamızdı muğamlar. Yığcamlıq, lakoniklik, dərin məzmunluq məbədidi, mənəvi zövqdü, rahatlıqdı, paklıqdı, saflıqdı muğamlar. Sevincdi, kədərdi, hicrandı, vüsaldı, sağalmaz yaralara, ruhi sarsıntılara tərkdünyalılığa təbibdi, məlhəmdi muğamlar. Düşünən, düşündürən fikir karvanımızdı, xəyaldı, röyadı, əfsanədi, nağıldı, həqiqətdi, heyranlıqdı, heyrət aləmidi muğamlar. Qaynar qanımız, hissimiz, həyəcanımız, doğmamız, əzizimiz, təmiz qəlbimizdi, anamız, anacanımız, laylamız, oxşamamız, beşik nəğməmiz, şirin lisanımızdı muğamlar, ilham pərimiz, şah əsərimizdi muğamlarE
Dahi Üzeyir bəy müğamlarımızın qəlblərə ruhi qida bəxş etməsini özünəməxsus tərzdə mənalandırır: "Rast" dinləyicidə mərdlik və gümrahlıq hissi, "Şur" - şən, lirik əhval - ruhiyyə, "Segah" - məhəbbət hissi, "Şüştər" - dərin kədər, "Cahargah" - həyəcan və ehtiras, "Bayatı-Şiraz" - qəmginlik, "Hümayun" isə "Şüştər"ə nisbətən daha dərin bir kədər hissi oyadır.
Özü gözəl, səsi gözəl, ifası şirin Güllü Muradovanı, möcüzə yaradan, İlahi göndəriş olan Elməddin İbrahimovu, digərlərini dinləyir, başqa bir aləmdə heyrətlənirəm: dayan, qələmim, mən muğamı dinləyirəm, sən də ey ürək, səs salma görək, mən muğamı dinləyirəm -
Gah alışır, gah yanıram,
Şirin candan usanıram.
Gah dünyamı itirirəm,
Gah da pənah gətirirəm.
Gah qəribə hal oluram,
Bir ayrı insan oluram.
Gah küsürəm, barışıram,
Gah dəlitək danışıram.
Gah sərt olur, sərtləşirəm,
Mərd oluram, mərdləşirəm.
Gah coşuram, çağlayıram,
Gah körpətək ağlayıram.
Gah dəryalarda üzürəm,
Gah səhralarda gəzirəm.
Gah ucalır Ay oluram,
Gah dartılmış yay oluram.
Gah buludtək doluxuram,
Gah lalətək soluxuram.
Gah yarpaqtək tökülürəm,
Kərpic-kərpic sökülürəm...
Muğamlar, muğamlar! Dinləmək istəyirəm - qulağım səsdə, könlüm həvəsdə. Gözəl balalar, oxuyun, cəh-cəh vurun, bülbülü susdurun, alışıb-yanan oduma su çiləyin. Sağalmaz yaralarıma məlhəm olun! Muğamlar, muğamlar!
Əzizlərim, mübarizə davam edir. Hələ qarşıda çox çətin sınaqlar, imtahanlar var. Çalışın, inamlanın, inadlanın. Uğurlar, qələbələr, təntənələr sizi gözləyir. Qalib olun. Biz də ürəkdən deyək: sizi Tanrı qorusun, bəd gözdən, bəd nəzərdən uzaq eləsin, surunuz yerisin, sizi verənə qurban!
Bu il yanvar ayının 15-də M.Maqomayev adına filarmoniyada təntənəli, həm də əzəmətli yekun məclisi quruldu. Məclisdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dərin məzmunlu, sevinc dolu, iftixar hissli təbriki alqışlarla qarşılandı. Gənc ifaçıların, böyük hünər sahiblərinin oxularında ecazi səslər qatara düzüldü, gah zildə, gah da bəmdə bir ayrı aləm yaratdı.
Gənclik eşqi, yüksək səhnə mədəniyyəti ilə seçilən Güllü Muradova, "bir balaca boyu, dam dolusu toyu" olan on iki yaşlı Elməddin İbrahimov səhnədə yenidən möcüzə yaratdılar. Haqlı olaraq bu iki gənc ifaçı birinci yerə layiq görüldülər. Öz səsləri , avazları ilə dərin ehtiram qazanan Etibar Hüseynov və Abgül Muradov ikinci yerdə sıralandılar. Rəvanə Ərəbova və Nasir Atapur üçüncü yerin sahibi oldular. Hamısına yüksək mükafatlar təqdim edildi. Gənc ifaçılar birlikdə böyük inam və qürur hissilə Azərbaycanımızın himnini oxudular. Alqış sədaları aləmə büründü. Nə böyük sevinc, nə böyük təntənə, ilahi!
Ən yüksək səviyyədə, böyük coşğunluqla M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində gənc ifaçılarımız öz səsləri ilə məclisin bəzəyinə çevrildilər. Respublikamızın Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevaınn iştirakı böyük ehtiramla qarşılandı. Hörmətli Prezidentimiz İlham Əliyevin gənc ifaçılarla səmimi, isti söhbəti hamının ürəyincə olduE
Bax beləcə dünya mədəniyyətinin incilərindən olan, xalqımızın musiqi dünyasının şah əsəri sayılan muğam müsabiqəsi sona çatdı, yekunlaşdı.
