Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
YUNESKO-nun görkəmli şəxsiyyətlərin
və əlamətdar
hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının
34-cü sessiyası 2008-2009-cu illərdə "Leyli və Məcnun" operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı
Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin
100 illik yubileylərinin
rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun "Leyli
və Məcnun"əsərinin 1908-ci ildə
birinci tamaşası milli musiqi mədəniyyəti
tarixində yeni dövr açmışdır.
Muğamla Avropa operasının üzvi vəhdəti əsasında
yaradılan "Leyli və Məcnun"Azərbaycan musiqisinin həqiqi ensiklopediyasıdır.
Müsəlman Şərqində
opera janrının əsası da muğam operasının bu ilk nümunəsi
ilə qoyulmuşdur.
Xalq rəssamı, Dövlət mükafatı
laureatı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının
yaradıcılarından biri
kimi həmişəlik
həkk olunmuşdur. Səttar Bəhlulzadə müxtəlif rənglərin
yeni çalarlarını
kəşf edərək
onların ahəngindən
gözəl lövhələr
yaratmışdır. Rəssamın
rəng palitrasının
zənginliyi, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri
milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi,
yazıçı Mir
Cəlal Paşayev Azərbaycan ədəbiyyatının
inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə
klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini
yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı
kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
Tanınmış geoloq alim,
1939-1941-ci illərdə indiki
Azərbaycan Dövlət
Neft Akademiyasının
rektoru, 1950-1958-ci illərdə
Azərbaycan Elmlər
Akademiyasının prezidenti
olmuş akademik Musa Əliyev ölkəmizdə elmin inkişafı naminə müstəsna xidmətlər
göstərmişdir.
2008-2009-cu illərdə "Leyli və Məcnun"
operasının ilk
tamaşasının, xalq
rəssamı Səttar
Bəhlulzadənin, yazıçı
Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin
100 illik yubileylərinin
Azərbaycanda dövlət
səviyyəsində keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar
İttifaqının, Azərbaycan
Rəssamlar İttifaqının
və Azərbaycan Yazıçılar Birliyinin
təklifləri müvafiq şəkildə
nəzərə alınmaqla,
"Leyli və Məcnun" operasının
ilk tamaşasının,
xalq rəssamı Səttar Bəhlulzadənin,
yazıçı Mir
Cəlal Paşayevin və akademik Musa Əliyevin respublikada, xarici ölkələrdə və
YUNESKO miqyasında 100 illik
yubileylərinin təşkili
ilə bağlı tədbirlər planlarını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2008-ci il
Azərbaycan.-
2008.- 1 fevral.- S. 1.