Məhərrəmova T.

 

Bizə ancaq yaşlı adamlar qulaq asır

 

Mehman Hacıbəyov: "Şou-biznes insanları çaşdırıb"

 

Məşhur Hacıbəyovlar nəslinin nümayəndəsidir o. Bu soyadın daşıyıcılarının milli musiqimizə bəxş etdikləri töhfələrdən hamı xəbərdardır. Mehman Hacıbəyov da sələflərinin ənənəsinə sadiq qalaraq xalq musiqimizə xidmət edir. Az.TV-da xalq çalğı alətləri orkestrində xorun solisti olmaqla yanaşı, "İrs" folklor ansamblının da solistidir. Onu ansamblın iştirakı ilə keçirilən bütün konsertlərdə görmək olar. Şirin səsi, ürəyəyatımlı ifası ilə xalq musiqisini sevənlərin çoxdan rəğbətini qazanıb Mehman Hacıbəyov.

 

- Bir çox müğənnilər adətən sənətdə özlərinə asan yol seçirlər. Sənət taleyinizi "İrs" kimi acınacaqlı həyat yaşamış ansambla bağlamaq sizin üçün rahatsızlıq deyildimi?

- Məni çox ansambllara dəvət ediblər. Əvvəla, gərək insan özü-özünü tərifləməsin. Mənə çox adam irad tuturdu ki, niyə bu ansamblla məşğul olursan, o qədər ansambl var ki... Mənsə soyuq, küləkli havalarda Balaxanıya - ansamblın məşq etdiyi yerə gedirdim. "İrs" ansamblı ilk dəfə olaraq Azərbaycanda folklor musiqimizi yaşatmağa başlayıb. Daha sonra bir çox folklor ansamblı yarandı. 20 ildən çoxdur ki, bu ansamblla işləyirəm. Məqsədimiz qədim xalq mahnılarımızı, folklor musiqimizi yaşatmaq və xalqımıza çatdırmaqdan ibarətdir. Ancaq bu ansamblı o qədər də qiymətləndirmirlər. Məvacibimiz də azdır. Konsert verəndə görürük ki, bizə ancaq yaşlı adamlar qulas asır. Cavanlar isə üzlərini çevirib gedirlər. İndiki estrada müğənnilərindən, rep, pop oxuyanlardan biri gələndə isə hamı onun başına yığışıb qulaq asır. Bu bizi çox kədərləndirir.

- Ansamblın əzablı, köçkün taleyi haqqında az-çox məlumatım var. Siz də o çətin günlərin şahidi olmusunuzmu?

- Ansamblda həmişə yaxşı ifaçılar olub. Sadəcə, konsertlərin vaxtı məhdud olduğundan efirdə az adamla çıxış edirik. Məşqlərə isə çox musiqiçi gəlir. Ansamblın təzə yarandığı vaxtlarda müəyyən çətinliklər olub. Mən həmin hadisələrdən sonra ansambla gəlmişəm. O vaxt ansamblda Mələkxanım Əyyubova, Məmməd Əlizadə və başqa müğənnilər oxuyurdu. Düzdür, ansamblın çox əziyyətli, ağır günləri olub. Biz ansamblla o vaxtlar Balaxanı kəndində uçuq bir binada məşq edirdik. İşimiz həmişə acınacaqlı olub. İndi Allaha şükür ki, Folklor İnstitutunun Elmi-Mədəni Folklor sarayında çalışırıq və əməkhaqqımızı da oradan alırıq.

- Balaxanı kəndində çıxışlar edərkən ansambl özünü necə tanıda bilirdi? Rahat mühitin olmaması müntəzəm məşqlər keçirməyinizə mane olmurdumu?

- Ansamblın bütün üzvləri fanatdır. Çətinlik də olsa, onlar məşqlərə gəlirdi. Hətta az qalırdı ki, musiqiçilər məşqdən sonra da orada qalsınlar. Bu bizim daxilimizdən gələn həvəs idi. Ansamblda çalışan musiqiçilər böyük zəhmətlə "İrs"i tanıtmağa, qədim musiqimizi, folklorumuzu sevdirməyə nail olurdular. Biz indi də çox çalışırıq. "İrs"in məşqlərinə Sumqayıtdan, Hövsandan, Güzdəkdən gələnlər var. Mən məclislərə, el şənliklərinə çox gedirəm. Bilirsiniz ki, biz ansambla çıxış edəndə milli çuxa geyir, papaq qoyuruq. Çox vaxt bu qədim pal-paltara görə bizi istəmirlər.

