Kəbutər
Hələ seçim qarşısındayam
Mirkamil:
Məcnun roluna hazırlaşmaq ən böyük
məktəbdir
KİV-lərdən qaçır.
Səbəbi də budur ki, ilk dəfə müsahibə
verdiyi qəzetdə onun dilindən hörmətli muğam
ifaçılarımız haqqında qeyri-etik ifadələr
işlədiblər. Ondan sonra tövbə deməsə də
səbr deyib. Redaksiyamıza gəlməyə zorla razı
salırıq. Peşman etmərik deyə söz veririk.
Qonağımız görkəmli sənətkar Mələkxanım
Əyyubovanın bacısı oğludur. Hə, söhbət
“Xalq Ulduzu”nda xalqın sevimlisinə çevrilən
Mirkamildən gedir.
- Xalq
Ulduzuna gəlməyində xalanın rolu oldu.?
- Yox. Azəristar
yarışmaları başlayandan iştirak etməyi
arzulayırdım. Hər dəfə bir iş
çıxırdı. Gah sənədlərimi vaxtında
hazırlaya bilmirdim, gah gecikirdim. Amma Xalq Ulduzu başlayanda
tilsim sındı və dost-tanışın da israrıyla
sənədlərimi verdim. İfamı bəyənib
götürdülər.
- Deyirdilər münsiflərlə
tanışlığınız olub.
- Şamaxıda orta
məktəbi bitirib Azərbaycan Milli Konservatoriyasına daxil
olmuşam. IV kurs tələbəsiyəm. 4 il Zabit
Nəbizadədən muğam dərsləri almışam.
Alim Qasımovun ustad dərslərində olmuşam. İndi
heyfsilənirəm ki, o dərslərdə müntəzəm
iştirak edə bilməmişəm. KVN komandasında
oynayırdım. Aybəniz Haşımova
məni orada görübmüş. Bizim
tanışlığımızın “tarixçəsi”
budur. 1-ci turda oxuduğum mahnı Aybəniz
Haşımovanın xoşuna gəldi. 2-ci turda artıq
Aygün xanım da vardı və Aybəniz xanım xahiş
etdi ki, o mahnını birdə oxuyum. Beləcə
turları eyni mahnı ilə ötürdüm.
- Bu gün Alimdən dərs almaq
xoşbəxtliyi nəsib olan gəncin həmin
dərslərdən imtina etməsi başa
düşülən deyil.
- Rayondan
şəhərə gəlmək insan həyatında
müsbət və mənfi dəyişikliklər yaradır.
Evdən ayrılıb tək qalmaq öz
qayğılarını özün çəkmək vaxt
bölgüsünü düzgün aparmağa imkan vermir. Bir
az vaxtımı düzgün bölə bilmirdim.
- Yarışma nə verdi sənə?
- Adətən ekrana
vəsiqə alana, populyar olana qədər sənətkarlar
elə bir yaş həddinə gəlib çatıblar ki,
gənc ifaçı deyib təqdim edəndə
tamaşaçıları gülmək tutub. Bu gün
tənqid edilməsinə baxmayaraq ulduz yarışmaları
sənətə doğrudan istedadlı və gənc, 18-20
yaşlı sənətçilər bəxş
etməkdədir. Pullu, sponsor gücünə
sənətə gəlib, populyar olanlar bəs deyincədir.
Amma səsinin gücünə sənətə
gələnləri tamaşaçı o dəqiqə
seçir və ayırır. Bu sənət
yarışmasında daha qabarıq hiss etmək olur.
- İfanı bəyəndiklərinə
baxmayaraq sənə tez-tez irad tuturdular.
- Əslində bu
bizim xeyrimizə idi. Onlar bizə nəyin lazım olduğunu
başa salırdılar. Və yarışma bitəndən
sonra gördük ki, biz nə böyük məktəb keçmişik.
Mənə isə ən böyük iradları türk
boğazlarından istifadə etməyim idi.
