Qaliboğlu E.
Mənasız
zövqlərdən üstün əhvallar yaratmaq
üçün hər birimiz çalışmalıyıq
Zemfira Qafarova: “İndi səsi olmayan oxuyana,
mahnısı beşgünlük bəstəkara “ünlü” deyirlər”
Professor Zemfira Qafarova Azərbaycan musiqisinin müxtəlif
problemləri ilə məşğul olan tanınmış
sənətşünasdır.
Tanınmış rəssam
Güllü Mustafayevanın
ailəsində dünyaya
gəlib, müğənni
Əli Haqverdiyevin bacısıdır. Bəstəkarlar
İttifaqının musiqişünaslıq
bölməsinin rəhbəridir.
- Hələ tələbəlik
illərindən Üzeyir
Hacıbəyovun yaradıcılığına
böyük marağım
vardı. O zaman məşhur "Koroğlu"
operası haqda yazdım, müəllimin xoşuna gəldi. Az sonra isə
bu mövzuda disssertasiya mövzusu götürdüm. İncəsənət
İnstitutunda Qubad Qasımov vardı, Üzeyir bəy haqda ilk dəfə
monoqrafiya yazmışdı.
O, məni bu işə ruhlandırdı.
O zaman Azərbaycanda bu sahədə elmi şura yox idi, müdafiəmi
Daşkənd şəhərində
etməli oldum. Anam Güllü Mustafayevanın həmin vaxtı necə həyəcanla, qayğıyla
mənə həyan olmasını xatırlayıram.
O, həmişə mənə
tənqidi yanaşıb,
səhvlərimi deyib.
- Üzeyir bəyin, ümumiyyətlə, Azərbaycan
bəstəkarlarının irsi kifayət qədər tədqiq olunubmu? Bu sahədə
daha hansı yeni tədqiqat qatları açılmalıdır?
- Təbii ki, çox tədqiqatlar aparılıb. Mən özüm bir çox Azərbaycan bəstəkarlarının yaradıcılığına
müraciət etmişəm.
Bu yöndə monoqrafiyalarım var. Hacı Xanməmmədov haqda yazmışam. H.Xanməmmədov başlanğıcda
Üzeyir bəyin tələbəsi olub, sonda Qara Qarayevdən
dərs alıb. Baxmayaraq ki, Qarayevlə bir yaşda olub. İlk dəfə Azərbaycanda tar və simfonik orkestr üçün ilk konserti yazıb.
Bu mövzuda araşdırma aparmaq mənim üçün çox maraqlı oldu. Üzeyir bəyin tələbəsi,
tanınmış bəstəkar
Şəfiqə Axundova
haqqında da kitab yazmışam.
Tofiq Bakıxanovla bağlı həm məqalələr, həm
də monoqrafiya yazmışam. Dayım Ramiz Mustafayevin xasiyyəti tünd olduğuna
görə, musiqişünaslar
onun haqqında yazmağa çəkiniblər.
Onun haqqında da yazmışam, amma deyəsən, o vaxtı dayımın
xoşuna gəlmədi.
Dayım olduğuna görə demirəm, R.Mustafayev yaxşı bəstəkardır, "Vaqif"
adlı opera yazıb, bu yaxında 80 illiyi ilə əlaqədar Opera və Balet
Teatrında tamaşaya
qoyulmuşdu. Tamaşada
oynayan istedadlı gəncləri gördüm,
sevindim.
- Azərbaycanda musiqimizin
problemlərindən yazan
gənc
sənətşünasların fəaliyyəti sizi qane edirmi?
- İstedadlı ardıcıllar
var. Fərəh Əliyevanın, Aida Hüseynovanın, Zümrüd
Dadaşzadənin, Lalə
Hüseynovanın adlarını
çəkə bilərəm.
Təvazökarlıqdan uzaq
olaraq deyim ki, oğlum Seyran Qafarovun da bu sahədə
araşdırmaları var.
O, ney aləti ilə bağlı tədqiqatlarını dissertasiyada
başa gətirdi. Hazırda Türkiyədə
çalışır. İşinə
məsuliyyətlə yanaşması
məni çox sevindirir.
Amma bu gün
cəmiyyətdə "elm
maniyası" artıb.
Elmə həvəsi olan da, olmayan
da yazır. Təəssüf ki, indi kimin haqqında
oldu, yüksək fikirlər söyləyirlər.
Amma gərək hər şey obyektiv olsun. Səsi olmayan oxuyana, mahnısı beşgünlük bəstəkara
"ünlü" deyirlər.
70-ci illərdə Azərbaycan
Bəstəkarlar İttifaqının
yaradıcı mühitini
xatırlayıram: o vaxtı ittifaqa Qara Qarayev, Tofiq
Quliyev kimi bəstəkarlar rəhbərlik
edirdilər. Yadımdadır
ki, yeni əsərlər mütləq
müzakirə olunurdu.
Əsərlər dinlənilirdi,
tənqidi fikirlər bildirilir, təkliflər deyilirdi. Deyilənlər nəzərə alındıqdan
sonra əsərin ifa olunmasına icazə verilirdi. İndi bir az
başqa cürdür.
Radio-televiziyada cürbəcür
mahnılar səsləndirilir,
kimsə bilmir, bunları özləri yazıbmı? Adam belədə ruhdan da düşür ki, tənqid eləsəm, nə olacaq?
- Bu, o deməkdir
ki, daha tənqid olmasın?
- Tənqid həmişə
lazımdır. Bu sahədə mütəxəssislər
fikirlərini deməlidirlər.
