Xəlilzadə F.
Onun hər
əsəri bir yaradıcılıq zirvəsidir
XX əsr musiqi mədəniyyətimizin ən görkəmli
nümayəndəsi Qara Qarayev zəngin
yaradıcılığı və möhtəşəm
sənət dünyası ilə bəşəriyyətin
diqqət mərkəzində dayanmış
şəxsiyyətlərdən biri olub. Böyük Üzeyir Hacıbəyovdan
dərs almış dünya şöhrətli
bəstəkarın bütün əsərləri
bəşəri xarakter daşıdığından onun ədəbi
irsi yalnız bir xalqın deyil, dünya
mədəniyyətinin incilərindən sayılır. Bu gün hər birimiz
fəxarət hissi keçiririk ki, Qara Qarayev Azərbaycan
mədəniyyətinə dünya şöhrəti
gətirən musiqi xadimlərimizdən biridir.
Ölkə başçısı cənab İlham
Əliyevin sərəncamı ilə 90 illik yubileyi
dövlət səviyyəsində qeyd olunacaq Qara Qarayev
haqqında dünyanın tanınmış
musiqiçilərinin, sənətçi və
bəstəkarlarının söylədikləri
dəyərli fikirləri bir yerə toplasaq, böyük bir
dastan bağlanar. Görkəmli Azərbaycan
bəstəkarı Fikrət Əmirov öz həmkarı
haqqında belə yazırdı: "Qarayev sənəti -
əzəmətli Azərbaycan musiqi
məbədinin ən etibarlı dayaqlarından biridir və bu
musiqinin dünya şöhrəti qazanmasında onun rolu
böyükdürE İstedad, üstəgəl əmək - bizim
ictimai həyatımızda, mədəniyyətimizdə
Q.Qarayev sənətinin mahiyyəti və pafosu bax, bundadır".
Maestro Niyazi isə Qara Qarayev musiqisini "ürəkdən od
qoparan" sirli bir dünya adlandırmışdır.
Qara Qarayev Azərbaycanın qədim musiqisi ilə Qərbi
Avropa və rus klassik musiqisinin ən yaxşı
nümunələrini birləşdirərək
yaradıcılıq üfüqünü çox
cəsarətlə genişləndirdi. Onun novatorluğunu
bütün dünya qəbul edirdi. Qara Qarayevin musiqisi
bəşəri ideyalarla elə zəngindir ki,
tükənmək bilməyən bədii fantaziyası ecazkar
bir aləm yaradıb. Qarayevin bədii
təfəkküründən süzülən hər bir
musiqi əsəri təsirli, düşündürücü
fikir və ideyalarla zəngindir. Onun həyat və
yaradıcılığının bəzi məqamlarına
diqqət yetirək: 5 fevral 1918-ci ildə Bakıda
məşhur həkim Əbülfəz Qarayevin
ailəsində anadan olmuş Qara ilk ali təhsilini
Azərbaycan Dövlət Konservatoriyasında alıb. Qara Qarayevə
xoşbəxtlik hələ tələbəlik
illərində nəsib olub. O, xalq musiqisinin
əsaslarını dahi Üzeyir Hacıbəyovdan, kompozisiya
qurmağın sirlərini isə professor L.M.Rudolfdan
öyrənib. Onun haqqında tədqiqat aparanlar yazırlar ki,
Qara Qarayev hələ 5 yaşında ikən pianoda xoşuna
gələn mahnıları ifa edə bilirmiş. Qocaman aktyor
Hacıməmməd Qafqazlı xatirələrində
yazırdı: "EMən tez-tez Əbülfəz
Qarayevgilə qonaq gedərdim. Biz doktorla oturub söhbət
edərək çay içəndə balaca,
qıvrımsaç oğlan olan Qara royal arxasında oturub
onun dillərini asta-asta dilləndirərdi".
Qara Qarayevin qeyri-adi istedada malik olduğunu ilk dəfə
məhz Üzeyir Hacıbəyov duymuşdur. Hətta onun
haqqında ürəkdən gələn fikirlər də
söyləmişdr. Bir replikası isə uzun illər
gənc bəstəkarın yaradıcılıq yoluna
işıq salmışdı: "Qara çox
istedadlıdır və filosofluq etməyi xoşlayır".
