Behbudqızı S.

 

Qılınc kimi kəsən istedad

 

"Milli ənənələr yaradıcılıq prosesi ərzində qeyri-ixtiyari olaraq özünü büruzə verir

 

Bu gün XX yüzilliyin musiqi mədəniyyətində ən görkəmli yerlərdən birini tutan bəstəkar, özgün musiqi estetikasının yaradıcısı kimi Azərbaycan klassik musiqisini ən mükəmməl tərzdə inkişaf etdirən sənət xadimi Qara Qarayevin (5 fevral 1918 - 16 may 1982) 90 illik yubileyidir.
   
   Qarayev soyadı hələ ustad sənətkar sağ ikən ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır ehtiram bəslənilir, musiqidə yeni nəfəs olaraq yaradıcı mübahisələr, yeni təzahürlər doğuran maraqlı nüfuzlu isim olaraq bəstəkarın simasında Azərbaycana dünyanın ən mötəbər şəxsiyyətlərinin etirafını bəxş edirdi. Məhz buna görədir ki, 2008-ci ilin sonunadək dünyanın bir neçə ölkəsində "Qara Qarayev - 90" təntənələrinin keçirilməsi nəzərdə tutulub. Hələlik dəqiq məlum olan tədbirlər sırasında bu gün Fəxri xiyabanda bəstəkarın məzarının ziyarəti, axşam Opera Balet Teatrında təntənəli yubiley mərasimi, sonrakı günlərdə İncəsənət Muzeyində musiqili gecə, Opera Balet Teatrında Qarayevin "Yeddi gözəl" "Leyli Məcnun" baletlərinin nümayişi, Türkiyənin Bilkənd Universitetində təntənəli tədbir, Moskva, Paris, Nyu-Yorkda konsertlər toplantıların keçirilməsi var. İlboyu onun adıçəkilən əsərlərindən savayı, "İldırımlı yollarla" baleti, "Alban rapsodiyası", "Don Kixot" simfonik qravüru, romansları, simli kvartetləri, skripka fortepiano üçün əsərləri, teatr tamaşaları kinofilmlərə bəstələdiyi musiqilər digər əsərlər dünyanın müxtəlif musiqi kollektivlərinin ifasında səslənəcək. Sağlığında Qarayevin "İldırımlı yollarla" baleti Leninqrad (indiki Sankt-Peterburq) Opera Balet Teatrında tamaşaya qoyulub, "Üçüncü simfoniya" isə keçmiş SSRİ-nin bir neçə respublikasının orkestri tərəfindən ifa olunub.
   Qara Qarayev onu tanıyanların, heç olmasa bircə dəfə ünsiyyətdə olanların xatirəsində varlığı ilə nur saçan şəxsiyyət kimi qalıb: "Qalın şüşəli eynəyin arxasından süzülən çevik, nüfuzedici, sınayıcı, bir az istehzalı, azca təəccüblü bütün bunlarla birlikdə, işıqlı, isti baxışlar. Hər kəsi tərk-silah edən geniş təbəssümü isə ciddi, zəhmli simasını qəflətən işıqlandırırdı. Həmsöhbətini diqqətlə, maraqla, xeyirxah bir ehtirasla dinləmək bacarığından bütün digər keyfiyyətlərindən müdriklik, qayğıkeşlik, əsl ziyalılıq saçılırdı".
   O özü bütün çoxsaylı fəxri, rəsmi qeyri-rəsmi ad titullarını, mükafatlarını yaradıcılıq zirvəsinə aparan yolda yalnız "müşayiətedici elementlər" adlandırırdı. Qara Qarayevin ziyası dəbdəbəli ad onları təsdiq edən maddi sübutlar sayəsində deyil, Cəfər Cəfərovun təbirincə desək, "qılınc kimi kəsən" istedadının gücündən bu qədər parlaq uzunömürlüdür. Bütün dahilər kimi, Qarayev yaradıcılığının ilkin dövründə anlanılmamaq "divarı" ilə üz-üzə qalmışdı. İllər tələb olundu ki, hamı da olmasa, əksəriyyət tərəfindən Qarayev musiqisinin xəlqiliyinin, ənənələrə bağlılığının səthi-sitatvar formada deyil, milli musiqi obrazları ilə onun özünün musiqi təfəkkürünün meydana çıxmaq fenomenliyi əsl dəyərini qazansın. Bütün yaradıcılığı boyunca Qarayev başqaları ilə deyil, ilk növbədə özü ilə mübahisə edirdi: onun hər növbəti əsəri əvvəlkindən daha mürəkkəb, daha çoxşaxəlidir. Hər dəfə yeniləşmək Qarayevin öz yoluna sadiqliyi demək idi.
   Yaradıcılıq axtarışlarını çox zaman milli melodiya əsasları ilə müasir bəstəkarlıq texnikasının uzlaşması kimi rahat sxemə sığışdırmağa çalışırlar. Lakin Qarayev kimi dühaların sonsuz musiqi duyumundan ötrü bu 2 bölümlü yanaşma vahidi harmonik sintez yox, əziyyətli təzad məqamı idi. Lakin o bu vəzifənin öhdəsindən gələ bildi.
   Q.Qarayev: "Milli ənənələr yaradıcılıq prosesi ərzində qeyri-ixtiyari olaraq özünü büruzə verir. İspan, bolqar, vyetnam mövzularında musiqi bəstələyirəm, mənə isə deyirlər ki, onlarda milli mənsubiyyətimin izləri, mənim azəri əllərimin dəst-xətti var. Bunun necə baş verdiyini bilmirəm. Bu barədə heç düşünmürəm ".
   Onun 1965-ci ildə yazdığı "Üçüncü simfoniya" bu yaradıcılıq üslubuna parlaq sübutdur. Simfoniyanın 2-ci hissəsində aşıq musiqisinin sədaları çox aydın eşidilir. Xatirələrdən məlum olur ki, Qarayevin özü bu məqamı qətiyyən qabartmamış, hətta fikir verməmişdi. Yalnız başqaları belə bir uyğunluğu qeyd edəndən sonra növbəti dəfə təsadüfün zərurətdən doğmasının fərqinə varmışdı. Qarayev musiqi mədəniyyətinə bəşx olunmuşdu ki, ən çağdaş dünya bəstəkarlıq vasitələrini əxz etsin. Milli musiqi ladlarının onun bəstələrində özünü yeni, bu vaxta qədər görünməyən tərəflərdən göstərmələri isə sadəcə, ruhu Abşeron torpağının təkrarsız gözəlliklərinə bağlı olan insanın musiqi nəfəsinin eşidimliyidir.
   

Həftə içi.- 2008.- 5 fevral.- S. 8.