Qaliboğlu E

 

Muğam təhriflərə məruz qalır


Tarzən Ağəsəlim Abdullayev Zövqsüz mahnılar o dərəcədə çeynənir, reklam olunur ki, camaat onların dalınca gedir


Azərbaycan Televiziyası və Radiosunun Baba Salahov adına Xalq Çalğı alətləri ansamblının bədii rəhbəri, tanınmış tarzən, xalq artisti Ağasəlim Abdullayev oxucularımıza yaxşı tanışdır.
Onunla Azərbaycan tarının dünəni və bugünkü vəziyyəti ilə bağlı söhbət etdik.

- Tar ümumşərq aləti olsa da, tarixən Azərbaycanda özünəməxsus şəkildə yaşayıb. Sizcə, Azərbaycan milli ruhunda tar sənəti hazırda necə yaşadılır?
- Məşhur tarzən Sadıqcan 19-cu yüzilin axırlarında tarı rekonstruksiya etmişdi. Bu Azərbaycan tarının imkanlarını təsəvvürəgəlməz dərəcədə artırdı. Sanki Sadıqcan bununla Azərbaycan tarının yeni nəfəs qazanmasına təkan verdi.
O dövrdən bu yana Azərbaycanın muğam sahəsində xeyli tanınmış xanəndələri, tarzənləri, kamançaçalanları yetişdi.
Tarzənlərdən Məşədi Fərəcin, Məşədi Cəmilin, Qurban Pirimovun, Bəhram Mansurovun, Hacı Məmmədovun və başqalarının adlarını çəkmək olar.
Azərbaycan tarzənlərinin indiki nəsli də Sadıqcanın rekonstruksiya etdiyi həmin tarı çalırlar. Tarzənlərimiz həmişə olduğu kimi indi də əsil Azərbaycana məxsus muğamları ifa edirlər. Ancaq təəssüf ki, Azərbaycan tarzənlərinin hələlik sırada olan axırıncı nəsli, indiki cavanlar Azərbaycan muğamlarının qayda-qanunlarından hərdən kənara çıxırlar. Mən qədimdən gələn ənənənin daim yaşadılmasına çalışıram və bunu borcum hesab edirəm. Görürsən, İran, türk musiqisinə yaxın əlavə xallar vururlar. Bunu da "şirinlik etmək" zəruriliyi, xoşagəlimliyi ilə əlaqələndirirlər. Məsələn, kamançadakı, klarnetdəki, qarmondakı, gitaradakı çalğını, xalları istəyirlər ki, tarda çalsınlar. Amma
hər musiqi alətinin özünəməxsus çalğı ifası var, birinin imkanlarını başqasında axtarmaq olmaz. Qurban Pirimov, Hacı Məmmədov, Bəhram Mansurov, Əhsən Dadaşov çalanda tamaşaçını riqqətə gətirirdi. Mizrab vuranda adamın ürəyi titrəyirdi. Bunlar özlərindən heç vaxt qətiyyən əlavələr etmirdilər, muğamatın qayda-qanunlarına, ifaçılıq texnikasına dəqiqliklə əməl edirdilər.
Ad çəkmirəm, bu saat səhnədə olan tarzənlərin əksəriyyəti mənim tələbələrimdir; Asəf Zeynallı adına texnikumda, Milli Konservatoriyada mənim sinfimdə oxuyublar. Gəlib məndən
öyrənirlər, sinifdə bir cür, burdan gedəndən sonra isə başqa cür çalırlar.
- Deməli, hardasa təsirə düşürlər?
- Elədir, görürlər, camaatın xoşuna belə gəlir, ona görə də
bu yolla gedir, ucuz şöhrət dalınca qaçırlar. Amma belə olmaz, bu, xalq musiqimizə, muğamlarımıza xələl
gətirir. Tarın pozulmaz qayda-qanunları var, hər bir tarzən bu qaydalara əməl etməlidir. Kamançadakı şirinliyi tara gətirmək cəhdindən heç nə çıxmaz. Tar olduqca ciddi alətdir, adətən kamança tarın ardınca gəlir.
- Muğamat elə təkcə "şirinlikdən" ibarət deyil axı? İnsan muğamatla çox hikmətlərdən hali olur.