Münsiflərdə oturanlar bizdən mahnının necə
deyərlər skeletini düzgün qurmağı tələb
edirdilər. Mən o tələbə əməl edə
bimirdim. Çünki hər bir ifaçının
özünəməxsus ifa tərzi var. Əgər bir
mahnı bir neçə ifada yalnız bir şəkildə
oxunursa onda o yalnız bir ifaçıya məxsusdur. Məsələn az qala iki əsrdir bir uslubda ifa
edilən “Sarı gəlin” mahnısı ilə Sevda
Ələkbərzadə həmin
çərçivələri vurub dağıtdı.
Bəlkə yüz il keçəcək və hansı
sənətkarsa o mahınını bir başqa
şəkildə ifa etməklə uğur qazanacaq.
- Sazla ifa etməyin də maraqla qarşılandı.
- Saz çala
bilmirəm. Orda sazı mahınnın
tələblərinə uyğun olaraq
götürmüşdüm. Onu da tərs tutduğum
üçün məni tənqid etdilər. Əslində,
Şamaxı Şirvan aşıq məktəbinin
mərkəzi sayılır. Amma mən daha çox muğama
meyilli olduğumdan saz çalmaq öyrənməmişəm.
Aşıq havalarının ən gözəli bu yerdə
bəstələnib. Aşıq Xanışın “eşqi
məhəbbəti düşüb canıma” bəstəsi bu
gün xalq mahınısı kimi dillər əzbəridir.
Mən də onun Şirvan gözəlləməsini oxudum.
- Maşın-şounu niyə
seçdin? Populyarlıq və qələbə artıq
sənin idi. Həmişə gizlədilən xarakterlərin
paradına qatılmaqdan qorxmadın ki?
- Düzü bir az
tərəddüd etdim. Amma gündəmdə olmalı,
qələbə qazanmalı, seçilməlisən.
Bilirəm çalışsam səsim mənə hər
şeyi verəcək, inşallah. Amma bu da sınaq idi.
İstəmədim imtina edim. Bu gün mən də digər
sənətçilər kimi el şənliklərinə
getməyə başlamışam. Hər şənlikdə
bir-iki mahnı oxuyuram ki, ehtiyaclarımı ödəyə
bilim. Çünki mən bu sənətə
çörək qazanmağa yox, patriot olmağa
gəlmişəm. Mən 30 ildən sonra da bu səslə
oxumaq istəyirəm. Maşın şouya qatıldım ki,
burada papulyarlıq öz yerində, həm də
tamaşaçı ilə daha yaxın ünsiyyət qurmaq
olur. Üstəlik udsaydım maşın olacaqdı. Getdim
və təəssüf ki, qazanmadım. Hətta ilk gündən
oyundan kənarlaşdırıldım və özümün
kim olduğumu əslində tamaşaçıya aça
bilmədim.
- Niyə ilk olaraq siz hədəf
götrüldünüz?
- Çünki
mən oyunun qaydalarına o qədər də bələd
deyildim. Həmin qaydalar yazılı şəkildə hər
hansı bir oyunçuya təqdim olunmamışdı. Bu
oynunun qaydalarını onu oturub saniyə-saniyə
izləyən adam bilər. Oyunda qruplaşma ilk gündən
başlamışdı. Mən və Vasif
Məhərrəmli tək qalmışdıq. Biz qərarar
aldıq ki, heç bir qruplaşmaya daxil olmayaq və təmiz
oynayaq. Ona görə də ilk olaraq mən seçildim. Həm də hesab edirəm ki, məni güclü
olduğuma görə “vurdular”. Çünki mən artıq
“Xalq ulduzu”nda ikinci yerə çıxmışdım və
bilirdilər ki, istənilən an istənilən qədər
səs toplaya bilərəm. İlk olaraq güclüləri
uzaqlaşdırırlar ki, qalib gəlmək
şansları artıq olsun. Mən bu həyatda
görmədiklərimi orada gördüm.
- Nə gördün?
- Çox şey.
Amma özümə söz vermişəm ki,
gördüklərimin heç birini danışmayacağam,
qoy sirr olaraq qalsın.
- Bununla belə reklam bütün hallarda
və həmişə vacibdir.
