İlkin N.

 

Nəğmələşən ömürlərin sorağında

 

Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun 70 illik yubleyinə həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" adlı kitab nəşr olunub

 

Ölməz sənətkarlarımız haqqında yazıb-yaratmaq hər birimizin ən azı mənəvi borcudur. Lakin bu borcun öhdəsindən şərəflə gəlmək həddindən artıq məsuliyyət tələb edir. Belə bir məsuliyyəti çiyinlərinə alıb ağırlığı üzərinə götürən insan, həm Allah, həm ictimaiyyət qarşısında böyük savab hörmət qazanır.  

Həmkarım şairə-publisist Südabə xanım Sərvi belə bir işin öhdəsindən ləyaqətlə gəldi. Unudulmaz bəstəkarımız, mahnılarını sevə-sevə dinlədiyimiz Emin Sabitoğlu haqqında tərtib etdiyi bu kitabda tanınmış ziyalılarımızın ürək sözləri, Eminli xatirələri öz əksini tapıb. Nədənsə, klassiklərimiz - tanınmış sənət adamları haqqında deyilən xatirələr mənə o qədər xoş ovqat bəxş edir ki... Oxuduqca kövrəldim, kövrəldikcə təkrar-təkrar oxudum.

Dahi Üzeyir Hacıbəyov, Niyazi, Qara Qarayev, Fikrət Əmirov məktəbinin davamçısı, sevimli yazıçımız Sabit Rəhman ocağının yetişdirməsi Emin Sabitoğlu kimlərin qəlbində özünə yer tapmadı? O, nəğmələri ilə qəlbləri fəth etdi. Azərbaycan musiqisini dünyaya tanıtdı. Yaddaşlara həkk olundu.

Südabə xanım kitabın adını da onun çox sevdiyimiz bir mahnısının misrasıyla seçib. "Bu dənizin gözü yaşlı sənsiz".

Hörmətli şairimiz Fikrət Qocanın sözlərinə yazılmış bu mahnı hər dəfə səsləndikcə, elə düşünürsən ki, gözü yolda qalan bir sevgili üçün dəniz göz yaşı kimidir. Bu da təbiidir. Dəniz hər birimizin giley yeri, sevgi qucağı, görüşümüzün məskənidir.

Hörmətli yazıçımız Anarın Emin Sabitoğlu ilə bağlı, yadda qalan xatirələri, hələ tələbəlik illərinin şirinli-ağrılı acılı anları məni çox-çox uzaqlara apardı. Ən maraqlı dünyamdı sənət adamlarının bir-birinə qarşı münasibəti, dostluğu xatirələri. o insanların təbiətində bir-birinə uyğunluq. Anar müəllimin xatirələrində bəstəkarın böyüklüyünün, insanlığının bir daha şahidi olursan. Bəzən duzlu-məzəli, bəzən ciddi xüsusiyyətləri, narahat dünyası bəstəkarın yazıçı ilə münasibətində, xatirələrində öz qəribliyi ilə seçilir.

Südabə Sərvi bu mənada xeyirxahlıq daşının təməlini qoydu. Bu təməldə onların dünyasını gördük. İnsana xas olan müsbət keyfiyyətləri aşkarladıq. Emin Sabitoğlu ilə bərabər, onunla həyatda bir addımlayan, çiyin-çiyinə həyatın ağrılarına sinə gərən yazıçımız ürək ağrısıyla söylədiyi xatirələrində bəstəkarı bizə daha da yaxından tanıdır.

Düşünürəm, kaş bu tərzdə kitabların yazılması bir ənənə şəkili alaydı. Hər bir sənətkarın həyat yolu bizlərə bir örnək, bir məktəbdi. onları oxuduqca fikirləşirsən ki, bu fani dünyanın əzabları, ağrıları üçün böyük insanların çiyinlərində cəm olub? Bəlkə elə onların böyüklüyü ondadır ki, onlar bu ağıraları yaşaya-yaşaya xalq üçün yaşayıb, xalqın sevimlilərinə çevriliblər.