- Təəssüf ki, indikilərin çoxu muğamatı təkcə şirinlikdən ibarət bilirlər. Vaxtilə bəyənilməyən bayağı mahnılar o dərəcədə indiki nəslin qanına-canına keçib ki, görürsən,
hətta orta nəsil də bu cür mahnıları bəyənir. Bu, qəribə vəziyyətdir. Zövqsüz mahnılar o dərəcədə çeynənir, reklam olunur ki, camaat bu mahnıların dalınca gedir. Belə hallar mənə yaxşı təsir etmir. Camaat indiki bəzi təhrif edən tarzənlərə baxıb fikirləşir ki, tar çalmaq elə belə də olmalıdır. Nəticədə muğam təhriflərə məruz qalır.
Tələbələrimə deyirəm ki, muğamı olduğu kimi çalın. Amma
muğamı olduğu kimi çalmaq hünər tələb edir, bu səbəbdən də bəziləri simi qaldırır, lad barmağı vurur, vıyıldadır, məzmun itib-gedir. Muğam çalğısının özü də cümlə-cümlə olmalıdır.
- Azərbaycanın məşhur tarzəni, mərhum Bəhram Mansurovun tarının səsində əzəmət var. İndiki tarzənlərin bu sanballı səsdən, ifadan bəhrələnməsi yaxşı olardı.
- Bəhram Mansurovun oğlu Elxan Mansurov tarzəndir, Opera və Balet Teatrında işləyir, atasının yolu il
ə gedir. Baxırsan ki, qədim yolu saxlayır. 1989-cu ildə Səmərqəndə muğam simpoziumuna getmişdim. Həmin tədbirə dünyanın bütün ölkələrindən musiqişünaslar gəlmişdilər. Azərbaycanı o tədbirdə Alim Qasımov, Arif Babayev, Ramiz Quliyev və mən təmsil edirdik. İnanın ki, çox adam gəlib soruşurdu ki, Bəhram Mansurov haradadır, niyə gəlməyib? Hamısı deyirdi ki, əsl tarçalan məhz Bəhram Mansurovdur. Dünyanın məşhur musiqiçiləri tarın müşayiətilə muğamata məhz Bəhram Mansurovun ifasında qulaq asırdılar. O vaxtı Bəhram Mansurov xəstəydi, gedə bilməmişdi. Dünyada Azərbaycan tarını Bəhram Mansurovun ifası, o üslubda çalınanla tanıyırlar. Hər muğamın özünün xarakteri var: indikilərdə təəssüf ki, bu cəhətə çox rast gəlmək olmur.
- Bu gün Azərbaycan muğamı, musiqimiz dünyanın çox ölkələrində təmsil olunur. Sizcə, indiki zamanda Azərbaycan musiqisinin təmsilçilərinə münasibət necədir? Alim Qasımovun Azərbaycan muğamlarına əlavə xallar vurması, haradasa istədiyi kimi oxuması tanınmış musiqiçilər arasında daim müzakirə mövzusuna çevrilir.
- Ola bilər, Alim Qasımov cazla, estrada ilə nə isə oxuyur. Amma trio ilə gedəndə burada 15-20 il qabaq necə oxuyurdusa,
xaricdə də eləcə oxuyur. Amma başqa cür oxumaq belədir ki, əgər tamaşaçı onun bu cür oxumağını qəbul edirsə, o da məcbur olur ki, belə oxusun. Burada təhrif yoxdur. Özü də deyir ki, bu zaman ürəyi istəyən kimi oxuyur.
- Güney Azərbaycanda soydaşlarımız Azərbaycan muğamlarını böyük sevgiylə yaşadırlar, Quzey Azərbaycandakı sənətkarların irsini məhəbbətlə davam etdirirlər. Bu barədə qənaətiniz necədir?
- Qənaətim çox yaxşıdır. Hər halda orada musiqimizin soydaşlarımız tərəfindən yaşadılması barədə ürəkaçan danışmaq olar. Güney Azərbaycanın müxtəlif şəhərlərindən tələbələr muğamlarımızı öyrənmək arzusuyla gəlirlər, yaxşı da öyrənirlər. Hazırda Milli Konservatoriyada Güneydən olan bir neçə soydaşımız tar üzrə təhsil alır. İncəsənət Universitetində də bu cür soydaşlarımız tarın tədrisi ilə məşğul olurlar.
