Rüstəm
Z.
“Bizə qədər qadın xanəndələr
dəflə oxumurdular”
Mələkxanım
Əyyubova hesab edir ki, gənclərin gələcəyi
nəzarət altında olmalıdır
Muğam sənətində
dəst-xətti olan, təkrarolunmaz ifası ilə
seçilən xalq artisti Mələkxanım Əyyubova bu il
fəaliyyətinin 27-ci ilini geridə qoyacaq. Xanəndə Qulu Məhərrəmovun
yetirməsi olan M.Əyyubova müəlliminin
ənənələrini bu
gün də yaşadır. Eyni zamanda, muğam sənətində onun öz yeri var.
Mədəniyyət və
İncəsənət Universitetində
onlarca tələbə
yetişdirən xanəndə
xanım gələcək
nəslə muğam anlayışını aşılamağa
çalışır. Xatırladaq
ki, ötən il M.Əyyubovanın yaradıcılığı daha
çox səfər proqramı ilə yadda qalıb. Bu günlərdə Belarusdakı səfirimiz Əli Nağıyevin dəvəti ilə o, Minsk Dövlət
Filarmoniyasında çıxış
edib:
- Ötən il həm də
oğlumun Azərbaycan Dövlət İqtisad Universitetinə
daxil olması ilə yadda qaldı. 2008-ci ilə bir çox
planlarım var. Yaxın günlərdə Türkiyənin bir neçə şəhərində
silsilə konsert proqramı ilə çıxış edəcəyəm.
Hərdən qastrol səfərlərindən söz
düşəndə statistik
göstəricilərə varmıram.
Bir cümlə ilə bütün ölkələrə getdiyimi
qeyd edirəm. Əlavə edim ki, əcnəbilər dilimizi başa düşmür, qəzəl,
muğam nədir, bilmirlər. Səs diapazonumuz, zəngulələr,
boğazda etdiyimiz xırdalıqlar, improvizələr
onları təəccübləndirir,
bizi ayaq üstə alqışlamağa
vadar edir. Dünyanın heç bir ölkəsində belə musiqi yoxdur.
- 27 illik fəaliyyətiniz
dövründə sənətdə baş verən
dəyişiklikləri necə dəyərləndirirsiniz?
- Bütün
dövrlərdə musiqinin siyasəti olub və olacaq. Xatırlayıram ki, mən
"İrs" Folklor
Ansamblının tərkibində
çalışan illərdə
vəziyyət elə
də ürəkaçan
deyildi. Yəni, ansambl yaranan ərəfədə Novruz
bayramını keçirmək,
milli adət-ənənələri yaşatmaq,
hətta "milli"
sözünü işlətmək
belə çox çətin, qorxulu idi. Rəşid Nəsiboğlu bu ansamblı yaradanda nə qədər əziyyətlər çəkdi,
başına müsibətlər
gəldi. Bu söhbətlər indi-indi
açılır. Bu
haqda danışa bilmirdik. Eyni zamanda, muğama birmənalı yanaşmayanların
sayı daha çox idi. Sənət daha çox el şənlikləri
səviyyəsində dinlənilirdi.
Müğənnilərdən Baloğlan Əşrəfov,
Ağadadaş Ağayev,
Niyaməddin Musayev primitiv mahnılar oxuyurdular, amma onların musiqisinə bir axın var
idi. Həvəskar səviyyədə yazılmış
kasetlər yüksək
tirajla satılırdı.
Yəni, bütün dövrlərdə zövqlər
fərqlənib, kütlə
yüngül musiqiyə
meylli olub. Məcburən millətin beyninə yeridiblər ki, sizin milli
musiqiniz budur, buna qulaq asın".
Amma öz dövrlərində Əlibaba
Məmmədov, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Alim Qasımov, Sara Qədimova, Rübabə Muradova muğam sənətini qoruyub saxladılar.
- Qadın xanəndələr
arasında dəflə
oxumaq ideyası kimə məxsusdur?
- Qadın
ifaçılarından mənim, Səkinə
İsmayılovanın muğamın inkişafı
istiqamətində səylərimiz az olmayıb. İlk dəfə biz əlimizə dəf alıb oxuduq. Bizə qədər qadın xanəndələr dəflə
oxumurdular. Biz ucuz yolu seçib
toylarda oxumadıq. Bizdən sonra gələn nəsil - Nəzakət Teymurova, Aygün Bayramova, Könül Xasıyeva da bizə baxıb
əllərinə dəf
alıb muğam sənətini eyni qaydada davam etdirdilər.
Eyni ənənələri
gənclər davam etdirirlər. Muğam müsabiqəsində elə
iştirakçıları dinləyirəm ki, onlar artıq əsl xanəndədir. Onlar haqqında əlavə fikir söyləməyə ehtiyac
yoxdur. Amma onların gələcəyi
daim nəzarətdə
olmalıdır. Əgər
restoran proqramlarına
meyilli olsalar, peşəkarlıq səviyyələrini
itirəcəklər. Eyni
zamanda, bu, səslərinə də təsirsiz ötüşməyəcək.
- Restoranlarda, toylardakı
kütlənin bir hissəsini də muğam
həvəskarları təşkil edir. Nəyə görə bu təbəqədən olan
müğənnilər ucuzlaşdırılır?
- Çünki kütlənin
çox hissəsi yüngül musiqiyə meyillidir. Əgər mən restorana gedirəmsə, deməli,
istənilən mahnı
sifarişini yerinə
yetirməyə məcburam.
Burada estrada da ola bilər, xalq musiqisi də,
ara mahnıları da. Yüngül mahnılar insanın
psixologiyası ilə
yanaşı, səsinə
də təsirini göstərir. Düzdür, restoran, el şənlikləri,
şou-proqramlar müğənninin
bütün tələbatlarını
ödəyir. Amma
heç kim
orada iştirak etməyə məcbur deyil. Xalq mənim imkanlarımı,
sənətimi qiymətləndirir.
Fəaliyyətimi sırf xalq
mahnılarını, muğamları
lentə yazdırmaq, onları tələbələrimə
aşılamağa yönəltmişəm.
Ona görə də bu gün xanəndə
"tayfa"sının yeri
yüksəkdədir. Düzdür,
ehtiyac içində itib-batanlar da var. Evsiz, pulsuz olanlar
çoxdur. Onlar qürurlarını
üstün tutub kiməsə ağız açmaq istəmirlər.
Bizim ən böyük üstünlüyümüz odur
ki, həmişə bir-birimizə dayaq olmuşuq. Fikrimcə, sənətkarın ən böyük mükafatı onun alın təri ilə qazandığı
çörəyidir. Onda xalq onu qiymətləndirir
və ölümündən
sonra adını tarixə həkk edir.
- Yetirmələriniz arasında sizə qohum olanlar da
var. Övladlarınızdan necə, hansındasa muğam sənətinə
meyil var?
- Kiçik qızımda var, muğama böyük həvəs göstərir.
Məsləhət görmüşəm ki, əgər xanəndə olmaq istəyirsə, gərək
indidən bütün
muğamları öyrənsin.
Bu sənətə yiyələnmək çox
çətindir, muğamı
gərək illərlə
mənimsəyəsən.
Ayna.- 2007.- 2 fevral.- S. 18.