- Dediyiniz reklam
sənətçinin üzərinə çox böyük
məsuliyyət qoyur. Mən “Xalq ulduzu”ndan sonra
mahnıları oxumaq xatirinə ifa etməyə
çəkinirəm. Bir mahının
üzərində o qədər işləyirəm ki, sabah
irad tutmağa məqam tapmasınlar. Ümumiyyətlə, bu
sahəni seçəndə düşünmüşəm
ki, səsim varsa uğurum da olmalıdır. Çünki
nə atamın pulu var, nə də mənim pullu dostlarım
ki, reklamımla məşğul olsunlar. Ona görə
də, özümün imicimi yaratmaylıyam. Xalq ulduzunda
tamaşaçı səsi ilə uğur
qazanmağımın bir səbəbəni də bunda görürürəm
ki, ifa tərzimə, seçdiyim mətnlərə çox
ciddi yanaşıram. Sadəcə hələ də seçim
qarşısındayam. Mən muğam ustası kimi
formalaşmaq istəyirəm. Amma müasir yanaşma bir qədər
fərqlidir. Estarada janrı bu gün daha çox
üstünlük təşkil edir. Hələ də
düşünürəm ki, hansını
seçməliyəm. Bu fikrimdə qətiyəm ki, Alim
Qasımovun ustad dərslərinə qatılacağam.
- Alim Qasımovun dünya
arenasındakı məqamına hələ
yüksələn olmayıb. Düşünmürsən ki,
bu missiya sənin üzərinə düşür.
- İnşallah,
mənim də öz planlarım var. Və təbii ki,
həmin məqama yüksəlmək arzusu da var
qəlbimdə. Bu gün muğama verilən əlahiddə
diqqət bu sahədə uğurlardan xəbər verir və
bizi ruhlandırır. Elə götürək “Muğam”
yarışmasını. 11 yaşlı Elməddinin qalib
gəlməsi göstərir ki, artıq həmin qayğı
və diqqət öz bəhrəsini verməkdədir.
- “Xalq ulduzu”, Maşın-şou...
Qalibiyyət uğrunda uzun və qısa sürməsindən
asılı olmayaraq aparılan mübarizələr bitib
və adi, sakit günlər başlayıb. Adətən, bir
qədər zəif adamlar belə vəziyyətdə
depressiyaya düşürlər.
- Mən
özümü zəif adam hesab etmirəm. Və mənim
üçün mübarizə hələ bitməyib.
Qarşıma məqsəd qoymuşam ki, 2000 mahnı
üzərində işləyim. Bu isə ən qısa vaxt
seçsəm belə bir ilin tamamında mümkündür.
Mən eyni zamanda özümün təminatım
üçün çalışmalıyam, mahnı
yazdırmalıyam və bu kimi işlər. Sizə elə
gəlir ki, həyat adi axarla gedir. Kadrarxası isə
vaxtımızı işlərimiz arasında
bölüşdürməyə çətinlik
çəkəcək qədər qızğın bir mübarizədəyik.
- Azərbaycan opera səhnəsi uzun
illər gənc ifaçıların həsrətini
çəkib. Bülbül ilk dəfə Koroğlu rolunu 40
yaşında oynayıb. Canəli müəllim 50
yaşında da Məcnunu oynayırdı. Sonra bir
qədər gəncləşdi səhnəmiz. Sən necə
özünü Məcnun rolunda təsəvvür edə bilirsənmi?
- Bu rol bütün
muğam ifaçılarının ən böyük
arzusudur. Amma Məcununu oynamaq üçün bütün
muğam dəhgahlarını məimsəməlisən.
Mənsə bu rol üçün çox cavanam.
Bütün muğamları tamam-dəsgah öyrənmək
üçün ən azı on beş il
çalışmalıyam.
- Koroğlu rolunun Ülvi Qılınc
sizdən bir yaş kiçik olanda oynadı.
- Bu Opera və Balet
Teatırının seçimi idi. Məni
dəvət etsələr də təbii ki, gedərəm.
Elə Məcnun roluna hazırlaşmaq, onu
oynamaq ən böyük məktəb keçməkdir.
Yeni Azərbaycan.- 2008.- 2 fevral.- S. 12.