Zümrüd

 

Milli mədəniyyətimizin böyük abidəsi

 

Bu günlərdə "Çaşıoğlu" nəşriyyatında milli mədəniyyətimizin böyük abidəsi olan "Füyuzat" məcmuəsinin ikinci nəşri çap olunmuşdur. Məcmuənin çap olunmüş nüsxələrini tanınmış alim, ədəbiyyatımızın yorulmaz tədqiqatçısı filologiya elmləri namizədi Ofeliya Bayramlı toplayaraq, çapa hazırlamışdır.Ofeliya Bayramlının yuxusuz gecələri və böyük zəhməti sayəsində ərsəyə gələn bu kitabda Ə.Hüseynzadənin baş mühərrirliyi və Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" məcmuəsinin 32 sayı çağdaş latın əlifbasında yenidən nəşr olunmuşdur. Kitabın redaktorları akademik Bəkir Nəbiyev və filologiya elmləri doktoru Teymur Kərimlidir.
   Bu məcmuə XX əsrin əvvəllərində Azərbaycan və türk xalqlarının siyasi, ədəbi fikrinin ən möhtəşəm abidəsidir. "Füyuzat" bu mövqeyini yeni əsr üçün də qoruyub saxlamışdır.
   Ofeliya Bayramlı kitaba ön söz və giriş yazmışdır. Tərtibçi ön sözdə "Füyuzat"ın yeni nəşrinin zəruriliyini belə əsaslandırmışdır. Doğrudur, uzun yasaqlardan sonra son illərdə Ə.Hüseynzadənin irsi Azərbaycanda çap olunmuş və onun haqqında bir çox dəyərli əsərlər yazılmışdır. Lakin o da etiraf olunmalıdır ki, XX əsrin əvvəllərində onun başçılıq etdiyi ədəbi-siyasi hərəkatı öyrənmək üçün görülən bu işlər hələ azdır. Çünki həm vaxtilə sovet rejimi dövründə Ə.Hüseynzadənin və "Füyuzat"ın yasaqlığı ilə onun banisi olduğu turançılıq, türkçülük, azərbaycançılıq ideyaları haqqında deyilmiş bəzi köhnə qənaətlərin müəyyən izləri qalmaqdadır, həm də bu böyük insanın adı ilə bağlı milli istiqlal, milliözünüdərk, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" məqamları bəzən başqa ideoloqlara aid edilir. Bu kimi hallarla razılaşmaq olmaz. Məhz bu səbəblər "Füyuzat"ı yenidən nəşr etmək vəzifəsini zhəruriləşdirir. Beləliklə, aydın olur ki, tərtibçini də "Füyuzat"ın ərəb əlifbasından latın əlifbasına transliterasiya edilib çap olunmasına sövq edən əsas amil belə bir ehtiyacdan yaranmışdır.
   Æurnalın nüsxələrini milli-mənəvi abidə kimi qorumaq, ömrünü uzatmaq məqsədilə tranliterasiya və çap etmək kimi nəcib, vacib işi öz öhdəsinə götürən Ofeliya Bayramlı bu işin öhdəsindən uğurla gəlməyi bacarmışdır.
   Müəllif bir il fəaliyyət göstərən, cəmi 32 nömrədən ibarət olan məcmuəni bir nəşrdə toplayaraq 492 səhifəlik bir kitab kimi çap etdirməyi daha münasib və lazım bilmişdir. Məqsədi XX əsrin əvvəllərində Ə.Hüseynzadənin "Füyuzat"la yaratdığı ədəbi, siyasi hərəkatının bütöv panoramını müasir nəsillərə çatırmaqdır.
   Transliterasiyada mətnlərdə olduğu kimi, rəsmlərdə də tərtibçi tərəfindən ixtisar aparılmışdır. Çünki "Füyuzat"da verilən şəkillər məcmuənin məsləkini təbliğ edən mətnlərlə vahid kompleks təşkil edir.
   Ofeliya Bayramlı kitaba "Milli mədəniyyətimizin böyük abidəsi" adlı giriş yazmışdır. Burada tərtibçi Ə.Hüseynzadənin baş redaktorluğu ilə çap olunan "Füyuzat" məcmuəsində çap olunmuş məqalələrin geniş və hərtərəfli təhlilini verərək, Ə.Hüseynzadənin "İttihada doğru tərəqqi" proqramının sxemini tərtib etmişdir.
   Ümid edirik ki, "Füyuzat"ın transliterasiya nəşri, bu böyük mədəniyyət abidəsinin əsil tarixi və müasir ideya əhəmiyyətinin, onun bir çox başqa məziyyətlərinin bəyənilib üzə çıxarılmasına və layiqincə işıqlandırılması işinə kömək edəcəkdir.
   Milli-mənəvi mədəniyyətimizin böyük abidəsi olan "Füyuzat"ın yenidən çap olunması təqdirəlayiqdir. Yaradıcılığının məhsuldar çağında dünyasını dəyişən ədəbiyyatşünas alim Ofeliya Bayramlının tərtib etdiyi bu kitab yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk xalqları üçün böyük bir töfhədir.
   

Səs.- 2008.- 7 fevral.- S. 12.