Məhərrəmova T.

 

Həmişəcavan xanəndə

 

Əlibaba Məmmədovun 80 illik yubileyi qeyd olunur

 

Musiqinin ecazkar aləminə nə vaxt düşdüyünü özü də xatırlamır. Yəqin ona görə ki, bu istəyin qəlbində kök atıb rişələnməsi ömrünün hansısa günü, ayı ilə bağlı olmayıb. Ancaq onu bilir ki, bu sənətə gəlişi göydəndüşmə deyil. Bir də illər keçdikcə bu sehrdən qurtulmağın mümkünsüzlüyünü anlayıb. Ağlı kəsəndən muğamları, xalq mahnılarını dinləyib. Yaşıdları özlərini böyük xanəndələrə bənzədər, onların vallarda, toylarda eşitdikləri ifalarını yamsılamaqdan doymazdılar. Şirin avazla dilə gətirdikləri mahnılar kəndin alatoranında məktəbə uzanan yollara səpələnərdi.

İndi etiraf edir ki, onu xanəndə Əlibaba Məmmədov kimi şöhrətləndirən bu vurğunluq boya-başa çatdığı Maştağa kəndində musiqi sənətinə bəslənən böyük məhəbbətdən yaranıb.

Onlarda musiqiyə bəslənən sevgi kimi gözəl səs də nəsillikcədir. Anasının yaxşı səsi vardı. Əmisi Güləhməd Məmmədov da Bakıda gözəl xanəndə kimi tanınırdı. Onların evində Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi xanəndələr tez-tez qonaq olardı. Bir çox məqamlar balaca Əlibabanın uşaq şüuru üçün qaranlıq olsa da, xanəndələrin saatlarla davam edən söhbətlərinə qulaq asmaqdan yorulmazdı. Ancaq böyüyəndə istəyi tamam başqa idi: neftçi olmaq istəyirdi.

Adi bir təsadüf isə sənət seçimində qəti qərar verməsinə səbəb olub. Günlərin birində "26 Bakı komissarı" mədəniyyət evinin qarşısından keçəndə gözləri iri hərflərlə yazılmış "Gənc istedadlar axtarırıq" adlı müsabiqənin elanına sataşıb. 19 yaşlı gəncin öz gücünə, səsinə inamı vardı. Füzulinin qəzəllərinin çoxunu əzbər bilirdi. Muğamlarımızı dost-tanışları üçün oxuyurdu. Elə bu səbəbdən də özünü bu müsabiqədə yoxlamaq qərarına gəlir. Zülfü Adıgözəlovun rəhbərlik etdiyi münsiflər heyəti onun səsini bəyəndikdən sonra Əlibaba Məmmədovu Filarmoniyaya ştatdankənar solist götürdülər. O zaman Filarmoniyada Xan Şuşinski, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev kimi şöhrətli xanəndələr çalışırdı. Onlarla bir səhnədə oxumaq o qədər də asan deyildi. Bu, hər gələn xanəndədən böyük cürət və gözəl səs tələb edirdi. Gənc xanəndənin xalq arasında tanınıb sevilməsi isə çox çəkmədi. O, Azərbaycan xanəndələrinin ən böyük məktəbi sayılan Bakı toylarından da üzüağ çıxdı. Əvvəllər toylara nağaraçalan kimi getsə də, Filarmoniyanın solisti olandan sonra xanəndəlik etməyə başladı. Günlərin birində Adil Gəray ona təhsil almağı məsləhət gördü. Asəf Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskinin sinfində dərs alması muğamların sirrini daha dərindən öyrənməsinə kömək etdi.

İllər keçdi... Sənətinə aludəliyi onu dillərdə əzbər olan yüzdən artıq mahnının müəllifinə çevirdi. Mahnıları əsasında kitab dərc olundu. "Humayun" ansamblının yaradıcısı kimi tanındı. Ən əsası, xalq sevgisini, el məhəbbətini qazandı. 80 illik ömrünün ən azı 60 ilini sənətə həsr etməsi nəticəsiz qalmadı. Əməyi layiqincə qiymətləndirildi. Fəxri adlara, "Şöhrət" ordeninə layiq görüldü.

80 ili arxada qoyan xanəndə indi ötüb-keçənlərlə bağlı çox şeyləri yaddaşına köçürüb. Oxumaq, dərs demək həvəsindən isə heç nə əskilməyib. Düzdür, "Ağarma, saçım" desə də, saçlarına adladığı illərin qarı ələnib. Ürəyi isə həmişəki kimi cavandır...

 

Əlibaba Məmmədov ünvanlı mahnılar

 

Görkəmli xanəndəni yubileyi ərəfəsində ilk təbrik edən İ.Əbilov adına Mədəniyyət Mərkəzi oldu.

Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov bildirdi ki, görkəmli şəxsiyyətlərin yubileyləri ərəfəsində Mədəniyyət Mərkəzi həmişə birinciliyə imza atıb. Əlibaba Məmmədovun 80 illiyi ərəfəsində keçirilən gecə də bu sıradandır.