- Sizcə cavan nəslin xalq musiqisinə, muğamlara laqeydliyi nədən yaranıb? Bəlkə siz əsl musiqimizi onlara sevdirə bilməmisiniz? Ya bəlkə sadəcə, zövqlər dəyişib?

- Biz bacardığımız qədər sevdirə bilirik. Bunun günahı bizdə deyil. Adamların zövqü dəyişib.

- "İrs"dən sonra bir sıra folklor ansamblları yarandı. Bu ansamblın fəaliyyətinin o birilərdən fərqi nədədir?

- O biri ansambllar bir mahnını çalıb-oxuyurlar. "İrs"də isə həm teatr, həm də rəqs var. Məsələn, Sidqi müəllim Bəxtiyar Vahabzadənin "Çahargah" muğamı əsasında kompozisiya hazırlayıb. Orada rəqs, şeir, tamaşa var. Hamının da xoşuna gəlir. Çoxlarının yadındadır, biz Karvansarada məşq edəndə mən "Almanı alma gəlin" mahnısını oxuyurdum. Bu mahnıda teatrlaşdırılmış səhnə də vardı. O vaxt hərəyə bir ləqəb qoşurdular. Mənə də həmin mahnıya görə "alma Mehman" deyirdilər. O mahnıya görə məni çox tanıyırdılar. Ansamblda ilk dəfə Samirə Hüseynova ilə duet oxumuşam. Sonra isə hazırda Mahnı və Rəqs Ansamblında çalışan Xuraman xanımla çox duet oxumuşam. Çox mahnıımız radionun və televiziyanın fondu üçün yazılıb. Mənim ifamda radionun və televiziyanın fondunda çoxlu xalq və bəstəkar mahnıları var. Tofiq Quliyev, Səid Rüstəmov və Fikrət Əmirovun topladıqları "Xalq mahnıları" kitabından "Çimnaz xanım" adlı xalq mahnısını oxumuşdum. Bir az anlaşılmazlıq nəticəsində onu ara mahnısı kimi təqdim edirdilər. Məni Az.TV-nin "Telerinq" verilişinə dəvət etmişdilər. Həmin verilişdə kitabı göstərdim ki, qoy bu mahnının folklor mahnısı olduğunu bilsinlər.

- Ansamblın tanınması, məşhurlaşması və musiqimizi daha yaxşı təbliğ etməsi üçün heç şübhəsiz, xarici ölkələrə də səfərləri təşkil olunmalıdır. Bu sarıdan "İrs"in bəxti gətiribmi?

- Rayonlara qastrola çox çıxmışıq. Bizim ansamblı Azərbaycanın rayonlarında yaxşı tanıyırlar. Getdiyimiz yerlərdəki qocalardan eşitdiyimiz laylaları, bayatıları sonra xalq musiqisi əsasında bərpa edib, camaata təqdim edirdik. Demək olar ki, Azərbaycanın bütün rayonlarının özünəməxsus zəngin folkloru var. "Gəncənin yolları" mahnısının sözlərini filoloq Elxan Məmmədli bizimçün Gəncəbasardan gətirib. Həmin mahnını televiziyada yazdırmışam və hazırda radionun və televiziyanın fondunda saxlanılır. Xaricə qastrollara gəlincə, ansambl məndən əvvəl İtaliyada, Avstriyada çıxış edib. Mən isə ansamblla birlikdə Türkiyədə, İranda, Pribaltikada və Rusiyanın bir çox şəhərlərində çıxış eləmişəm. Biz çox yerlərə dəvət alırıq, amma vəsait olmadığı üçün gedə bilmirik. Sponsorumuz yoxdur. Buna baxmayaraq fəaliyyətimizi davam etdiririk. Dəvət aldığımız yerlərdə çıxış edirik. Yeni konsert proqramları hazırlayırıq. Hazırda "Novruz" bayramı üçün kompozisiyaların üzərində çalışırıq. Müğənni kimi ayrıca çalışdığım orkestrlə mahnılar yazdırıram.