Güneyli soydaşlarımız Azərbaycan muğamlarını öyrənməyə böyük məsuliyyətlə yanaşırlar. Azərbaycan muğamları içimizdən keçirib yaşatdığımız muğamlardır. Farslar da özlərinə məxsus oxuyurlar, bizim muğamlardan əlavələr belə etmirlər. Amma biz çalışırıq ki, onların oxuduqlarını öz muğamlarımıza gətirək. Türkiyə türklərinin musiqisinə də müünasibətimiz belədir. Onlar da bizim mahnıları öz əhvallarına uyğun oxuyurlar, amma biz burada da kopiya edirik, təmiz saf muğamlarımızı təhriflərə məruz qoyuruq.
- Rəhbərlik etdiyiniz ansamblda vəziyyət necədir?
- Ansambl yaşayır, fəaliyyət göstərir. Bu yaxında Aqil Məlikovun ifasında "Şur" dəstgahını radio üçün lentə almışıq. O, sırf Azərbaycan muğamlarını oxuyur, qədimdən gələn nəfəsi var, şeriyyətin ifadəsi yerindədir.
- Azərbaycan xanəndələrinin yenə də daha çox Vahiddən oxuması ənənəsi davam edir. Vahid talantlı qəzəlxandır, amma
Füzulidən, xüsusən də Nəsimidən ardıcıl oxumaq muğamatın mahiyyəti ilə tamamilə uyuşur.
- Bizimlə oxuyan xanəndələr əlvanlığa üstünlük verirlər, bu, çox gərəklidir. Xanədələrimiz Nəbatidən, Möcüzdən, Seyid Əzimdən və başqalarından da oxuyurlar.
Bu ansambl mənə yadigardır, Baba Salahovun ruhu şad olsun. Həddən artıq əziyyət çəkirik, amma bu ansambl yaşamalıdır. Televiziyada yaram saatlıq muğamat üçün gərək aylarla məşq edəsən. Amma tamaşaçıya bəlkə də bu, çox asan gəlir. Gərək 20 adamla bir rəngin üzərində səbirlə işləyəsən, sonra da bunun hər birini xanəndə ilə məşq edəsən. Ansambl başqa şeydir, iki-üç adamın ionika, sikripka, sintezatorla çıxış etməyi başqa. Sintezatorun gücünə ansambl saxlamazlar.
- Hərdən peşəkar ansamblla iri konsert salonlarına çıxmaq barədə fikirləşirsinizmi?
- İndi 1500-2000 adamı auditoriyaya yığmaq çətindir. Gərək bunu təşkil edən, camaatı dəvət edən olsun. Bu saat Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinski dirilib gəlsə belə yenə də o qədər adam özü gəlib zalda oturmayacaq. Filarmoniyaya bu cür konsertə gələnlərin yarısı dəvətlə olur. Belə tədbirləri müntəzəm olaraq dövlətin təşkil etməsi yaxşı səmərə verir.
- Öz bəstələriniz varmı?
- Bir ara yaratmışdım, indi də hərdən olur, yaddan çıxıb gedir. Amma bu işlə xüsusi məşğul olmamışam. Mənim işim tar ifaçılığıdır.
- Bakı kəndləri qədimdən muğamata diqqətli qulaq asmağı, muğamla nəfəs almağı ilə tanınır. Hazırda bu sahədə vəziyyət necədir?
- Hazırda Bakının çox kəndlərində şadlıq evləri tikilib.
Əvvəlki toyların ləzzəti şübhəsiz, belədə qalmır. Çox adamlar yenə də qabaqlar olduğu kimi həyətlərində mağar qururlar. 5-10 il əvvələ nisbətən indi mağarların sayı artıb. Əlbəttə, toy qaydalar
ı sadələşdirilsə, yaxşı olar. Amma inanmıram ki, bunun qabağını almaq mümkün ola. Restoranların da öz maraqları var. Baha oxuyanlar da qiymətdə aşağı düşmür. Hərdən camaata deyirəm çoxlu pul verincə, bir az pula hansısa xanəndəni gətirsən, bu, gözəl bir iş olar, sabah da balan sənin ruhuna dua oxuyacaq.

 

Xalq cəbhəsi.- 2008.- 14 fevral.- S. 14.