Böyük bəstəkarımız
Qara Qarayev bu gün də
bizimlədir
AzərTAc xəbər
verir ki, fevralın 12-də Azərbaycan Dövlət Film Fondunun və
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin birgə təşkilatçılığı ilə "Nizami" kinoteatrında böyük
bəstəkarımız, SSRİ xalq artisti, dövlət
mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin
anadan olmasının
90 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl
iştirakçılar Q.Qarayevin
həyat və yaradıcılığının əks olunduğu müxtəlif arxivlərdən
yeni tapılmış
fotoşəkillərdən ibarət stendə baxmış və həmin fotoları videoçarx vasitəsilə
seyr etmişlər.
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirin ssenarisi ilə iştirakçıları
tanış etmiş,
xalq artisti, kinorejissor Oqtay Mirqasımovun 1968-ci ildə
lentə alınmış
və Qara Qarayevə həsr etdiyi "Bu həqiqətin səsidir"
sənədli filminin məziyyətlərindən danışmışdır.
Bəstəkarlar ittifaqının
məsul katibi, sənətşünaslıq namizədi
Lalə Hüseynova öz ölməz yaradıcılığı ilə
bu gün də aramızda olan bəstəkarın kino musiqisindən söz açmışdır.
Bildirmişdir ki, bir çox janr və mövzularda
dəyərli əsərlər
yaradan Q.Qarayev kinofilmlərə yazdığı
musiqilərə də
olduqca həssas və məsuliyyətlə
yanaşmışdır. "Bir məhəlləli iki oğlan", "Don Kixot", "Uzaq sahillərdə",
"Qızıl eşalon",
"Əsl dost",
"Leyli və Məcnun", "Qanun naminə", "Qoyya və ya dərketmənin
çətin yolu"
(Fərəc Qarayevlə
birgə) və sair bədii filmlərə yazdığı
musiqilər əsl sənətkarlıq nümunələridir.
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin prorektoru,
professor Rafiq Sadıxov, kinoşünas,
əməkdar incəsənət
xadimi Aydın Kazımzadə, kinorejissor
Oqtay Mirqasımov və başqaları tədbirdə çıxış
edərək Qara Qarayevin həyat yoluna nəzər salmış, onun yaradıcılığının müxtəlif məqamlarından danışmışlar.
Axırda O.Mirqasımovun
"Bu həqiqətin
səsidir" sənədli
filmi nümayiş etdirilmişdir.
Azərbaycan.- 2008.-13 fevral.- S. 6.