- Qədim Musiqi Alətləri Ansamblı və onun üzvləri haqqında bir neçə dəfə yazı hazırlamışam. Həmin ansamblda rastlaşdığım alətlərin bir çoxu sizin ansamblda ifa olunmur.

- Düzdür, o ansamblda olan bəzi alətlər bizdə, bizim ansamblda ifa olunan bəzi alətlər də onlarda yoxdur. İlk dəfə rəhmətlik Rəşid Nəsiboğlu ilə Sidqi Mustafayev bu ansamblı yığıb. Plan tərtib edərək əvvəlcə musiqi alətlərini, daha sonra ifaçılarını təşkil ediblər. Mənə elə gəlir ki, bu ansamblın inkişafı hələ qabaqdadır. Bəlkə nə vaxtsa ansambla laqeydlik olmayacaq. İndi biz musiqimizə, ansambla göstərilən belə münasibətə görə heç kəsi günahlandıra bilmərik. Nə etmək olar, taleyimiz belədir...

- Təəssüflənirsinizmi, əsas dolanışığınızı ömrünüzün 20 ildən çoxunu həsr etdiyiniz, çətin, əzablı günlərinə dözüb tablaşdığınız ansamblın fəaliyyətindən yox, toylardan, el şənliklərindən qazanırsınız?

- El şənliklərində həmişə böyük sənətkarlarımız oxuyub. Elə indi də oxuyurlar. Biz məcburən, dolanışıq üçün toylara gedirik. Hamımızın ailəsi var. Sözün düzü, əməkhaqqım ailəmi təmin etsəydi, heç vaxt pul qazanmaqdan ötrü toylarda oxumazdım. Bir də görürsən ki, biri içkili halda gəlib bir söz deyir. Kiminsə qabağında alçalmaq yaxşı deyil. Hər kəsin özünə görə şəxsiyyəti var.

- Razısınızmı "İrs"in təbliğatı da çox zəifdir. Bəlkə bu, ansamblın təşkilatçılarının passivliyindən irəli gəlir.

- Təbliğat zəifdir. Son zamanlar özəl kanallar bizi bir neçə dəfə dəvət edib. Əsas çıxışlarımız Azərbaycan televiziyası ilə olur. Radioda da tez-tez səsləndirirlər. Əvvəlki illərlə müqayisədə ansambla münasibət xeyli dəyişib.

- Necə bilirsiniz, bəlkə siz "İrs"dən uzaqda - çalmasız, çuxasız, bir qədər qədimlikdən uzaqlaşıb müasir üslubla daha tez məşhurlaşardınız?

- Bəli, onda daha tez məşhurlaşardım. Amma bu gün dinləyici auditoriyamız bizə bəs edir. Çünki onlar hamısı yaşlı, savadlı adamlardır. Cavanlar bizi az dinləyir. Şou-biznes meydana gələndən sonra özəl kanalları əsasən şou maraqlandırır. Adamların da psixologiyası elə qurulub ki, efirdə kimi çox görürlər, onu da qəbul edirlər. Mahnı, klip səviyyəsiz olsa da, ifaçı populyar adama çevrilir. Şou-biznes insanları çaşdırıb.

- Bu illər ərzində özünüz üçün necə nəticə çıxarmısınız - musiqi sizin üçün nədir? Ailənizin dolanışığını təmin edən vasitə, sizi hamıya tanıtdıran şöhrət, yoxsa qəlb rahatlığı?

- Mən musiqisiz yaşaya bilmərəm. Yoldaşlarımdan bir neçəsi bu işdən ayrılıb kommersiya ilə məşğul olmağa getsə də, yenidən bu sənətə qayıdıb. Musiqinin böyük gücü onları geri qaytarıb. Mənsə əvvəldən dözmüşəm. Əziyyəti geridə qoyub həmişə özümü qabağa vermişəm. Nə qədər ki, Allah-təala mənə can verib, musiqidən ayrılmayacağam.

 

Kaspi.- 2008.- 20 fevral.- S. 16.