Kitabda bir çox tanınmış şəxslərin - SSRİ xalq artisti Fərhad Bədəlbəyli, əməkdar incəsənət elm xadimi Zemfira Səfərova, sevimli müğənnimiz Zeynəb Xanlarova, xalq şairləri Fikrət Qoca Vaqif Səmədoğlu, bəstəkar, xalq artisti Sevda İbrahimova, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz xanım Əlizadənin, xalq yazıçısı Çingiz Abdullayevin bəstəkar haqqında dedikləri həm kədərli, həm xoş sözləri insanı bir anlığa bəstəkar dünyası ilə üz-üzə qoyur. Onun ölməzliyi nəğmələrində olduğu kimi şirin xatirələri qəlblərdə daim duyulur əzizlənir. Südabə xanım bu xatirələri o qədər səmimi tərtib edib ki, yəqin edirsən ki, 70 illik nəğməli bir ömrün zirvəsindən boylanan Emin Sabitoğlu hər kəsin mənəvi dünyasında özünün bənzərsiz simasını qoyub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, hörmətli yazıçımız Anar müəllimin təşəbbüsüylə, şairə-publisist Südabə xanımın bu kitabı yazmağı Emin Sabitoğlunun ömür səhifəsinə bir ömür yazdı. Ömrü Tanrı yazır, lakin onu yaşadanlar da var, ona biganə olanlar da. Məhz Südabə xanım bu baxımdan çox önəmli yaddaşları təzələyən tarixi bir səhifə yaratdı. Kitabda Emin müəllimin Türkiyədəki həmkarlarının, tələbələrinin xatirələri ürək ağrıdıcıdır. Hələ sağlığında qazandığı hörmətin, məhəbbətin sönməzliyidir. Ümumiyyətlə, dəyərli insanların əvəzedilməz bəstəkarımız haqqında dəyərli fikirləri, Anar müəllimin kövrək notlarıyla başlayıb, Südabə xanımın kövrək misralarında bulunması, sanki bir Emin Sabitoğlu harmoniyası yaradır. Bu isə hər bir oxucuya böyük zövqlə mənəvi dünya bəxş edir. Kaş hər bir sənətkarımız haqqında beləcə yaza biləydik. Eşitmədiklərimizi eşidə biləydik.

Həyat yoldaşı Cəmilə xanımın onunla keçirdiyi xoş sevgi dolu günlərindən danışaraq, sonda kədərli, sızıltılı: "Son dəqiqələrini isə heç unuda bilmirəm. O, mənim qollarımın arasında keçindi" deməsi, acı göz yaşlarının axmasına səbəb oldu. Çox acılar ki, istəmədiyimiz halda sevdiyimiz dəyərli insanları itiririk. Xoşbəxt günlərin bir sonu varmış. İkinci dövrünü, ikinci məhəbbətini özünün ilham pərisi, müğənni Xədicə Abbasova ilə yaşaması da təəccüblü deyil. Bu da bir tale yazısıdı. Bu da bir sənətkar ömrüdü. Sevgisiz şeir, bir nəğmə gözəl alına bilməz. Xədicə xanım onun nəğməli ömrünün baharı, yazı idi.

Nəhayət kitabın sonuna çatırıq. Hələ yurnalist fəaliyyətinə başlayan andan, onunla görüşmək üçün vaxt, zaman arxasınca qaçan Südabə xanımın yarımçıq müsahibəsi, ürəyində qalan arzusu.

Çox kövrəlirəm. Böyük adamlar bəzən Tanrı qədər əlçatmaz olur. Südabə xanım sənətkar haqda həyata keçirə bilmədiyi arzuları, onu yaxşı tanıyanlardan müsahibə götürərək, xatirələr sorağıyla toplantılar yaradaraq, həyata keçirdi.

Ümid insanda ölməyəndə vaxtsa cücərir vaxtsa özünü doğruldur.

Mənə elə gəlir ki, Südabə Sərvi Emin Sabitoğludan götürəcəyi müsahibəni bu kitabıyla qat-qat əvəzlədi. Bu onun mübarizliyindən, mətinliyindən irəli gəlir. Kitabda Emin musiqisinin sehrində dalğalanan Südabə duyğuları sanki bir rəssam əlinin eskizinə çevrilib. Bəmbəyaz arzuların qanadında bir ümid Günəşi parlayır. Bu Günəşin ilıq nəfəsi, Südabə xanımın payız düşüncələrinə, qarlı yuxularına sığal çəkir. Beləcə ömür-gün yoldaşı Cəmilə xanımın ilham pərisi Xədicə xanımın məhəbbətli dünyasından, Südabə Sərvinin bəstəkarı görmək arzusuna düşən sevgi işığı əbədiləşir.

Bilirəm, əziz bacım! Keçirdiyin təəssüf hisslərinin ağrısını duyuram. Təlaşlı könlün, narahat qəlbin bu kitabı hazırladıqdan sonra az da olsa rahatlıq tapıb. bu kitabı yazınca hansı ağrıları yaşamısan, onu da bilirəm. yaxşı ki, sənin kimi gözəl qəlbə, duyğulu mənəviyyata malik qadınlarımız var.

Südabə Sərvi istər poeziyada, istər pupblisistikada öz qələminin dəyərini təsdiqləyib. Bu dəyəri ilə hamının qəlbinə, ruhuna yol açaraq ədəbi dünyamızın yolçusu olub. Yolların işıqlı, aydın olsun!

 

Kaspi.- 2008.- 22 fevral.- S. 22.