Hələ tələbə ikən həmkarlarından
seçilən Qara Qarayevin bəstələri
müəllifinə şöhrət gətirirdi. Sonralar Moskva
Dövlət Konservatoriyasında oxuyanda 20 yaşlı
gəncin xeyli musiqi əsəri var idi. Onu bir bəstəkar
kimi tanıyırdılar. Moskvanın qaynar
və cəlbedici həyatı, dünyanın
tanıdığı rus musiqiçiləri ilə
ünsiyyət Qara Qarayevin peşəkar bir bəstəkar kimi
yetişməyində böyük rol oynadı.
Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü olanda cəmi 19 yaşı vardı. Bu yaşda o,
fortepiano və simfonik orkestr
üçün müxtəlif janrlı əsərlər
yazmış, bir sıra sənədli filmlərə musiqi
bəstələmişdir. 1938-ci ildə Qara Qarayev musiqisinin
sədaları Moskvanın müxtəlif konsert
salonlarından, incəsənət ongünlüklərindən,
Qızıl meydandakı bayram nümayişlərindən gəlirdi. İkinci dünya müharibəsi
illərində Qara Qarayev məhrumiyyət və
çətinliklərə sinə gərərək
vətənpərvərlik və ruhlandırıcı əsərlər
üzərində işləməyə başladı.
Tələbə yoldaşı Cövdət Hacıyevlə
birlikdə yazdığı "Vətən" operası
Azərbaycan musiqisinin inkişafında yeni bir
mərhələ açdı. Bu operadakı simfonik musiqinin
əzəməti, qəhrəmanların ariyalarındakı
gözəllik, ifadəlik gənc bəstəkarın
gələcəkdə böyük uğurlar
qazanacağından xəbər verirdi. O bu operaya görə
Dövlət mükafatına layiq görüldü.
Müharibə illərində Qara Qarayev Cövdət
Hacıyevlə birlikdə "Ayna" adlı opera
üzərində işləyib, amma hansı
səbəbdənsə tamamlanmamış qalıb. Bir
neçə simfonik və kamera əsərləri də o
dövrdə yazılmışdır.
Azərbaycanın ilk simfoniyalarından olan "Birinci
simfoniya"nın da müəllifi məhz Qara Qarayevdir.
Azərbaycan bəstəkarının ilk böyük
müvəffəqiyyəti "Leyli və Məcnun"
simfonik poeması oldu. Bu möhtəşəm əsər
bəstəkarın ünvanına ikinci Dövlət
mükafatını gətirdi. 1947-ci ildə bu simfonik
poemanı ilk dəfə idarə edən maestro Niyazi
olmuşdur. O öz xatirələrində yazırdı:
"Mən bir neçə dəfə xarici ölkədə
bu poemanı idarə etmişəm. Qara Qarayevin
qüdrətli, müdrik istedadı dünyanın
müxtəlif ölkələrindən gəlmiş
dinləyicilər qarşısında insanlığın
qeyri-adi dərinliyini açaraq bütün zalı bir hiss
ilə yaşamağa çağırırdı". Bu da
təbii idi. Tədqiqatçıların təbirincə desək,
"Leyli və Məcnun" poeması yüksək
bəşəri obrazlar və duyğuların
məbədidir.
Qara Qarayevin musiqisinə dünya maraq
kəsilmişdi. 1949-cu ildə yazdığı "Yeddi
gözəl" simfonik orkestr üçün süita,
"Gürcüstan təranələri", "Mən sizi
sevirdim", səs və fortepiano üçün
musiqiləri bəstəkarın yorulmaz yaradıcılıq
fəaliyyətindən xəbər verirdi. 1951-ci ildə
Çexoslovakiyada keçirilən
"Praqa baharı" festivalında "Yeddi
gözəl" simfonik orkestr üçün süita,
eləcə də "Leyli və Məcnun" simfonik
poeması Niyazinin dirijorluğu ilə ifa olundu. 34 yaşlı
Azərbaycan bəstəkarının musiqisi Yer
kürəsinin hər güşəsində
səsləndirilir və sevilirdi.
1952-ci ildə Qara Qarayev yaradıcılığının
yeni zirvəsi yarandı. Nizami Gəncəvinin "Yeddi
gözəl" poemasının motivləri əsasında
yazdığı eyni adlı baletin ilk tamaşası Bakıda,
Opera və Balet Teatrının səhnəsində oldu.
Əsər cazibədar melodiyaları ilə diqqət
çəkirdi. Baletdəki Şərq musiqisinin koloriti,
rəngarəngliyi müəllifə parlaq nailiyyət və
sürəkli alqışlar gətirdi. Balet o dövrdə
demək olar ki, keçmiş SSRİ-nin və dünyanın
bir çox teatr səhnəsində tamaşaya qoyuldu.