M.Əsgərov Əlibaba Məmmədovu həmişəcavan xanəndə adlandırdı: "Əlibaba Məmmədov bizim gənclik illərimizin xanəndəsidir. Biz onun mahnıları ilə böyümüşük".

Bakı Şəhər Mədəniyyət İdarəsinin rəis müavini Novruz Aydəmirov isə çıxışına Əlibaba Məmmədovun tez-tez işlətdiyi bir məsəllə başladı: "Görünən kəndə bələdçi lazım deyil". Əlibaba müəllimi tanımayan yoxdur. Bu gün onun haqqında nə qədər danışsan da qurtaran deyil. Mən hər dəfə Əlibaba müəllimlə söhbət edəndə elə bil ki, dünyanı qucaqlayıram. Əlibaba müəllim 100-dən çox mahnı yazıb. Ancaq indiyə qədər "mən bəstələmişəm" sözlərini deməyib. O, həm şair, həm bəstəkar, həm musiqiçi, həm xanəndə, həm də ifaçıdır. Belə adamlar çox nadir hallarda dünyaya gəlir. Biz onların qədrini bilməliyik".

Tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev "Bir insanın yaradıcılığına baxsan onun nələr etdiyini görərsən. Əlibaba Məmmədov da belə sənətkarlardandır. O, gənclər üçün çoxlu mahnı qoyub. Bu mahnıları sevə-sevə oxuyurlar. Həmin musiqilərin bir ünvanı var: Əlibaba Məmmədov. Bu mahnıların heç biri bir-birinə bənzəmir. Həmin mahnılara nə qədər zaman keçsə də, yenə müraciət edəcəklər. Çünki o mahnılar unudulmazdır" - deyə ürək sözlərini dilə gətirdi.

Bir çox yubiley tədbirlərindən fərqli olaraq, bu gecədə çıxışlara, xatirələrə çox yer verilmədi. Məclisin əhval-ruhiyyəsini yüksəldən xanəndənin yazdığı mahnıların eşidilməsi oldu. Mədəniyyət Mərkəzinin "Şəlalə" ansamblının yeniyetmə üzvlərinin ifasında Əlibaba Məmmədovun ürəklərə sərinlik gətirən, qəlbləri oxşayan "Bir dənəsən", "Baxdın maral kimi", "Beləyəm", "Yaşadar məni", "Ağarma saçım" və s. mahnıları səsləndi.

 

"Mən xanəndəyəm"

 

Əlibaba Məmmədov diqqətə görə təşəkkürünü bildirib gecəni bəzəyən mahnılarına görə qürur duyduğunu söylədi: "Bu mahnıların 40-50 yaşı var, sayı isə 100-ü ötüb. Sevinirəm ki, gənclər bu mahnıları sevə-sevə oxuyurlar. Özünütərif kimi səslənməsin: bunlar çətin mahnılardır. Ancaq mən heç vaxt özümə bəstəkar demirəm. Həmişə demişəm ki, mən xanəndəyəm. Pis-yaxşı xalqa 60 ilə yaxın xidmət etmişəm. Hər milləti musiqisinə görə tanıyırlar. Sevinirəm ki, muğam sənətimizin bu səviyyəsini, ona dövlət dəstəyini görmək mənə qismət oldu. Heyif ki, bu günü Zülfü Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski, Hacıbaba Hüseynov görə bilmədi. Bayaq da dedim: mən indiyə qədər 100-dən artıq mahnı bəstələmişəm. Ancaq bir cümlə muğam bəstələyə bilməmişəm. Hətta Üzeyir bəy kimi bəstəkar da bəstələyə bilməyib. Muğamda not yoxdur. Heç kəs deyə bilməz ki, muğamat harada, necə yaranıb. Ona görə həmişə deyirəm ki, muğamatı bizə Allah-təala göndərib. Biz onu qoruyub-saxlaya, dəstgah şəklinə sala, tədris edə bilirik. Bayağı mahnılar bu gün var, sabah yoxdur. Ona görə muğamımızın qədrini bilməliyik".

Enişli-yoxuşlu 80 illik ömür, 60 illik sənət yolu keçən görkəmli xanəndənin gənclərdən umduğu bircə şey var: sənəti yaşatmaq, bayağı mahnılara uymamaq: "Bayağı mahnılar çox yaşamır. Bu gün yaranırsa, sabah unudulur. Əsil sənət isə həmişə yaşayır, gələcək nəsillərə qalır. Ona görə layiqli sənətin qədrini bilin".

Gecənin ən maraqlı yaddaqalan məqamlarından biri görkəmli xanəndənin öz ifası oldu. Gənclik illərində olduğu kimi, şirin, ürəyəyatımlı səsi, peşəkar ifası ilə "Mənim eşqim" mahnısını eşitmək nəyə desən dəyərdi...

 

Kaspi.- 2008.- 29 fevral.- S. 16.