Hacıxanoğlu İ.

Abgülün bu qədər şişirdilməsinin əleyhinəyəm

Zabit Nəbizadə: ""Səs Qarabağda yetişir" deyənlər Azərbaycanı parçalamaq istəyirlər"


Bu yaxınlarda başa çatan "Muğam" müsabiqəsində ikinci yerə layiq görülən Abgül Mirzəliyevi hamı "muğam sənətində yeni səs tapıntısı" adlandırdı.
Bunu münsiflər heyətinin üzvləri təsdiqləsələr , onun ifasını böyük ləzzətlə dinləmələrini söyləsələr , müsabiqənin keçirildiyi Rəşid Behbudov adına Mahnı Teatrının salonuna yığışan tamaşaçıların onu ayaq üstə alqışlamalarına baxmayaraq, "düzgün yolla" oxumadığına görə hər dəfə danlanırdı. buna görə onun müəllimini qınayırdılar. Biz isə müsabiqənin gedişatında Abgülü hazırlaşdıran, hazırda da Asəf Zeynallı adına Musiqi Kollecində ona xanəndəlik sənətinin sirlərini öyrədən tanınmış xanəndə, əməkdar artist Zabit Nəbizadə ilə söhbətimizdə bunlara aydınlıq gətirməyə çalışdıq.
- Zabit müəllim, bu günlərdə başa çatan "Muğam" televiziya müsabiqəsinin qalibləri arasında sizin tələbəniz Abgül Mirzəliyev var. Təəssüratlarınızı öyrənmək maraqlı olardı.
- Sözün düzü, Bakıya gələnədək mənim o uşaqdan xəbərim olmayıb. Çünki o, Şamaxı Musiqi Kollecində təhsil alırdı. Onun müsabiqədəki çıxışlarını isə mən hazırlamışam.

- Bildiyimə görə, Abgül sizin həmkəndlinizdir...
- Bəli, tanımağına tanıyırdım. Şamaxıdakı Musiqi Kollecinə mən onu qəbul etdirmişdim. Amma müsabiqəyədək onun hansı səviyyədə təhsil almasından xəbərim olmayıb. Müsabiqədəki repertuarını isə mən hazırlamışam.
- Bu günlərdə belə bir məlumat yayıldı ki, Güllü Muradova ilə Abgülü "Leyli Məcnun" operasında Leyli Məcnun rollarında sınamaq istəyirlər...
- Bu barədə ilk dəfə mənə zəng ediblər Abgülü özüm Opera Balet Teatrına aparmışam. Təbii ki, Abgülə birdən-birə Məcnun rolunu verməzlər. Teatrın direktoru Akif müəllimlə söhbətimizdə dedim ki, Abgülün Məcnun rolunda səhnəyə çıxması hələ tezdir, muğamların da hamısını öyrənməyib. Akif müəllim dedi ki, Abgüllə Güllünün Məcnun Leyli rolunda səhnəyə çıxmalarına həm xarici görünüşləri, həm səsləri, həm yaşları tam uyğun gəlir. Mənim bildiyimə görə, onları ciddi şəkildə bu rollara hazırlayacaqlar.
- "Muğam" müsabiqəsinin münsiflər heyəti Abgülü "Muğam sənətində yeni tapıntı" adlandırdı...
- Çoxları muğamı Qarabağla bağlayır "Xanəndə Qarabağda doğulur, Bakıda püxtələşir" deyirlər. Bu, Azərbaycanı parçalamaq istəyənlərin sözüdür. Başa düşmürəm, "səs Qarabağda yetişir" deyənlər demək istəyirlər? Bu düzgün fikir deyil. Mənə Şirvan bölgəsindən bir xanəndə göstərin ki, səsi zil olmayıb. Bu gün Abgülü "muğam sənətində yeni tapıntı" adlandıranlar bir vaxtlar mənim haqqımda da belə deyirdilər. Sonralar məni bir neçə il "bala Alim" deyə çağırırdılar. Doğrudur, o vaxtlar mənə "bala Alim" deyiləndə, qürrələnirdim, amma indi fikirləşirəm ki, belə şeylər gəncləri öz yolundan sapdıra bilər. Abgülün səsinə gəldikdə, onu deyə bilərəm ki, heç kimin səsindən artıq səs deyil. Abgül mənim həmkəndlim olsa da, tələbəmdir, bir pedaqoq kimi onun indi bu qədər şişirdilməsinin əleyhinəyəm. Bəli, Abgülün səsi müsabiqənin digər iştirakçılarının səsindən seçilirdi. Amma Abgül xaricdən gəlməyib ki, azərbaycanlıdır da... Mən onunla da razılaşıram ki, Abgül məhz səsinin hesabına ikinci yeri götürdü. Müsabiqədən sonra bir çox tamaşaçılar mənə zəng edib dedilər ki, Abgül birinci yerə layiq idi. Mən bu fikirlə razılaşmıram. Çünki münsiflər heyətində bizim ustadlar əyləşmişdilər bu sahədə onlar tükü-tükdən seçməyi adi tamaşaçıdan gözəl bacarırlar. Abgülün elə çıxışları oldu ki, mən fikirləşdim onu daha müsabiqədə saxlamazlar...
- Abgülü Alim Qasımov kimi oxuduğuna görə çox qınadılar...
- Alim Qasımovun adını heç kim çəkməsə , üstü örtülü desələr , bunu aydın başa düşmək olurdu. Mənə elə gəlir ki, bu, qısqanclığın əlamətidir. Doğrudur, Əlibaba müəllim tez-tez deyirdi ki, "müəllimin səni düzgün öyrətməyib..." Sonradan bu barədə Əlibaba müəllimlə söhbət edəndə, dedi ki, "mən onun Şamaxıdakı müəllimini nəzərdə tutub demişəm". Amma mən yenə Əlibaba müəllimin Abgülə Alim Qasımov kimi oxuduğuna görə "sən düz yolda deyilsən" deməyi ilə razılaşmıram.
- Bir vaxtlar siz müsabiqədən keçib "Leyli Məcnun" operasında Məcnun roluna təsdiq olunmuşdunuz. Amma sizi səhnədə çox az gördük...
- Sözün düzü, o vaxt Opera Balet Teatrına getməyə mənim həvəsim olmayıb. Amma adını çəkməyəcəyim bir nəfər məni ora dəvət etmişdi, sözündən çıxmayıb getdim. Cəmi 4 ay işlədim. Sonra məni oradan xaric etdilər, dedilər ki, "hələlik bizə lazım deyilsiniz, lazım olanda, özümüz sizə xəbər verəcəyik". Görünür, onlara hələ lazım deyiləm.

Ekspress.-2008.- 9-11 fevral.- S. 15.