Qarşıdan isə "İldırımlı yollarla"
baletinin nəfəsi duyulurdu. Bu baletə qədər Qara
Qarayevin həyatında və yaradıcılığında
zirvələrə qanadlanan müxtəlif yeniliklər baş
verirdi. Onun yorulmadan bəstələdiyi
süitalar, simfonik orkestr üçün xoreoqrafik
lövhələr, kinofilmlər, eləcə də
tamaşalar üçün işlədiyi musiqilər və mahnılar
ayrı-ayrılıqda bir sənət zirvəsi idi.
1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan
Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışan Qara
Qarayev Azərbaycanın xalq artisti adına layiq
görülmüş, bir sıra kinofestivalların
laureatı olmuş, Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasında tələbələrə
bəstəkarlıq sənətinin sirlərini
öyrətmişdir. Qara Qarayev həm də fəal
ictimai xadim idi. O, dəfələrlə qurultay
nümayəndəsi, Ali Sovetə deputat seçilmişdir. Zəngin biliyə və pedaqoji fəaliyyətə
malik bəstəkar Azərbaycan EA-nın həqiqi üzvü
idi.
1960-cı ildə isə Qara Qarayev öz
yaradıcılığının növbəti
zirvəsinə imza atdı. Bu, yeddi ildən sonra
keçmiş SSRİ-nin ən yüksək mükafatına
layiq görülmüş "İldırımlı
yollarla" baleti idi. Bununla Azərbaycan mədəniyyət
tarixinin yeni, parlaq bir səhifəsi yazıldı. Bu
əsərə görə Qara Qarayev Lenin mükafatı
laureatı adına layiq görüldü. Baletin taleyi
çox uğurlu oldu. Demək olar ki, dünyanın çox
möhtəşəm və məşhur teatrları onu
öz səhnələrində məmnuniyyətlə
tamaşaya qoyurdular. Bu, təkcə Qara Qarayev musiqisinin
uğuru deyildi. "İldırımlı yollarla" baleti
dünya musiqisinin incilərindən sayıldı.
Məşhur rus sənətkarı Aleksandra Paxmutova
yazırdı: "EQara Qarayev istedadlı və ustad
bəstəkardır. Ancaq bir sənətkar kimi
onun gücü, hər şeydən əvvəl çox nadir
təsadüf olunan dərin fəlsəfi idrakla
qızğın, parlaq, həyatsevər temperamentin əlaqələndirilməsindədirE
Onun əsərləri ilə görüş mənə ona
görə maraqlıdır ki, bu sənətkar heç
vaxt özü-özünü təkrar etmir, ona görə
ki, bəstəkarın yaradıcılığında
həmişə yeni, parlaq və gözlənilməz
hadisələrlə rastlaşırsan".
Tamaşaçı və dinləyici
marağının geniş dairəsində olan Qara Qarayev
musiqi sənətində şair, dramaturq, rəssam kimi
çıxış edərək gözəlliyi ilə
seçilən qeyri-adi əsərlərə imza
atırdı. Bunun da nəticəsində onun musiqi
sənəti yeni pillələrə ucalır, Qara Qarayev yaradıcılığına
dünya musiqisevərlərinin məhəbbət və
marağını gətirirdi. Bu səbəbdən də
Azərbaycan bəstəkarının əsərləri milli
çərçivədən çıxaraq
beynəlmiləl əhəmiyyət kəsb edirdi.
Moskvadakı Böyük Teatrın
yaradıcı qrupu uzun illər xarici ölkələrə
qastrol səfərinə məhz Qara Qarayevin
"İldırımlı yollarla" baleti ilə gedirdi.
1964-cü ildə Polşada keçirilən "Varşava
payızı" adlı müasir musiqi festivalında məhz
"İldırımlı yollarla" baleti nümayiş
etdirilmişdi. Zəmanəmizin böyük
yazıçısı Çingiz Aytmatov yazırdı:
"Zaman keçir, ancaq "İldırımlı
yollarla" baleti öz aktuallığını itirmir. İndi
də onda əzəmətli qara qitənin ürək
döyüntüsü canlı surətdə hiss olunur,
Afrikanın bir çox dövlətlərindəki
hadisələrin əks-sədası eşidilir. Böyük
sənətkar Qara Qarayevin ən qiymətli
cəhətlərindən biri də həyatı
eşitmək bacırığı, bizi əhatə edən
varlığı həssaslıqla əks etdirməsi,
insanları xeyirxah əməllərə
qoşmasıdır".
