Qaliboğlu E.

 

Don Kixot Opera Balet Teatrında


Qara Qarayevin yazdığı baletlər xaricilərin də alqışları ilə qarşılandı


Srağagün Opera və Balet Teatrında məşhur bəstəkar Qara Qarayevin anadan olmasının 90 illiyi ilə əlaqədar dövlət səviyyəsində keçirilən tədbirlər çərçivəsində birpərdəli "Leyli və Məcnun" və "Don Kixot" baletlərinin tamaşası oldu. Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri iştirak edirdilər. Yüksək səviyyədə nümayişi keçən tamaşalar böyük maraqla və alqışlarla qarşılandı.
"Leyli Məcnun" baletinin mövzusu bütün Şərqdə məşhur olan eyniadlı əfsanədən, Şərq mütəfəkkirlərinin, xüsusən Nizami Füzulinin poemalarından götürülüb.
Tez-tez tarixi faciələrimizin ildönümündə, bu ya digər tədbirlər zamanı parçalarını eşitdiyimiz məşhur əsərə bir daha, tam biçimdə tamaşa etmək, Q.Qarayevin musiqisini dinləmək gözəl idi: zahirən ilk baxışda insanı kədərin zilinə aparan, iki sevən, amma gerçək anlamda vüsala qovuşmayanların faciəsini sanki hikmətli bir qoca tək danışan Qarayev musiqisi tamaşaçıya qətiyyən bədbinlik gətirmir, əksinə, onu yaşamağa, yaratmağa daha da ruhlandırır. Başlanğıcda dərin əzəmətlə səslənən musiqi bizə qəmli bir həyat hekayətini danışır. Amma bu faciəvilikdə məğlubiyyət yoxdur; biri-birini ilahi səviyyədə sevənlərin eşqinin ölməzliyi var. İlahi faciədən aşiqlərin taleyinə əbədi işıq düşür.
"Don Kixot" baleti Servantesin məşhur "Don Kixot" romanının motivləri əsasında yazılıb. İnsanın gerçək aləmdən, taledən üstünlüyünü ifadə edən əsər həm döyüşkən, həm romantik, bir az da məzəli məqamlarla yadda qalır. Dulsineyanın xəyalı onu yeni-yeni mübarizələrə çağırır. Don Kixotun Don Kixotluğu başqaları üçün son dərəcə gülünc hesab olunsa da, əsərin qəhrəmanı üçün bu, qətiyyən adilik deyil, şər qüvvələrə qarşı əsil döyüşdür. Əsər Don Kixotun şər üzərində qələbəsi ilə başa çatır.
Tədbirdə iştirak edən tanınmış bəstəkar, xalq artisti Tofiq Bakıxanov müsahibəsində Qara Qarayevin sənətinə münasibətini belə ifadə etdi: "Özümü həmişə olduqca xoşbəxt sayıram ki,
Qara Qarayevlə uzun müddət davam edən doğma münasibətim olub.
Hələ 40 il qabaq Fransada 7-ci beynəlxalq musiqi rəqs festivalı keçiriləndə Q.Qarayevin "Leyli Məcnun" baleti ilə yanaşı mənim "Xəzər balladası" baletim nümayiş edilmək üçün ora aparılmışdı. Əsərlər orada çox yaxşı qarşılandı. "Leyli Məcnun" baleti əbədi yaşayacaq bir əsərdir. Burada bəşəri hisslərin ifadəsi çox güclüdür.
Əsərdə hələ bundan sonra təhlil edilməli incəliklər çoxdur.
"Leyli Məcnun"da Azərbaycan xalq musiqisindən, muğamlarından da məharətli bəhrələnmələr var. Mən Qara Qarayevin tələbəsi olmuşam. Onu həmişə ciddi, təmkinli bir müəlim, bəstəkar kimi tanımışam. Dünyanın müxtəlif ölkələrindən gələn tələbələr ondan dərs almaq istəyirdilər. Hazırda Moskvada yaşayan SSRİ xalq artisti Şayinski Bakıya gəldi, Qara müəllimin sinfinə daxil oldu.
Bolqarıstandan, Türkiyədən, Tacikistandan başqa ölkələrdən onun xeyli tələbələri olub. Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. Qara Qarayev Bakıda oxuyarkən Üzeyir bəydən dərs alıb. Moskvada isə Dmitri Şostakoviçin tələbəsi olub. Qara müəllimin musiqisi hələ sağlığında dünyanın məşhur konsert salonlarında səslənirdi. Onun "Yeddi gözəl", "İldırımlı yollarla" kimi möhtəşəm əsərləri dünyada çox məşhurdur. Qarayevin ictimai fəaliyyəti çox məhsuldar olub".
Xalq artisti, tanınmış bəstəkar Nəriman Məmmədov isə Qara Qarayevlə bağlı bunları bildirdi: "O, hamımımızın sevdiyi bəstəkardır. Daim ondan yaxşılıqlar görmüşəm. Onun rəyi ilə
Moskvada 12 muğamımızı nota salmışdım. Qara müəllim bu notları Amerikaya aparmışdı. Qayıdanda dedi ki, Nəriman, 7-sini aparmışdım, çatan kimi hərə birini aldı, bilsəydim çox aparardım. Onun musiqisi insanı daxili aləminin ən dərin qatlarına aparır. "Leyli Məcnun" baleti "Rast" üzərində yazılıb.
Evimdə bir neçə yerdə onun şəklini vurmuşam. Hər gün neçə dəfə gözlərinə baxıram. Onun əsərləri daim yaşayacaq. Qara müəllimin bütün yaradıcılığını əzbər bilirəm. Biz bəstəkarlar daim ondan bəhrələnirik

 

Xalq cəbhəsi.- 2008.- 9 fevral.- S. 14.