Qurbanqızı Z.

 

Nəğmə dolu bir ürək

 

Doğma Bakımızı, şəhərin gecə həyatını, dənizkənarı bulvarı çox sevirdi, Xəzərin pıçıldaşan ləpələri ilə saatlarla həmsöhbət olurdu. Bu sevgi bir zaman rahatlığını əlindən almışdı, içində qövr etdikcə ona gələcəkdə şöhrət gətirəcək bir nəğmənin cücərtiləri baş qaldırırdı. Və bir gün küçələrdən boylanan qırmızı, yaşıl, sarı işıqlar daha gur yandı, "Bakının işıqları" Şövkət Ələkbərovanın bənzərsiz ifasında hamını ovsunladı. Bu, Elza İbrahimovanın ikinci mahnısı idi. İlk mahnısını 1968-ci ildə yazmışdı. Məmməd Rəhimin "Yalan ha deyil" şeirinə bəstələdiyi musiqi debütü idi 1969-cu il aprelin 19-da milli radioda səslənmiş, müəllifinə uğur gətirmişdi.

Elza İbrahimova lə uşaqkən musiqiyə böyük həvəs göstərm, valideynləri kiçik qızcığazın bu həvəsini nəzərə alaraq onu musiqi məktəbinə qoymuşdular. Əvvəl 8 saylı musiqi məktəbini, sonra Asəf Zeynallı adına musiqi məktəbini bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuşdu. Burada ilk müəllimi bəstəkar Cövdət Hacıyev olmuş, bir il sonra onu Qara Qarayev əvəz etmişdi. Ən çətin məqamlarda həmişə sevimli müəlliminə üz tutar, ondan məsləhətlər alardı Elza xanım. Onun diplom işi - "Fortepiano orkestr üçün konsert" konservatoriyanın böyük zalında Elza xanım onun müəllimi Fəridə Quliyeva ilə birgə iki royalda səslənmiş, uğurlu ifadan sonra maestro Q.Qarayev tələbəsinə: "Bu nailiyyətlə kifayətlənməyin, davam edin!" - demişdi. Diplom işini dinləyən maestro Niyazinin rəyi isə belə olmuşdu: "Maraqlı, ancaq fortepiano fakturalı pianoçu üçün mürəkkəb əsərdir".

Təbii ki, bu böyük sənətkarların fikirləri Elza xanımı bəstəkarlıqla daha ciddi məşğul olmağa ruhlandırmışdı.

Mahnı yaradıcılığı Elza İbrahimovanın fəaliyyətində əhəmiyyətli yer tutur. Onun mahnılarının ifaçıları da seçilir: R.Behbudov, F.Kərimova, İ.Rzayev, M.Babayev, İ.Quliyeva, G.Məmmədov, O.Ağayev, A.İslamzadə, E.Rəhimova b. Elza xanım bir müddət "Dan ulduzu" vokal-instrumental ansamblında işləmiş, onun rəhbəri, əməkdar incəsənət xadimi Gülarə Əliyeva ilə dostluq etmişdi. Onun mahnılarını dinlədikdən sonra böyük müğənni Rəşid Behbudov da Elza xanımla əməkdaşlıq etməyə təşəbbüs göstərmişdi. O günləri Elza xanım belə xatırlayır: "Bir gün mənə zəng oldu, bərk həyəcanlandım. Böyük istedadı qarşısında səcdə etdiyim Rəşid Behbudovla danışmaq mənə elə çətin gəldi ki... İşimlə maraqlandı - və mən "Ey Vətən" adlı mahnını yenicə tamamladığımı dedim və həmin mahnını ona təqdim etməyə özümdə cəsarət tapdım. Bizim əməkdaşlığımız belə başladı".

Ölməz sənətkarımız R.Behbudov bu mahnını elə ifa etdi ki, "Ey Vətən" odlar ölkəsinin vizit kartına çevrildi, dünyanın hər yerində "Ey Vətən" dedi və günlərin birində bu dünyadan köçünü də bu nəğmənin həzin sədaları altında çəkdi...

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm

Ey Vətən!..

Ötən müddətdə E.İbrahimova kamera janrına müraciət etmiş, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, Hüseyn Cavidin pyesi əsasında "Afət", "Yanan laylalar" (libretto müəllifi R.Heydər) poemalarını yazmışdır. Qarabağ mövzusunda işlənmiş "Yanan laylalar" operasının səhnələşdirilməsi barədə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qərar bul edilsə də əsər hələ də öz səhnə həyatını tapa bilməmişdir. 1996-cı ildə bəstəkar E.İbrahimova Şeyx Şamilin 200 illiyi münasibətilə yeni bir opera yazmağa başlamışdır. Neft sənayesinin 130 illiyinə həsr etdiyi neftçilər haqqında mahnı-himni Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayev yüksək qiymətləndirmişdir.

Elza xanım sevilən bəstəkarlardandır. Bu da səbəbsiz deyil. Xalq şairi Bəxtiyar Vahabzadə 1984-cü ildə "İşıq çeşməsi nəğmələr" məqaləsində yazırdı: "Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır. O, səslərdən toxuduğu nəğmə naxışlarında bizə ovqatımızı, öz iç dünyamızı göstərir. Onun nəğmələrinin verdiyi bəsirət gözü ilə o, bizi özümüzə, daxili aləmimizə baxmağa məcbur edir. Biz gözlərimiz önündə kəpənək kimi uçan sehrli səslərin arxasınca getməyə bilmirik, onun nəğmələrində gözə görünməz səslər predmetləşir, gözə görünən arzulara, duyğulara çevrilir. Bax budur əsl böyük sənətin gücü sehri!"

Onun mahnılarında bir yanğı var, bu yanğı yalnız Elza xanıma məxsusdur.

Yanğı içdən gələr, fəryad ürəkdən qopar. Onun "Qayıt!", "Məhəbbət qürbətə gedərmiş", "Bilməzdim", "Sən yadıma düşəndə", "Gecə bulaq başında" s. mahnılarında nəğmə ilə, sevgi ilə dolu bir ürəyin çırpıntıları, üsyanı duyulur. Odur ki, bu mahnılar da, onun müəllifi dinləyici tərəfindən sevilir. Xalqın böyük sevgisini qazanmış Elza xanımın şərəfli əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, Prezident təqaüdünə layiq görülmüşdür, əməkdar incəsənət xadimidir.

Bu günlərdə "Muğam" Teatrında bəstəkarın yaradıcılıq gecəsinə onu sevənlər, sənətinə pərəstiş edən insanlar toplaşmışdı. O gecə sevgi dolu bir gecə idi. Sadə, dəbdəbəni, tərifi xoşlamayan, son dərəcə təvazökar uşaq qədər məsum Elza xanım ünvanına söylənən səmimi sözlər, təbriklər, tər çiçəklər arasında görünməz olmuşdu. Uşaqlıqdan tənhalığı sevən, saatlarla öz musiqi dünyasına qapanan Elza xanım o təmtəraqlı gecənin sonunu səbirsizliklə gözləyirdi. Darısqal, birotaqlı mənzilində zorla yerləşdirdiyi royalı, not dəftəri üçün darıxmışdı sanki. Bəlkə o gecə yaşanan böyük xalq sevgisini bir məhəbbət nəğməsinə çevirmək üçün tələsirdi. Bu nəğmə Elza İbrahimovan yaratdığı musiqi dünyasının möhtəşəm bir akkordu olacaqdır...

 

Respublika.- 2008.- 17 fevral.- S. 7.