Unudulmaz bəstəkarın özünün də musiqi
ilə bağlı maraqlı fikirləri var:
"İncəsənətin heç bir növü musiqi kimi
əzəmətli, ilhamlı, fikir və hissləri
yüksəldən qüvvəyə malik deyil. O, bir
tərəfdən insanları birliyə, qəhrəmanlığa,
mübarizəyə çağırır, digər
tərəfdən isə hər bir fərdin daxili
aləmindən, ən incə hisslərindən xəbər
verir.
Həyatı boyu əsasən simfonik janrda yazan
bəstəkarımız, eyni zamanda, kamera musiqisini də
unutmurdu. Yaradıcılığının bütün
dövrlərində o, bu janra müraciət etmişdir. Musiqi dəyərinə görə
mükəmməl və gözəl kamera əsərləri
bu gün də musiqiçilər tərəfindən
həvəslə ifa edilməkdədir. 1970-ci illərdə
Qara Qarayevin təşəbbüsü ilə
konservatoriyanın opera studiyasında tələbə və
məzunlardan ibarət kamera orkestri
yaradılmışdır. Təəssüf ki, bu kollektivin
uğurlu fəaliyyətini görmək böyük
bəstəkara qismət olmadı. Amma onun arzuları
cücərdi. Kamera orkestri həmişə Qara Qarayev
ideyalarına bağlılığını nümayiş
etdirir və böyük bəstəkarın istədiyi kimi
fəaliyyət göstərir.
Dünya musiqiçilərinin tanıdığı, sevdiyi
və ehtiram göstərdiyi Qara Qarayev 1978-ci ildə Sosialist
Əməyi Qəhrəmanı adına layiq
görülüb. Azərbaycanlı bəstəkarın
belə bir möhtəşəm ad alması təbii ki, o
dövrdə elə də asan deyildi. Bu məsələdə
ümummilli liderimiz Heydər Əliyevin mühüm xidməti
və cəsarətli təqdimatı olmuşdur. Məhz onun
fədakarlığı nəticəsində
Azərbaycanın bir neçə görkəmli
yazıçı, şair, bəstəkar və
müğənnisi hər cür qadağa səddini aşaraq
Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli
ada layiq görülmüşdür.
Bir fərəh doğuran faktı da təkrar
xatırlatmaq istəyirik ki, Qara Qarayevə ilk xeyir-duanı
Üzeyir Hacıbəyov vermişdi. 1937-ci ildə
repressiyaların tüğyan etdiyi bir vaxtda öz
müəlliminin yolunu ləyaqətlə davam etdirərək
dünyanın tanıdığı nüfuzlu
bəstəkara çevrilmək, həqiqətən,
qəhrəmanlıq idi.
"Böyük müəllimi Üzeyir
Hacıbəyov kimi Qara Qarayev də özündə
məşhur bəstəkar, görkəmli ictimai xadim,
gözəl pedaqoq, publisist və alim keyfiyyətlərini
birləşdirirdi. Əsrarəngiz şedevrlərin
müəllifi olan Qara Qarayev ömrünün 45 ilini musiqi
sənətinə xidmətə həsr etmişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin
sürətli inkişafı Qara Qarayevin adı ilə
bağlıdır. Qara Qarayevin baletləri dünyanın bir
çox teatrının səhnəsini bəzəyir, simfonik
əsərləri insanlara mütərəqqi ideyalar və
əsl estetik zövq verməklə meridianlarda
səslənir". Bu ürəkdən
gələn sözlərin müəllifi Qara Qarayevin sevimli
və istedadlı tələbələrindən biri olmuş,
hazırda Azərbaycan bəstəkarlar İttifaqı İdarə
Heyətinin sədri Firəngiz Əlzadədir. Öz ustadının
yolunu ləyaqətlə davam etdirən Firəngiz
xanımı indi Avropada çox yaxşı
tanıyır və qiymətləndirirlər. Firəngiz
Əlizadənin iri musiqi əsərləri əksər
ölkələrin teatrlarında müəıllifin öz
iştirakı ilə ifa olunur. Ona müxtəlif mövzularda
əsər yazmaq da xahiş edilir. Qara Qarayev ömrü öz
tələbələrinin yaradıcılığında
beləcə davamlıdır. Həqiqətən,
heç nə unudulmur, heç kim yaddan çıxmır.
Əsl sənətin, əsl sənətkarın ömrü
əbədidir.