Xalqımızın tarixinin qızıl səhifələrində tarixləşdi, əbədiləşdi. Heç bilmədik necə gəldi, necə getdi bu aylar, həftələr, günlər, saatlar. Kimləri bilmirəm, mənim üçün muğam yarışı davam edir. Bütün çalarları, gözəllikləri, əsrarəngizlikləri ilə. Muğam mənim qanımdadı, canımdadı. Dar günlərimdə, qəmli çağlarımda, sevincimdə, sevgimdə onu təkrar-təkrar dinləyəcək, daha da durulaşacaq, saflaşacağam. Həyat eşqim, yaşamaq həvəsim, yaratmaq hünərimləE
İlahi! Üç aydan artıq zaman kəsiyində nələrin şahidi olmadıq?!.
Həyəcanla, intizarla, nigaranlıqla hər həftənin ikinci, dördüncü günlərini gözləyir, möcüzələr, nağıllar aləminə qovuşurduq. Xəyallar, röyalar aləmində səhəri diri gözlü açırdıq. Nə gecəmiz, nə gündüzümüz - yalnız muğamlar, muğamlar. Xalq arasında ifaçılar, çalğıçılar, münsiflər heyəti haqqında geniş müzakirələr, şirin söhbətlər yerə-göyə sığmır, dünyaya meydan oxuyurdu. Hamı bir ağızdan, canı dildən bu möcüzəni alqışlayır, qürur hissi keçirir, fərəhlənirdi.
Mehriban xanımın təbirincə desək: "Xalqımızın milli mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətimizin qorunub saxlanması, tədqiqi, öyrənilməsi, dünyada tanınması, gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətdə böyük razılıq hissilə qarşılanır, nüfuzlu beynəlxalq təşkilatlarda, dünyanın bir sıra ölkələrində çox böyük maraq doğurur". Budur muğam dünyamıza hörmət və ehtiram! Budur yurdumuzun muğam beşiklərindən, həm də birincilərdən olmasının təsdiqi və təntənəsi!
Dünya valeh oldu muğam dünyamıza. Beynəlxalq aləmdə sazlı, sözlü, min bir avazlı xalq olduğumuz bir daha təsdiqləndi, ona başucalığı gətirdi. Böyük uğurlar, cahanşümul qələbələr, təntənələr qazanan muğamlarımız, dünyamızın səsi, sədası aləmə yayıldı. Bu şadlıq, sevinc, qələbə təkcə muğam sənətimizin deyil, musiqi mədəniyyətimizin bayramıdı. Mənəvi dünyamızın, xalqımızın bayramı, cahanın bayramıdı. Heç vaxt unudulmayacaq, yaddaşlarda qalacaq.
Aydın həqiqətdir ki, maraqlı, məzmunlu, məqsədli keçən bu muğam müsabiqəsindən gənc ifaçılar çox şey öyrənəcəklər, daha da püxtələşəcəklər, kamilləşəcəklər. Musiqimizə yeni nəfəs, yeni həvəs gəldi. Şübhəsiz, bu da bir ibrət dərsi, təlim-tərbiyə məktəbi, gör-götür dünyasıdır. Bu kökdən köklənənlər tezliklə muğam dünyamızın üfüq dairəsini daha da genişləndirəcək, onların əməlləri, arzuları beynəlxalq məzmun kəsb edəcək.
Xatırladaq ki, Bakının dənizkənarı seyrancahının gözəgəlimli, gül-çiçək gülüstanına qərq olan yerində "Beynəlxalq Muğam Mərkəzi" tikilir. Mehriban xanım Əliyevanın inamlı təşəbbüsü və arzusu ilə ucaldılan əzəmət heykəli...
Qoy dünya muğamsevərləri "Beynəlxalq Muğam Mərkəzi"nə qonaq gəlsinlər, ecazi muğamlarımızı dinləsinlər, Xəzərin ayna sularında sehrlənsinlər, heyran qalsınlar, heyrətlənsinlər.

Bizə belə gəlir və tam əminlik hasil olur ki, indi xalqımızın ulu aşıq sənəti geniş meydan alacaq, incilərimizin arasında öz mötəbər, layiqli yerini tutacaq. Qəlblərdə, könüllərdə yuvalanacaq, xalqımızın qürur mənbələrindən birinə çevriləcək. Bu problemin gündəmə gətirilməsi də xalqımızın birinci xanımı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Mehriban xanım aşıq sənətinə yüksək qiymət verərək bildirir: "Azərbaycan ümumilikdə ümumtürk musiqi sənətinin əhəmiyyətinə görə muğamdan əsla geri qalmayan başqa bir qoluna - aşıq sənətinə də diqqətin artırılması, bu sənətin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması yönündə səyləri davam etdirir".
Əziz oxucular! Sizlərə təqdim etdiyim yazı olsa-olsa muğam müsabiqəsinin dəryasından götürülən damlalar gülüstanından dərilən bir tər qönçə ilə müqayisə edilə bilər.

Azərbaycan.- 2008.- 16 fevral.- S. 6.