Əsilbəyli X.
Yazmaq istəmirəm
Sədaqət
Arifqızı: Elə bil bir sədd var qarşımda
Musiqinin
məqsədi qəlbləri riqqətə gətirməkdir.
Poeziya isə ruhun musiqisidir. Və təbii ki, onlar hər ikisi
vəhdət şəklində dərin mənaları
ifadə edir. Səmimi olmayan musiqi isə yaşamaq
qabiliyyətindən məhrumdur.
Həmsöhbətimizin qəlbinin səsinə
köklənmiş musiqilərdə böyük
səmimiyyət var. Bəlkə ona görədir ki, hər
biri yaddaşlarda həkk olunur, unudulmur. O, tanınmış
bəstəkar Sədaqət Arifqızıdır.
Haqqında qısaca: Fərəh və Fidan
adlı 2 qızı, Elçin adlı 1 oğlu, 4
nəvəsi var. Londonda yaşayan qızlarının 1-i
ailəlidir, digəri isə 12-ci sinifdə təhsil alır.
Sədaqət xanım professor, filologiya elmləri doktoru, uzun
illər Musiqi Akademiyasında kafedra müdiri olmuş Arif
Məmmədovun qızıdır.
Görüşərkən Sədaqət
xanım əvvəlcə yaradıcılıq planları
haqda söhbət açdı:
- Nadir Qafarzadə ilə sözləri
Nüsrət Kəsəmənliyə aid "Bir də geri
qayıdarmı" adlı yeni bir mahnını lentə
yazdıracağıq. Nadir Qafarzadənin ifasında
səslənən, sözləri Zemfira
Əlişqızına məxsus bəstələdiyim
"Ana, mənim laylamı de" adlı mahnım isə
2007-ci ildə "İlin mahnısı" nominasiyasına
layiq görüldü. Mahnılar çoxdur. 30 mahnım
hazırda yazılıb. Əsas onları üzə
çıxarmaqdır. Mən gənc, sənətə yeni
başlayan bəstəkar deyiləm qapı döyüm.
Artıq 30 ildir Musiqi Akademiyasının fortepiano
kafedrasında baş müəllimə işləyirəm.
Ucuz reklama ehtiyacım yoxdur.
- Bayağı mahnılar çoxdur?
- Çoxdur. Kompüter, sintezator
vasitəsilə ritmə güc verirlər. Eyni tempdə, eyni
ritmdə mahnılar yazılır. Buna görə də onlar
bir-birinə oxşayır. Təbii ki, belə
mahnıların da öz dinləyiciləri var. Lakin
yaşlı, orta nəsli də nəzərə almaq
lazımdır. Lirik, həzin, insana ruh verən mahnılar da
ifa olunmalıdır. Mənim də ritmik mahnılarım var.
Baba Vəziroğlunun sözlərinə
bəstələdiyim "İcazə ver, qoy
çıxım gedim" mahnısı ritmikdir və
çox bəyənilir.
Sənətdə paxıllıq yox,
rəqabət olar. Bunu normal qəbul edirəm. Amma
zərbə vurmağa çalışmaq lazım deyil.
Xanım İsmayılqızı, Novruz Aslanov kimi gözəl
bəstəkarlarımız var ki, onların musiqilərini
böyük zövqlə dinləyirəm. Yaxşı əsərə necə pis demək olar? 30
ilə yaxındır professional musiqiçiyəm. Heç
vaxt nəyinsə xətrinə yazmamışam. Mən
müğənnini özüm seçirəm. Onun
üslubunu, səsini, istedadını yoxlayıb, sonra
mahnı təqdim edirəm. Pulu olub oxuya bilməyənə
mahnı verməmişəm. Mən Musiqi Akademiyasında dahi
bəstəkarlarla çiyin-çiyinə
işləyirəm. Pul qazanmaq xətrinə mahnı
yazmış olsam, ən azı, onlardan utanaram.
- Qalmaqaldan uzaq olub şou-biznes aləmində
baş verənləri seyr etmək çətin deyil ki?..
- Təbii ki, çətindir. Sadəcə,
baş verənlərə əhəmiyyət
verməməyə çalışıram. Ən
əsası odur ki mən öz yolumla gedirəm. İndi özünə bəstəkar
deyən çoxdur. Təsəvvür edin ki, 15-20
dəqiqəyə mahnı yazan "bəstəkarlar" var.
Bütün bunları müşahidə edəndə
əsəbiləşirəm. Hər halda, bədii şura
yaradılmalıdır və yazılan mahnılar da,
ifaçılar da ələkdən keçməlidir.
- Sədaqət xanım dinləyicilərinə
nə söz verir?
- Mahnılarım çoxdur. Hər
yazdığım mahnı kafedramızda fəaliyyət
göstərən 35 müəllim tərəfindən
dinlənilib qəbul olunur. Sadəcə,
yazdıqlarımın taleyi gətirməyəndə
təsirlənirəm. Yazmaq istəmirəm. Elə bil bir
sədd var qarşımda. Səbəbini də başa
düşmürəm bu durğunluğun...
Həftə
içi.- 2008.- 14 fevral.- S. 8.