Ömrünün bir qərinədən çoxunu
müəllimlik fəaliyyətinə bağlayan Qara Qarayev Azərbaycan
Dövlət Konservatoriyasında bəstəkarlıq
sinfinə rəhbərlik edirdi. Onun əməyi
nəticəsində bir neçə bəstəkar nəsli
yetişmişdi. Tədqiqatlar göstərir ki, cəmi 64 il
yaşamış Qara Qarayev 48 bəstəkarın yetişməsində
gərgin əmək sərf etmişdir. Bu gün dünyanın
çox yerində Qara Qarayevin məzunlarına rast
gəlmək olur. Bu bəstəkarlar arasında həm
Azərbaycanın, həm də dünyanın fəxr etdiyi
insanlar var. Xalq artistləri Rauf Hacıyev, Vasif
Adıgözəlov, Arif Məlikov, Hacı Xanməmmədov,
Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Firəngiz
Əlizadə, əməkdar incəsənət xadimi Elza
İbrahimova, o cümlədən başqa
ölkələrdən olan V.Şakinski (Rusiya), Allahyarov
(Türkmənistan) və onlarla başqaları Qara
Qarayevdən dərs almışlar. 1974-cü ildə Qara
Qarayev mətbuata verdiyi müsahibələrinin birində
deyirdi: "25 ildir ki, pedaqoji fəaliyyətlə
məşğulam və bu işi çox sevirəm. Bu,
çox çətin, böyük fədakarlıq və
müəyyən mənada özünü qurban verməyi
tələb edən sahədir. Çünki hərdən bir
layiqli tələbəyə özün üçün
qoruyub saxladığından da verməli olursan. Sinifdə
simic olmaq olmaz. Əliaçıqlıq sonradan
tələbənin uğurundan aldığı zövqlə
mütləq özünə qayıdacaq. Gənclərlə
işləmək mürəkkəb, məsuliyyətli və
hətta mən deyərdim, risk tələb edən işdir.
O, müəyyən dərəcədə həkimlik
sənətilə eyniyyət təşkil edir. Əgər
onlar insanların fiziki sağlamlığına
cavabdehdirlərsə, biz gələcək
sənətkarın mənəvi sağlamlığına
cavabdehik".
Qara Qarayev böyük həvəslə həm Azərbaycan,
həm də Moskvada istehsal olunan kinofilmlər və teatrlarda
hazırlanan tamaşalar üçün musiqilər yazardı.
Əgər onların adlarını çəkməli olsaq,
uzun br siyahı əmələ gələr. Bir fərəhli
fakt var ki, o musiqilərdəki Qara Qarayev üslubu aydın
duyulur. Eşidən kimi, müəlifin kim olduğunu
bilirsən.
Qara Qarayev təkcə musqi əsərləri yazmırdı.
Həm də musiqi ilə bağlı
nəzəriyyələrin də müəllifi idi. Onun
fikirləri bu gün də mədəniyyət
işçiləri üçün son dərəcə
əhəmiyyətli və qiymətlidir. O, hər bir
gənci, xüsusilə də, yaradıcılıqla
məşğbul olan insanı tarixini müəkəmməl
bilməyə çağırırdı. Qara Qarayev
yazırdı: "Sənətkarları gəmilərə
bənzətmək olar: bəziləri geniş, sahilsiz,
fırtınalı və həmişə yeniliklərlə
dolu olan dənizə çıxır. Başqaları
isə qasırğa və təhlükədən uzaq, sakit
limanda lövbər salıb dayanırE"
Bu gün özü aramızda olmasa da, musiqilərini
müntəzəm dinlədiyimiz, əsərlərindəki
möhtəşəmliyə dönə-dönə heyrət
etdiyimiz dahi bəstəkar Qara Qarayev həqiqətən
fırtınalı və yeniliklərlə dolu olan
dənizə çıxdı. "Azərbaycan
təranələri"ni Avropa musiqisinin qanadlarında
dünyaya yaydı. Milli musiqimizə beynəlmiləl məzmun
gətirdi. Qəlbi ana torpağına bağlandı,
arzuları isə asimana açıldı. Bakıda göz
açmış Qara Qarayev indi bəşər
mədəniyyətinin 90 yaşlı
nümayəndələrindən biridir. Bir tarixə
sığmayan zirvələri 64 llik ömründə
əbədiləşdirən Qara Qarayev sahilsiz ümmanlarda üzən
musiqi adlı gəminin əbədi kapitanına çevrildi.
Sənət zirvələri isə silsilə dağlar kimi
bir-birinə söykənərək əzəmətlə
gələcəyə boylanır.
Azərbaycan.- 2008.- 5 fevral.- S. 7.