Hər halda bəsit, mənasız təsəvvürlərdən, zövqlərdən üstün
əhvallar yaratmaq üçün hər birimiz çalışmalıyıq.
- Yaradıcı mühitdə
doğulmaq şəxsən
sizə nə verib?
- İçərişəhərdə doğulmuşam. Anam şamaxılıdır, atamı
İrəvanlı bilirdim.
Sonradan sənədlərinə
baxdım ki, atam Təbrizə yaxın yerdə doğulub. Gözümü
açandan atamın,
xüsusən tanınmış
rəssam anam Güllü Mustafayevanın
əsərlərini görmüşəm.
Anam gözəl rəssam olmaqla yanaşı həm də yüksək zövqlə piano çalırdı. Atam
1942-ci ildə məzuniyyətə
qayıdır, ona deyirlər ki, müharibəyə getmə,
deyir ki, komandirimə söz vermişəm, qayıtmalıyam.
Qayıdır, əsir
düşür, qayıdanda
"Vətən xaini"
kimi həbs olunur. 1953-cü ildə tamam qayıtdı, ilk dəfə onda üzünü gördüm.
Anam Güllü Mustafayeva Türkmənistanın
Cərco şəhərində
anadan olub. Babam Mustafa maarifpərvər
kişi olub, indi orada adına
küçə var.
1902-ci ildə Şamaxıda
dəhşətli zəlzələ
olanda şamaxılılar
hərəsi bir yana gedib, bizim
nəsil də Aşqabada, Cərcoya üz tutub. 1927-ci ildə babam ailəsilə İçərişəhərə
köçüb. Anamın
musiqi savadı olduğu üçün
məni musiqiyə yönləndirdi. Anam çox çətin bir həyat yaşayıb. Gənc yaşında iki uşaqla qalıb, olmazın çətinliklər
görüb. Atamın
həbsi ailəmizə
olmazın çətinliklər
gətirdi. Uzun müddət "xalq düşməni"nin ailəsi hesab olunmuşuq. Anama heç yerdə iş vermirdilər. Atam oradan xəbər
göndərdi ki, boşan, taleyin işi belədir, məni gözləmə.
Anam rəssam Nəcəfqulu ilə ailə qurdu. Bu evlilikdən anamın iki uşağı oldu, bunları özümə
ögey yox, doğma bacı hesab edirəm.
Atam sürgündən
qayıdandan sonra bir rus qadını
ilə evləndi.
Həmin qadından 4 uşağı oldu. Heykəltəraş Hüseyn
Haqverdiyev, rəssam Ucal Haqverdiyev (vəfat edib), rəssam-keramist Səidə Haqverdiyeva (hazırda Amerikadadır) nəhayət, Aidə bacım ingilis dili müəliməsidir.
Orqançalan Rəna
İsmayılova ana tərəfdən (Nəcəfqulunun
qızı) bacımdır,
hazırda Almaniyanın
Köln şəhərində
yaşayır. Sevinc bacım isə skripkada ifa edir.
Qardaşım Əli
Haqverdiyev ata bir, ana bir
doğma qardaşımdır.
Uşaqlıqdan Əlini
rəsm çəkən
görmüşəm. O, həmişə
deyirdi ki, ata nənəm olmasaydı, yəqin rəssam ola bilməyəcəkdim. Nənəm
atamın rəsmlərini,
karandaşlarını qoyurdu
Əlinin qabağına
ki, sən də atan kimi
rəssam olacaqsan. Əlini rəssamlığa
necə həvəsləndirdisə,
o, həm də bu sənətə
möhkəm bağlandı.
Bu, hesab edirəm ki, düşünməli məqamdır.
Bir də görürsən, valideynlər
uşağın istedadına
fikir vermirlər, o da təbiətin
verdiyi qabiliyyəti aşkarlaya bilmir. Qardaşım bir neçə filmdə maraqlı obrazlar yaradıb. Ən yaddaqalanı "Dədə
Qorqud"dakı Yalıncıq obrazıdır.
Onun səsi ilə yanaşı həm də yaxşı aktyorluğu vardı. O, müğənni
və aktyor kimi özünü göstərsə də, rəssamlığı daha
geniş aşkarlanmadı.
Amma o, rəssamlıq
sahəsində də
xeyli əsərlər
yaradıb. Opera Teatrında çalışanların
hamısının portretlərini
yaratmışdı, özlərinə
hədiyyə etmişdi.
Moskvada, Leninqradda, Kiyevdə və başqa şəhərlərdə
konsertləri və eyni zamanda da
sərgiləri olurdu.
Əli vəfat edəndə 53 yaşı
vardı. Uşağı
olmadığından ikinci
dəfə ailə qurdu. İkinci evliliyindən bir oğlu oldu, qardaşım 2 il sonra vəfat etdi. İndi oğlu Fərhad 17 yaşındadır, Rəssamlıq
məktəbində oxuyur,
atası kimi rəssam olmaq istəyir.
- Türkiyədə pedaqoji
fəaliyyətlə məşğul
olmusunuz. Təəssüratlarınız
necədir?
- 8 ilə yaxın Ədirnə şəhərində
çalışdım. Orada
ailəlikcə yaşayırdım.
Konservatoriyada işlədim,
Türkiyə mədəniyyəti,
incəsənəti ilə
yaxından tanış
oldum, musiqi tarixindən dərs dedim. Baxdım ki, Vətənə qayıtmaq gərəkdir:
yaş öz sözünü deyir
Xalq cəbhəsi.-
2008.- 2 fevral.- S. 14.